Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6123/2024 09.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, faiz borcu, vəkil xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə bo`1rc” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 15750 manat əsas borcun, əsas borcun gecikdirilməsinə görə illik 5 % hesablanmaqla 787,5 manat məbləğində gecikmə faizi olmaqla cəmi 16537.5 manat, hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş 300 manat xidmət haqqı və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 140 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı arasında 23 noyabr 2023-cü il tarixində bağlanmış 01\23, 02\23 və 03\23, saylı X2 (bundan sonra – Müqavilələr) 1.1–ci bəndinə əsasən İcarəyə verən, yəni İddiaçı MMC müvafiq olaraq Müqavilələr üzrə nəzərdə tutulan KİA SORENTO” markalı, ** LX *** dövlət nömrə nişanlı, “KİA SORENTO ” markalı, ** KV *** dövlət nömrə nişanlı və “KİA SORENTO” markalı, ** KS *** dövlət nömrə nişanlı avtomobilləri icarəyə verməyi, İcarəçi isə yəni Cavabdeh MMC bunun müqabilində icarə haqqını ödəməyi və icarə obyektini müqavilədə nəzərdə tutulan qaydada İcarəyə verənə qaytarmağı öhdəsinə götürmüşdür. Eyni tarixdə bağlanan, lakin, predmeti fərqli olan hər üç müqavilə üzrə İddiaçı MMC tərəfindən icarə obyektləri Müqavilələrdə razılaşdırılmış qaydada və vaxtda təhvil verilsə də təsdiq edilmiş elektron qaimə-fakturalar üzrə ödənişlər Cavabdeh MMC tərəfindən tam şəkildə icra edilməmişdir. Müqavilələrin 3.3-cü bəndinə əsasən, ödəniş Müqavilə imzalandığı tarixdən 1 (bir) iş günü ərzində İcarəyə verənin hesab-fakturası əsasında həyata keçirilir. Müqavilə ilə müəyyənləşdirilmiş müddətin keçməsinə baxmayaraq Cavabdeh MMC təsdiq edilən elektron qaimə-fakturalar üzrə həyata keçirilməli olan ödənişlərə dair öhdəliyin icrasını gecikdirir. Belə ki, tərəflər arasında bağlanmış 23 noyabr 2023-cü il tarixli 01\23 saylı X3 üzrə İcarəyə verən tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli EBEA 920071 nömrəli elektron qaimə-faktura üzrə 1600 manat, xx.xx.2024-cü il tarixli EBEB 905883 nömrəlielektron qaimə-faktura üzrə 1600 manat, xx.xx.2024-cü il tarixli MT2405: 10594028 nömrəli elektron qaimə-faktura üzrə 1600 manat olmaqla ümumilikdə 4800 manat məbləğində, 23 noyabr 2023-cü-ci il tarixində bağlanmış 02\23 saylı X3 üzrə İcarəyə verən tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli EBEA 919962 nömrəli elektron qaimə-faktura üzrə 1600 manat, xx.xx.2024-cü il tarixli EBEB 905841 nömrəli elektron qaimə-faktura üzrə 1600 manat, xx.xx.2024-cü il tarixli MT2405: 10593943 nömrəlielektron qaimə-faktura 1600 manat, xx.xx.2024-cü il tarixli MT2406: 10562941 nömrəli elektron qaimə-faktura üzrə 1350 manat olmaqla ümumilikdə 6150 manat məbləğində, 23 noyabr 2023-cü -ci il tarixli 03\23 saylı X3 üzrə İcarəyə verən tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli EBEA 920019 nömrəli elektron qaimə-faktura üzrə 1600 manat, xx.xx.2024-cü il tarixli EBEA 905801 nömrəli elektron qaimə-faktura üzrə 1600 manat, xx.xx.2024-cü il tarixli MT2405: 10593982 nömrəli elektron qaimə-faktura üzrə 1600 manat olmaqla ümumilikdə 4800 manat məbləğində Cavabdeh MMC-nin İddiaçı MMC xeyrinə borcu yaranmışdır. Beləliklə, İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli X4 əsasən, hər üç müqavilə üzrə CavabdehMMC-nin ümumilikdə 15750 manat məbləğində İddiaçı MMC-nin xeyrinə yekun borcu yaranmışdır. Müqavilələrin 2.1.3-cü yarımbəndinə əsasən İcarəyə verən Müqavilədə nəzərdə tutulmuş icarə haqqını, eləcədə Müqavilədə nəzərdə tutulmamış, lakin sonradan ortaya çıxa biləcək və Tərəflər arasında yazılı formada razılaşdırılmış əlavə xidmətlərə görə xərclərin vaxtında ödənilməsini tələb etmək hüququna malikdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.
5. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 01/23 saylı, 02/23 saylı və 03/23 saylı X3nə əsasən:
8. Müqavilələrin 1.1-ci bəndinə əsasən icarəyə verən 1 ədəd KİA Sorento markalı, 77LX310, 77KV675 və77KS854 DNN nəqliyyat vasitələrini tam yararlı vəziyyətdə icarəçinin müvəqqəti istifadəsinə verməyi, icarəçi isə istifadə etdiyi avtomobilə görə icarə haqqını ödəməyi və icarə obyektini hazırkı müqavilədə nəzərdə tutulan qaydada iarəyə verənə qaytarmağı öhdəsinə götürür.
9. 23 noyabr 2023-cü-ci il tarixli 01\23 saylı X3 üzrə İcarəyə verən tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli EBEA 920071 nömrəli elektron qaimə-faktura üzrə 1600 manat, xx.xx.2024-cü il tarixli EBEB 905883 nömrəli-elektron qaimə-faktura üzrə 1600 manat, 3. xx.xx.2024-cü il tarixli MT2405: 10594028 nömrəli elektron qaimə-faktura üzrə 1600 manat olmaqla ümumilikdə 4800 (dörd min səkkiz yüz) manat məbləğində, 23 noyabr 2023-cü-ci il tarixində bağlanmış 02\23 saylı X3 üzrə İcarəyə verən tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli EBEA 919962 nömrəlielektron qaimə-faktura üzrə 1600 manat, xx.xx.2024-cü il tarixli EBEB 905841 nömrəlielektron qaimə-faktura üzrə 1600 manat, xx.xx.2024-cü il tarixli MT2405: 10593943 nömrəlielektron qaimə-faktura 1600 manat, xx.xx.2024-cü il tarixli MT2406: 10562941 nömrəli elektron qaimə-faktura üzrə 1350 manat olmaqla ümumilikdə 6150 manat məbləğində, 23 noyabr 2023-cü -ci il tarixli 03\23 saylı X3 üzrə İcarəyə verən tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli EBEA 920019 nömrəli elektron qaimə-faktura üzrə 1600 manat, xx.xx.2024-cü il tarixli EBEA 905801 nömrəli elektron qaimə-faktura üzrə 1600 manat, xx.xx.2024-cü il tarixli MT2405: 10593982 nömrəli elektron qaimə-faktura üzrə 1600 manat olmaqla ümumilikdə 4800 manat məbləğində Cavabdeh MMC-nin borcu olduğu qeyd olunmuşdur.
10. xx.xx.2024-cü il tarixli üzləşmə aktlarına əsasən cavabdehin KİA Sorento markalı 77LX310 DNN nəqliyyat vasitəsinə əsasən qalıq borcu 4800 manat, eyni markalı 77KS854 DNM nəqliyyat vasitəsinə əsasən 4800 manat və 77KV675 DNM nəqliyyat vasitəsinə görə 6150 manat borcu olduğu və həmin aktlar hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
11. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
14. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur;
16. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir;
17. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür;
18. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir.
19. İşin halları ilə təsdiq olunur ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış, cavabdeh üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş, müqavilə üzrə 15750 manat borcu yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının icarə haqqı üzrə yaranmış borcun ödənilməsi barədə tələbi təmin edilməlidir.
20. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfat daxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-faktura verməlidir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının" 2.3.-cü bəndinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən elektron vergi hesabfakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhviltəslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesabfakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
23. Məhkəmə hesab edir ki, icarəyə verilən nəqliyyat vasitələri cavabdehə verilməsi təqdim olunmuş sübutlarla təsdiqini tapdığından iddia tələbinin əsas hissədə təmin olunması üçün əsaslar mövcuddur.
24. Bundan başqa iddiaçı əsas borcun gecikdirilməsinə görə cavabdehə illik beş faiz 787,5 manat məbləğində faiz borcu hesablayaraq, cavabdehdən tutulmasını tələb edir.
25. Məhkəmə iddia tələbini bu hissədə qismən əsaslı hesab edir və buna dair aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri bilir.
26. Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
28. Belə ki, iddiaçı bir il müddətinə faiz borcu hesablasa da, iş materiallarından görünür ki, tələb olunan borc üzrə cavabdehə göndərilən e-qaimələrin tarixləri mart-iyun 2024-cü il tarixlərini əhatə edir. Məhkəmə hesab edir ki, ödənilməyən borc məbləğinə illik 5% hesabı ilə mart 2024-cü il tarixindən qətnamənin çıxan oktyabr ayına kimi 528 manat məbləğində faiz borcu müəyyən edilməlidir.
29. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə icarə müqaviləsi üzrə iddiaçıya xx.xx.2023-cü il tarixli 01/23 saylı X3nə əsasən 15750 manat əsas borc məbləği, borcun ödənişinin gecikdirilməsinə görə 528 manat faiz borcu məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
30. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 140 manat məbləğində dövlət rüsumu və 300 manat məbləğində hüquqi yardıma görə pul məbləği iddiaçı tərəfindən ödənilmişdir.
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardımla bağlı ödənilmiş pul vəsaitinin əvəzi qismində 300 manat, dövlət rüsumunun əvəzi qismində isə 140 manat məbləğində pul vəsaitləri cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli 01/23 saylı X3nə əsasən 15750 manat əsas borc məbləği, borcun ödənişinin gecikdirilməsinə görə 528 manat faiz borcu, vəkil xərcinin əvəzi olaraq 300 manat və dövlət rüsumunun əvəzi olaraq 140 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova