Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6204/2025 30.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: “chargeback”, hesabın kreditləşməsi, prosessual maraq) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 557093******9482 nömrəli kart əməliyyatı üzrə yaranmış 977,02 manat, 557093******5562 nömrəli kart əməliyyatı üzrə yaranmış 977,02 manat, 557093******1413 nömrəli kart əməliyyatı üzrə yaranmış 950,59 manat, 557093******6172 nömrəli kart əməliyyatı üzrə yaranmış 610,59 manat olmaqla cəmi 3515,22 manat “chargeback” borcunun və ödənilmiş 55,16 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli OnGTC-00269LE/2019 nömrəli bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu və ona xx.xx.2019cu il tarixli 1 nömrəli əlavə imzalanmışdır. Həmin müqavilədə müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi, inkassasiya xidməti, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır. xx.xx.2019-cu il tarixli OnGTC-00269LE/2019 saylı bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusuna 1 №-li əlavənin “Vİ-İ. Pos terminal və virtual terminal” bölümünün 3.4.7-ci bəndinə əsasən cavabdehin vəzifəsi qəbzin surətlərinin 1 il müddətində saxlanılmasını təmin etmək və bu bölmənin 3.2.5-ci bəndində göstərilən halda, yəni BÖS-dən “chargeback” və ya qaytarma sorğusu daxil olduqda bank tərəfindən tələb edildikdə onları 3 iş günü ərzində təqdim etməli olduğu halda bunu etməmişdir və üzərinə düşən öhdəliyi pozmuşdur. 2.2. Belə ki, 557093******9482 nömrəli kartdan cavabdehə xx.xx.2023-cü il tarixdə keçən 999 manat əməliyyat üçün xx.xx.2023-cü il tarixində “chargeback” daxil olmuşdur. Sorğuya əsasən cavabdeh rezervasiyanı ləğv edib, lakin kartdan vəsaiti səhvən silib. Sorğu yönləndirildikdən sonra cavabdeh banka kart sahibinin rezervasiya məlumatlarını, rezervasiya və ləğvetmə qaydalarını, “check-in”, “check-out” sənədlərini, xərcləmələr üzrə invoysları və s. bu kimi xidmətin təqdim olunması haqqında olan sənədləri göndərməli idi. Lakin yalnız ekran görüntüsü göndərildiyi üçün bank bu sənədlə “chargeback”i cavablamışdır. Bu sənədlər qarşı tərəfə göndərildikdə qəbul olunmamış və xx.xx.2023-cü il tarixində əlavə olaraq rezervasiyanın hotel tərəfindən ləğv edildiyini göstərən sənədlərlə birlikdə banka “pre arbitration” sorğusu göndərilmişdir. Bunun nəticəsi olaraq cavabdeh sorğuya cavab verə bilmədiyi üçün sorğu kart sahibinin lehinə yekunlaşmışdır. “Chargeback” məbləğini cavabdehin hesabından silmək istədikdə hesabda vəsait olmadığı üçün cavabdehin 977,02 manat borcu yaranmışdır. 2.3. Eyni zamanda 557093******5562 nömrəli kartdan cavabdehə xx.xx.2023-cü il tarixdə keçən 999 manat və 155 manat əməliyyatlar üçün xx.xx.2023-cü il tarixində “chargeback” daxil olmuşdur. Sorğuya əsasən cavabdeh rezervasiyanı ləğv etmiş, lakin kartdan vəsaiti səhvən silmişdir. Sorğu yönləndirildikdən sonra cavabdeh banka kart sahibinin rezervasiya məlumatlarını, rezervasiya və ləğvetmə qaydalarını, “check-in”, “check-out” sənədlərini, xərcləmələr üzrə invoysları və s. bu kimi xidmətin təqdim olunması haqqında olan sənədləri banka göndərməli idi. Lakin yalnız ekran görüntüsünü göndərdiyi üçün, bank bu sənədlə “chargeback”i cavablamışdır. Bu sənədlər qarşı tərəfə göndərildikdə isə qəbul olunmamış və xx.xx.2023-cü il tarixində əlavə olaraq rezervasiyanın hotel tərəfindən ləğv edildiyini göstərən sənədlərlə birlikdə banka “pre arbitration” sorğusu göndərilmişdir. Bunun nəticəsi olaraq cavabdeh sorğuya cavab verə bilmədiyi üçün sorğu kart sahibinin lehinə yekunlaşmışdır. Cavabdeh hesabında kifayət qədər vəsait olmadığı üçün yalnız 155 manat məbləğ silinmişdir. Digər “chargeback” məbləğini merchant hesabından silmək istədikdə hesabda vəsait olmadığı üçün cavabdehin 977,02 manat borcu yaranmışdır. 2.4. Eyni zamanda 557093******1413 nömrəli kartdan cavabdehə xx.xx.2023-cü il tarixdə keçən 971,97 manat əməliyyat üçün xx.xx.2023-cü il tarixində “chargeback” daxil olmuşdur. Sorğuya əsasən cavabdeh rezervasiyanı ləğv etmiş, lakin kartdan vəsaiti səhvən silmişdir. Sorğu yönləndirildikdən sonra cavabdeh banka kart sahibinin rezervasiya məlumatlarını, rezervasiya və ləğvetmə qaydalarını, “check-in”, “check-out” sənədlərini, xərcləmələr üzrə invoysları və s. bu kimi xidmətin təqdim olunması haqqında olan sənədləri banka göndərməli idi. Lakin yalnız ekran görüntüsünü göndərdiyi üçün bank bu sənədlə “chargeback”i cavablamışdır. Bu sənədlər qarşı tərəfə göndərildikdə isə qəbul olunmamış və xx.xx.2023-cü il tarixində əlavə olaraq rezervasiyanın hotel tərəfindən ləğv edildiyini göstərən sənədlərlə birlikdə banka “pre arbitration” sorğusu göndərilmişdir. Bunun nəticəsi olaraq cavabdeh sorğuya cavab verə bilmədiyi üçün sorğu kart sahibinin lehinə yekunlaşmışdır. “Chargeback” məbləğini cavabdehin hesabından silmək istədikdə hesabda vəsait olmadığı üçün cavabdehin 950,59 manat borcu yaranmışdır. 2.5. Eyni zamanda 557093******6172 nömrəli kartdan cavabdehə xx.xx.2023-cü il tarixdə keçən 971,97 manat və 10 manat əməliyyatlar üçün xx.xx.2023-cü il tarixində “chargeback” daxil olmuşdur. Sorğuya əsasən merchant rezervasiyanı ləğv etmiş, lakin kartdan vəsaiti səhvən silmişdir. Sorğu yönləndirildikdən sonra merchant banka kart sahibinin rezervasiya məlumatlarını, rezervasiya və ləğvetmə qaydalarını, “check-in”, “check-out” sənədlərini, xərcləmələr üzrə invoysları və s. bu kimi xidmətin təqdim olunması haqqında olan sənədləri banka göndərməli idi. Lakin bu sorğuya cavabdeh tərəfdən geri dönüş olmamışdır. Cavabdeh hesabında kifayət qədər vəsait olmadığı üçün bank yalnız 10 manat məbləği silmişdir. Digər “chargeback” məbləğini cavabdehin hesabından silmək istədikdə hesabda vəsait olmadığı üçün cavabdehin 950,59 manat borcu yaranmışdır. Bu məbləğin isə yalnız 340 manat hissəsi xx.xx.2023-cü il tarixdə silinmişdir. Bu əməliyyata görə cavabdehin 610,59 manat borcu qalmışdır. 2.6. Bank tərəfindən cavabdehə borcunu ödəməsi barədə xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2025-ci il tarixə iddiaçı qarşısında öhdəliyi aşağıdakı kimidir: 557093******9482 nömrəli kart əməliyyatı üzrə yaranmış “chargeback” borcu 977,02 manat, 557093******5562 nömrəli kart əməliyyatı üzrə yaranmış “chargeback” borcu 977.02 manat, 557093******1413 nömrəli kart əməliyyatı üzrə yaranmış “chargeback” borcu 950,59 manat, 557093******6172 nömrəli kart əməliyyatı üzrə yaranmış “chargeback” borcu 610,59 manat təşkil edir. İddiaçı iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 55,16 manat dövlət rüsumu ödəmişdir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 421.2, 465.2-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə digər cavabdehlər tərəfindən iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi X3 məhkəmə iclaslarında iştirak edərək, iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, iddiaçı ilə ödəniş sistemləri arasında müqavilələr mövcuddur. Həmin müqavilələrə uyğun olaraq iddiaçıya əməliyyata etiraz ərizələri (“chargeback”) daxil olduqda iddiaçı cavabdehə müraciət edir və əməliyyatın əsaslılığı ilə bağlı sənədlərin gönədirilməsini xahiş edir. Daha sonra həmin sənədlər “Visa”, “Mastercard” kimi ödəniş sistemlərinə göndərilir. Hazırda “chargeback” ərizələri təmin edildiyi üçün əməliyyat üzrə vəsaitlər bank komissiyası tutulmaqla qaytarılıb. Lakin cavabdehin bank hesabında lazımi məbləğdə vəsait olmadığı üçün təmin edilən etiraz ərizələri üzrə vəsaitlər banka qaytarılmamışdır.
6. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində, cavabdehin X1 Sistemində yaradılmış elektron kabinetində yerləşdirilməklə, cavabdehin hüquqi ünvanına çatdırılmaqla, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) İddia tələbi ilə bağlı
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
10. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında təsdiq edilmiş xx.xx.2019-cu il tarixli OnGTC-00269LE/2019 nömrəli bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusuna əsasən “VİSA/MasterCard” tərəfindən “chargeback” (kart hesabı üzrə həyata keçən və müştərinin hər hansı əməliyyatla bağlı əsassız varlandığı hal üzrə tələb) üzrə vəsaitlər “VİSA/MasterCard”a geri qaytarıldıqda, həmin vəsaiti müştərinin və/və ya kart sahiblərinin hesabından akseptsiz qaydada silmək bank hüququdur. İddiaçı tərəfindən “chargeback” sorğuları ilə bağlı elektron poçt vasitəsilə cavabdeh məlumatlandırılmış, 557093******9482 nömrəli, 557093******5562 nömrəli, 557093******1413 nömrəli, 557093******6172 nömrəli kartlar üzrə əməliyyatlar, köçürmə məbləği barədə məlumatlar cavabdehə təqdim edilmiş, vəsaitin silinməsinin düzgün olması barədə sənədlər cavabdehdən tələb edilmişdir. Lakin ödəniş sistemi tərəfindən silinmələr əsassız hesab edilmiş, nəticədə 557093******9482 nömrəli kart əməliyyatı üzrə 977,02 manat, 557093******5562 nömrəli kart əməliyyatı üzrə 977,02 manat, 557093******1413 nömrəli kart əməliyyatı üzrə 950,59 manat, 557093******6172 nömrəli kart əməliyyatı üzrə 610,59 manat “chargeback” borcu yaranmışdır.
11. İddiaçı cavabdehdən “chargeback” borcunun – 3515,22 manat pulun tutulmasını tələb edir.
12. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən, məhkəmə iclaslarında iştirak etmir.
13. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
14. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
15. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
16. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə iddiaçı tərəfindən təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
17. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
18. Tərəflər arasında yaranmış mübahisə bankla müştəri arasında pul vəsaitinin hesabdan silinməsi ilə bağlı yaranan mübahisədir və mübahisənin həllinə Mülki Məcəllənin bank hesabını tənzimləyən XLİİ fəslinin müddəaları tətbiq olunmalıdır.
19. Həmin fəsilə aid “pul vəsaitinin hesabdan silinməsinin əsasları” adlanan 964-cü maddəyə görə, hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. Müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir.
20. xx.xx.2019-cu il tarixli OnGTC-00269LE/2019 nömrəli bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun Vİ.3.1.8-ci bəndinə əsasən “VİSA/MasterCard” tərəfindən “chargeback” (kart hesabı üzrə həyata keçən və müştərinin hər hansı əməliyyatla bağlı əsassız varlandığı hal üzrə tələb) üzrə vəsaitlər “VİSA/MasterCard”a geri qaytarıldıqda, həmin vəsaiti müştərinin və/və ya kart sahiblərinin hesabından akseptsiz qaydada silmək bank hüququdur.
21. Göründüyü kimi, tərəflər arasındakı razılaşmaya uyğun olaraq bank tərəfindən təmin edilmiş “chargeback” ərizələri üzrə vəsaitlər hazırda cavabdehdən tələb edilir.
22. Mülki Məcəllənin 960.1-ci maddəsinə əsasən, bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır.
23. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
26. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
27. Həmin Məcəllənin 739.1-cu maddəsinə (müqavilə bağlanarkən və overdraft baş verərkən qüvvədə olan redaksiyası) əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
28. Beləliklə, məhkəmə hesab edir ki, müqavilə üzrə kart ilə aparılan bütün əməliyyatların nəticələrinə görə, o cümlədən “chargeback” baş verdiyi halda pul vəsaitinin qaytarılmasına görə məsuliyyəti öz üzərinə götürən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
29. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Cavabdehndən 557093******9482 nömrəli kart əməliyyatı üzrə yaranmış 977,02 manat “chargeback” borcu, 557093******5562 nömrəli kart əməliyyatı üzrə yaranmış 977,02 “chargeback” borcu, 557093******1413 nömrəli kart əməliyyatı üzrə yaranmış 950,59 “chargeback” borcu, 557093******6172 nömrəli kart əməliyyatı üzrə yaranmış 610,59 manat “chargeback” borcu olmaqla cəmi 3515,22 manat məbləğində pul tutularaq İddiaçı ASCyə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
30. İddiaçı ödənilmiş 55,16 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını xahiş edir.
31. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** mədaxil qəbzi ilə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 55,16 manat dövlət rüsumu ödənilmişdir.
32. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
33. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Məhkəmə iddia tələbinin təmin olunduğunu nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 55,16 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
V. Nəticə:
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdehndən 557093******9482 nömrəli kart əməliyyatı üzrə yaranmış 977,02 manat “chargeback” borcu, 557093******5562 nömrəli kart əməliyyatı üzrə yaranmış 977,02 “chargeback” borcu, 557093******1413 nömrəli kart əməliyyatı üzrə yaranmış 950,59 “chargeback” borcu, 557093******6172 nömrəli kart əməliyyatı üzrə yaranmış 610,59 manat “chargeback” borcu olmaqla cəmi 3515,22 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 55,16 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova