Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6261/2024 01.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1530 manat və 35, 30 manat dövlət rüsumu olmaqla cəmi 1565,30 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Məhəl oğlu arasında xx.xx.2022-cü il tarixli “mövcud borcun etirafı haqqında” müqavilə bağlanmışdır.Bu müqavilənin 1.1-ci bəndinə əsasən,borclu tələbkara cəmi 1530 (min beş yüz otuz manat ) AZN borcunun olduğunu etiraf edir.Müqavilənin 1.2-ci maddəsinə əsasən borclu borc məbləğini xx.xx.2023-cü il tarixinə qədər 1530 (min beş yüz otuz manat ) AZN-ni hissə hissə xx.xx.2022-cü il tarixindən başlayaraq hər ay 128 (yüz iyirmi səkkiz manat ) AZN məbləğində olmaqla Tələbkara ödəməyi öhdəsinə götürür. Lakin öhdəlik borclu tərəfindən tam yerinə yetirilməmişdir. Ümumilikdə Cavabdeh Məhəl oğlu Cəmiyyətə 1530 (min beş yüz otuz manat ) AZN borcu yaranmışdır. Bundan başqa ərizədə qeyd olunan “əməkdaşlıq etmişəm” ifadəsi işçi-işəgötürən arasındakı əmək münasibətlərini əks etdirmir. Həmin ifadə iddia ərizəsində tələb edilən məbləğin cavabdehin özünün müstəqil formada həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gəlməsi ilə bağlıdır. Mübahisənin məhkəmədən kənar qaydada həll еtmək məqsədi ilə cavabdehə dəfələrlə şifahi, xx.xx.2024-cü il tarixində isə pretenziya qaydasında “borcun qaytarılması tələbi” ilə bağlı rəsmi хəbərdarlıq еdilmişdir.Lakin göndərilən pretenziya cavabdehin müqavilədə qeyd etdiyi ünvana təyinatı üzrə çatmamışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi T.Nadirov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəmə icraatı dövründə cavabdeh tərəfindən heç bir ödəniş edilməmiş, tərəflər arasında alqı-satqı müqaviləsi xx.xx.2022-ci il tarixində bağlanmışdır.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir.
5. Məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə görə satıcı müqaviləyə əlavə edilən qiymətlərin razılaşdırılması protokollarında göstərilən miqdarda və qiymətdə malları alıcıya satır, alıcı isə malı satıcıdan alır və müqabilində satıcıya müqavilə ilə nəzərdə tutulmuş dəyərini ödəyir.
8. Müqavilənin 3.1-ci bəndinə görə müqavilə üzrə malın qiyməti müqaviləni ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən qiymətlərin razılaşdırılması protokol(lar)ı ilə müəyyən edilir.
9. Müqavilənin 3.2-ci bəndinə görə alıcı ödənişi satıcı tərəfindən təqdim olunan elektron hesab-fakturaya və malın təhvil-təslimini təsdiq edən müvafiq qaimə-fakturaya əsasən, malın alıcı tərəfindən qəbul edildikdən sonra 15 iş günü ərzində nağdsız hesablaşmalar qaydasında ödənilir.
10. İddiaçı ilə cavabdeh arasında bağlanmış mövcud borcun etirafı haqqında xx.xx.2022-ci il tarixli müqavilənin 1.1-ci bəndinə görə cavabdeh iddiaçıya 1530 manat məbləğində borcu olduğunu təsdiq etmişdir.
11. Müqavilənin 1.2-ci bəndinə görə cavabdeh borc məbləğini xx.xx.2023-cü il tarixinə qədər hissə-hissə hər ay 128 manat məbləğində olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
12. Cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaçıya ərizə ünvanlayaraq yaranmış 1530 manat borcunu xx.xx.2023-cü il tarixə qədər ödəməyi öhdəsinə götürmüşdür.
13. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış əsasən xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
15. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
16. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
17. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
18. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
19. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
20. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, ümumilikdə 1530 manat dəyərində malları alıcıya təhvil vermiş, lakin cavabdeh tərəfindən öhdəliklər icra edilməmiş, qəbul edilmiş malların dəyəri ödənilməmişdir.
21. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1530 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 35,30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
24. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1530 manat məbləğində pul, 35,30 manat dövlət rüsumu, ümumilikdə 1565,30 (bir min beş yüz altmış beş manat otuz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova