Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6169/2025 21.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: müqavilə) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu, Qurban Xəlilov 8 ünvanında yerləşən 22 mənzilin sahə mülkiyyətçiləri ilə bilavasitə məişət abonent müqaviləsinin bağlanması və onların adına sayğacların qeydiyyata alınması vəzifəsinin "xxxx" ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı (Keppel Corp. Sinqapur Respublikası) 100% xarici investisiya müəssisəsi olaraq 1996-cı ildən Azərbaycan Respublikasında fəaliyyət göstərir. Müəssisə yarandığı ilk gündən istehlak etdiyi elektrik enerjisi üzrə ödəmələrin həyata keçirilməsini vaxtında və layiqincə yerinə yetirmişdir. Nəzərə çatdırılır ki, İddiaçınə məxsus, Bakı şəhəri Yasamal rayonu, Qurban Xəlilov 8 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binaları (abonent 04/1-910) 58 mənzildən, 4 qeyri yaşayış, texniki və ümumi sahələrdən ibarətdir. Sözügedən binalardakı mənzillərdən 22 mənzil müxtəlif dövrlərlə ayrı-ayrı fiziki şəxslərə satılmış və həmin fiziki şəxslərə satılmış mənzillər üzərində onların mülkiyyət hüquqları dövlət reyestr qeydiyyatında qeydə alınmışdır. Yuxarıda qeyd edilən ünvanda yerləşən hündürmərtəbəli və çox mənzilli binalar 1997- 1998-ci illərdə həmin dövrdə qüvvədə olmuş tikinti normativlərinə və Qaydalarına tam əməl edilməklə (Texniki şərtlər, icazələr, ödənişlər və s.) layihələndirilməklə inşa edilmişdir. Sözügedən binalarda olan bütün mənzillər və qeyri-yaşayış sahələrdə təsdiq edilmiş layihəyə uyğun olaraq elektrik təchizatı və sayğaclarla təmin olunmuşdur. Binalar 1999-cu ilin may ayında həmin dövrdə qüvvədə olmuş normativ hüquqi aktların tələblərinə uyğun olaraq Dövlət Qəbul Komissiyası tərəfindən istismara qəbul edilmiş və bu hal müvafiq AKTla rəsmiləşdirilmişdir. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının müvafiq sərəncamı ilə yuxarıda sözügedən binaların istismarına icazə verilmişdir. Nəzərə çatdırırıq ki, ilk dövrlərdə binalarda olan 58 mənzilin mülkiyyət hüquqları tam olaraq İddiaçınə məxsus olsa da, sonradan bu mənzillərin 22-i müvafiq alqı-satqı müqavilələri əsasında ayrı-ayrı fiziki (fərdi) şəxslərə satılmış və həmin şəxslərin bu mənzillər üzərindəki mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində onların adlarına qeydiyyata alınmışdır. Lakin hal hazırda da yuxarıda sözügedən 22 mənzilin ayrı-ayrı fiziki şəxslərə satılmasına baxmayaraq həmin mənzillərin də elektrik enerjisinin sərfiyyatı İddiaçı adına qeydə alınmış baş sayğacın göstəricilərinə əsasən ödənilir. Belə ki, bu mənzillərin də istifadə etdiyi elektrik enerjisinin sərfiyyatının haqqı Müəssisəmiz tərəfindən baş sayğac gostəriciləri əsasında ödənilir və sonradan fərdi mənzil sahibləri sərf etdikləri enerjinin xərcini mənzillər üçün layihə əsasında quraşdırılmış sayğac göstəriciləri əsasında İddiaçınə ödəyirlər. Qeyd etməyi zəruri hesab edirik ki, İddiaçı mülkiyyətində qalan digər mənzillərin də yaxın gələcəkdə ayrı-ayrı fiziki şəxslərə satılması planlaşdırılır. Nəzərə çatdırmağı zəruri hesab edirik ki, tərəfimizdən 1 saylı ASAN Kommunal vasitəsi ilə tələb olunan sənədlərlə birlikdə Cavabdeh ASC-yə 29 Aprel 2025-ci il tarixli Ref No : 25/FBL/ AZƏRİŞİQ ASC/ 04-49 saylı məktubla müraciət edilərək ayrı-ayrı fiziki şəxslərə satılmaqla hazırda onların mülkiyyətində olan mənzillərə quraşdırılmış sayğacların sınaqdan keçirilməsi və qeydə alınması haqqında göstəriş verilməsi xahiş olunmuş, sözügedən müraciətimiz xx.xx.2025-ci il tarixdə CBMQ**********4977 nömrə ilə qeydə alınmışdır. Lakin xx.xx.2025-ci il tarixdə qeydə alınmış müraciətimizə cavabdeh tərəfindən “Sənədlər Əskikdir” statusuna keçirilməsi haqqında mesaj göndərilmişdir. 1 saylı ASAN Kommunaldan hansı sənədin əskik olması haqqında məlumat verilməsi barədə müraciətimizə bu müraciətin ümumiyyətlə elektron informasiya portalında görünməməsi cavabı verilmişdir. Sonradan vəkalətli nümayəndəmiz 1 saylı ASAN Kommunalda olmuş və ona X1 Agentliyindən istismara buraxılış Aktının olmamasını bildirmişlər. Nümayəndə sözügedən Agentliyin cox sonradan yaradıldığını və həmin Aktın əvəzinəDövlət Komissiyasının Aktı və BŞİH Başçısının İstismara qəbul sərəncamının surətlərinin təqdim edildiyini bildirsə də arqumentlər qəbul olunmamışdır. Məsələ ilə əlaqədar olaraq tərəfimizdən Ref No: 25/FBL/AR-EN/ 05-67 saylı 29 may 2025-ci il tarixli məktubla AR Energetika Naziliyinin tabeliyində olan X1 Agentliyinə müraciət olunmuşdur. 02 iyun 2025-ci il tarixdə Cavabdeh ASC dən aldığımız 13-13/2/01-4-8448/2025 saylı məktubda mümkün olmayan (X1 Agentliyindən istismara buraxılış Aktı) sənədlər tələb edilərək bildirildi ki, yalnız bundan sonra müraciətimizə baxmaq mümkün olacaqdır. Sonradan X1 Agentliyinin təyin olunmuş nümayəndəsi həmin Agentliyə etdiyimiz müraciəti araşdırmış və Agentliyin çox sonradan yaradıldığını bildirərək həmin sənədin yerinə X3 kifayət etdiyini şifahi olaraq bildirmişdir. Tərəfimizdən həmin sənədin surəti aidiyyatı üzrə təqdim edilsə də Agentlik tərəfindən müraciətimiz cavablandırılmamışdır. İlk müraciətimizdən təqribən 3 ay keçməsinə baxmayaraq müraciətlərimiz müxtəlif səbəblər üzündən hazırkı tarixədək baxılmamış qalmaqdadır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. - 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. - “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.1-ci bəndinə əsasən abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçıdır. - Həmin qaydaların 1.3-cü bəndinə əsasən Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Elektrik enerjisinin alqısatqı müqavilələri bu Qaydalara əlavə edilmiş birtipli müqavilələrə uyğun bağlanmalıdır.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır.
8. Məhkəmə hesab edir ki, ilk növbədə iddiaçının hazırkı iddianı məhkəməyə təqdim etməyə dair subyektiv hüququnun olub-olmaması araşdırılmalıdır. Belə ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
9. Məhkəmə qeyd edir ki, hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır.
10. Konstitusiya Məhkəməsinin Plenumunun S.Ələkbərovanın şikayəti üzrə 03 iyul 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
11. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Feels Baku Limited” Müəssisəsi tərəfindən ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası tikilmişdir. Qeyd edilmiş yaşayış binasında yerləşən mənzillər ayrı-ayrı şəxslərə satılmış və halhazırda da, həmin şəxslərin mülkiyyət hüququnun təsdiqinə dair çıxarışları mövcuddur.
12. Hazırda iddiaçı "xxxx" Müəssisəsi cavabdeh Azərişıq ASC-nin ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının mənzil mülkiyyətçiləri ilə müqavilələr bağlamasını və sayğacların qeydiyyata almasını tələb edir.
13. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilmiş, “Elektrik enerjisindən istifadə Qaydaları”ndan da, göründüyü kimi, elektrik enerjisinin verilməsi Enerjitəchizatı müəssisəsi ilə abonent arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında həyata keçirilir.
14. Yəni hər bir mülkiyyətçi (və yaxud abonent) özü Enerjitəchizatı müəssisəsinə müraciət etməli və onunla müqavilə bağlanmasını tələb etməlidir. Hazırda isə mülkiyyətçilər deyil, binanı tikmiş şirkətin subyektiv hüququnun olmamasına baxmayaraq onlarla müqavilə bağlanmasını tələb edir.
15. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia "xxxx" Müəssisəsinin iddia qaldırmağa subyektiv hüququ olmaması əsası ilə rədd edilməlidir.
16. Beləliklə, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
17. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov