Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-613/2021 01.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə müştərək qaydada dəymiş ziyana 172,52 manat sığorta ödənişinin, ödənilmiş 20,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 17.11.2018-ci il tarixində, Cavabdeh1 MMC-yə məxsus ** TG *** dövlət qeydiyyat nişanlı Daewoo BS090 markalı avtonəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** JX *** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar DYP əməkdaşı tərəfindən 20.11.2018-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh2 təqsirləndirilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** JX *** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 172,52 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin 23.04.2019-cu il tarixli sığorta aktına əsasən "xxxx" ASC tərəfindən, dəymiş ziyana görə 172,52 manat zərər məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün təmir mərkəzinin hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Zərərçəkmiş nəqliyyat vasitəsi təmir edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığortasının olmadığı müəyyənləşdirilmişdir. Sığorta tərəfindən sığortalıya ödənilmiş 172,52 manat məbləğində vəsaitin "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş lakin,cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş məhkəmədən qeyd olunanları nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 tələbi qəbul etməyərək izahatında iddianın əsassız olması əsası ilə rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 MMC-nin nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehlər Cavabdeh1 MMC-nin nümayəndəsi və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Cavabdeh2 20.11.2018-ci il tarixli izahatının surətindən görünür ki, Cavabdeh2 17.11.2018-ci il tarixdə saat 18:00 radələrində “Daewoo” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə Avtovağzaldan şəhər istiqamətində hərəkət edərkən yol tıxac olduğundan dayanmış, 5 sm avtobus arxaya gedərək arxada dayanan “İveco” markalı **-JX-*** dövlət qeydiyyat nişanlı avtobusun sağ güzgüsünə dəymişdir. Cüzi ziyan dəydiyindən, avtobusda sərnişin olduğundan hadisə yerindən getmişdir. İzahat onun sözləri ilə yazılmış və doğruluğunu imzası ilə təsdiq etmişdir. Binəqədi rayon X1 Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında AP ******* saylı 20 noyabr 2018-ci il tarixli protokoldan və inzibati tənbeh vermə haqqında TP saylı ******* nömrəli 20.11.2018-ci il tarixli qərardan görünür ki, 17 noyabr 2018-ci il tarixdə saat 18:00-da Cavabdeh2 Bakı-Sumqayıt yolunda tıxac olduğundan Deawoo BS090 avtobus markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobili arxaya verərək arxada dayanan “İveco” markalı ** JX *** dövlət qeydiyyat nişanlı avtobusun sağ güzgüsünü vuraraq hadisə yerindən yayınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) inzibati xəta törətmiş və 100 manat məbləğində cərimə edilmişdir. AC seriyalı 490210 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şahədatnaməsinin surətindən görünür ki, buraxılış ili 2015-ci il olan “İveco Urbanway” avtobus markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi (mülkiyyətçisi) "xxxx" MMC-dir. C-MİC-0626/18 nömrəli avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsinin surətindən goürünür ki, buraxılış ili 2015-ci il olan “İveco Urbanway” avtobus markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtomobil 01.04.2018-ci il tarixdən 31.03.2019-cu il tarixədək "xxxx" ASC tərəfindən tam sığortalanmışdır. Həmçinin sığorta şəhadətnaməsindən görünür ki, sığortalı və faydalanan şəxs "xxxx" MMC-dir. 1944 nömrəli zərər aktından görünür ki, “İveco Urbanway” avtobus markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər ümumilikdə 172,52 manat (ƏDV daxil) məbləğində müəyyən edilmişdir. 23.04.2019-cu il tarixli sığorta aktından görünür ki, “İveco Urbanway” avtobus markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı zərər 172,52 manat məbləğində müəyyən edilmişdir. Sığorta ödənişinin məbləği 172,52 manat təşkil edir. Bu məbləğ sığortalı "xxxx" MMC-nin hesabına köçürülür. 06.05.2019-cu il tarixli 001XOH********** nömrəli ödəniş tapşırığının surətindən görünür ki, (müştəri Paşa Sığorta ASC) Paşa Bank ASC tərəfindən "xxxx" MMC-nin hesabına 172,52 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. services.isb.az portalının çıxarışından görünür ki, hadisənin baş vermə tarixinə yəni,17.11.2018-ci il tarixə ** TG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığorta müqaviləsi mövcud olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə “Daewoo BS090” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusun sahibi 13.07.2013-cü il tarixdən o cümlədən 22.05.2018-ci ildən Cavabdeh1 MMC-dir. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1108.1-ci maddəsinə əsasən Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114-cü maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Göstərilən müddəaların mənasından göründüyü kimi subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Hazırki işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş şəxs Cavabdeh2 idarə etdiyi Cavabdeh1 MMC-nin mülkiyyətində olan “Daewoo BS090” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yol-nəqliyyat hadisəsi zamanı icbari sığortası olmadığından, zərər dəymiş digər nəqliyyat vasitəsi olan “İveco Urbanway” avtobus markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtobus "xxxx" ASC-də sığorta olunduğundan sonuncu 172,52 manat məbləğində müəyyən olunmuş sığorta ödənişini “İveco Urbanway” avtobus markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtobusun sahibi "xxxx" MMC-nin hesabına ödəmişdir. Odur ki, məhkəmə iddiaçının “Daewoo BS090” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi olan Monella” MMC-yə qarşı olan tələbi hissəsində əsaslı hesab edir. Eyni zamanda Cavabdeh2 həmin nəqliyyat vasitəsinin mülkiyyətçisinin olmadığına görə sonuncuya qarşı olan tələb təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə ödənilmiş 20,40 manat dövlət rüsumunun Cavabdeh1 MMC-dən tutulması ilə bağlı qeyd edir ki, dəymiş ziyana tələb olunan 172,52 manat sığorta ödənişi təmin olunduğundan 20 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir, lakin 0,40 manat faktiki bank xərci olduğuna görə həmin hissədə tələb təmin edilə bilməz, belə ki, iddiaçı həmin vəsaiti dövlət rüsumu kimi tələb etmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 MMC-dən 172,52 manat sığorta ödənişi, dövlət rüsumu kimi ödənilmiş 20 manat, cəmi 192,52 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Tələb Cavabdeh2 qarşı olan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 MMC-dən 172,52 manat sığorta ödənişi, dövlət rüsumu kimi ödənilmiş 20 manat, cəmi 192,52 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Tələb Cavabdeh2 qarşı olan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-613/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-613/2021
01.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver