Məhkəmə qərarları › İş №e-2-2(113)-626/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-626/2023

31.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-626/2023 31.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 fevral 2020-ci il tarixli 01 nömrəli müqavilə üzrə 262.300 manat kredit məbləği üzrə borcun, 18.250,61 manat güzəşt məbləği üzrə borcun, hüquqi yardımla bağlı 300 manat, 400 manat mediasiyaya dair xərcinin, cəmi 281.250,61 manat pul vəsaitinin Cavabdehndən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə Cavabdeh arasında Agentliyin vəsaitindən istifadəyə dair 18 fevral 2020-ci il tarixli 01 nömrəli müqavilə bağlanmışdır. Bu müqavilə üzrə Cavabdeh tərəfindən öhdəliklər lazımınca icra edilməmiş və nəticədə Agentlik tərəfindən Cavabdeh MMC-yə ayrılmış, lakin təchizatçılara köçürülmədiyindən rəsmiləşməmiş müraciətlər üzrə 18 fevral 2020-ci il tarixli 01 nömrəli müqavilə üzrə 262.300 manat borc, 18.250,61 manat güzəşt məbləği üzrə borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 01 saylı Agentliyin vəsaitindən istifadəyə dair müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin predmetini qaydaya və bu müqaviləyə uyğun olaraq Agentlik tərəfindən müvəkkil kredit təşkilatı üçün müəyyən edilmiş kredit xətt çərçivəsində vəsaitin ayrılması, müvəkkil kredit təşkilatı tərəfindən isə öz adından və öz hesabına Borcalanlara kreditlərin verilməsi, həmin kreditlərin məqsədyönlü, səmərəli istifadəi və vaxtında qaytarılmasının təmin edilməsi üzrə münasibətlər təşkil edir. Müqavilənin 3.1-ci bəndinə əsasən agentliyin müraciəti əsasında müsabiqə komissiyası tərəfindən müvəkkil kredit təşkilatı üçün 500.000 (beş yüz min) manat məbləği həddində əlavə kredit xətti müəyyən edilir. Müqavilənin 3.11-ci bəndinə əsasən kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, suvarma sistemləri dəsti və avadanlığının güzəştli şərtlərlə satışı və lizinqinin maliyələşdirilməsi Qayda və bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə həyata keçirilir. Müqavilənin 3.15-ci bəndinə əsasən agentlik tərəfindən müvəkkil kredit təşkilatına köçürülmüş vəsait istifadə olunmadıqda və ya borcalan müvəkkil kredit təşkilatı ilə kredit müqaviləsi imzalamaqdan imtina etdikdə, müvəkkil kredit təşkilatı həmin vəsaiti 5 (beş) iş günü ərzində Agentliyin hesabına geri qaytarır. Müqavilənin 4.2.7-ci bəndinə əsasən müvəkkil kredit təşkilatı qayda və bu müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyi və onların pozulmasına yol verməməyi öhdəsinə götürür. Müqavilənin 5.2-ci bəndinə əsasən müvəkkil kredit təşkilatının agentlik qarşısında öhdəlikləri bocalanlarla münasibətlərindən asılı deyildir. Borcalanların kreditləri qaytarmasından asılı olmayaraq, müvəkkil kredit təşkilatı agentlik qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydasının 1.3-cü bəndinə əsasən Güzəştli maliyyələşmələrin, o cümlədən kreditlərin, lizinq vəsaitinin, təminatların və güzəştlərin aqrar sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə və ailə kəndli təsərrüfatlarına (bundan sonra – sahibkarlıq subyektləri) çatdırılması müvəkkil banklar, bank olmayan kredit və lizinq təşkilatları (bundan sonra – müvəkkil kredit təşkilatları) vasitəsilə onların öz adından və tam və ya qismən öz riskləri hesabına həyata keçirilir. Sözügedən Qaydanın 2-ci bəndi ilə agentliyinin vəsaitindən istifadə istiqamətləri aşağıdakı kimi müəyyən olunmuşdur: 2.1.1 kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanması və satışı proseslərinin təkmilləşdirilməsi ilə bağlı layihələrin maliyyələşdirilməsi; 2.1.2. regionların aqrar inkişafı ilə bağlı innovativ layihələrin maliyyələşdirilməsi; 2.1.3. kənd təsərrüfatı istehsal vasitələrinin təchizatının yaxşılaşdırılması ilə bağlı layihələrin, həmçinin onların güzəştli şərtlərlə satışının, lizinqə verilməsinin və kreditləşməsinin maliyyələşdirilməsi; [6] 2.1.4. heyvandarlıq təsərrüfatlarının dövlət-özəl tərəfdaşlığı tətbiq edilməklə inkişafı sahəsində layihələrin maliyyələşdirilməsi; 2.1.5. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin pilot layihələrinin maliyyələşdirilməsi; 2.1.6. bu Qayda ilə müəyyən edilmiş qaydada təminatın maliyyələşdirilməsi. Qaydanın 3.1-ci bəndinə əsasən Vəsaitdən istifadə şərtləri müvəkkil kredit təşkilatları ilə Agentlik arasında bağlanan müqaviləyə əsasən tənzimlənir..... Qaydanın 3.5-ci bəndinə əsasən müvəkkil kredit təşkilatlarının Agentlik qarşısında öhdəlikləri onların sahibkarlıq subyektləri ilə münasibətlərindən asılı deyildir. Sahibkarlıq subyektlərinin kreditləri qaytarmasından asılı olmayaraq, müvəkkil kredit təşkilatları Agentlik qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidirlər. Müvəkkil kredit təşkilatları Agentlik qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün köçürülməyən vəsaitin 0,1 faizi həcmində, lakin kreditin qalıq məbləğinin 10 faizindən çox olmamaqla cərimə ödəyirlər. Müvəkkil kredit təşkilatları 1 (bir) ay müddətində öhdəliklərini icra etmədikdə, Agentlik öz vəsaitinin qaytarılması üçün müvafiq tədbirlər görür. Azərbaycan Respublikasının 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydasının 4.1-ci bəndinə əsasən Sahibkarlıq subyektləri kreditlərin, lizinq vəsaitinin ayrılması və güzəştlərin verilməsi üçün müvəkkil kredit təşkilatına rəsmi qaydada müraciət edirlər. 4.2. Müvəkkil kredit təşkilatı müsbət qiymətləndirdiyi müraciətə dair tələb olunan məlumatları və sənədləri Agentliyə təqdim edir. 4.4. Müraciətin təmin olunmasına dair qərar qəbul edildikdən sonra müvəkkil kredit təşkilatı vəsaitin ayrılması barədə Agentliyə sifariş göndərir. Agentlik sifarişi aldıqdan sonra 3 (üç) bank günü müddətində vəsaitin müvəkkil kredit təşkilatının hesabına köçürülməsini təmin edir. müvəkkil kredit təşkilatı aldığı vəsaiti 1 bank günü müddətində sahibkarlıq subyektinin hesabına köçürür və bu barədə agentliyə məlumat verir. Qaydanın 4.5-ci bəndinə əsasən Sahibkarlıq subyektlərinin öz öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatları Agentlik qarşısında məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış müqavilədən irəli gəlir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 225 nömrəli, xx.xx.2020-ci tarixli 120, 121, 122, 127, 129 nömrəli, xx.xx.2020-ci il tarixli 100/3, 100/4, 100/5, 100/6, 100/8, 100/9, 100/10 nömrəli, xx.xx.2020-ci tarixli 163, 166, 167, 168 nömrəli məktublara əsasən müəyyən olunur ki, Cavabdeh MMC Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ümumilikdə 18.250 manat layihənin güzəşt məbləğində vəsaitin və 262.300 manat layihənin kreditləşməsi üçün vəsaitin köçürülməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli ******* saylı ödəniş tapşırığına əsasən 337.173 manat və xx.xx.2020-ci il tarixli ******* saylı ödəniş tapşırığına əsasən 11.587,56 manat, ümumilikdə 348.760,56 manat məbləğində vəsait Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh MMC-nin hesabına köçürülmüşdür. Göründüyü kimi Agentlik tərəfindən ümumilikdə 348.760,56 manat məbləğində pul Cavabdeh MMC-nin hesabına köçürülmüşdür. Cavabdeh MMC isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməmişdir. Yəni yuxarıda qeyd edilmiş Qaydanın 4.4-cü bəndinə əsasən Cavabdeh MMC-nin hesabına köçürülən vəsait onun tərəfindən sahibkarlıq subyektlərinin hesabına köçürülməmiş, həmçinin də Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə geri qaytarılmamışdır. Məhkəmə iclasında cavabdehə köçürülmüş məbləğin ümumilikdə 348.760,56 manat təşkil etməsinə baxmayaraq, nəyə görə müqavilə üzrə 262.300 manat borcun, 18.250,61 manat güzəşt məbləğinin tələb edilməsi soruşulmuş, iddiaçı tərəf də, tələb edilən məbləğdən kənar olan məbləğlə bağlı olan hissənin tələb hüququnun digər şəxsə verildiyini bildirmişdir. Qeyd olunan normaların tələblərini rəhbər tutaraq və iddiaçının müqavilə üzrə 262.300 manat və güzəşt məbləği üzrə 18.250,61 manat, ümumilikdə 280.550,61 manat məbləğində borcu tələb etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsaslıdır və qeyd olunan məbləğdə pul Cavabdehndən tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. Mülki Prossesual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş sənədindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ona hüquqi yardım göstərilməsi üçün 5 saylı Vəkil Bürosunun hesabına 300 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə 300 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 400 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MŞB/18-00156 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi mediasiya xərci olaraq 400 manat məbləğində pul ödəmişdir. Ona görə də, məhkəmə hesab edir ki, mediasiyaya çəkilmiş xərc olaraq 400 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli 01 saylı müqavilə üzrə əsas borc üzrə 262.300 (iki yüz altmış iki min üç yüz) manat, güzəşt məbləği üzrə 18.250 (on səkkiz min iki yüz əlli) manat, cəmi 280.550 (iki yüz səksən min beş yüz əlli) manat məbləğində pul Cavabdehndən tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul Cavabdehndən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdehndən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar