Məhkəmə qərarları › İş №e-2-2(113)-6148/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6148/2022

12.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6148/2022 12.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı “AZMİCON" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı “AZMİCON" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı cavabdehdən 304.382,43 manat əsas icarə haqqı borcu, 54.788,84 manat ƏDV borcu olmaqla ƏDV daxil ümumi borcu təşkil edən 359.171,27 manat borc, 67,187.29 manat cərimə, ümumilikdə 426.359.00 manat borcun, iddiaçı tərəfindən iddia qiymətinə uyğun olaraq ödənilmiş 417 manat məbləğində dövlət rüsumunun, müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə 41.70 manat, 400 manat mediasiya xərclərini iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 304.382,43 manat əsas icarə haqqı borcu, 54.788,84 manat ƏDV borcu olmaqla ƏDV daxil ümumi borcu təşkil edən 359.171,27 manat borc, 67,187.29 manat cərimə, ümumilikdə 426.359.00 manat borcun, iddiaçı tərəfindən iddia qiymətinə uyğun olaraq ödənilmiş 417 manat məbləğində dövlət rüsumunun, müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə 41.70 manat, 400 manat mediasiya xərclərini iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022ci il tarixli AMC-22-01M saylı və xx.xx.2022-ci il tarixli AMC-22-02M saylı İcarə xidməti göstərilməsi haqqında İcarə Müqavilələri imzalanmışdır. Həmin müqavilələrə əsasən müqavilənin ayrılmaz hissəsini təşkil edən Əlavələrdə qeyd edilən texnikalar iddiaçı tərəfindən cavabdehə müqavilə şərtləri əsasında icarəyə verilmiş, cavabdeh tərəfindən isə texnikalar təhvil-təslim aktlarına əsasən icarəyə qəbul edilmişdir. Cavabdeh tərəfindən qeyd edilən icarə haqqından 169149,28 manat əsas icarə borcundan, 30446,87 manat ədv ödənişi, ümumilikdə 199.596,15 manat ödəniş edilmişdir. Qalıq borc məbləğini təşkil edən 304.382,43 manat əsas icarə haqqı borcu, 54.788,84 manat ədv borcu ümumilikdə 359.171,27 manat borc cavabdeh tərifindən bu günə kimi ödəniş edilməmişdir. Tərəflər arasında üzləşmə aparılmış, yuxarıda qeyd edilən borc məbləğinin təsdiqi barədə xx.xx.2022-ci il tarixdə Üzləşmə Aktı imzalanmışdır. İcarə müddətində tərəflər arasında aylar üzrə işlərin yerinə yetirilməsinə dair aktlar da tərtib edilərək imza möhürlə təsdiqlənmişdir. Cavabdehə dəfələrlə borcun ödənilməsi xahiş edilmiş və sonunda 18 iyul 2022-ci il tarixdə poçt vasitəsilə və xx.xx.2022-ci il tarixdə X1 məktubları göndərilmiş və Cavadeh tərəfindən qəbul edilmişdir. Lakin buna baxmayaraq borc yenə də ödənilməmişdir. Cavabdeh iddiaçıya olan 304.382,43 manat əsas icarə haqqı borcu, 54.788,84 manat ədv borcu ümumilikdə 359.171,27 manat borcunu bu günə kimi ödəməmişdir. Tərəflər arasında imzalanmış müqavilələrin 5.5-ci bəndlərinə əsasən İcarəçi icarə haqqını nəzərdə tutulmuş vaxt ərzində ödənilmədikdə hər gecikdirilən gün üçün aylıq icarə haqqından 0,5% cərimə ödəyir. Müqavilə üzrə hesablanmış cərimə məbləği 67,187.29 manat təşkil edir və bu məbləğ də cavabdehdən tutulmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əməl edərək cavabdehə xx.xx.2022-ci il tarixdə mediasiya presesinin tətbiqi barədə təklif göndərilmiş və təklif cavabdeh tərəfindən qəbul edilmişdir. Daha sonra prosessual qaydalara əməl edilərək xx.xx.2022-ci il tarixdə Mediasiya Şurasına müraciət edilmişdir. xx.xx.2021-ci il tarixdə təyin edilmiş mediator tərəfindən Mediasiyaya dəvət məktubu göndərilmiş, xx.xx.2022-ci il tarixə təyin edilmiş ilkin mediasiya sessiyasında iştirakı təmin edilmiş, lakin cavabdehin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Belə olan halda Mediator tərəfindən xx.xx.2022-ci il tarixli MŞB/3-01596 saylı Arayış təqdim edilmişdir. Bundan əlavə ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada 400 manat məbləğində mediasiya xərci ödənilmişdir. Belə olan halda ödənilmiş mediasiya xərci də cavabdehdən tutulmalıdır. Bundan əlavə xx.xx.2021-ci il tarixdən qüvvəyə minən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə əsasən məhkəmədə iddia ərizəsi qaldırmaq üçün həmin Qanunun 8.1.2, 8.4-cü bəndlərinə müvafiq olaraq, mediasiya xərcini dövlət rüsumundan çıxılmaqla (816.36- 400=417) 417 manat dövlət rüsumu, müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə 41,70 manat ödəyərək ziyana düşmüşdür. Belə olan halda ödənilmiş dövlət rüsumları da cavabdehdən tutulmalıdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli AMC-22-01M saylı və xx.xx.2022-ci il tarixli AMC-22-02M saylı İcarə Müqavilələrindən görünür ki, iddiaçı hazırkı müqavilənin şərtlərinə uyğun olaraq, müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavəsində göstərilən texnikanı icarəyə verməyi və həmin texnikanın idarə olunması üzrə xidmət göstərməyi, cavabdeh isə verilmiş icarə və xidmətlər müqabilində bu Müqavilədə müəyyən olunmuş müddət, qayda və həcmdə haqqı iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. 20 ədəd elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 558767,42 manat dəyərində icarə xidmətləri göstərilməsinə dair elektron qaimə təqdim edilmişdir. 15 ədəd təhvil-təslim aktlarından görünür ki, iddiaçı tərəfindən cavabdehə texnikalar təhvil verilmiş və həmin texnikalar cavabdeh tərəfindən təhvil alınmışdır. xx.xx.2022-ci il tarixli Üzləşmə aktından görünür ki, xx.xx.2022-ci il tarixli AMC-22- 01M saylı və xx.xx.2022-ci il tarixli AMC-22-02M saylı İcarə Müqavilələri üzrə icarə xidmətləri ilə bağlı cavabdehin iddiaçıya 473531,71 manat əsas və 85235,71 manat ƏDV olmaqla ümumilikdə 558767,42 manat məbləğində borcu yaranmış, cavabdeh tərəfindən həmin borcdan 169149,28 manat əsas və 30446,87 manat ƏDV olmaqla ümumilikdə 199596,15 manat ödəniş edilmiş, cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixə 359171,27 manat ƏDV daxil borcu qalmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli AMC-22-01M saylı və xx.xx.2022-ci il tarixli AMC-22-02M saylı İcarə Müqavilələri bağlanmış və icarə müqavilələrinə əsasən iddiaçı hazırkı müqavilənin şərtlərinə uyğun olaraq, müqavilənin ayrılmaz hissəsi ofan 1 saylı Əlavəsində göstərilən texnikanı icarəyə verməyi və həmin texnikanın idarə olunması üzrə xidmət göstərməyi, cavabdeh isə verilmiş icarə və xidmətlər müqabilində bu Müqavilədə müəyyən olunmuş müddət, qayda və həcmdə haqqı iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. İcarə Müqavilələri üzrə icarə xidmətləri ilə bağlı cavabdehin iddiaçıya 473531,71 manat əsas və 85235,71 manat ƏDV olmaqla ümumilikdə 558767,42 manat məbləğində borcu yaranmış, cavabdeh tərəfindən həmin borcdan 169149,28 manat əsas və 30446,87 manat ƏDV olmaqla ümumilikdə 199596,15 manat ödəniş edilmiş, cavabdehin iddiaçıya 359171,27 manat ƏDV daxil borcu qalmışdır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqavilələrinə görə iddiaçı öhdəliyi yerinə yetirərək, müqaviləyə 1 saylı Əlavələrdə göstərilən texnikaları cavabdehə icarəyə vermiş, cavabdeh isə müqavilə üzrə öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyindən, icarə müqavilələrində nəzərdə tutulan müddətdə icarə haqlarını tam ödəmədiyindən və bu hallar iş materialları ilə təsdiq olunduğundan iddia icarə haqqı borcunun tələb olunması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 5.5-ci bəndinə əsasən, İcarəçi icarə haqqını nəzərdə tutulmuş vaxt ərzində ödəmədikdə hər gecikdirilən gün üçün aylıq icarə haqqından 0,5% cərimə ödəyir. Lakin məhkəmə hesab edir ki, tələb olunan 67,187.29 manat dəbbə pulu məbləği yaranmış əsas borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 15000 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iş üzrə dövlət rüsumunun məbləği 716,36 manat təşkil edir. İddiaçı tərəfindən mediasiya xərcinə görə 400 manat ödənilməsini nəzərə aldıqda, dövlət rüsumunun ödənilməli hissəsi 316,36 manat təşkil edir, lakin iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən 417 manat, yəni 100,64 manat artıq ödənilmişdir ki, iddiaçı artıq ödənilən məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada geri ala bilər. İddianın təmin edilmiş hissəsi iddia tələbinin 87,76 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 316,36 manat məbləğində dövlət rüsumunun 228,68 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 87,68 manat məbləği isə iddiaçıya aid edilməlidir. Bundan başqa, iddiaçı iddia tələbində müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə ödənilmiş 41.70 manat dövlət rüsumunun ödənilməsini tələb etmişdir ki, bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizə məhkəmənin xx.xx.2022-ci il tarixli e-16(113)-84/2022 saylı qərardadı ilə təmin edilmədiyindən həmin ərizə üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutula bilməz. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 304.382,43 manat icarə haqqı borcu, 54.788,84 manat ƏDV borcu, 15000 manat cərimə, cəmi 374.171,27 manat borc, mediasiya xərcinə görə 400 manat və dövlət rüsumuna görə 228,68 manat tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 304.382,43 manat icarə haqqı borcu, 54.788,84 manat ƏDV borcu, 15000 manat cərimə, cəmi 374.171,27 manat borc, mediasiya xərcinə görə 400 manat və dövlət rüsumuna görə 228,68 manat tutularaq “AZMİCON" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar