Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-62/2022 12.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Mustafayev Ramil Elbrus oğlunun katibliyi ilə, İddiaçı (MMC) Cavabdehnə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən onun xeyrinə 35417,93 manat vəsaitin və ödənilmiş 30,4 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-də 2020-ci ildə keçirilmiş audit yoxlaması zamanı müəyyən edilmişdir ki, cəmiyyətin hesabından cavabdeh "xxxx" MMCyə təqdim olunmuş elektron 24 iyun 2019-cu il tarixli seriya: EAAW № 220057 qaiməyə əsasən 35417,93 manat məbləğində vəsait köçürülmüşdur. Elektron qaimənin təqdim edilməsinə əsas kimi 24 iyun 2019-cu il tarixli, 06/b saylı müqavilə qeyd olunmuşdur. 35417,93 manat məbləğində vəsait cavabdehin hesabına köçürülsə də, tərəflər arasında hər hansı müqavilə imzalanmamış və xidmətlər göstərilməmişdir. Yaranmış mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədilə cavabdehin hüquqi ünvanına vəsaitin geri qaytarılması məqsədilə 01 oktyabr 2020-ci il tarixli bildiriş göndərilsə də, nəticəsi olmamışdır. "xxxx" MMC hər hansı xidmət göstərilmədən "xxxx" MMC tərəfindən köçürülmüş vəsait hesabına əsassız varlanmış və bu səbəbdən həmin vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil2 Bahadur oğlu iştirak etdiyi məhkəmə iclasında iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirmiş və əlavə olaraq izahatında göstərmişdir ki, sənədlərdə olan imzalar cəmiyyətin direktoru Nümayəndə tərəfindən imzalanmamış, həm imza, həm də möhür saxtalaşdırılmışdır. Cavabdehin nümayəndəsi Vəkil1 iştirak etdiyi məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirərək izahatında qeyd göstərmişdir ki, tərəflər araında 24 iyun 2019-cu il tarixdə müqavilə bağlanmış, 25 iyun 2019-cu il tarixdə mallar təhvil-təslim aktı əsasında iddiaçıya verilmiş, təxminən 27-28 iyun tarixlərində isə pul məbləği iddiaçı tərəfindən cavabdehin hesabına köçürülmüşdür. İş materiallarında olan 25.06.2020-ci il tarixli təhviltəslim aktının tərtib olunmasında isə texniki səhvə yol verilmişdir. Belə ki, akt 2019-cu il tarixdə tərtib edilmişdir. İş materiallarında olan: - 24 iyun 2019-cu il tarixli mallar üzrə satınalma müqaviləsinin surətindən görünür ki, Cavabdeh MMC İddiaçı MMC tərəfindən sifariş olunmuş malları sonuncuya təqdim etməyi, İddiaçı MMC isə malları qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. - 24 iyun 2019-cu il tarixli qiymətlərin razılaşdırılması protokolundan görünür ki, 4381,78 kv.m laminə olunmuş piltələrin dəyəri ƏDV daxil 35417,93 manat müəyyən edilmişdir. - 25 iyun 2020-ci il tarixli təhvil – təslim aktının surətindən görünür ki, 4381,78 kv.m laminə olunmuş piltələr Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə təhvil verilmişdir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2022-ci il tarixli məktubundan və həmin məhkəmənin 23 sentyabr 2021-ci il tarixli, 1(101)-993/2021 saylı hökmünün surətindən görünür ki, Şahid Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 193- 1.2.3, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hökm 25 noyabr 2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı MMC iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC-də mühasib vəzifəsində işləyən Şahid Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 193- 1.2.3, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırkı işə aid epizod üzrə Şahid ittiham irəli sürülmüş, həmin cinayət işi üzrə İddiaçı MMC zərərçəkmiş şəxs kimi tanınmışdır. Şahid Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 193-1.2.3, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yekun məhkəmə aktı 25 noyabr 2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1801/2021 nömrəli 25 noyabr 2021-ci il tarixli qərarı ilə Şahid Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 193-1.2.3, 308.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 1(101)-993/2021 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 1(101)-993/2021 nömrəli hökmdə qeyd olunmuşdur ki, “...Şahid həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə mənimsəmə və israf etmə yolu ilə talamaq məqsədilə baş mühasib kimi həmin şirkətin adından hər hansı hüquqi və fiziki şəxslə müqavilə bağlamaq səlahiyyəti olmadığı, habelə "NVC” MMC-nin rəhbərliyi tərəfindən hər hansı taxta materialı alqı-satqısının həyata keçirilməsi planlaşdırılmadığı və realizə olunmadığı halda 24 iyun 2019-cu il tarixdə "NVC” MMC-nin ünvan 1 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında tamah niyyətilə məzmununa bilə-bilə yalan - guya həmin MMC tərəfindən taxta tikinti materialının satışı fəaliyyəti ilə məşğul olan "Shervood” MMC-dən bir kub metrinin qiyməti 6,85 manat olmaqla, ümumi miqdarı 4381 kub metr, ölçüləri 2800x2070x18mm olan laminə olunmuş pilitələrin (DSP) ƏDV-siz ümumi dəyəri 30015,19 manat (otuz min on beş manat on doqquz qəpik) olmaqla, satın alınmasına dair məlumatlar daxil edərək 24 iyun 2019-cu il tarixli 06/b nömrəli mallar üzrə satınalma müqaviləsinə və həmin müqaviləyə 1 nömrəli Qiymətlərin razılaşdırılması protokolunu tərtib edib, həmin müqavilədə olan "NVC” MMC- nin direktoru Nümayəndə adının qarşısına olan imzanı özü oxşatmaqla imzalayıb, cəmiyyətin, içərisində "NVC” yazısı olan möhürünün əksini reylef kileşdən sənədlərin üzərinə birbaşa vurmaqla müqavilənin üzərinə köçürərək təsdiq edib, Cəmiyyətin direktoru tərəfindən ona etibar edilmiş ***-***-**- ** nömrəyə bağlı sertifikat seriya nömrəsi 5E0C492E223F03D5 olan "Asan İmza”-dan istifadə etməklə cəmiyyətin "PAŞA Bank” ASC-də olan AZ31PAHA40030AZNH********** nömrəli hesablaşma hesabından vəzifə saxtakarlığı yolu ilə cinayətdən xəbərsiz "Shervood” MMC-nin "Azərbaycan Beynəlxalq Bankı” ASC-də olan AZ03İBAZ******************** nömrəli hesablaşma hesabına əlavə dəyər vergisi üzrə 5402,74 manat (beş min dörd yüz iki manat yetmiş dörd qəpik) və əsas vəsait üzrə 30015,19 manat (otuz min on beş manat on doqquz qəpik) olmaqla, cəmi 35417,93 manat (otuz beş min dörd yüz on yeddi manat doxsan üç qəpik) pul vəsaitini köçürüb, həmin müqavilənin şərtlərinə uyğun olaraq 24 iyun 2019-cu il tarixdə "Shervood” MMC-dən 4381 kub metr taxta məhsulunun cəmiyyətin direktoru Nümayəndə tərəfindən guya təhvil alınmasına dair həmin tarixli "24 iyun 2019-cu il tarixli 06/b nömrəli mallar üzrə təhvil – təslim aktını "NVC” MMC-nin ünvan 2 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə tamah niyyətilə qəsdən Nümayəndə adının qarşısında olan imzanı özü oxşatmaqla imzalayıb, elektron qaydada EAAW seriyalı, 220057 nömrəli "Elektron Qaimə”-ni cəmiyyətin direktoruna məxsus qeyd edilən "Asan İmza”-dan istifadə edərək vəzifə saxtakarlığı yolu ilə təsdiq etməklə, 4381 kub metr taxta məhsulunu "Shervood” MMC-nin məsul şəxslərindən təhvil alıb şəxsi məqsədlərinə uyğun sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək "NVC” MMC-yə məxsus olmaqla ona etibar edilmiş 5402,74 manat (beş min dörd yüz iki manat yetmiş dörd qəpik) məbləğində pul vəsaitini təkrarən israf etməklə, 30015,19 manat (otuz min on beş manat on doqquz qəpik) məbləğində pul vəsaitini isə təkrarən mənimsəməklə həmin Cəmiyyətə ümumilikdə 35417,93 manat (otuz beş min dörd yüz on yeddi manat doxsan üç qəpik) məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla əmlakını vahid niyyətlə təkrarən talamış, həmin hərəkətləri ilə "NVC” MMC-nin əmlakının qorunub saxlanılması, alınan mallar üzrə vəsaitlərdən səmərəli istifadənin təmini üzrə əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, vəzifəli şəxs qismində rəsmi sənədə və informasiya resursuna tamah niyyətlə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir.....Şahid “ASAN imza”-dan istifadə edərək onun xəbəri olmadan İddiaçı MMCnin "xxxx" ASC-də olan hesabından ...28.06.2019-cu il tarixdə Cavabdeh MMC-nin bank hesabına 30015,19 manat, ....köçürmə edilmişdir. Lakin, həmin cəmiyyətlə və fiziki şəxslər ilə NVC MMC arasında hər hansı müqavilə bağlanmamış və danışıq olmamışdır. Həmin cəmiyyətlərdən və fiziki şəxslərdən İddiaçı MMC-yə hər hansı material verilməmişdir....Bundan başqa, ona təqdim edilən "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 24 iyun 2019-cu il tarixli 06/b saylı Mallar üzrə satınalınma müqaviləsində "Nümayəndə" sözündən əvvəl olan imza, 24 iyun 2019-cu il tarixli 06/b saylı mallar üzrə satınalma müqaviləsinə əsasən 1 nömrəli X1 "Nümayəndə" sözündən əvvəl olan imza, 24 iyun 2019-cu il tarixli 06/b nömrəli mallar üzrə 25 iyun 2020-ci il tarixli Təhvil-Təslim Aktında "Nümayəndə" sözündən əvvəl olan imza ona məxsus deyil və onun tərəfindən icra edilməmişdir. Həmin imzaların kimin imzası olduğu və kimin tərəfindən icra edildiyi ona məlum deyil. "NVC” MMC-nin hesabından Cavabdeh MMC-nin hesabına 30015,19 manat pul köçürülməyinə baxmayaraq cəmiyyətlər arasında hər hansı bir müqavilə bağlanmamış və "xxxx" MMC-den "xxxx" MMC-yə hər hansı bir material daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsasən müəyyən edilmişdir ki, "NVC” MMC-nin hesabından Cavabdeh MMC-nin hesabına pul köçürülməsinə baxmayaraq cəmiyyətlər arasında hər hansı bir müqavilə bağlanmamış və "xxxx" MMCdən "xxxx" MMC-yə hər hansı bir material daxil olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, tələb olunan pul vəsaitinin "xxxx" MMC-dən tutulması üçün əsas yoxdur. Həmin cinayət işi üzrə iddiaçı "xxxx" MMC zərərçəkmiş şəxs kimi tanınmış, Şahid Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 193-1.2.3, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 10-cu maddəsinə əsasən işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq işçinin əsas vəzifəsi kimi müəyyən olunmuşdur. - 191-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. - 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. - 199-cu maddəsinə əsasən inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda işçi vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Yuxarıda göstərilən normaların məzmununa əsasən, həmçinin, "xxxx" MMC-nin işçisi olmuş Şahid təqsiri qanuni qüvvəyə minmiş hökmünə əsasən sübuta yetirildiyindən hazırkı tələbin əsasını təşkil edən pul vəsaitinin sonuncudan tutulması barədə "xxxx" MMC tərəfindən iddia qaldırıla bilər. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia rədd edilməli, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-62/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-62/2022
12.04.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver