Məhkəmə qərarları › İş №e-2-2(113)-613/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-613/2024

30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-613/2024 30.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı pul tələbinə kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları:

1. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən onun xeyrinə 11356,25 manat əsas borc, 856,92 manat faiz borcu, 607,97 manat cərimə və 200 manat mediasiya xərcinin müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağladığı xx.xx.2021 il tarixli kredit razılaşmasına əsasən borcalan Cavabdeh4 bankdan xx.xx.2023 il tarixədək qaytarmaq və illik 20 % ödəmək şərti ilə aldığı 30000 manat krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə olan borcun məbləği: a) əsas borc üzrə 11356,25 manat, b) faizlər üzrə 856,92 manat, c) cərimə üzrə 607,97 manat təşkil edir. Mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həlli üçün borc alana və zaminlik müqaviləsinə əsasən onun öhdəliyinə görə bank qarşısında birgə məsuliyyət daşıyan zaminlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 pretenziya göndərilmiş, lakin borc ödənilməmişdir. Odur ki, borc onlardan məhkəmə qaydasında tutulmalıdır.

3. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər, lakin məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 əsas və faiz borcunu qəbul etdiklərini, cərimə məbləğinin isə azaldılmasını xahiş etmişlər.

5. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçı ASC və Cavabdeh4 arasında imzalanmış xx.xx.2021 il tarixli kredit razılaşmasına əsasən bu razılaşmanın imzalanması ilə kreditverən 30000 manat məbləğdə və illik faiz dərəcəsi 20 olmaqla, xx.xx.2023 tarixədədək, 0 ay güzəşt müddəti olmaqla dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədli kredit verir, müştəri isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddəldə onu faizi ilə birlikdə kreditverənə qaytarmağı öhdəsinə götürür. Kredit üzrə faktiki illik faiz dərəcəsi 21%-dir. 6-cı bəndə əsasən borcalan bu razılaşmaya əsasən verilmiş kreditin faizləri ilə birlikdə qaytarılmalı olduğu son tarixədək öhdəliklərini icra etmədiyi, yaxud lazımi qaydada icra etmədiyi təqdirdə kreditverənə gecikdirilmiş borc məbləğinin 40 (qırx) faizi məbləğində cəriməni ödəyir. Qeyd olunanlarla yanaşı kreditverən dəbbə pulunu yaxud öhdəliyin icra olunmaması nəticəsində dəymiş zərərin ödənilməsinin tələb edilməsini seçmək hüququnu özündə saxlayır.

7. xx.xx.2021 il tarixli kredit razılaşmasına əlavə olan ödəniş cədvəlindən məlum olur ki, xx.xx.2023-cü il müqavilə üzrə sonuncu ödəniş tarixi kimi göstərilmişdir.

8. 24 oktyabr 2023-cü il tarixinə olan maliyyə arayışında Cavabdeh4 11356,25 manat əsas borc, 856,92 manat faiz borcu, 607,97 manat cərimə məbləği hesablandığı qeyd edilmişdir.

9. İddiaçı ASC və Cavabdeh3 arasında imzalanmış xx.xx.2021-ci il tarixli 9FİZAM104945802 saylı zaminlik müqaviləsinin, İddiaçı ASC və Cavabdeh1 arasında imzalanmış xx.xx.2021-ci il tarixli 9FİZAM191299002 saylı zaminlik müqaviləsinin və İddiaçı ASC və Cavabdeh2 arasında imzalanmış xx.xx.2021-ci il tarixli 9FİZAM106466803 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilə borclunun kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyin tamamı ilə icra edilməsi üçün zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. 1.2-ci bəndinə əsasən icrası zaminliklə təmin olunmuş əsas öhdəlik və onun məzmunu: Kreditorun https:www.bankrespublika.az/az/pages/kompleks-bank-xidmeti-muqavilesi_1310 rəsmi saytında PDF və ya ASANDOC formatında yerləşdirilmiş kompleks bank xidmətləri müqaviləsininin şərtlərinin qoşulma razılaşması imzalamaqla qəbul edilməsi ilə borclu Cavabdeh4 xx.xx.2021-ci il tarixli razılaşmaya (bundan sonra “kredit” müqaviləsi adlandırılacaq) əsasən 30000 manat məbləğində, 20 illik faiz dərəcəsi ilə, 24 ay müddətə verilmiş kredit. 1.3-cü bəndinə əsasən tələb edilə biləcək borc: 30000 manat kredit, hesablanacaq faiz borcları və kreditin qeyd edilmiş müddətdə geri qaytarılmamasına görə qalıq borcun 40%-i məbləğində cərimədir.

10. İddiaçı ASC tərəfindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 göndərilmiş xx.xx.2023-cü il tarixli 02/856 saylı pretenziya məktubunda xx.xx.2023-cü il tarixinə 11356,25 manat əsas borc, 856,92 manat faiz borcu, 607,97 manat cərimə borcunun 3 gün müddətində ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

11. Cavabdeh4 məxsus bank hesabı çıxarışından görünür ki, xx.xx.2021-ci il tarixində həmin hesaba 30000 manat məbləğində mədaxil olmuş, sonuncu ödəniş xx.xx.2022-ci il tarixində 528,54 manat olmuşdur.

12. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC və Cavabdeh4 arasında xx.xx.2021-ci il tarixində 30000 manat məbləğində xx.xx.2023 tarixədədək qaytarmaq şərtilə kredit verilmişdir. Daha sonra öhdəliyin icrasının təmin edilməsi üçün İddiaçı ASC və Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmışdır. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi

16. Məhkəmə cavabdehlərin əsas və faiz borcunu mübahisələndirmədiklərini nəzərə alaraq, eyni zamanda işin hallarına məcmu şəkildə qiymət verərək hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində təmin edilməli və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada xx.xx.2021-ci il tarixli krеdit razılaşması üzrə 11356,25 manat əsas borc, 856,92 manat faiz borcu iddiaçının xeyrinə tutulmalıdır.

17. İddiaçı eyni zamanda cavabdehlərdən 607,97 manat cərimə məbləğinin tutulmasını da tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində və eyni zamanda zaminlik müqavilələrində ödənişlərin gecikdirildiyi təqdirdə cərimə haqqında razılaşma öz əksini tapmışdır. Lakin məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 450 manat müəyyən edilməlidir.

18. Eləcə də, iddiaçı 200 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə cavabdehlərin mediasiya sessiyasında iştirak etmədiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 200 manat məbləğində mediasiaya xərci cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada xx.xx.2021-ci il tarixli kreditin verilməsi barədə razılaşmaya əsasən 11356,25 manat əsas borc, 856,92 manat faiz borcu, 450 manat cərimə məbləği olmaqla cəmi 12663 (on iki min altı yüz altımış üç) manat 17 (on yeddi) qəpik borc və 200 (iki yüz) manat mediasiya xərci İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar