Məhkəmə qərarları › İş №e-2-2(113)-617/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-617/2025

15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-617/2025 15.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “icarə haqqı və qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi və qeyri-yaşayış sahəsinin təhvil verilməsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının nümyəndəsi/vəkili Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə haqqı və qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən icarə haqqı kimi 80 000 manat, əldən çıxmış fayda kimi 50 000 manat, icarə haqqının vaxtında ödənilməməsi səbəbindən faiz kimi 10 000 manat və vəkil xərci kimi 15 000 manat, ümumilikdə 155 000 manat məbləğində pul vəsaitinin və 445 manat dövlət rüsumunun tutularaq Məmmədov.F.-ə ödənilməsi və Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: Nobel PR 15, 26-cı mərtəbə ünvanında yerləşən 299.7 kv.m olan 165 saylı qeyri-yaşayış binasının Cavabdeh MMCdən alınaraq Məmmədov.F.-ə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Məmmədov. F. ilə Cavabdeh MMC arasında Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel PR 15, 26-cı mərtəbə ünvanında yerləşən 299.7 kv.m olan 165 saylı qeyri-yaşayış binasının icarəyə verilməsinə dair 15 mart 2020-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinin tələblərinə görə icarəçi, yəni cavabdeh aylıq 5 000 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasındakı icarə münasibətləri davam edir və qeyd edilən qeyri-yaşayış sahəsindən halhazıradək cavabdeh istifadə edir. Lakin, artıq 22 aydan çox müddətdir ki, cavabdeh icarə haqqını qəsdən ödəməkdən boyun qaçırır. Qeyd edim ki, 27 mart 2024-cü il tarixdə cavabdeh icarə haqqı borcundan 30 000 manat (6 aylıq) hissəsini cavadehə ödəmişdir. Bundan sonra əvvəlki borclardan qalan 2 aylıq borcu da ödəmişdir. Nəzərə alsaq ki, icarə haqqı aylıq 5 000 manat təşkil edir, hazırda cavabdehin iddiaçıya ödənilməli olan 80 000 manat icarə haqqı borcu yaranmışdır. Bundan əlavə qeyd edilməlidir ki, cavabdeh ona icarəyə verilmiş qeyriyaşayış sahəsini iddiaçının xəbəri olmadan "xxxx" MMC-nin istifadəsinə və sahibliyinə vermişdir. Bu səbəbdən "xxxx" MMC-nin Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel PR 15, 26-cı mərtəbə ünvanında yerləşən 299.7 kv.m olan 165 saylı qeyri-yaşayış binasından çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin700.3cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Bundan əlavə qeyd etmək istəyirəm ki, cavabdehin icarə haqqını gecikdirməsi nəticəsində iddiaçıya əldən çıxmış faydaya görə də zərər dəymişdir. Belə ki, əgər cavabdeh icarə haqqını ödəməyərək müqavilənin xitamını tələb etsə idi və qeyri-yaşayış sahəsini iddiaçının istifadəsi və sahibliyinə qaytarsaidi, iddiaçı həmin dövrdən qeyri-yaşayış sahəsini digər şəxslərə icarəyə verə bilərdi. Qeyd edilənlərə əsasən hesab edirik ki, əldən çıxmış faydaya görə cavabdehdən iddiaçının xeyrinə 50 000 manat pul tutulmalıdır. Mülki Məcəllənin 21.2.-ci maddəsinə görəzərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bundan əlavə bildirirəm ki, icarə haqqının vaxtında ödənilmədiyi üçün Mülki Məcəllə ilə tənzimlənən faiz hesablanmalıdır. Cavabdehin 2 il ərzində icarə haqqı borcunu ödəməməsini nəzərə alaraq gecikdirilmə üçün faiz borcu 10 000 manat təşkil edir. Mülki Məcəllənin 439.3.-cü maddəsinə görəqanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Bundan əlavə vəkil xərci üçün ödənilmiş 15 000 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə hesab edirik ki, 145 000 manat məbləğində pul vəsaitinin və cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməlidir.

3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh öhdəlikləri icra etməkdən hələ də boyun qaçırır və buna görə də aylıq ödənilməli olan icarə haqqı borcu artıb və bu səbəbdən iddia tələbinin həcminin artırılması zərurəti yaranmışdır. Belə ki, cavabdeh icarə haqqı kimi hər ay 5 000 azn məbləğində pul ödəniməsini nəzərə alsaq hazırda iddia tələbini əlavə 15 000 manat həcmində artırırıq. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Məhkəmədən xahiş edir: Cavabdeh MMC-dən icarə haqqı kimi 95.000 manat, əldən çıxmış fayda kimi 50.000 manat, icarə haqqının vaxtında ödənilməməsi səbəbindən faiz kimi 10.000 manat və vəkil xərci kimi 15.000 manat, ümumilikdə 170.000 manat məbləğində pul vəsaitinin və 445 manat dövlət rüsumunun tutularaq Məmmədov.F.-ə ödənilməsi və Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel PR 15, 26-cı mərtəbə ünvanında yerləşən 299.7 kv.m olan 165 saylı qeyri-yaşayış binasının Cavabdeh MMC-dən alınaraq Məmmədov.F.-ə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarındada iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddianın təmin edilməsini xahiş etdi.

5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.

6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən:

9. Müqavilənin 1.1-ci bəndinə əsasən Müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu 1212-ci məhəllə, Nobel prospekti, 15,26-cı mərtəbə ünvanda yerləşən, ümumi sahəsi 299.7 kv. m. Olan 165 saylı qeyri-yaşayış sahəsini (bundan sonra “İcarə obyekti” adlanacaq) icarəçinin istifadəsinə verir, İcarəçi isə bunun müqabilində bu müqavilə ilə müəyyən olunan qaydada icarə haqqı ödəməyi öz öhdəsinə götürür.

10. Müqavilənin 1.2-ci bəndinə əsasən İcarə obyekti bu Müqavilənin 4-cü maddəsinə uyğun olaraq hər iki Tərəfin imzaladığı və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan təhviltəslim aktı (bundan sonra "Təhvil-təslim aktı" adlandırılacaq) əsasında İcarəçiyə təhvil verilir.

11. Müqavilənin 1.3-cü bəndinə əsasən Tərəflər razılaşırlar ki, İcarəçi İcarə obyektindən Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə müvafiq olaraq və İcarə obyektinin təyinatına uyğun ofis fəaliyyəti həyata keçirmək məqsədilə istifadə edir.

12. Müqavilənin 2.1-ci bəndinə əsasən İcarəçi, bu Müqavilənin 2.5 və 2.6-cı maddələri nəzərə alınmaqla, İcarə obyektindən istifadəyə görə İcarəyəverənə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş vergilər çıxıldıqdan sonra net olaraq hər ay 5.000 (beş min) AZN məbləğində icarə haqqı ("İcarə haqqı") ödəyir.

13. Müqavilənin 2.2-ci bəndinə əsasən İcarə haqqı bu Müqavilə imzalandığı tarixdən etibarən hesablanır və aşağıda göstərilən qaydada ödənilir:

14. Müqavilənin 2.2.1-ci bəndinə əsasən ilk 3 (üç) aylıq icarə haqqı Müqavilə imzalandıqdan dərhal sonra, hər bir halda ən geci 3 (üç) gün ərzində, qabaqcadan ödənilir;

15. Müqavilənin 2.2.2-ci bəndinə əsasən Növbəti aylar üzrə icarə haqqı hər təqvim ayının ən geci sonuncu iş günü növbəti ay üçün qabaqcadan ödənilir.

16. Müqavilənin 2.3-cü bəndinə əsasən bu Müqavilə üzrə İcarə haqqına Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə nəzərdə tutulmuş vergilər daxil deyildir. İcarəçi bəyan edir ki, o, vergi ödəyicisidir və Azərbaycan Respublikasının vergi qanunvericiliyinə uyğun olaraq icarə haqqı ilə bağlı ödəmə mənbəyində tutulan vergini qanunvericilikdə nəzərdə tutulmuş qaydada (icarə haqqından əlavə məbləği) hesablayaraq dövlət büdcəsinə ödəməyi və bu barədə müvafiq ödəniş sənədini İcarəyəverənə təqdim etməyi öhdəsinə götürür. Bu Müqavilə qüvvədə olduğu müddət ərzində icarəçinin hər hansı səbəbdən vergi uçotundan çıxma ehtimalı olarsa, İcarəçi bu barədə azı 10 (on) iş günü əvvəlcədən İcarəyəverənə yazılı məlumat verməlidir.

17. Müqavilənin 2.4-cü maddəsinə əsasən İcarə haqqı icarəyəverənln bu Müqavilədə göstərilən bank hesabına köçürmə yolu ilə ödənilir.

18. Müqavilənin 3.1-ci bəndinə əsasən “Bu Müqavilə imzalandığı tarixdən 11 (on bir) ay müddətində (bundan sonra "İlkin icarə müddəti" və ya "İlkin müddət" adlandırılacaq) qüvvədədir.

19. Müqavilənin 3.2-ci maddəsinə əsasən Bu müqavilənin ilkin müddəti tərəflərin razılığı ilə uzadıla bilər. Tərəflər ilkin icarə müddətinin sonuna 30 gün qalmış onun müddətinin uzadılmasına dair danışıqlıqlara başlayır, razılıq əldə edildiyi halda bu Müqavilə eyni və ya yeni şərtləlrə növbəti müddətə uzadıla bilər.

20. Müqavilənin 3.3-cü maddəsinə əsasən İcarəyəverən bu Müqaviləyə icarəçi tərəfindən müqavilənin şərtlərinin kobud şəkildə pozulduğu və bu Müqavilədə nəzərdə tutulmuş digər hallarda xəbərdarlıq müddətini gözləmədən vaxtından əvvəl birtərəfli qaydada xitam verə bilər. Belə olan halda, icarəçi icarə obyektini dərhal (və ya Tərəflərin razılaşdığı halda 5 gündən gec olmayaraq) qeyd-şərtsiz boşaldır və bu Müqavilədə nəzərdə tutulmuş qaydada icarəyəverənə təhvil verir. İcarəçi tərəfindən Müqavilənin şərtlərinin kobud şəkildə pozuntusu dedikdə, icarə obyektindən bu Müqavilə ilə müəyyən edilməyən məqsədlər üçün istifadə edilməsi, icarə obyektinin vəziyyətinin kəskin şəkildə pisləşməsinə gətirib çıxaran və ya çıxara biləcək şəkildə istifadə edilməsi, bu Müqavilənin 2-ci maddəsinə əsasən icarə haqqının iki ardıcıl müddət üçün ödənilməməsi və icarəyəverənin icazəsi olmadan icarə obyektinin sub-icarəyə verilməsi halları başa düşülür.

21. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməməlidir.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

24. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur;

26. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir;

27. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür;

28. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir.

29. Həmin Məcəllənin 690.1-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir.

30. Həmin Məcəllənin 690.2-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir.

31. Həmin Məcəllənin 697.1-ci maddəsinə əsasən Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur.

32. İşin halları ilə təsdiq olunur ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış, icarə obyekti cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən icarə haqqı ödənişləri həyata keçirilsə də, son iki ilə yaxın müddət ərzində cavabdeh öhdəliklərini icra etmir və nəticədə iddiaçıya 95.000 manat məbləğində ödənilməmiş icarə borcu yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının icarə haqqı üzrə yaranmış borcun ödənilməsi barədə tələbi təmin edilməlidir.

33. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini vaxtında icra etmədiyini nəzərə alaraq, hesab edir ki, 95.000 manat məbləğində yaranmış borc tutularaq iddiaçıya ödənilməlidir.

34. İddia tələbinin digər hissəsini icarə obyekti olan Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel PR 15, 26-cı mərtəbə ünvanında yerləşən 299.7 kv.m olan 165 saylı qeyriyaşayış binasının Cavabdeh MMC-dən alınaraq iddiaçıya təhvil verilməsi təşkil edir.

35. İş materiallarında olan iddaçı tərəfindən cavabdehə göndərilən xx.xx.2024-cü il tarixli bildirişlər görünür ki, Məmmədov. F. ilə Cavabdeh MMC arasında Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel PR 15, 26-cı mərtəbə ünvanında yerləşən 299.7 kv.m olan 165 saylı qeyri-yaşayış binasının icarəyə verilməsinə dair 15 mart 2020-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinin tələblərinə görə icarəçi, yəni cavabdeh aylıq 5 000 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasındakı icarə münasibətləri davam edir və qeyd edilən qeyri-yaşayış sahəsindən hal-hazıradək cavabdeh istifadə edir. Lakin, artıq 22 aydan çox müddətdir ki, cavabdeh icarə haqqını qəsdən ödəməkdən boyun qaçırır. Qeyd edir ki, 27 mart 2024-cü il tarixdə cavabdeh icarə haqqı borcundan 30 000 manat (6 aylıq) hissəsini iddiaçıya ödəmişdir. Bundan sonra əvvəlki borclardan qalan 2 aylıq borcu da ödəmişdir. Nəzərə alsaq ki, icarə haqqı aylıq 5 000 manat təşkil edir, hazırda cavabdehin iddiaçıya ödənilməli olan 85 000 manat icarə haqqı borcu yaranmışdır. Tərəflər arasında bağlanılmış müqaviləyə əsasən, icarəyəverən tərəfindən qanuni və əsaslı səbəblər olduqda vaxtından əvvəl birtərəfli qaydada, ehtimal olunan xitam tarixinə 60 gün qalmış icarəçiyə yazılı bildiriş təqdim etməklə müqaviləyə xitam verilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Bundan əlavə qeyd edilməlidir ki, cavabdeh ona icarəyə verilmiş qeyri-yaşayış sahəsini iddiaçının xəbəri olmadan "xxxx" MMC-nin istifadəsinə və sahibliyinə vermişdir. Bu səbəbdən "xxxx" MMC-nin Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel PR 15, 26-cı mərtəbə ünvanında yerləşən 299.7 kv.m olan 165 saylı qeyri-yaşayış binasından çıxarılmalıdır. Şərh olunanlara əsasən tərəflər arasında bağlanılmış Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel PR 15, 26-cı mərtəbə ünvanında yerləşən 299.7 kv.m olan 165 saylı qeyri-yaşayış binasının icarəyə verilməsinə dair 15 mart 2020-ci il tarixdə icarə müqaviləsinə 25 dekabr 2024- cü il tarixdən ləğv edilir.

36. Göründüyü kimi cavabdeh tərəfindən müqavilə şərtləri pozulmuş, iki ilə yaxın müddət ərzində icarə haqqı ödənilməmiş və icarəyə verənin razılığı olmadan icarə obyekti başqa hüquqi şəxsin istifadəsinə verilmişdir. İddiaçı tərəfindən Müqavilə şərtlərinə riayyət edilməklə cavabdehə öhdəliyin icra edilməsi barədə xx.xx.2024-cü il tarixində pretenziya (borcun ödənişi üçün 3 gün vaxt verilmiş, lakin cavabdeh tərəfindən həmin müddət ərzində borc məbləği ödənilməmiş) və xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə xx.xx.2024-cü il tarixindən xitam verilmişdir.

37. Beləliklə, AR MM-nin 697.1-ci maddəsini rəhbər tutaraq məhkəmə hesab edir ki, icarə müqaviləsinə xitam verildiyi üçün, iddia tələbi bu hissədə də təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel PR 15, 26-cı mərtəbə ünvanında yerləşən 299.7 kv.m olan 165 saylı qeyri-yaşayış sahəsi Cavabdeh MMC tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməlidir.

38. İddia tələbinin digər hissəsini icarə haqqının vaxtında ödənilməməsi səbəbindən faiz borcu kimi 10.000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması təşkil edir. Məhkəmə iddia tələbinin bu hissədə qismən əsaslı hesab edir.

39. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

40. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.

41. Məhkəmə hesab edir ki, 95.000 manat borc məbləği ödənilmədiyi üçün illik 5% ilə hesablanan tələb olunan faiz məbləği azaldılaraq 6250 manat məbləğində müəyyən edilərək cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

42. İddia tələbinin digər hissəsi əldən çıxmış fayda olaraq 50.000 manatın cavabdehdən tutulması təşkil edir.

43. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir.

44. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

45. Həmin Məcəllənin 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.

46. Məhkəmə ilk növbədə qeyd edir ki, əldən çıxmış fayda formasında maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, əldən çıxmış faydanın mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə əldə çıxmış faydanın yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Bu zaman iddiaçı onun əldən çıxmış faydanı əldə etməsi üçün zəruri olan bütün hərəkətləri etdiyini, lakin cavabdehin hüquqazidd əməllərinin həmin faydanı əldə etməyə mane olduğunu sübuta yetirməlidir.

47. Göstərilən müddəaların məzmunundan da göründüyü kimi əldən çıxmış fayda dedikdə zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbirlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır.

48. İş materiallarından isə görünür ki, hazırkı işdə iddiaçı hüquqları pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmiş və buna dair dəlil sübut təqdim etməmişdir.

49. Bundan əlavə iddiaçı vəkil xərcinin əvəzi olaraq 15.000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Lakin, məhkəmə hesab edir ki, həmin məbləğdə ödənişin edilməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilmədiyi üçün iddia həmin hissədə də təmin edilə bilməz.

50. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 445 manat dövlət rüsumu ödənilmişdir.

51. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

52. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

53. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 392 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə 95.000 manat icarə haqqı, borcun ödənilməsinin gecikdirilməsinə görə 6250 manat faiz borcu və dövlət rüsumunun əvəzi olarq 392 manat tutularaq İddiaçı ödənilsin. Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel PR 15, 26-cı mərtəbə ünvanında yerləşən 299.7 kv.m olan 165 saylı qeyri-yaşayış sahəsi Cavabdeh MMC tərəfindən boşaldılaraq İddiaçı təhvil verilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar