Məhkəmə qərarları › İş №e-2-2(113)-6125/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6125/2024

19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6125/2024 19.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qız tərəfindən İddiaçı ASC-nin cavabdehlər Cavabdeh qarşı xx.xx.2023-cü il tarixli tarixli müqaviləyə əsasən borcun tutulması tələbinə dair iddiasına kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı ASC (bank) ilə Cavabdeh (kredit alan) arasında xx.xx.2023-cü il tarixli, 367155-CNS-43914 saylı kredit müqaviləsi imzalanmışdır. Həmin müqavilənin: 2.1-ci Müqaviləyə əsasən Bank Kredit alana bu müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə Kredit verməyi, Kredit alan isə Krediti qəbul etməyi, Kreditdən təyinatı üzrə istifadə etməyi və geri qaytarmağı, faizləri/komissiyalar, o cümlədən əlavə faizləri bu müqavilə ilə nəzərdə tutulan müddətdə və şərtlər əsasında ödəməyi öhdəsinə götürür. 3.1-ci bəndinə əsasən kreditin məbləği və valyutası 7000 manatdır. 3.3-cü bəndinə əsasən kredit alan krediti tam məbləğdə 04 aprel 2026-cı il tarixində və ya müqavilədə nəzərdə tutulmuş hallarda vaxtından əvvəl ödəməlidir. 3.4.1-ci bəndinə əsasən kreditdən istifadəyə görə faizlər bank tərəfindən illik 23% olmaqla və bu müqavilənin 5.9-cu bəndinə əsasən faiz dərəcəsinin avtomatik artırılması və ya azaldılmasının mümkünlüyünü nəzərə almaqla hesablanır. 5.5-ci bəndinə əsasən faizlərin hesablanması zamanı bir ay 30 təqvim günü, bir il isə 360 gün sayına əsaslanaraq həyata keçirilir. 6.4.3-cü bəndinə əsasən bu müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti banka qaytarmağı və faizləri ödəmək kredit alanın vəzifəsidir. 7.1.4-cü bəndinə əsasən bu müqavilənin 3.5-ci bəndi ilə göstərilmiş müddətlərə uyğun ödənişlər kredit alan tərəfindən 2 aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 dəfə pozulduqda və/və ya bu müqavilə ilə müəyyənləşdirilən öhdəliklərdən biri və ya bir neçəsi icra edilmədikdə/lazımınca icra edilmədikdə bank kredit alandan kreditin vaxtından əvvəl qaytarılmasını, hesablanmış faizlərin, mümkün cərimənin ödənilməsini və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini vaxtından əvvəl tələb etmək hüququna malikdir. 8.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin imzaları və möhürü olan tərəfin möhürü ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və kredit alan tərəfindən kredit, faizlər və digər pul tələbləri üzrə öhdəliklərin banka tam icra olunduğu andan ləğv edilir. 9.2-ci bəndinə görə bu müqavilə ilə müəyyənləşdirilən kreditin geri qaytarılması və/və ya faizlərin və ya digər ödənişlərin ödənilməsi üzrə öhdəliklər kredit alan tərəfindən vaxtında icra edilmədikdə, hər gecikdirilən təqvim gün üçün gecikdirilmiş məbləğə 0,5% həcmində cərimə hesablanır və kredit alan tərəfindən bankın xeyrinə ödənilir. Müqavilə hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir.

2. xx.xx.2023-cü il tarixli, 367155-CNS-43914 saylı kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlinə əsasən kredit alan tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 7000 manat, faizin məbləği 2755,86 manat, cəmi ödəniləcək məbləğ 9755,86 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli bankın və kredit alanın imzası və bankın möhürü ilə təsdiq edilmişdir.

3. Cavabdeh məxsus xx.xx.2023-xx.xx.2024-cü il tarixləri üzrə bank hesabdan çıxarışdan müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən xx.xx.2023-cü ildə həmin hesaba 7000 manat pul vəsaiti köçürülmüşdür.

4. Maliyyə arayışı ilə təsdiq edilir ki, Cavabdeh xx.xx.2024-cü il tarixə xx.xx.2023-cü il tarixli, 367155-CNS-43914 saylı kredit müqaviləsi üzrə banka əsas borcu 5510,16 manat, faiz borcu 432,21 manat, dəbbə pulu 120,14 manat, cəmi borcu 6062,51 manat təşkil edir.

5. İddiaçı ASC cavabdehlər Cavabdeh və xx.xx.2024-cü il tarixli pretenziya ünvanlanaraq cəmi 6062,51 manat məbləğində borcun 3 iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

6. İddiaçı ASC cavabdehlər Cavabdeh qarşı kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 367155-CNS-43914 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə Banka borclu olduğu 5510,16 manat məbləğində əsas borc, 432,21 manat məbləğində faiz borcu, 120,14 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 6062,51 manat pul məbləğinin və 80,63 manat dövlət rüsumunun Cavabdeh tutaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 367155- CNS-43914 saylı, kredit müqaviləsinə əsasən Cavabdeh illik 23 faiz hesablanması şərti ilə xx.xx.2026-cı il tarixədək, 36 ay müddətinə, 7000 manat məbləğində dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) üçün kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəlikləri xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticəsində Cavabdeh Banka ümumilikdə 6062,51 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir

8. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443, 462.1, 472.1, 472.2 və 739.1 -ci maddələrinə istinad etmişdir

b) İddiaya qarşı etirazın dəlilləri

9. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

10. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

11. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

12. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

13. AR Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.

14. AR MPM-in: 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

15. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

16. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC (bank) ilə Cavabdeh (kredit alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 367155-CNS-43914 saylı kredit müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC həmin müqavilə üzrə öhdəlikləri lazımi qaydada icra edərək 7000 manat məbləğində kredit versə də, cavabdeh tərəfindən müqavilə öhdəlikləri lazımi qaydada icra edilməmiş, nəticədə cavabdehin banka həmin kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır.

17. Belə olan halda məhkəmə Cavabdeh xx.xx.2023-cü il tarixli, 367155-CNS-43914 saylı kredit kredit müqaviləsi üzrə İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı ASC Cavabdeh xx.xx.2023-cü il tarixli, 367155-CNS-43914 saylı kredit müqaviləsi kredit müqaviləsi üzrə 5510,16 manat məbləğində əsas, 432,21 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.

18. Bununla yanaşı İddiaçı ASC kredit müqaviləsi üzrə əsas borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 120,14 manat məbləğində dəbbə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

19. Məhkəmə hesab edir ki, Cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini də tələb etməkdə haqlıdır.

20. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 80,63 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

21. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 80,63 manat təşkil edir.

22. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 80,63 manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh xx.xx.2023-cü il tarixli, 367155-CNS-43914 kredit müqaviləsi üzrə 5510,16 manat məbləğində krеdit bоrcu, 432,21 manat məbləğində faiz bоrcu və 120,14 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 6062,51 manat məbləğində bоrc, dövlət rüsumunun əvəzi olaraq 80,63 manat məbləğində pul vəsaiti tutularaq İddiaçıASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar