Məhkəmə qərarları › İş №e-2-2(113)-6181/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6181/2023

15.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6181/2023 15.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, maliyyə arayışı) Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair də işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə 3719.29 manat əsas borc, 417.17 manat faiz borcu, 99.07 manat cərimə, 60 manat mediasiya xərci və 2.36 manat müştərək qaydada tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağladığı xx.xx.2022 il tarixli kredit razılaşmaya əsasən borcalan Cavabdeh1 xx.xx.2024 ilədək qaytarmaq və illik 22 % ödəmək şərti ilə aldığı 5000 manat krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2023 il tarixə olan borcun məbləği: a) əsas borc üzrə 3719.29 manat; b) faizlər üzrə 417.17 manat; c) cərimə üzrə 99.07 manat təşkil edir. Mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həlli üçün borc alana və zaminlik müqaviləsinə əsasən onun öhdəliyinə görə bank qarşısında birgə məsuliyyət daşıyan zamin Pərviz Qalibzadəyə pretenziya göndərilib, lakin borc ödənilməyib. Odur ki, borc onlardan məhkəmə qaydasında tutulmalıdır. İlkin mediasiya sessiyası keçirilib və mediator tərəfindən müvafiq arayış verilib. Tələbin əsaslılığını təsdiq edən sənədlər: kredit razılaşması və ona əlavə (ödəniş cədvəli); zaminlik müqaviləsi; bank hesabından çıxarış; pretenziya; mediasiya arayışı Məhkəmə xərcləri: “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1 maddəsinə görə “Mediasiya haqqında” Qanuna uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2 maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəfçəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İddiaçı mediasiya prosesi ilə bağlı 60 manat xərc çəkdiyi üçün hazırkı iddianın verilməsinə görə ödənilməli olan 62.36 manat dövlət rüsumunun 60 manat hissəsini ödəməkdən azaddır.

II. Məhkəmə baxışının hədləri:

3. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. III.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. xx.xx.2022-ci il tarixli razılaşmanın 1-ci bəndinə əsasən kreditverən 5000 manat məbləğdə və illik faiz dərəcəsi 22 olmaqla, xx.xx.2024-cü il tarixədək 0 ay güzəşt müddəti olmaqla dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədli kredit verir, müştəri borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə kreditverənə qaytarmağı öhdəsinə götürür.

5. Razılaşmanın 3-cü bəndinə əsasən ödəmə vaxtı çatmış lakin borcalan tərəfindən ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi illik 22% üstəgəl 5% gecikdirmə faizi ilə hesablanır.

6. Razılaşmanın 4-cü bəndinə əsasən əsas borc və faizlər, kredit məbləğinin borcalanın cari esabına köçürüldüyü günündən hesablanmağa başlanacaq və bu Razılaşmanın tərkib hissəsi sayılan, kreditverən tərəfindən tərtib edilmiş, ödəniş cədvəli üzrə borcalan tərəfindən ödəniləcək.

7. Razılaşmanın 6-cı bəndinə əsasən borcalan bu razılaşmaya əsasən verilmiş kreditin faizləri ilə birlikdə qaytarılmalı olduğu son tarixədək öhdəliklərini icra etmədiyi, yaxud lazımi qaydada icra etmədiyi təqdirdə kreditverənə gecikdirilmiş borc məbləğinin 40 faizi məbləğində cərimə ödəyir. Qeyd olunanlarla yanaşı kreditverən dəbbə pulunu yaxud öhdəliyin icra olunmaması nəticəsində dəymiş zərərin ödənilməsinin tələb edilməsini seçmək hüuqunu özndə saxlayır.

8. Razılaşmanın 11-ci bəndinə əsasən borcalanın bu razılaşmadan irəli gələn öhdəliyinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 Vahid oğlu ilə 02-SEP-22 tarixli, 44FİZAM141525201 saylı zaminlik müqaviləsi bağlanılır. Bu məqsədlə bağlanmış zaminlik müqaviləsi bu razılaşmaya əsasən verilən kreditin faizi ilə birlikdə qaytarılmasına dair öhdəliyin vaxtında və lazımi qaydada icrasının təmin edilməsi üsuludur.

9. Cavabdeh1 ilə bağlanmış xx.xx.2022-ci il tarixli razılaşmaya əlavə olan ödəniş cədvəlinə əsasən əsas borc məbləği 5000 manat, faiz borcu 917,66 manat olmaqla cəmi ödənilməli məbləğ 5917,66 manat müəyyən edilmişdir.

10. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 445FİZAM141525201 zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilə borclunun kredit qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyin tamamı ilə icra edilməsi üçün zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir.

11. Müqavilənin 2.1-ci bəndinə əsasən zamin faizlərin, borc tutulması üzə məhkəmə xərclərinin və borclunun öhdəliyini icra etməməsi və ya lazımıənca icra etməməsi nəticəsində kreditora dəyən digər zrərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır.

12. Borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 44020***-*******01 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə olan kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında xx.xx.2023-cü il tarixli arayışa əsasən kreditin məbləği 5000 manat, kreditin verilmə tarixi xx.xx.2022-ci il, kreditin faiz dərəcəsi 22%, kreditin müqavilə üzrə hissə-hissə və ya tam qaytarılmalı olduğu tarix xx.xx.2024-cü il, əsas kredit borcunun məbləği 3719,29 manat, faiz borcunun məbləği 417,17 manat, cərimə borcunun məbləği 99,07 manat və borc üzrə iddia tələbinin cəmi məbləği 4235,53 manat qeyd edilmişdir. (Cavabdehlərə pretenziya məktubları isə maliyyə arayışı tarixindən sonra xx.xx.2023-cü il tarixində göndərilmişdir).

13. Məhkəmə iş materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

16. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

18. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

19. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

20. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

21. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

22. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

23. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

24. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli razılaşmaya əsasən hesablanmış 99,07 manat cərimə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

25. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

26. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

27. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə xx.xx.2022 il tarixli Kredit razılaşması üzrə iddiaçıya 3719.29 manat məbləğində əsas borc məbləği, 417.17 manat məbləğində faiz borcu, 99.07 manat məbləğində cərimə borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən müştərək qaydada cəmi 4235,53 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1- 1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.

30. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 62,36 manat məbləğində mediasiya və dövlət rüsumu xərci cavabdehlərə aid edilməlidir.

IV.Nəticə:

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022 il tarixli Kredit razılaşması üzrə 3719.29 manat məbləğində əsas borc məbləği, 417.17 manat məbləğində faiz borcu, 99.07 manat məbləğində cərimə borcu, mediasiya xərcinin və dövlət rüsumunun əvəzi olaraq 62,36 manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar