Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-614/2023 15.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 32.850,83 manat qalıq borcun, müqavilə üzrə hesablanmış 3285,08 manat dəbbə pulunun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün çəkilmiş 200 manat xərcin,cəmi 36.335,91 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (əvvəlki adı “X4” MMC) ilə Cavabdeh MMC arasında QSZ B 043/0919 saylı, 26 sentyabr 2019-cu il tarixli beton alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə, satıcı satır, alıcı isə Müqaviləyə və Müqavilənin ayrılmaz tərkib hissəsi olan və Müqaviləyə edilən əlavə və spesifikasiya(lar)da göstərilən tərkibdə, texniki göstəricilərə uyğun olan vəziyyətdə betonu satıcıdan alır və malın müqabilində satıcıya Müqavilə ilə nəzərdə tutulmuş qiyməti ödəyir. Müqavilənin 2.1-ci bəndinə görə, Müqavilə üzrə malın qiyməti və ödəniş qaydaları Müqavilənin ayrılmaz tərkib hissəsi olan və Müqaviləyə edilən əlavə və spesifikasiya(lar)da müəyyən edilir. Müqaviləyə edilmiş 1 saylı əlavənin 2.3-cü bəndinə görə, Müqavilə üzrə ödənişlər satıcı və alıcı tərəfindən razılaşdırılmış şəkildə avans olaraq əvvəlcədən və ya aylıq şəkildə ödənilir. Bir ay ərzində təhvil verilmiş malların dəyəri növbəti ayın ilk həftəsi ərzində həmin malların alıcıya verilməsinə dair təhvil təslim aktlarına, qaimə-fakturalara və hesab-fakturalara əsasən bank köçürmə yolu ilə nağdsız qaydada ödənəcəkdir. İddiaçı Müqavilə üzrə öhdəliyini yerinə yetirərək, öz istehsalı müxtəlif növdə beton məhsulunu cavabdehə təhvil vermişdir. Lakin Cavabdeh tərəfindən Müqavilənin şərtləri pozulmuşdur. Belə ki, cavabdeh İddiaçıdan aldığı məhsulun dəyərini bu günə kimi tam şəkildə ödəməli olduğu halda, cavabdehə ümumilikdə 32.850,83 manat (ƏDV daxil) ödənilməyən borcu qalmışdır. Tərəflər arasında imzalanmış 20 iyun 2022-ci il tarixli üzləşmə aktı ilə borc məbləği öz təsdiqini tapmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında 26 sentyabr 2019-cu il tarixdə, QSZ B 043/0919 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Satıcı (“X4” MMC) satır, alıcı (Cavabdeh MMC) isə bu müqaviləyə və ya bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən Əlavə və “Spesifikasiya(lar)da göstərilən tərkibdə, texniki göstəricilərə uyğun olan vəziyyətdə betonu satıcıdan alır və malın müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti ödəyir. 26 sentyabr 2019-cu il tarixli, QSZ B 043/0919 nömrəli Müqavilənin xx.xx.2019-cu il tarixli 1 nömrəli Əlavəsi və xx.xx.12019-cu il tarixli 2 nömrəli Əlavəsi ilə tərəflər satın alınacaq malın adı (növü-beton məhsulunun markası), qiyməti barədə razılığa gəlmişlər. Müqavilə və əlavələr hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli çıxarışına əsasən “X4” MMC-nin adı İddiaçı MMC olaraq dəyişdirilmişdir. İddiaçı tərəf cəmi dəyəri ƏDV daxil 68.190,60 manat təşkil edən malların tam olaraq cavabdehə verildiyini, cavabdeh tərəfin isə həmin malların dəyərinin bir hissəsini ödəyərək 32.850,83 manat borcunun qaldığını bildirir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə tələbin hüquqi əsası kimi aşağıdakı normalar nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsinin konsensual xarakterli olması nəzərə alınmaqla ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli üzləşmə aktından görünür ki, alıcının satıcıya xx.xx.2022-ci il tarixinə 27.905,18 manat əsas, 4.945,65 manat ƏDV, toplam 32.850,83 manat ƏDV daxil borcu vardır. Sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Göründüyü kimi Cavabdeh MMC xx.xx.2022-ci il tarixli üzləşmə aktını imza etməklə həm ona malların verildiyini, həm də verilmiş mallara görə ödənilməmiş pulun qaldığını qəbul etmiş, həmçinin də həmin tarixdən sonra hər hansı bir ödənişin edilməsinə dair sənədi məhkəməyə təqdim etməmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia 32.850,83 manat əsas borcun tələb edilməsi hissəsində əsaslıdır. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır. İlk növbədə qeyd edilməlidir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndində öz əksini tapmışdır. Belə ki, həmin bəndə əsasən alıcı bu müqavilə ilə müəyyən edilmiş ödənişləri satıcıya vaxtında ödəməkdikdə və ya əsassız olaraq Malın təhvil alınmasının gecikdirdikdə hər gecikən gün üçün Satıcıya ödənilməyən məbləğin 0.5% həcmində dəbbə pulu (cərimə) ödəməlidir. Lakin bu dəbbə pulu ödənilməyən məbləğin 5%-dən çox olmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin 32.850,83 manat məbləğində əsas borcuna münasibətdə 1500 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 200 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MŞB/13-00173 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı tərəfindən mediasiya xərci olaraq 200 manat məbləğində pul ödəmişdir. Belə olan halda, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli QSZ B 043/0919 saylı müqaviləyə əsasən 32.850 (otuz iki min səkkiz yüz əlli) manat 83 (səksən üç) qəpik əsas, 1500 (bir min beş yüz) manat cərimə borcu olmaqla, cəmi 34.350 (otuz dörd min üç yüz əlli) manat, 83 (səksən üç) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-614/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-614/2023
15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver