Məhkəmə qərarları › İş №e-2-2(113)-6230/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6230/2025

23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6230/2025 23.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin boşaldılmaqla təhvil verilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə obyektinin təhvil verilməsi) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Süleymanova Ləman Çingiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi/vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “qeyriyaşayış sahəsinin boşaldılmaqla təhvil verilməsi” tələbinə dair kommersiya mübahisəsinə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbi təmin edilməklə, cavabdeh "xxxx" MMCtərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində “Binə Ticarət Mərkəzi” kompleksində “Yeni Bazar” ticarət kompleksi ərazisində inşa edilmiş 12 ədəd 80 kv.m-lik olmaqla, ümumilikdə 960 kv.m-lik qeyri-yaşayış sahələrinin (anbarların) boşaldılmaqla İddiaçı təhvil verilməsi; - həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2008-ci il tarixdə "xxxx" Firmasının təsisçisi (təmsilçisi) olaraq Kəbirə Məmmədova ilə İddiaçı arasında “Binə Ticarət Mərkəzi” kompleksində “Yeni Bazar” ticarət kompleksi ərazisində 432.000 manat məbləğində pulu əvvəlcədən ödənilməklə 12 ədəd 80 kv.m-lik olmaqla, ümumilikdə 960 kv.m-lik anbarların tikintisi başa çatdıqdan sonra müddətsiz olaraq icarəyə veriləcəyinə dar müqavilə bağlanmışdır. Lakin müqavilə bağlandığı andan hal-hazıradək 17 ildən də artıq müddət keçməsinə baxmayaraq tərəflər arasında olan razılaşma icra olunmamış və həmin obyektlər iddiaçıya təhvil verilməmişdir. Bununlada icarədar (cavabdeh) edilən xəbərdarlıqlara məhəl qoymamış və icarəçinin sərəncamında (mülkiyyətində) olan qeyriyaşayış sahələrini özündə saxlayaraq təhvil verməməklə, qazanc əldə edərək sonuncunu mülki dövriyyə iştirakçısı olaraq əlverişsiz vəziyyətə salmış və ümid etdiyi gəlirlərdən məhrum etmişdir. İddiaçı pozulmuş hüquqlarının bərpası məqsədi ilə hazırda məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

3. Cavabdehin nümayəndəsinin iddia tələbinə dair etirazı onunla əsaslandırılmışdır ki, həmin iş üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı xx.xx.2008-ci il tarixli “İcarə müqaviləsi” üzrə 12 ədəd 80 kvadrat metrlik, ümumilikdə 960 kv.metrlik qeyri-yaşayış sahəsinin boşaldılmaqla ona təhvil verilməsi tələdinə dair məhkəməyə iddia ərizəsi vermişdir. Həmin iş üzrə İddiaçı Cavabdeh MMC-nə qarşı iddia tələbinə dair bildirir ki, həmin iddia tələbi əsassızdır. Odur ki, iddia müddətinin tədbiq edilməsini və iddia tələbinin rədd olunmasını xahiş edir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirdi ki, iddia tələbinə iddia müddəti tətbiq olunmalıdır, çünki iddia müddəti ötürülmüşdür. 432.000 manat ödənişlə bağlı cavabdehdə heç məlumat yoxdur, cavabdeh şirkətin möhürü və blankın olması şübhə doğurur. Ödəniş olsa belə ona da iddia müddəti tətbiq olunmalıdır. İddiaçı 17 il ərzində tələb irəli sürməmişdir. Həmin ərazidə təxmini 1000dən çox obyekt olmuşdur və sərəncamlara əsasən Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən Cavabdeh MMC-nin sahibliyində olmuşdur. Tikinti aparıldıqdan sonra üç şirkət birləşdirilmişdir, digər şirkətlər bizim xeyrimizə sahiblikdən imtina etmiş və Cavabdeh MMC yaradılmışdır. III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Azərbaycan Respublikasının Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 253 №-li xx.xx.2007-ci il tarixli Sərəncamına əsasən “Yeganə” firmasına, Cavabdeh firmasına və “Elçin” firmasına torpaq sahəsinin ayrılmasını nəzərə alaraq, Qaradağ rayonu, Likbatan qəsəbəsinin cənub-şərqi, Bakı-Salyan-Lökbatan dairəvi yolayrıcının qərbində ticarət mərkəzlərinin tikintisinin layihələndirilməsi üçün 60,0 ha torpaq sahəsi, icarə əsasında həmin firmaların istifadəsinə verilmişdir.

8. Azərbaycan Respublikasının Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 299 №-li xx.xx.2021-ci il tarixli Sərəncamına əsasən Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənubşərqi, Bakı-Salyan-Lökbatan dairəvi yolayrıcının qərbində ticarət mərkəzlərinin tikintisi məqsədilə torpaq sahəsinin ayrılması haqqında Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 253 nömrəli, xx.xx.2009-cu il tarixli, 497 nömrəli və xx.xx.2012-ci il tarixli, 478 nömrəli Sərəncamları və aparılmış müvafiq sənədləşmə işləri “ARAZAVİA" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına rəsmiləşdirilmişdir.

9. Azərbaycan Respublikasının Bakı Şəhər İcra Hakimiyyəti ilə Cavabdeh MMC arasında bağlanmış 0784 №-li 19 iyul 2007-ci il tarixli icarə müqaviləsinə əsasən:

10. Müqavilənin 1.1-ci bəndinə əsasən “İcarəyəverən” icarə əsasında sahəsi 200000 (iki yüz min) kv.m olan torpaq sahəsini “İcarəçi”-yə 49 il müddətinə istfadəsinə verir, “İcarəçi” isə onu qəbul edir.

11. Müqavilənin 1.3-cü bəndinə əsasən torpaq səhəsi ticarət mərkəzinin tikintisi üçün verilir.

12. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli “İcarə müqaviləsi”-nə əsasən:

13. Müqavilənin 2.1-ci bəndinə əsasən İcarədarın vəzifələri:

14. Müqavilənin 2.2-ci bəndinə əsasən “Yeni Bazar” ticarət kompleksində fiziki şəxslərə işləmək üçün anbar, mağaza, iaşə obyektləri tikmək.

15. Müqavilənin 2.3-cü bəndinə əsasən “Yeni Bazar” ticarət kompleksinin tikintisi başa çatdıqdan sonra orada ümumi sahəsi 960 kv.m. olan anbar icarəçiyə icarəyə vermək, anbar icarəçiyə müddətsiz verilir.

16. Müqavilənin 2.4-cü bəndinə əsasən icarəçi icarə haqqını vaxtı vaxtında ödəməsinə görə icarədar qarşısında məsuliyyət daşıyır.

17. Müqavilənin 2.1-ci bəndinə əsasən İcarəçinin vəzifələri:

18. Müqavilənin 2.2-ci bəndinə əsasən “Yeni Bazar” ticarət kompleksində 960 kv.m anbar icarəyə götürür.

19. Müqavilənin 2.3-cü bəndinə əsasən icarəçi vergi orqanları qarşısında vergi öhdəliklərinə görə cavabdehlik daşıyır.

20. 005817 №-li xx.xx.2008-ci il tarixli X3 əsasən İddiaçı tərəfindən Cavabdeh MMCnin hesabına 432000 manat məbləğində ödəniş edilmişdir.

21. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

23. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

25. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

26. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

27. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

28. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur;

29. 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir;

30. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür;

31. İddiaçı iddia edir ki, xx.xx.2008-ci il tarixdə "xxxx" Firmasının təsisçisi (təmsilçisi) olaraq Kəbirə Məmmədova ilə İddiaçı arasında “Binə Ticarət Mərkəzi” kompleksində “Yeni Bazar” ticarət kompleksi ərazisində 432.000 manat məbləğində pulu əvvəlcədən ödənilməklə 12 ədəd 80 kv.m-lik olmaqla, ümumilikdə 960 kv.m-lik anbarların tikintisi başa çatdıqdan sonra müddətsiz olaraq icarəyə veriləcəyinə dar müqavilə bağlanmışdır. Lakin müqavilə bağlandığı andan hal-hazıradək 17 ildən də artıq müddət keçməsinə baxmayaraq tərəflər arasında olan razılaşma icra olunmamış və həmin obyektlər iddiaçıya təhvil verilməmişdir. Bununlada icarədar (cavabdeh) edilən xəbərdarlıqlara məhəl qoymamış və icarəçinin sərəncamında (mülkiyyətində) olan qeyriyaşayış sahələrini özündə saxlayaraq təhvil verməməklə, qazanc əldə edərək sonuncunu mülki dövriyyə iştirakçısı olaraq əlverişsiz vəziyyətə salmış və ümid etdiyi gəlirlərdən məhrum etmişdir. İddiaçı tərəfindən iddia ərizəsinin hüquqi əsası kimi Mülki Məcəllənin 700.1-700.3-cü maddələri göstərilmişdir.

32. Cavabdehin nümayəndəsi isə iddia ərizəsinə etiraz edərək bildirir ki, iddia tələbi əsassızdır. Cavabdeh MMC 2009-cu il tarixindən Binə Ticarət Mərkəzində fəaliyyət göstərir, sərəncam əsasında torpaq sahəsi ticarət obyektlərinin tikintisi üçün ona ayrılmışdır, ticarət obyektləri tikilmiş və artıq 2009-cü ildən fəaliyyətdədir. İddiaçı ilə is müqavilə 2008-ci ildə bağlanmış. Bu 17 il ərzində iddiaçı hər hansı iddia qaldırmamış, tələb irəli sürməmiş. Ona görə də 3 illik iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir.

33. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

34. Birincisi, məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2008-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin adı və məzmunu icarə münasibətlərinə aid edilsə də, lakin dəqiq olaraq hansı ünvanda, hansı əmlakın (neçə mərtəbəli, təmirli və ya təmirsiz və sair xüsusiyyətlər) və aylıq olaraq hansı icarə haqqı ilə icarəyə verilməsi və ödəniş qaydası müəyyən edilmir (MM-nin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur). Göründüyü kimi icarə münasibətlərində icarə predmeti və icarə haqqı müqavilənin mühüm şərtləri hesab edilir. (405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır).

35. İkincisi, məhkəmə araşdırılması zamanı məhkəmə tərəfindən iddiaçının nümayəndəsindən həmin müqavilənin əslinin məhkəməyə təqdim edilməsi təklif edilsə də, müqavilənin əsli təqdim edilməmişdir (yazılı sübutun mötəbərliyi mübahisə doğurursa MPM-nin 89.3-cü maddəsinə əsasən sübutun əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir).

36. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında müqavilənin bütün mühüm şərtləri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada razılıq əldə olunmadığı üçün müqavilə bağlanmış hesab edilə bilməz.

37. İddiaçının məhkəməyə təqdim etdiyi 432000 manat dəyərində X3 gəldikdə isə məhkəmə qeyd edir ki, birincisi, həmin qəbzin də əsli məhkəməyə təqdim edilməmişdir, ikincisi, həmin ödənişin məhz xx.xx.2008-ci il tarixli icarə müqaviləsinə əsasən ödənildiyi müəyyən edilmir, nə də ki, müqavilənin məzmununda həmin məbləğə istinad edilmir. İddiaçının nümayəndəsinin “həmin məbləğin əvvəlcədən icarə haqqı kimi və məhz həmin müqaviləyə görə ödənilməsi” arqumenti digər hər-hansı sübutlar ilə təsdiq edilmədiyi və cavabdeh tərəfindəndən də təsdiq edilmədiyi üçün məhkəmə tərəfindən əsaslı hesab edilə bilməz.

38. Digər tərəfdən, xx.xx.2008-ci il tarixli “icarə müqaviləsi” mötəbər və etibarlı müqavilə kimi qəbul edildiyi halda belə iddia ərizəsi təmin edilə bilməz. Belə ki, müqavilə 2008-ci il tarixində bağlanmış hesab edildiyi halda, iddiaçı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etmişdir.

39. Belə ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir və məhkəmə cavabdehin həmin ərizəsini də əsaslı hesab edir.

40. Göstərilən ərizəyə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.2, 377.3-cü, 375.2-ci, 378 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

42. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

43. İddiaçı, MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır.

44. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında müqavilə xx.xx.2008-ci il tarixində bağlanmış və iddiaçı isə iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir.

45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

46. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

47. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

48. Həmin Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

50. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır

53. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir.

54. Bütün yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi rədd edilməlidir.

55. Məhkəmə xərclərinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir.

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

57. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

58. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

V. Nəticə:

59. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar