Məhkəmə qərarları › İş №e-2-2(113)-623/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-623/2025

23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-623/2025 23.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, borcun, dəbbə pulunun tutulması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 11546,07 manat əsas borc, 787,55 manat faiz borcu və 70,68 manat cərimə olmaqla, cəmi 12404,3 manat borcun və 127,21 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh2 İddiaçı ASC-nin “Sədərək” filialından 120 ay müddətinə 50000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh2 İddiaçı ASC-dən illik 21% olmaqla, 30 ay müddətinə 25000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq xx.xx.2021-ci il tarixdə Cavabdeh3 ilə, xx.xx.2022-ci il tarixində isə Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. 2024-cü ilin iyulun 30-dək Cavabdeh2 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 11546,07 manat əsas borc, 787,55 manat faiz borcu və 282,73 manat cərimə borcu olmaqla, cəmi 12616,35 manat borcu vardır. Cavabdeh2 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcunun 282,73 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 70,68 manat məbləğində tələb olunur.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 448.1, 467, 472.1, 472.2, 501-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdehlər tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır.

5. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 28-MZ2-1-0- 29-21 nömrəli (kredit limitinin ayrılmasına dair) razılaşmadan görünür ki, Cavabdeh2 bankdan 120 (yüz iyirmi) ay müddətinə, illik faiz dərəcəsi 30% olmaqla, 50000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Müqavilənin təminatı kimi Cavabdeh3 ilə bağlanmış xx.xx.2021-ci il tarixli, 28-MZ2-1-0-29-21 nömrəli zaminlik müqaviləsi, Cavabdeh2 məxsus olan 28-459396-1 saylı hesaba gələcəkdə 160000 məbləğdə mədaxil olunacaq pul vəsaitinin girovu göstərilmişdir. Razılaşma tərəflərin imzası ilə təsdiq edilmişdir.

7. İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə 1, 6 saylı əlavələr və imza möhür nümunəsi təqdim olunmuşdur.

8. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 28-MZ2-1-0- 29-21/2 nömrəli (kredit verilməsinə dair) razılaşmadan görünür ki, Cavabdeh2 bankdan 30 (otuz) ay müddətinə, aylıq faiz dərəcəsi 1,75% olmaqla, 25000 (iyirmi beş min) manat məbləğində kredit verilməsi barədə razılıq əldə edilmişdir. Müqavilə tərəflərin imzası və İddiaçı ASC-nin möhürü ilə təsdiq edilmişdir.

9. xx.xx.2022-ci il tarixli, 28-MZ2-1-0-29-21/2 nömrəli kredit müqaviləsinə xx.xx.2022ci il tarixli, 1 saylı ödəniş cədvəlinin məzmunundan müəyyən olunur ki, Cavabdeh2 tərəfindən İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli, 28-MZ2-1-0-29-21/2 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə qədər hissə-hissə ümumilikdə 25000 manat əsas, 7347,4 manat faiz borcu ödənilməlidir. Ödəniş cədvəli tərəflərin imzası və İddiaçı ASC-nin möhürü ilə təsdiq edilmişdir.

10. xx.xx.2021-ci il tarixli, 28-MZ2-1-0-29-21 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə xx.xx.2022-ci il tarixli əlavə sazişin məzmunundan müəyyən olunur ki, müqavilənin 10-cu bəndinə dəyişiklik edilmiş, Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixli, Z/13880/22 nömrəli zaminlik müqaviləsi əlavə edilmişdir. Müqavilə tərəflərin imzası və İddiaçı ASC-nin möhürü ilə təsdiq edilmişdir.

11. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, Z/13880/22 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 28-MZ2-1-0-29-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə Cavabdeh2nın öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

12. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 28-MZ2-1- 0-29-21 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 28-MZ2-1-0-29-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə Cavabdeh2nın öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

13. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixə banka olan borcu 11546,07 manat əsas, 787,55 manat faiz, 282,73 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 12616,35 manat təşkil edir.

14. İddiaçı ASC-nin Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2024cü il tarixli, KBD4461 nömrəli pretenziya məktubundan görünür ki, borcun 5 (beş) gün müddətində tam ödənilməsi tələb olunmuş, əks təqdirdə borcun tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2311 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 26 avqust 2022-ci il tarixli, 28-MZ2-1-0-29-21/2 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alaraq, Cavabdeh2 İddiaçı ASC-yə xx.xx.2024cü il tarixinə (maliyyə arayışında göstərilən tarix) olan əsas borcu 12237,54 manat, faiz borcu üzrə 399,76 manat, xx.xx.2024-cü il tarixinə (məhkəməyə müraciət olunan tarix) olan əsas borcu 12237,54 manat, faiz borcu üzrə 835,21 manat, xx.xx.2025-ci il tarixə (kredit müqaviləsinin bitdiyi) olan əsas borcu 11719,63, faiz borcu 232,44 manat təşkil edir. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

18. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli, 28-MZ2-1-0-29-21 nömrəli (kredit limitinin ayrılmasına dair) razılaşma bağlanmış və Cavabdeh2 bankdan 120 (yüz iyirmi) ay müddətinə, illik faiz dərəcəsi 30% olmaqla, 50000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Həmin razılaşma çərçivəsində bağlanmış xx.xx.2022-ci il tarixli, 28- MZ2-1-0-29-21/2 nömrəli (kredit verilməsinə dair) razılaşmaya əsasən Cavabdeh2 bankdan 30 (otuz) ay müddətinə, aylıq faiz dərəcəsi 1,75% olmaqla, 25000 (iyirmi beş min) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh3 bağlanmış zaminlik müqavilələrinə əsasən zaminlər İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit razılaşması üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirsə də, cavabdehlər (borc alan və zaminlər) müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş, ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

19. İddia tələbinin bir hissəsini cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 11546,07 manat əsas borc, 787,55 manat faiz borcunun tutulması təşkil edir.

20. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zaminlər) müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin borcu iddiaçıya ödəmək vəzifəsi daşımasını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2311 saylı ekspert rəyini, MPMin 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcu hissəsində tam, faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 11546,07 manat (iddia tələbinə uyğun) əsas borc, 232,44 manat (iki yüz otuz iki manat qırx dörd qəpik) faiz borcu iddiaçının xeyrinə tutulmalı, faiz borcunun tutulmasına dair iddia tələbi qalan hissədə təmin olunmamalıdır.

21. Məhkəmə qeyd edir ki, iddia tələbinin faiz borcunun tutulması hissəsinə münasibətdə yuxarıda qeyd edilən qənaətə gələrkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2311 saylı ekspert rəyi əsas götürülmüşdür. Belə ki, ekspert rəyindən müəyyən olunur ki, müqavilə müddətinin bitdiyi tarixə (xx.xx.2025) faiz borcunun məbləği 232,44 manat təşkil etmişdir.

22. İddia tələbinin digər hissəsini cavabdеhlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 70,68 manat cərimə borcunun tutulması təşkil edir.

23. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

24. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən birgə qaydada 70,68 manat (yetmiş manat altmış səkkiz qəpik) məbləğində cərimə məbləği iddiaçının xeyrinə tutulmalıdır.

25. Eləcə də, iddiaçı 127,21 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.

26. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi 121,50 manat (yüz iyirmi bir manat əlli qəpik) məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.

27. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat pulun 143,3 hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 6,70 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2022ci il tarixli kredit müqaviləsi üzrə 11546,07 manat (on bir min beş yüz qırx altı manat yeddi qəpik) əsas borc, 232,44 manat (iki yüz otuz iki manat qırx dörd qəpik) faiz borcu, 70,68 manat (yetmiş manat altmış səkkiz qəpik) cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 121,50 manat (yüz iyirmi bir manat əlli qəpik) olmaqla, ümumilikdə 11970,69 manat (on bir min doqquz yüz yetmiş manat altmış doqquz qəpik) məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat pulun 143,3 hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 6,70 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar