Məhkəmə qərarları › İş №e-2-2(113)-6167/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6167/2025

27.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6167/2025 27.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit, zaminlik müqaviləsi, dövlət rüsumu) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh3 və FABİO MMC-dən 29 May 2024-cü il tarixli, RBSB-6886_RES saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 23.802,51 manat, faiz borcuna görə 1.466,83 manat, cəmi 25.269,34 manat məbləğində pulun və 166 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Səbail filialı ilə Cavabdeh2 MMC arasında bağlanmış 29 May 2024-cü iltarixli, RBSB-6886_RES saylı kredit müqaviləsinə əsasən illik 17 % (on yeddi) faiz dərəcəsi olmaqla 12 (on iki) ay müddətinə 94065 (doxsan dörd min altmış beş) manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 29 May 2024-cü il tarixdə İddiaçı ASC-nin Səbail filialı ilə digər cavabdeh(lər) Cavabdeh1, Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 29 May 2024-cü il tarixli, RBSB-6886_RES saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 29 May 2024-cü il tarixli, RBSB-6886_RES saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan “FABİO2 MMC kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır.

II. Tərəflərin mövqeləri:

3. İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək, işə iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişdir və belə olan halda, o məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.5-ci maddəsinə əsasən müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743.1.-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında 29 may 2024-cü il tarixdə RBSB-6886_RES saylı kredit verilməsinə dair müqailə bağlanmışdır. Kredit müqaviləsinə əsasən illik 17 faiz dərəcəsi olmaqla 12 ay müddətinə 94.065 manat məbləğində pul Cavabdeh2 MMC-yə verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmini olaraq İddiaçı ASC ilə xx.xx.2024-cü il tarixdə Cavabdeh3 ilə, xx.xx.2024-cü il tarixdə Cavabdeh1 arasında zaminlik müqavilələri bağlanmışdır.

10. Kredit və zaminlik müqavilələri tərəflərin imzaları və bankın möhürü ilə təsdiq olunmuşdur.

11. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

12. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

14. X1 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

15. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

16. İş materiallarından da göründüyü kimi, bankla Cavabdeh2 MMC arasında müqavilə bağlanmış, Bank tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş məbləğində pul sonuncuya verilmişdir. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır.

17. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, 29 may 2024-cü il tarixdə RBSB-6886_RES saylı müqaviləyə əsasən xx.xx.2025-ci il tarixə 23.802,51 manat əsas borcu, 1.466,83 manat faiz borcu vardır.

18. Göründüyü kimi, cavabdehlərin kredit müqaviləsi üzrə ödənilməmiş borcu vardır.

19. Cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclasa gəlməmiş, iddiaya etiraz bildirməmiş və qeyd edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişlər.

20. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsas və faiz borcunun tələb edilməsi hissəsində əsaslıdır, 29 may 2024-cü il tarixdə RBSB-6886_RES saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 23.802,51 manat, faiz borcu üzrə 1.466,83 manat məbləğində pul cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

21. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 166 manat məbləğində dövlət rüsumu da, cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

22. Beləliklə, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

23. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli RBSB-6886_RES saylı müqaviləyə əsasən əsas borc üzrə 23.802 (iyirmi üç min səkkiz yüz iki) manat 51 (əlli bir) qəpik, faiz borcu üzrə 1.466 (bir min dörd yüz altmış altı) manat 83 (səksən üç) qəpik, cəmi 25.269 (iyirmi beş min iki yüz altmış doqquz) manat, 34 (otuz dörd) qəpik məbləğində pul müştərək qaydada Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 166 (bir yüz altmış altı) manat məbləğində pul müştərək qaydada Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar