Məhkəmə qərarları › İş №e-2-2(113)-6102/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6102/2025

08.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6102/2025 08.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun tutulması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Hacıyeva Nərmin Xaliq qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada DC00301613-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12171,33 manat (on iki min bir yüz yetmiş bir manat otuz üç qəpik) əsas borc, 303,08 manat (üç yüz üç manat səkkiz qəpik) faiz borcu, 882,27 manat (səkkiz yüz səksən iki manat iyirmi yeddi qəpik) cərimə olmaqla, cəmi 13356,68 manat (on üç min üç yüz əlli altı manat altmış səkkiz qəpik) borc və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 130,07 manat (bir yüz otuz manat yeddi qəpik) dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC (“borcalan”) arasında xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X3nun xx.xx.2022-ci il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC- 00301613LE/2019 saylı Razılaşma imzalanmışdır. Borc alan həmin Razılaşmanı imzalayaraq www.pashabank.az saytında yerləşdirilmiş X1 qeyd edilmiş şərtlərini (müvafiq redaksiyada) qəbul etmişdir. Eyni zamanda X3 çərçivəsində tərəflər arasında: xx.xx.2023-cü il tarixli, DC00301613-03 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2025-ci il tarixədək illik faiz dərəcəsi 17%, kreditin müddəti ərzində illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 47986 manat (qırx yeddi min doqquz yüz səksən altı) məbləğində mal alışı məqsədilə birdəfəlik kredit verilmişdir. Borclunun bank qarşısında olan DC00301613-03 saylı Maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank ilə Duygu Sahinli arasında xx.xx.2023-cü il tarixli, DG**********478 saylı zaminlik müqaviləsi bağlanmış, lakin borcalan qeyd edilən öhdəliklərini icra etməyərək, kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Bank tərəfindən borcalana xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2025-ci il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri DC00301613-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12171,33 manat əsas borc, 303,08 manat faiz borcu, 882,27 manat cərimə borcu olmaqla, cəmi 13356,68 manat təşkil edir. X2 əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bundan başqa, ÜŞT-nin Ödəniş Kartı bölməsi üzrə karta dair ümumi məlumatlar bölməsində qeyd edilir ki, kart üzrə texniki overdraft, yəni hesabın məzənnə fərqi və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman bu növdən olan kart üzrə bankın mövcud cərimə faizləri tətbiq olunacaq. Cərimə faizləri möhlət müddəti tətbiq olunmadan, texniki overdraft halının baş verdiyi gündən hesablanmağa başlayır. Eyni zamanda X2 əsasən müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək bankın hüququdur. İddiaçı ASC iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 130,07 manat dövlət rüsumu ödəmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 421.2, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 465.2, 470, 472-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdehlər tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. Cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianı müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2022-ci il tarixdə OnGTC- 00301613LE/2019 saylı Bank xidmətlərinin göstərilməsinə dair X3nun xx.xx.2022-ci il tarixli, 1.0.5 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə razılaşma imzalanmışdır.

8. X3nun “Müqavilənin predmeti” adlı hissəsində qeyd olunur ki, bu müqavilədə, müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, inkassasiya xidməti, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır. Müqavilədə qeyd olunan xidmətlərdən hər hansı birinin bank tərəfindən bu müqavilənin şərtlərini qəbul etmiş müştəriyə təqdim olunması üçün müvafiq xidmətin təqdim olunmasını nəzərdə tutan ərizə formalarının banka təqdim olunması və ya bu müqavilə ilə müvafiq xidmətin göstərilməsi üçün ərizə formalarında qeyd edilməsi nəzərdə tutulan məlumatların https://Pashabank.digital və ya https://ib.pashabank.az internet səhifəsi üzrə müştəri üçün fərdi qaydada yaradılmış modullar vasitəsilə müştərinin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən doldurularaq təqdim edilməsi tələb olunur. Müştərinin təklifinin (sifarişi) qəbul edilməsi bankın yazılı məlumatı və ya xidməti təqdim etmək hərəkəti əsasında iradəsinin bəyanı ilə təsdiq olunur. Müştəriyə yalnız sifariş edilən və ərizədə qeyd edilən xidmət təqdim olunacaq. Ərizə bankın və müştərinin imza və möhürü ilə, yaxud gücləndirilmiş elektron imzası ilə təsdiqləndiyi halda bank tərəfindən icraya qəbul ediləcək. Hər bir bank xidməti üzrə həmin xidmətin başlama və bitmə tarixləri, faiz, xidmət haqqı, xidmətin göstərilmə yeri və sair şərtlər xidmətin sorğu edildiyi ərizədə öz əksini tapacaq. Bu müqavilə çərçivəsində təqdim olunan ərizə bu müqavilənin ayrılmaz hissəsini təşkil edir. Müvafiq ərizə ilə və müqavilə şərtləri arasında uyğunsuzluq olarsa, ərizə şərtləri üstünlük təşkil edəcək. Tərəflər arasında bu müqavilədə qeyd olunmuş xidmətlər üzrə daha əvvəl imzalanmış və xitam verilməmiş digər müqavilələr mövcud olduğu halda, bu müqavilənin şərtlərinin müştəri tərəfindən qəbul edilməsi əvvəlki müqavilə şərtlərini qüvvədən salır və hal-hazırda göstərilməkdə olan xidmətlərə də bu müqavilə şərtləri tətbiq olunur. X3nun “Bank hesabı” adlı hissəsinin 1.1-ci maddəsinə əsasən bank, müştərinin müraciəti əsasında ona “Bank hesabının açılması üçün ərizə” formasında göstərilən valyuta(lar)da cari hesab açmağı, onun tapşırığı ilə Azərbaycan Respublikası qanunvericiliyi, Mərkəzi Bankın normativ sənədləri ilə nəzərdə tutulmuş bütün hesablaşma və kassa əməliyyatlarını həyata keçirməyi, yəni açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsi və verilməsi, hesab üzrə digər əməliyyatların aparılmasına dair Müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Müştəri isə bunun müqabilində Bankın qüvvədə olan tariflərinə uyğun olaraq müvafiq xidmət haqqını ona ödəməyi öhdəsinə götürür. Həmin hissənin 5.1-ci maddəsinə əsasən müştərinin hesabından vəsait bankın təqsirindən gec, yaxud düzgün silinməməsi, eləcə də hesabın sahibinə veriləcək məbləğin gec ya da düzgün göstərilməməsi hallarında bank müştəriyə hər ötən gün üçün cərimə ödəyir. Həmin hissənin 5.2-ci maddəsinə əsasən bankın xidmətlərinin ödənilməsindən imtina etdikdə, yaxud bankın xidmətlərini vaxtında ödəmədikdə müştəri banka hər ötən gün üçün cərimə ödəyir. X3nun 4-cü hissəsinin 3.1-ci maddəsinə əsasən kredit, bank tərəfindən kredit məbləğinin müştəriyə bankda onun üçün açılan kredit hesabından cari hesabına köçürülməsi yolu ilə verilir (Overdraftlara şamil olunmur). Həmin hissənin 3.2-ci maddəsinə əsasən müştəri kreditdən istifadəyə görə banka “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada faizləri ödəyir. Həmin hissənin 3.4-cü maddəsinə əsasən faizlər kreditin verildiyi günün ertəsi günündən kredit qaytarılan günədək hesablanır. Həmin hissənin 3.5-ci maddəsinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər müştəri tərəfindən banka nağd və ya köçürmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə həyata keçirilir (Overdraftlara şamil olunmur). Həmin hissənin 3.6-cı maddəsinə əsasən kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin ödəmə qrafiki müvafiq kredit müqaviləsinin ayrılmaz hissəsi olan qoşmada göstərilir və əgər belə qoşma mövcud deyilsə, bu məbləğlər “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan tarixdə ödənilir. Həmin hissənin 3.11-ci maddəsinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Həmin hissənin 3.12-ci maddəsinə əsasən müştəri tərəfindən banka ediləcək bütün ödənişlər heç bir qarşılıqlı hesablama aparılmadan, qarşılıqlı tələb təqdim edilmədən, mənbədə tutma tətbiq edilmədən həyata keçiriləcək, bu bir şərtlə ki, müştəri qanun ilə belə bir mənbədən tutmanı aparmağa dair öhdəlik daşımasın. Belə olan təqdirdə isə müştəri tərəfindən ödənilən məbləğ elə bir şəkildə aparılmalıdır ki, ona görə bankın faktiki alacağı məbləğ hər hansı mənbədə tutmanın mövcud olmadığı halda alacağı məbləğə bərabər olsun. Hər hansı bir anlaşılmazlığın aradan qaldırılması üçün kredit müqaviləsində göstərilmiş bütün faiz, komissiya haqları, yaxud digər ödəniş məbləğlərinə heç bir mənbədə tutulan vergi, rüsum və yaxud haqq daxil deyildir. Həmin hissənin 5.2-ci maddəsinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə, kreditdən “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan məqsədlər üçün istifadə edilmədikdə, kreditin ümidsiz kreditə çevrilməsi riski ilə bağlı bankın əsaslı ehtimalları yarandıqda, müqavilənin İV.2.4. yarımbəndində göstərilən şərtlər, habelə Maliyyələşdirmə üçün Ərizə əsasında müştəri üçün müəyyən olunan öhdəliklər müştəri tərəfindən pozulduqda, qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulan digər hallarda bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və/və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər.

9. Bank xidmətlərinin göstərilməsinə dair X3nun xx.xx.2022-ci il tarixli, 1.0.5 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə xx.xx.2022-ci il tarixli razılaşmanın məzmunundan görünür ki, Cavabdeh2 MMC bu razılaşmanı imzalamaqla, bank xidmətlərinin göstərilməsinə dair X3nun bankın rəsmi internet səhifəsində https:/www.pashabank.az/gsa_addendum/lang.az/ link üzrə yerləşdirilən xx.xx.2022-ci il tarixli, 1.0.5 nömrəli versiyasının şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul edir. Müştəri özü/hüquqi şəxs olduqda onun adından imzalayan şəxs “ASAN Finans” sistemi vasitəsilə şəxsiyyət vəsiqəsi və iş yeri üzrə müəyyən olunan məlumatların banka təqdim olunmasına özü tərəfindən razılıq geri götürülmədiyi təqdirdə, bank ilə müqavilə münasibətlərinə xitam verilənə və/və ya onun qarşısındakı öhdəlikəri tam icra olunan müddətədək təqdim olunmasına razılıq verir. Bank müqaviləyə edilən hər bir əlavə və dəyişiklik haqqında müştəriyə yazılı xəbərdarlıq göndərməklə, müqavilənin yenilənmiş versiyasını link üzrə yerləşdirir. Müştəri isə əlavə və dəyişikliklərlə tanış olur və onlarla razı olmadığı təqdirdə bu haqda xəbərdarlığın ona göndərildiyi tarixdən etibarən 3 (üç) gün ərzində banka yazılı məlumat verir. Bu halda müştəri göstərilən xidmətlərdən istifadəni dayandıra və ya bank ilə müqavilə münasibətlərinə müqaviləyə uyğun olaraq xitam verə bilər. Müştəri təsdiq edir ki, onun banka təqdim etdiyi yeganə əlaqə vasitəsi mobil telefon nömrəsidirsə və SMS məlumatlandırma xidməti üçün müvafiq mobil nömrədə kütləvi xarakterli mesajların alınmasına məhdudiyyət qoyulmuşdursa, habelə banka təqdim etdiyi əlaqə vasitələrində dəyişiklik olmuş, lakin bu barədə banka yazılı məlumat verməmişdirsə, bank əlavə və dəyişikliklər barədə məlumatın müştəriyə çatımlı olması üçün heç bir məsuliyyət daşımır. Bu halda, müştəri daim bankın rəsmi internet səhifəsindən müqavilə üzrə yenilikləri özü izləməlidir. Razılaşmada izahı verilməyən anlayışlar müqavilədə ifadə olunduğu mənanı daşıyır. Razılaşma ilə müqavilə arasında hər hansı ziddiyyət və ya uyğunsuzluq aşkar olunduğu təqdirdə isə razılaşmanın müddəalarına üstünlük verilir. Razılaşma imzalandığı gündən qüvvəyə minir və müddətsiz olaraq bağlanır.

10. xx.xx.2023-cü il tarixli, DC00301613-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən müştəriyə xx.xx.2025-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 47986 (qırx yeddi min doqquz yüz səksən altı) manat məbləğində mal alışı məqsədilə birdəfəlik kredit verilməsi razılaşdırılmışdır.

11. İddiaçı ASC ilə Duygu Sahinli arasında imzalanmış xx.xx.2023-cü il tarixli, DG**********478 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında razılaşdırılmış xx.xx.2023-cü il tarixli, DC00301613-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə Cəmiyyətin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Duygu Sahinli bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

12. xx.xx.2025-ci il tarixli, PB/PBL-OUT-00589-2025 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 MMC-nin xx.xx.2025-ci il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri – DC00301613-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə 12171,33 manat əsas borc, 303,08 manat faiz borcu, 882,27 manat cərimə borcu olmaqla, cəmi 13356,68 manat (gecikmə günü: 218 gün) təşkil edir.

13. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə xx.xx.2025-ci il tarixli, PB-OUT-04322-2025 nömrəli, xx.xx.2025-ci il tarixli, PB-OUT-04322-2025/1 nömrəli pretenziya qaydasında xəbərdarlıq məktubları göndərilərək, müqavilələr üzrə yaranmış borcun 7 (yeddi) iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

14. İddiaçı tərəfindən iş materiallarına hesabdan çıxarış əlavə edilmişdir.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/4538 saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş iş materiallarında olan Cavabdeh2 MMC tərəfindən iddiaçı banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 03 may 2023-cü il tarixli DC00301613-03 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh2 MMC-nin (suallarda göstərilən tarixlərə) iddiaçı banka olan borcu xx.xx.2025-ci il (müqavilə müddətinin bitdiyi) tarixə: əsas borc üzrə 13675,33 manat, faiz borc üzrə 871,80 manat; xx.xx.2025-ci il (maliyyə arayışında qeyd olunan) tarixə: əsas borc üzrə 13675,33 manat, faiz borc üzrə 999,06 manat müəyyən edilir. Qeyd edilir ki, hazırkı ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 03 may 2023-cü il tarixli, DC00301613-03 saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da iddiaçı bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinmələri özündə əks etdirən çıxarış) olmadığı üçün sualda soruşulan tarixlərə cərimə borcu hesablanmadı. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla,zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

19. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2022ci il tarixdə OnGTC-00301613LE/2019 saylı bank xidmətlərinin göstərilməsinə dair X3nun xx.xx.2022-ci il tarixli, 1.0.5 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə razılaşma imzalanmışdır. Eyni zamanda xx.xx.2023-cü il tarixli, DC00301613-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən müştəriyə xx.xx.2025-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 47986 (qırx yeddi min doqquz yüz səksən altı) manat məbləğində mal alışı məqsədilə birdəfəlik kredit verilmişdir. İddiaçı ASC ilə Duygu Sahinli arasında xx.xx.2023-cü il tarixli, DC00301613-03 nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında razılaşdırılmış xx.xx.2023cü il tarixli, DC00301613-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə Cəmiyyətin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Duygu Sahinli bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdehlər (borc alan və zamin) müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının həmin öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququ yaranmışdır.

20. İddia tələbinin bir hissəsini cavabdehlərdən birgə qaydada DC00301613-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12171,33 manat (on iki min bir yüz yetmiş bir manat otuz üç qəpik) əsas borc, 303,08 manat (üç yüz üç manat səkkiz qəpik) faiz borcunun tutulması təşkil edir.

21. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zaminlər) müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, alınan pul məbləğini faizləri ilə birgə borc verənə qaytarmaq vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi DC00301613-03 maliyyələşdirmə üçün ərizə üzrə əsas kredit borcu və faiz borcunun tutulması hissəsində tam təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada DC00301613- 03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12171,33 manat (on iki min yüz yetmiş bir manat otuz üç qəpik) əsas borc, 303,08 manat (üç yüz üç manat səkkiz qəpik) faiz borcu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Belə ki, ekspert rəyində qeyd olunan əsas və faiz borcunun məbləği iddiaçı tərəfindən tələb edilən müvafiq məbləğlərdən daha yüksək olmuşdur. Məhkəmə MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hazırkı nəticəyə gəlmişdir.

22. İddia tələbinin digər hissəsini cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 birgə qaydada DC00301613-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə 882,27 manat cərimə borcunun tutulması təşkil edir.

23. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

24. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 birgə qaydada tutulacaq cərimə məbləği azaldılaraq DC00301613-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə 650 (altı yüz əlli) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.

25. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumu olaraq 130,07 manat pulun cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 birgə qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.

26. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi 127,8 manat (yüz iyirmi yeddi manat səksən qəpik) məbləğində pul cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 birgə qaydada tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.

27. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manat pulun 147,40 manat (yüz qırx yeddi manat qırx qəpik) hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada, 2,60 manat (iki manat altmış qəpik) hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada DC00301613-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12171,33 (on iki min yüz yetmiş bir manat otuz üç qəpik) əsas borc, 303,08 manat (üç yüz üç manat səkkiz qəpik) faiz borcu, 650 (altı yüz əlli) manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 127,8 manat (yüz iyirmi yeddi manat səksən qəpik) olmaqla, ümumilikdə 13252,21 manat (on üç min iki yüz əlli iki manat iyirmi bir qəpik) məbləğində pul vəsaiti tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manat pulun 147,40 manat (yüz qırx yeddi manat qırx qəpik) hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada, 2,60 manat (iki manat altmış qəpik) hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar