Məhkəmə qərarları › İş №e-2-2(113)-6146/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6146/2022

12.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6146/2022 12.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı xx.xx.2021-ci il tarixli, 009R********** saylı kredit razılaşmasının və ona əlavə edilmiş sazişinin ləğv edilməsi, kredit borcunun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı QSC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 009R********** saylı krеdit razılaşmasının ləğv edilməsi, cavabdеhlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 009R********** saylı krеdit razılaşması üzrə 26773.56 manat məbləğində krеdit bоrcu, 1835.09 manat məbləğində faiz bоrcu və 1440.42 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 30049 manat 7 qəpik məbləğində bоrcun və ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 009L**********63 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 100000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 009R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 3226,44 manat ödəmiş, onun 26.773,56 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 105 gün üçün hesablanmış faiz borcu 1835,09 manat təşkil etmişdir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 105 gün üçün hеsablanmış cərimə 1440,42 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh1, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahatında qeyd etmişdir ki, krediti götürdükdən sonra uzun müddət borclarını vaxtlı-vaxtında ödəyirdilər. Kənd təsərrüfatı ilə məşğul olur. Pandemiya şəraiti və Ukrayna Respublikasında müharibə başladıqdan sonra fəaliyyət göstərə bilməyib və bununla əlaqədar ödəniş edə bilməyib. İş üzrə digər cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: "xxxx" QSC-nin “Azadlıq” filialı (kredit verən) ilə Cavabdeh2 (kredit alan) arasında bağlanmış 16 mart 2021-ci il tarixli, 009L**********63 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün 100 000 AZN məbləğində uzunmüddətli kredit xəttini açır. Uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Kreditlər tərəflər arasında “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanılacaq ayrıca razılaşmalar əsasında veriləcəkdir. Həmin müqavilənin: 1.3-cü bəndinə əsasən bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay 16 mart 2031-ci il tarixdən gec olmayaraq verilməlidir. Bu müqavilə və kredit razılaşmaları əsasında verilmiş kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28 faiz müəyyən olunur. 1.4-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir. 1.6-cı bəndinə əsasən kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq kredit razılaşmasında müəyyən olunmuş qaydada və şərtlərlə, olduğu halda ödəniş planına uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan bu müqavilə əsasında verilmiş hər hansı bir kredit borcunu, faizi və digər ödənişləri qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kredit verən bu müqaviləyə vaxtından əvvəl xitam vеrmək və hər bir qaytarmalı kredit üçün kredit borcunu, faizi, xərcləri və başqa məsrəfləri kredit alandan qaytarmağı tələb еtmək hüququna malikdir. 4.4-cü bəndinə əsasən tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək bu müqavilə qüvvədədir. Müqavilə bankın imzası və möhürü və kredit alanın imzası ilə təsdiq edilmişdir. "xxxx" QSC-nin “Azadlıq” filialı (bank) ilə Cavabdeh1 və Cavabdeh3 (zaminlər) arasında müvafiq olaraq 16 mart 2021-ci il tarixli, 009S**********02, 009S**********01 saylı zaminlik müqavilələri bağlanmışdır. Müqavilələrin giriş hissəsinə əsasən həmin müqavilələr "xxxx" QSC ilə borclu Cavabdeh2 arasında bağlanmış 16 mart 2021-ci il tarixli uzunmüddətli kredit müqaviləsi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit razılaşması üzrə borclunun öhdəliklərini təmin etmək üçün bağlanmış, müddətli kredit müqaviləsinin məbləğinin 100.000 manat, müddətinin 120 ay, faiz dərəcəsinin yuxarı həddinin 28 %, ödənişlərin dövriliyinin hər təqvim aynda bir dəfə olması müəyyən edilmişdir. Həmin müqavilələrin: 1.1-ci bəndinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. 3.1.1-ci bəndinə əsasən uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı borclunun bütün öhdəliklərini zaminlər icra etməlidir. 3.1.2-ci bəndinə əsasən uzunmüddətli kredit müqaviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənilməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, verilmiş müvafiq kredit məbləğinin qalığının 0,1% məbləğində hər gecikdirilən gün üçün tətbiq olunan cəriməni zaminlər ödəyir. 3.1.3-cü bəndinə əsasən borclunun kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində banka dəymiş ziyanı, kreditin və faizlərin qaytarılması üzrə bankın çəkdiyi məhkəmə xərclərini ödəmək zaminlərin öhdəliyidir. 4.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı tarixdən qüvvəyə minir və kredit xətti müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədədir. Müqavilələr bankın imzası və möhürü, zaminlərin isə imzası ilə təsdiq edilmişdir. "xxxx" QSC-nin “Azadlıq” filialı (kredit verən) ilə Cavabdeh2 (kredit alan) arasında bağlanmış 16 mart 2021-ci il tarixli, 009L**********63 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 009R********** saylı, xx.xx.2021-ci il tarixli kredit razılaşmasına əsasən bank məbləği 30 000 manat olan krediti aylıq faiz dərəcəsi 1.5833 % olmaqla 36 ay müddətinə kredit alana vermişdir. 1.2-ci bəndinə əsasən kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürmüşdür. 1.3-cü bəndinə əsasən kredit alana kredit aşağıda göstərilmiş məqsəd üçün verilir və kredit alan kreditdən yalnız bu məqsəd üçün istifadə etməlidir: Fərdi mikro kredit. 2.1-ci bəndinə əsasən bank krediti kredit alanın AZ47ACAB******************** cari hesabına köçürür. Kreditin kredit alanın hesabına köçürüldüyü tarix kreditin verildiyi tarix hesab olunur. 2.2-ci bəndinə əsasən bank 0 manat məbləğində kreditin verilməsi üçün komisyon haqqı hesablayır. Kredit verilməsi üçün bu haqq ödənildikdən sonra kredit verilir. 2.3-cü bəndinə əsasən faiz, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. 2.4-cü bəndinə əsasən faktiki illik faiz dərəcəsi FİFD 19.29 % təşkil edir. 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyə borcludur. Müqavilədə giriş hissəsində kredit alan Cavabdeh2 məlumatları kimi şəxsiyyət vəsiqəsinin nömrəsi ilə yanaşı VÖEN-i də göstərilmişdir. Müqavilə bankın imzası və möhürü və kredit alanın imzası ilə təsdiq edilmişdir. 009L**********63 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 009R********** saylı kredit razılaşmasının ödəniş planına əsasən Cavabdeh2 tərəfindən kredit razılaşması üzrə ödənəcək əsas məbləğ 30.000 manat, faizin məbləği 9747,83 manat, cəmi ödəniləcək məbləğ 39747,83 manat müəyyən edilmişdir. Ödəniş planı bankın imzası və möhürü və kredit alanın imzası ilə təsdiq edilmişdir. "xxxx" QSC tərəfindən verilmiş ödəniş sənədindən ilə müəyyən edilir ki, 30.000 manat kredit Cavabdeh2 AZ47ACAB******************** nömrəli hesabına köçürülmüşdür. Ödəniş sənədi bankın imzası və möhürü və kredit alanın imzası ilə təsdiq edilmişdir. "xxxx" QSC tərəfindən verilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, kredit razılaşması üzrə Cavabdeh2 sonuncu dəfə xx.xx.2022-ci ildə olmaqla müxtəlif vaxtlarda ödənişlər etmişdir. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 "xxxx" QSC-yə xx.xx.2022-ci il tarixə əsas borcu 26773.56 manat, faiz borcu 1835.09 manat, (gecikdirilən günlərin sayı 105 gün) cərimə borcu 1440.42 manat olmaqla, cəmi borc 30049.07 manat təşkil edir. "xxxx" QSC tərəfindən Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubları ünvanlanaraq yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə razılaşmaya xitam veriləcəyi və borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh2 arasında 16 mart 2021-ci il tarixli, 009L**********63 saylı uzunmüddətli kredit müqaviləsi, həmin uzunmüddətli kredit müqaviləsi üzrə 009R********** saylı, xx.xx.2021-ci il tarixli kredit razılaşmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı "xxxx" QSC Cavabdeh2 uzunmüddətli kredit müqaviləsi üzrə razılaşmada müəyyən edilmiş şərtlərlə 30.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə və razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh2 kredit razılaşması üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh2 iddiaçıya xx.xx.2022-ci il tarixinə kredit razılaşması üzrə 26773.56 manat məbləğində əsas və 1835,09 manat məbləğində faiz borcu yaranmışdır. İddianın xx.xx.2021-ci il tarixli 009R********** saylı krеdit razılaşmasının ləğv edilməsi və krеdit razılaşması üzrə əsas və faiz borcunun tutulması hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. İşin yuxarıda göstərilən hallarından isə görünür ki, Cavabdeh2 16 mart 2021-ci il tarixli, 009L**********63 saylı uzunmüddətli kredit müqaviləsi, həmin uzunmüddətli kredit müqaviləsi üzrə 009R********** saylı, xx.xx.2021-ci il tarixli razılaşma üzrə əsas və faiz borcunu ödəniş qrafikinə uyğun ödəməməklə iddiaçı "xxxx" QSC qarşısında üzərinə götürdüyü öhdəlikləri əhəmiyyətli dərəcədə pozmuş, belə olan halda isə iddiaçının kredit razılaşması üzrə əsas və faiz borcunun dərhal ödənilməsini tələb etmək hüququ yaranmışdır. Odur ki, iddiaçı "xxxx" QSC Cavabdeh2 xx.xx.2021-ci il tarixli 009R********** saylı krеdit razılaşmasının ləğv edilməsini, eləcə də 26773.56 manat məbləğində əsas və 1835,09 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Kredit razılaşması üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə Cavabdeh2 hesablanmış 1440.42 manat məbləğində dəbbə pulunun Cavabdeh2 tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh2 ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı iş materiallarından həmçinin görünür ki, "xxxx" QSC (kredit verən) ilə Cavabdeh2 (kredit alan) arasında bağlanmış 16 mart 2021-ci il tarixli, 009L**********63 saylı uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi "xxxx" QSC (kredit verən) ilə Cavabdeh1 və Cavabdeh3 (zaminlər) arasında müvafiq olaraq 16 mart 2021-ci il tarixli, 009S**********02, 009S**********01saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər Cavabdeh1 və Cavabdeh3 kredit alan Cavabdeh2 16 mart 2021-ci il tarixli, 009L**********63 saylı uzunmüddətli kredit müqaviləsi, eləcə də həmin uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış kredit razılaşmasından irəli gələn öhdəliklərinə zamin durmuşlar. Mülki Məcəllənin: 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə olan halda məhkəmə borc alan Cavabdeh2 16 mart 2021-ci il tarixli, 009L**********63 saylı uzunmüddətli kredit müqaviləsi üzrə kreditor "xxxx" QSC qarşısında götürdüyü öhdəlikləri lazımi qaydada icra etməyərək ona verilmiş krediti və ya onun faizini ödəniş qrafiki üzrə ödəmədiyini, belə olan halda kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit verən "xxxx" QSC-nin kredit məbləğinin, faizlərin və dəbbə pulunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququnun yarandığını, eləcə də zaminlər Cavabdeh1 və Cavabdeh3 həmin kredit müqaviləsi üzrə borc alanın bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, "xxxx" QSC kredit müqaviləsi üzrə borcun (kredit, faiz və dəbbə pulu borcu daxil olmaqla) müştərək (birgə) qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə də haqlıdır. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərcləri ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 180,15 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməli, məhkəmə xərclərinin qalan hissəsi iddiaçıya aid edilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 009R********** nömrəli kredit razılaşması ləğv edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 26.773,56 manat məbləğində əsas borc, 1835,09 manat məbləğində faiz borcu və 1440,42 manat məbləğində dəbbə pulu, cəmi 30.049 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar