Məhkəmə qərarları › İş №e-2-2(113)-6137/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6137/2024

26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6137/2024 26.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə və Ugur Yeniceriyə qarşı “krеdit müqaviləsi üzrə bоrc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, əsas və faiz borcu, cərimə, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, Cavabdehlərin iştirakı olmadan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 MMC-yə və Ugur Yeniceriyə qarşı “krеdit müqaviləsi üzrə bоrc” tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər Cavabdeh2 MMC və Ugur Yeniceridən birgə qaydada: - DC00477952-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 13,669.84 manat əsas borc, 1,368.50 manat faiz borcu, 392.43 (üç yüz doxsan iki manat qırx üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 15,430.77 manat borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 136,29 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh2 MMC (bundan sonra “Borcalan”) arasında xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair OnGTC-08552LE/2019 saylı X5 imzalanmışdır. Sonradan tərəflər arasında X5 çərçivəsində: - xx.xx.2022-ci il tarixli DC00477952-01saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 32939 (otuz iki min doqquz yüz otuz doqquz) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir; Bank ilə Borcalan Cavabdeh2 MMC-nin Bank qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Bank ilə Ugur Yeniceri arasında DC00477952-01 saylı Maliyyələşdirmə üçün ərizənin təminatı olaraq xx.xx.2022-ci il tarixli DG180320840 saylı zaminlik müqavilələri bağlanmışdır. Lakin Borcalan qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək 182 gün kreditin müəyyənləşdirilən qaydada ödənilməsini gecikdirmişdir. Hazırda Borcalanınxx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri DC00477952-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 13,669.84 (on üç min altı yüz altmış doqquz manat səksən dörd qəpik) manat əsas borc, 1,368.50 (bir min üç yüz altmış səkkiz manat əlli qəpik) manat faiz borcu, 392.43 (üç yüz doxsan iki manat qırx üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 15,430.77 (on beş min dörd yüz otuz manat yetmiş yeddi qəpik) manat təşkil edir. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 136.29 (bir yüz otuz altı manat iyirmi doqquz qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. X4 4-cü bölümünün 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair X5nun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Eyni zamanda X4 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan RespublikasıQanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın tam təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməyiblər və gəlməməklərinin səbəbləri barədə məlumat verilməmişdir.

5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehlərin nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh2 MMC (bundan sonra “Borcalan”) arasında xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair OnGTC- 08552LE/2019 saylı X5 imzalanmışdır.

8. Cavabdeh2 MMC tərəfindən xx.xx.2022-ci il tarixdə imzalanmış “Bank xidmətlərinin göstərilməsinə dair X5nun xx.xx.2022-ci il tarixli 1.0.5.№”-li versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-08552LE/2019 saylı razılaşmaya əsasən Cavabdeh2 MMC razılaşmanı imzalamaqla, Bank xidmətlərinin göstərilməsinə dair X5nun Bankın rəsmi internet səhifəsində https://www.pashabank.az/gsa_addendum/lang,az/link üzrə yerləşdirilən xx.xx.2022-ci il tarixli 1.0.5 №”-li versiyasının şərtlərini diqqətlə oxudğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edlən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdğını qəbul etmişdir.

9. xx.xx.2022-ci il tarixli DC00477952-01 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 32939 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir;

10. Bank ilə Borcalan Cavabdeh2 MMC-nin Bank qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Bank ilə Ugur Yeniceri arasında DC00477952-01 saylı Maliyyələşdirmə üçün ərizənin təminatı olaraq xx.xx.2022-ci il tarixli DG180320840 saylı zaminlik müqavilələri bağlanmışdır. Müqavilənin 1-ci maddəsinə əsasən Zamin, Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşıyır.

11. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli, PB-OUT-03156-2024/5 saylı bildiriş və ona qoşma cədvəldən göründüyü kimi Cavabdeh2 xx.xx.2022-ci il tarixli, DC00477952-01 nömrəli bank xidmətlərinin göstərilməsinə dair X5 çərçivəsində xx.xx.2022-ci il tarixli DC00477952-01 saylı maliyyələşdirmə ərizəsi üzrə 135 gün gecikmə yarandığı qeyd olunmuşdur və qoşma cədvəllərdə əsas, faiz və gecikdirilmiş məbləğlər göstərilmişdir.

12. 05.08.2024-cü il tarixli PB/PBL-OUT-00394-2024/9 saylı maliyyə arayışına əsasən DC00477952-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh2 MMC-nin xx.xx.2024-cü il tarixə cəmi 15430,77 manat məbləğində borcu müəyyən edilmişdir.

13. Məhkəmə iddiaçı tərəfin nümayəndəsinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

16. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

18. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

19. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

20. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

21. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

22. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

23. Bundan başqa məhkəmə əsas, faiz və cərimə borcunun nə qədər təşkil edilməsini hər tərəfli və obyektiv araşdırılması məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və ekspertin xx.xx.2024-cü il tarixli, 9/7994 saylı rəyində xx.xx.2022-ci il tarixli DC00477952-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2024-cü il tarixinə əsas borc 13.660,23 manat, faiz borcu 1.361,09 manat müəyyən edilmişdir.

24. Azərbaycan Respublikası Mülki Prpsessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

26. Göründüyü kimi ekspertin müəyyən etdiyi əsas və faiz borcu iddia ərizəsində göstərilən məbləğdən az olduğu üçün, cavabdehlərdən tutulacaq borc məbləğləri ekspert rəyində göstərilən məbləğdə müəyyən edilməlidir.

27. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı maliyyələşdirmə üçün ərizə üzrə əsas borcun ödəniş qrafikinə uyğun qaytarılmadığına görə xx.xx.2022-ci il tarixli DC00477952-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən cərimə pulunun cavabdehlərdən müştərək tutulması tələbini də irəli sürmüşdür.

28. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

29. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

30. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

31. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksək olmadığından, xx.xx.2022-ci il tarixli DC00477952-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə 392,43 manat məbləğində dəbbə pulu cavabdehlərdən tutulmalıdır.

32. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin maliyyələşdirmə üçün ərizələrə və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdеhlər Cavabdeh2 MMC və Ugur Yeniceridən müştərək qaydada DC00477952-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 13660,23 manat əsas borc məbləği, 1361,09 manat faiz borcu, 392,43 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir.

33. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 136,29 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 136,29 manat dövlət rüsumu və məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 145 manat cavabdehlərə aid edilməlidir.

V. Nəticə:

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh2 MMC və Ugur Yeniceridən müştərək qaydada DC00477952-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 13660,23 manat əsas borc məbləği, 1361,09 manat faiz borcu, 392,43 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 136,29 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 145 manat məbləğində pul vəsaiti cavabdеhlər Cavabdeh2 MMC və Ugur Yeniceridən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar