Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6217/2023 27.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızı İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən borcun tutulması tələbinə dair iddiasına kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən borcun tutulması tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə 959,90 manat əsas borc, 16,80 manat faiz borcu, 173.62 manat cərimə və 60 manat mediasiya xərcinin müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağladığı xx.xx.2021 il tarixli kredit limiti müqaviləsinə və həmin müqavilə çərçivəsində imzalanmış xx.xx.2021 il tarixli Razılaşmaya əsasən borcalan Cavabdeh3 bankdan xx.xx.2023-cü ilədək qaytarmaq və illik 21 % ödəmək şərti ilə aldığı 15000 manat krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə olan borcun məbləği: a) əsas borc üzrə 959,90 manat; b) faizlər üzrə 16,80 manat; c) cərimə üzrə 173,62 manat təşkil edir. Mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həlli üçün borc alana və zaminlik müqaviləsinə əsasən onun öhdəliyinə görə bank qarşısında birgə məsuliyyət daşıyan zaminlər Cavabdeh2 və Cavabdeh1 pretenziya göndərilib, lakin borc ödənilməyib. Odur ki, borc onlardan məhkəmə qaydasında tutulmalıdır. İlkin mediasiya sessiyası keçirilib və mediator tərəfindən müvafiq arayış verilib. İş materiallarına əlavə edilmiş: - İddiaçı ASC (kreditverən) ilə Cavabdeh3 (borc alan) arasında 23 avqust 2021-ci il tarixli 38230***-*******01L saylı kredit limiti müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən kreditverən borcalana 100000 manat məbləğində 120 ay müddətinə, xx.xx.2031-ci il tarixinədək kredit limiti ayırır və kredit limiti (bundan sonra bu müqavilə) çərçivəsində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Razılaşmanı (bundan sonra - Razılaşma) imzalamaqla kredit verməyi öhdəsinə götürür. Kredit limitinin müddəti ərzində “Borcalan" ona kredit verilməsi barədə kreditverənə müraciət etmək hüququna malikdir. 1.2-ci bəndinə əsasən kredit limiti müqaviləsi çərçivəsində borcalana verilən kreditlər Razılaşmanın bağlanması ilə rəsmiləşdirilir və bu müqavilə çərçivəsində veriləcək hər bir kredit üzrə kreditin illik faiz dərəcəsi, FİFD, cərimə və kreditin ödənilməsinə dair digər spesifik şərtlər bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən razılaşmalarla müəyyən ediləcəkdir. 1.5-ci bəndinə əsasən bu müqavilə çərçivəsində veriləcək kreditlərə dair illik faiz dərəcəsi 30 faizdən, kredit limiti çərçivəsində veriləcək kreditlərin son icra müddəti isə xx.xx.2031-ci il tarixdən artıq olmayacaqdır. 3.1-ci (a) bəndinə əsasən kreditverən davam edən 3 (üç) təqvim günü ərzində “Borcalan” ona verilmiş kredit hissəsini və/və ya onun faizini tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödəmək iqtidarında olmadıqda bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən razılaşmalara əsasən verilmiş krediti bu müddətə qədər hesablanmış faizlərlə birlikdə qaytarılmasını tələb edə bilər: 3.2-ci bəndinə əsasən borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və ya həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə, "Kreditverən”in bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, cərimələri, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək, tələb icra olunmadıqda isə tələbi girova (ipotekaya) qoyulmuş əmlaka yönəltmək hüququ vardır. 4.1-ci bəndinə əsasən borcalanın bu müqavilədən irəli gələn öhdəliyinin icrasını təmin etmək məqsədilə zaminlik müqaviləsi bağlanılır. Bu məqsədlə bağlanmış zaminlik müqaviləsi bu müqaviləyə əsasən verilən kreditin faizi ilə birlikdə qaytarılmasına dair öhdəliyin vaxtında və lazımi qaydada icrasının təmin edilməsi üsuludur. 5.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və bu Müqavilə və onun ayrılmaz tərkib hissəsi olan razılaşmalar üzrə “Borcalan” tərəfindən ödəniləcək bütün məbləğlər tam ödənilənə qədər qüvvədə qalacaq. Müqavilənin hər hansı bir bəndinin etibarsız hesab edilməsi, müqavilənin bütövlüklə etibarsızlığına səbəb olmur. 5.2-ci bəndinə əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən razılaşmalara əsasən verilmiş kreditlər müstəqil müqavilə xarakteri daşımır və bu müqavilənin tərkib hissəsi hesab olunur. Müqavilə hər iki tərəfin imzası və kredit verənin möhürü ilə təsdiq edilmişdir. İddiaçı ASC ilə Cavabdeh3 arasında 23 avqust 2021-ci il tarixli 38230***-*******01L nömrəli krеdit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli razılaşma imzalanmışdır. Həmin razılaşmaya əsasən:
1. Tərəflər arasında bağlanmış 38230***-*******01L saylı 23 avqust 2021-ci il tarixli kredit limiti müqaviləsinə əsasən kreditverən borcalana 120 ay müddətinə illik 30 faizdən çox olmamaq şərtilə 100000 manat məbləğində kredit limiti ayrılmasına dair şərtlər barədə razılığa gəlmişdirlər. Bu şərtlərə əsasən kreditverən borcalanın ərizəsinə əsasən ona ABŞ dolları, Rubl, Euro valyutalarında kreditlər verə bilər. Borcalan və 38230***-*******01L saylı 23 avqust 2021-ci il tarixli kredit limiti müqaviləsi və həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə təminat müqavilələri bağlayan şəxslər qeyd edilən limit çərçivəsində xarici valyutada götürülmüş kreditlər üzrə manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü bilir və bu halda xarici valyutada götürülmüş kreditin məzənnəsinin dəyişməsi riskini öz üzərilərinə götürür və məsuliyyət daşıyırlar.
2. Kreditverən 38230***-*******01L saylı 23 avqust 2021-ci il tarixli kredit limiti müqaviləsi çərçivəsində illik 21 faiz dərəcəsi ilə xx.xx.2023-cü il tarixinədək 0 (sıfır) ay güzəşt olmaqla 15000 manat məbləğdə borc pul vəsaitini boracalanın mülkiyyətinə verir. borcalan isə 75 manat məbləğdə xidmət haqqı ödəyir.
4. Bu razılaşmanın 2-ci bəndinə uyğun olaraq kredit Dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədlə verilir.
6. Bu razılaşmanın 2-ci bəndinə uyğun olaraq Kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 21,7 %-dir.
7. Güzəşt müddəti ərzində borcalan götürülmüş kreditə görə yalnız 23 avqust 2021ci il tarixli 38230***-*******01L saylı kredit limiti müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlində qeyd edilən faizləri ödəyəcəkdir. Güzəşt müddəti bitdikdən sonra isə borcalan əsas borc, faiz və digər ödənişləri kreditverənə ödəyəcəkdir. Faiz ödənişləri aylıq ödəniş məbləğlərini özündə əks etdirən ödəniş cədvəlində qeyd edilmiş vaxtda və məbləğdə kreditverənə qaytarılmadıqda, borcalan hər gecikdirilən gün üçiin 0 manat məbləğdə cərimə ödəyəcəkdir.
8. Borcalan tərəfindən vaxtından əvvəl ödəniş həyata keçirildikdə müvafiq ödəniş bu razılaşmanın 2-ci bəndində qeyd edilmiş kreditin tam bağlanmasına yönəldildiyi təqdirdə borcalan kreditverənə ödəniş gününə olan əsas borcun qalıq hissəsinin 1 faizi həcmində komissiya haqqı ödəyəcəkdir.
9. 38230***-*******01L saylı, 23 avqust 2021-ci il tarixli kredit limiti müqaviləsinə əlavə olunmuş ödəniş cədvəli üzrə ödənişlər lazımi qaydada həyata keçirilmədikdə, bu razılaşma çərçivəsində verilmiş kreditlər üzrə vaxtında ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi illik 21 % üstəgəl 5% gecikdirmə faizi ilə hesablanır. borcalan bu razılaşmaya əsasən verilmiş kreditin faizləri ilə birlikdə tam olaraq qaytarılmalı olduğu tarixədək öhdəliklərini icra etmədiyi yaxud lazımi qaydada icra etmədiyi təqdirdə kreditverənə gecikdirilmiş borc məbləğinin 40 % məbləğində cəriməni ödəməlidir. Qeyd olunanlarla yanaşı kreditverən dəbbə pulunu yaxud öhdəliyin icra olunmaması nəticəsində dəymiş zərərin ödənilməsinin tələb edilməsini seçmək hüququnu özündə saxlayır.
10. Bu razılaşma borcalan və kreditverən arasında imzalanmış 38230***-*******01L saylı, 23 avqust 2021-ci il tarixli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalana verilən əsas borc və bu borca hesablanan faizlər, habelə müddət kredit limit müqaviləsində nəzərdə tutulmuş şərtlərdən artıq ola bilməz. Razılaşma hər iki tərəfin imzası və kredit verənin möhürü ilə təsdiq edilmişdir. 38230***-*******01L saylı, 23 avqust 2021-ci il tarixli kredit limiti müqaviləsinə əlavə olan xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən cəmi ödənişin məbləği xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixədək ümumilkdə 17.621,87 manat, o cümlədən əsas borc üzrə 15000 manat, faiz borcu üzrə 2.621,87 manat müəyyən edilmişdir. Ödəniş cədvəli hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 (zamin) arasında xx.xx.2021-cu il tarixli 38FİZAM123784301 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilə borclunun kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliyin tamamı ilə icra edilməsi üçün zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. 1.2-ci bəndinə əsasən icrası zaminliklə təmin olunmuş öhdəlik və onun məzmunu Kreditor və Borclu Cavabdeh3 arasında bağlanmış 38230***-*******01L saylı, 23 avqust 2021-ci il tarixli kredit limiti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalar ilə müəyyən olunur. Kredit limiti müqaviləsinə əsasən kreditor Borcluya 120 ay müddətinədək 100000 manat məbləğinədək illik 30%-dən çox olmamaq şərtilə kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan razılaşmalar bağlamaqla kredit verir. 1.3-cü bəndinə əsasən əsas müqavilə üzrə tələb edilə biləcək borc: 100000 manat kredit limiti çərçivəsində ayrılmış kredit limiti məbləğində veriləcək kreditlər hesablanacaq faiz borcları və kreditin qeyd edilmiş müddətdə geri qaytarılmamasına görə qalıq borcun 40%-i məbləğində cərimədir. 2.1-ci bəndinə əsasən zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır. 2.2-ci bəndinə əsasən borclu kreditor qarşısında olan öhdəliyini vaxtında və lazımi qaydada icra etmədikdə, Kreditor öz mülahizəsinə əsasən həmin öhdəliyin icrasını Borcludan və ya Zamindən, yaxud onların hər ikisindən birlikdə tələb edə bilər. 3.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən Zaminlik icrasını təmin etdiyi kredit limiti müqaviləsinin qüvvəyə mindiyi andan qüvvəyə minir və kredit limiti müqaviləsinin qüvvədə olduğu müddət ərzində, o cümlədən kredit limiti müqaviləsinin müddəti uzadıldıqda, uzadılmış müddət ərzində və kredit limiti müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir. Müqavilə hər iki tərəfin imzası və kreditorun möhürü ilə təsdiq edilmişdir. İddiaçı ASC (kreditor) ilə Cavabdeh2 (zamin) arasında xx.xx.2021-cu il tarixli 38FİZAM156963301 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilə borclunun kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliyin tamamı ilə icra edilməsi üçün zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. 1.2-ci bəndinə əsasən icrası zaminliklə təmin olunmuş öhdəlik və onun məzmunu Kreditor və Borclu Cavabdeh3 arasında bağlanmış 38230***-*******01L saylı, 23 avqust 2021-ci il tarixli kredit limiti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalar ilə müəyyən olunur. Kredit limiti müqaviləsinə əsasən kreditor Borcluya 120 ay müddətinədək 100000 manat məbləğinədək illik 30%-dən çox olmamaq şərtilə kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan razılaşmalar bağlamaqla kredit verir. 1.3-cü bəndinə əsasən əsas müqavilə üzrə tələb edilə biləcək borc: 100000 manat kredit limiti çərçivəsində ayrılmış kredit limiti məbləğində veriləcək kreditlər hesablanacaq faiz borcları və kreditin qeyd edilmiş müddətdə geri qaytarılmamasına görə qalıq borcun 40%-i məbləğində cərimədir. 2.1-ci bəndinə əsasən zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır. 2.2-ci bəndinə əsasən borclu kreditor qarşısında olan öhdəliyini vaxtında və lazımi qaydada icra etmədikdə, Kreditor öz mülahizəsinə əsasən həmin öhdəliyin icrasını Borcludan və ya Zamindən, yaxud onların hər ikisindən birlikdə tələb edə bilər. 3.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən Zaminlik icrasını təmin etdiyi kredit limiti müqaviləsinin qüvvəyə mindiyi andan qüvvəyə minir və kredit limiti müqaviləsinin qüvvədə olduğu müddət ərzində, o cümlədən kredit limiti müqaviləsinin müddəti uzadıldıqda, uzadılmış müddət ərzində və kredit limiti müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir. Müqavilə hər iki tərəfin imzası və kreditorun möhürü ilə təsdiq edilmişdir. Cavabdeh3 xx.xx.2023-cü il tarxili bank hesabından çıxarışdan müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış kredit müqaviləsinə əsasən xx.xx.2021-ci ildə həmin hesaba 15000 manat pul vəsaiti köçürülmüşdür. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli (maliyyə) arayışa əsasən Cavabdeh3 İddiaçı ASC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə Cavabdeh3 959,9 manat məbləğində əsas, 16,80 manat məbləğində faiz, kredit müqaviləsinə əsasən əsas borc üzrə hesablanmış cərimə məbləği 173,62 manat olmaqla, cəmi 1.150,32 manat məbləğində kredit borcu vardır. xx.xx.2023-cü il tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 pretenziya məktubları ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin borcalan tərəfindən lazımi qaydada icra edilməməsi əsası ilə kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyi bildirilmiş, kredit müqaviləsi üzrə yaranmış borcun 3 gün ərzində ödənilməsi təklif edilmiş, borcun ödənilməsi təmin edilməyəcəyi təqdirdə aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət ediləcəyi bildirilmişdir.
Əsaslandırıcı hissə:
Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (kreditor) ilə Cavabdeh3 (borc alan) arasında 23 avqust 2021-ci il tarixli 38230***-*******01L saylı kredit limiti müqaviləsi və həmin müqavilə əsasında (çərçivəsində) xx.xx.2021-ci il tarixli razılaşma bağlanmışdır. İddiaçı ASC həmin razılaşmaya əsasən Cavabdeh3 xx.xx.2023-cü il tarixinədək illik 21 %-lə 15000 manat məbləğində kredit vermişdir. İddiaçı göstərilən razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh3 kredit limiti müqaviləsi və müqavilənin ayrılmaz tərkib hissəsi olan yuxarıda qeyd edilən razılaşma üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixinə kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Belə olan halda məhkəmə Cavabdeh3 xx.xx.2021-ci il tarixli kredit razılaşması üzrə İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı ASC Cavabdeh3 xx.xx.2021-ci il tarixli kredit razılaşması üzrə 959,9 manat məbləğində əsas və 16,80 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Bununla yanaşı İddiaçı ASC kredit razılaşması üzrə əsas borcu ödəniş cədvəlinə uyğun qaytarmadığına görə Cavabdeh3 hesablanmış 173.62 manat məbləğində dəbbə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh3 ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq dəbbə pulu 50 manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı iş materiallarından həmçinin görünür ki, Cavabdeh3 23 avqust 2021ci il tarixli 38230***-*******01L saylı kredit limiti müqaviləsi və həmin müqavilə əsasında (çərçivəsində) bağlanmış xx.xx.2021-ci il tarixli razılaşma üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi bank ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər Cavabdeh1 və Cavabdeh2 borclu Cavabdeh3 23 avqust 2021-ci il tarixli 38230***-*******01L saylı kredit limiti müqaviləsi, o cümlədən həmin müqavilə əsasında (çərçivəsində) bağlanmış xx.xx.2021-ci il tarixli razılaşmadan irəli gələn öhdəliklərinə zamin durmuşlar. Mülki Məcəllənin: 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə olan halda məhkəmə xx.xx.2021-cu il tarixli 38FİZAM123784301 saylı və xx.xx.2021-cu il tarixli 38FİZAM156963301 saylı zaminlik müqavilələrinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cavabdeh3 23 avqust 2021-ci il tarixli 38230***- *******01L saylı kredit limiti müqaviləsi və həmin müqavilə əsasında (çərçivəsində) bağlanmış xx.xx.2021-ci il tarixli razılaşmadan irəli gələn öhdəliklərinə zamin durduqlarını, Cavabdeh3 isə həmin razılaşma üzrə öhdəliklərini yerinə yetirmədiyini nəzərə alaraq hesab edir ki, 23 avqust 2021-ci il tarixli 38230***-*******01L saylı kredit limiti müqaviləsi və həmin müqavilə əsasında (çərçivəsində) bağlanmış xx.xx.2021-ci il tarixli razılaşma üzrə əsas, faiz borcu və dəbbə pulu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalıdır. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 60 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 31,49 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumunundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinə dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddia tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə hissəsi:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 959,9 manat məbləğində əsas borc, 16,8 manat məbləğində faiz borcu və 50 məbləğində dəbbə pulu, cəmi 1.026,7 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva