Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6171/2025 06.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələr üzrə 2 968 354,92 ABŞ dolları və 3 210 729,29 manat əsas borc, 204 368,11 ABŞ dolları və 85785,1 manat cərimə borcunun və ödənilmiş 5136 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə görə, iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 150.1 və 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Məhkəmə müəyyən edir ki, iddia ərizəsi Mursaqulov Emin tərəfindən imzalanmışdır. Lakin iddia ərizəsinə əlavə edilmiş sənədlərdən Mursaqulov Eminin iddiaçının əsas iş yeri həmin hüquqi şəxs olan işçisi olduğu təsdiqlənmir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.2-ci maddəsindən də göründüyü kimi, hüquqi şəxsi məhkəmədə təmsil etmək səlahiyyətinə: 1) qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxslər; 2) müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçilər; 3) vəkillər malikdirlər. Mursaqulov Eminin yuxarıdakı ikinci kateqoriyaya aid subyekt olmasını təsdiq edən sənədlər (əsas iş yerinin həmin hüquqi şəxs olduğunu təsdiq edən əmək müqaviləsi, iş yerindən arayış və ya əmək müqaviləsi bildirişi) iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.2-ci maddələrinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1 və 150.1.6-cı maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsində göstərilmişdir ki, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi) yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli yüklərin ekspedisiyası ilə bağlı xidmətlər haqqında müqavilənin 11-ci hissəsinə əsasən, bu müqavilədən və ya onunla əlaqədar yaranan bütün mübahisələr, fikir ayrılıqları və tələblər, o cümlədən müqavilənin icrasına, pozulmasına, xitam verilməsinə və ya etibarsızlığına aid olan mübahisələr tərəflər arasında danışıqların aparılması yolu ilə həll edilir. 30 (otuz) təqvim günü ərzində qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının aidiyyəti məhkəmələri tərəfindən həll edilir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli teleqraf xidmətlərinin göstərilməsinə dair müqavilənin 8-ci hissəsinə əsasən, bu müqavilədən və ya onunla əlaqədar yaranan bütün münaqişələr, fikir ayrılıqları və tələblər, o cümlədən müqavilənin icrasına, pozulmasına, xitam verilməsinə və ya etibarsızlığına aid olan mübahisələr tərəflər arasında danışıqların aparılması yolu ilə həll edilir. 30 (otuz) təqvim günü ərzində qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının aidiyyəti məhkəmələri tərəfindən həll edilir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli agent-ekspeditor fəaliyyətinin həyata keçirilməsi barədə müqavilənin 10.3-cü bəndinə əsasən, bu müqavilədən və ya onunla əlaqədar yaranan bütün münaqişələr, fikir ayrılıqları və tələblər, o cümlədən müqavilənin icrasına, pozulmasına, xitam verilməsinə aid olanlar tərəflər arasında danışıqların aparılması yolu ilə həll edilir. 30 (otuz) təqvim günü ərzində qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq həll ediləcəkdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli mühafizə və müşayiət xidmətlərinə dair müqavilənin 9-cu hissəsinə əsasən, bu müqavilədən və ya onunla əlaqədar yaranan bütün mübahisələr, fikir ayrılıqları və tələblər, o cümlədən müqavilənin icrasına, pozulmasına, xitam verilməsinə və ya etibarsızlığına aid olan bütün məsələlər tərəflər arasında danışıqların aparılması yolu ilə həll edilir. Yarandığı tarixdən etibarən 30 (otuz) iş günü ərzində qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvafiq məhkəməsində həll edilir. Məhkəmə qeyd edir ki, tərəflər sözügedən müqavilələrdən irəli gələn mübahisələrin əvvəlcə məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması barədə razılığa gəlmişdir. İddia ərizəsinə əlavə edilmiş və mülki prosessual qanunvericiliyə uyğun olaraq göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, cavabdehdən müqavilə üzrə borcun ödənilməsi tələb edilmişdir. Lakin nəzərə alınsa ki, tərəflər arasında bağlanmış müqavilədə 30 gün müddətində razılıq əldə edilmədikdə məhkəmədə iddia qaldırılmaq hüququ təsbit edilmişdir və hazırda isə pretenziyanın rədd edilməsi və ya qismən qəbul edilməsi halı olmadığından, 30 günlük müddət isə başa çatmadığından iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər qaydada həll edilməsinin mümkün olmadığı qənaətinə gəlmək mümkün deyildir və mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsi təsdiq olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.6-cı maddəsinə əsasən hakim müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsini geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə hesab edir ki, iddia ərizəsi səlahiyyəti təsdiq olunmayan şəxs tərəfindən imzalandığından, iddia ərizəsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə olunmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması zamanı yol verilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər və bu zamanda hazırkı dövlət rüsumuna istinad edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(113)-6171/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6171/2025
06.08.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver