Məhkəmə qərarları › İş №e-2-2(113)-6152/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6152/2022

16.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6152/2022 16.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Мəhkəməsi, Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Əhmədov Anar Məhərrəm oğluna və X3 qarşı cəmi borcu 5582.76 ABŞ dollarının, bundan 1008.52 ABŞ dolları əsas, 539.91 ABŞ dolları faizin, 3889.43 ABŞ dolları cərimənin, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 144.90 ABŞ dolları faiz borcunun, iş üzrə ödənilmiş 14.91 manat dövlət rüsumunun və iş üzrə mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 100 manat məbləğində mediasiyaya dair xərcin cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə kiçik iddiaya dair kommersiya işinə sadələşdirilmiş qaydada baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cəmi borcu 5582.76 ABŞ dollarının, bundan 1008.52 ABŞ dolları əsas, 539.91 ABŞ dolları faizin, 3889.43 ABŞ dolları cərimənin, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 144.90 ABŞ dolları faiz borcunun, iş üzrə ödənilmiş 14.91 manat dövlət rüsumunun və iş üzrə mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 100 manat məbləğində mediasiyaya dair xərcin cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə ərizəylə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bayıl filialı ilə cavabdeh Əhmədov Anar Məhərrəm oğlu arasında bağlanmış 632-14 USD nömrəli xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi üzrə cavabdehə 12 (on iki) ay müddətinə illik 32 faiz dərəcəsi ilə 6350 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh Əhmədov Anar Məhərrəm oğluna kredit verilərkən X5 ilə Bank arasında ZM-632-14 USD nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-cü il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 6918.9 USD təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2019-cu il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödəməli idi. İddiaçının cavabdehlərə qarşı “xx.xx.2014-cü il tarixli 970796 saylı kredit müqaviləsi üzrə yaranmış 3355.74 USD məbləğin tələbi” mübahisəsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə mediasiya sessiyası keçirilmiş, lakin cavabdehlər mediasiya sessiyasında iştirak etmədiklərindən “Mediasiya sessiyasında iştirak edilməməsi” barədə 03109 nömrəli xx.xx.2022-ci il tarixli Arayış tərtib edilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********481 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdeh sonuncu dəfə xx.xx.2017-ci il tarixdə 300 manat məbləğində ödəniş etmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Əhmədov Anar Məhərrəm oğlunun kredit üzrə cəmi borcu 5582.76 ABŞ dolları təşkil edir. Bundan 1008.52 ABŞ dolları əsas, 539.91 ABŞ dolları faiz, 3889.43 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 144.90 ABŞ dolları faiz borcu təşkil edir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bayıl filialı ilə cavabdeh Əhmədov Anar Məhərrəm oğlu arasında bağlanmış 632-14 USD nömrəli xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsindən görünür ki, cavabdeh Əhmədov Anar Məhərrəm oğluna 12 (on iki) ay müddətinə illik 32 faiz dərəcəsi ilə 6350 ABŞ dolları məbləğində kredit verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bayıl filialı ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ZM-632-14 USD nömrəli Zaminlik müqaviləsindən görünür ki, cavabdeh X5 xx.xx.2014-cü il tarixli 632-14 USD nömrəli Kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş Əhmədov Anar Məhərrəm oğlu tərəfindən iddiaçı qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2022-ci il tarixli **********017 saylı arayışdan görünür ki, cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixinə yaranmış borcu 1008.52 ABŞ dolları əsas, 539.91 ABŞ dolları faiz, 3889.43 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün 144.90 ABŞ dolları faiz təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bayıl filialı ilə cavabdeh Əhmədov Anar Məhərrəm oğlu arasında 632-14 USD nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdeh Əhmədov Anar Məhərrəm oğluna 12 (on iki) ay müddətinə illik 32 faiz dərəcəsi ilə 6350 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bayıl filialı ilə cavabdeh X5 arasında xx.xx.2014-cü il tarixli ZM-632-14 USD nömrəli Zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdeh X5 xx.xx.2014-cü il tarixli 632-14 USD nömrəli Kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş Əhmədov Anar Məhərrəm oğlu tərəfindən iddiaçı qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh Əhmədov Anar Məhərrəm oğlunun iddiaçıya xx.xx.2022-ci il tarixinə yaranmış borcu 1008.52 ABŞ dolları əsas, 539.91 ABŞ dolları faiz, 3889.43 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün 144.90 ABŞ dolları faiz təşkil edir. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də borc (kredit) müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İddiaçı cavabdeh Əhmədov Anar Məhərrəm oğluna borc pul verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borc müqaviləsinə istinad edir. Cavabdeh Əhmədov Anar Məhərrəm oğlu isə bunun əksini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən kredit müqaviləsi ilə cavabdeh Əhmədov Anar Məhərrəm oğluna verilmiş əsas kredit məbləğinin ödənilməmiş 1008.52 ABŞ dolları əsas borc iş materialları təsdiq olunduğundan iddia həmin hissədə təmin edilməlidir. İş materiallarında olan 632-14 USD nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdeh Əhmədov Anar Məhərrəm oğlu kredit məbləğinə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüş, eyni zamanda cavabdeh X1 müqaviləsi ilə Əhmədov Anar Məhərrəm oğlunun bank qarşısında onun bütün öhdəliklərini icra etməyi öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, xx.xx.2014-cü il tarixli 632-14 USD nömrəli krеdit müqaviləsi üzrə əsas kredit məbləğinə hesablanmış 539.91 ABŞ dolları faiz borcu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış krеdit müqaviləsindən irəli gəlir. Belə ki, krеdit müqaviləsinə əsasən cavabdeh cərimə ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə hesab edir ki, tələb olunan dəbbə pulu məbləği yaranmış borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 50 ABŞ dolları həddində müəyyən edilməklə cavabdehlərdən tutulması ədalətlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdeh Əhmədov Anar Məhərrəm oğlundan gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan hesablanmış 144.90 ABŞ dolları faiz borcu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İş üzrə dövlət rüsumunun məbləğinin 114,91 manat olmasını və iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 31,22 faizini təşkil etdiyini nəzərə aldıqda, dövlət rüsumu məbləğinin iddianın təmin edilmiş hissəsinə uyğun olaraq iddiaçıya aid edilməli məbləğ 79,04 manat təşkil edir. İddiaçı tərəfindən 100 manat mediasiya xərcindən əlavə 14,91 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə də ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, 100 manat məbləğində mediasiya xərcindən 35,87 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 64,13 manat məbləği iddiaçıya aid edilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, 1008.52 ABŞ dolları əsas, 539.91 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 144.90 ABŞ dolları faiz borcu, cəmi 1743,33 ABŞ dolları ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə, mediasiya xərcinə görə 35,87 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1008.52 ABŞ dolları əsas, 539.91 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 144.90 ABŞ dolları faiz borcu, cəmi 1743,33 ABŞ dolları ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə, mediasiya xərcinə görə 35,87 manat Əhmədov Anar Məhərrəm oğlundan və X2 müştərək qaydada tutularaq Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar