Məhkəmə qərarları › İş №e-2-2(113)-6270/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6270/2025

28.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6270/2025 28.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi, müqavilə üzrə öhdəliyin lazımınca icra edilməməsi, icranın gecikdirilməsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı ASC-nin xeyrinə 4970,82 manat (dörd min doqquz yüz yetmiş manat səksən iki qəpik) əsas borc və ona hesablanmış 745,50 manat (yeddi yüz qırx beş manat,əlli qəpik) cərimə olmaqla, ümumulikdə 5716,32 manat (beş min yeddi yüz on altı manat, otuz iki qəpik), iddia ərizəsinə görə ödənilmiş 81 manat dövlət rüsumu və vəkil xidmətlərinə görə ödənilmiş 320 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında Bakı şəhəri, Nəsimi rayonu, Alatava 2 ünvanında yerləşən 308.8 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2023-cü il tarixli, A049/38 saylı icarə müqaviləsi bağlanmışdır. Qeyd olunan müqaviləyə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Müqavilə üzrə Cavabdeh MMC-nin İddiaçı ASC-yə ümumilikdə 4970,82 manat (dörd min doqquz yüz yetmiş manat səksən iki qəpik) borcu yaranmışdır. İcarəçiyə hüquqi şəxsə olan borcunun qısa zamanda ödənilməsi üçün şərait yaradılmasına baxmayaraq, sonuncu ödənişi icra etməmişdir. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 3.1.2-ci maddəsinə əsasən icarə haqqının ödənişi gecikdirildiyi təqdirdə, icarəçiyə ödənişin gecikdirildiyi hər gün üçün ümumi borc məbləğinin 0,5% həcmində cərimə tətbiq etmək səlahiyyəti vardır. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, pretenziya verilməsinə, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh MMC borcun ödənilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Həmçinin cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Eyni zamanda qeyd edilir ki, Cavabdeh MMC pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində hüquqi şəxsə zərər vurmuşdur. Bununla da, cavabdeh icarə müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən icarə müqaviləsi üzrə yaranmış borcun məhkəmə qaydasında tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehin İddiaçı ASC-yə 4970,82 manat (dörd min doqquz yüz yetmiş manat səksən iki qəpik) əsas və ona hesablanmış 745,50 manat (yeddi yüz qırx beş manat əlli qəpik) cərimə borcu olmaqla, ümumulikdə borcu 5716,32 manat (beş min yeddi yüz on altı manat otuz iki qəpik) təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 445.1, 448.1, 448.2-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

5. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndələri məhkəməyə gəlməmişdir. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən tərəflərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icarəyə verən qismində İddiaçı ASC ilə icarəçi qismində "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli, A049/38 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verən Bakı şəhəri, Nəsimi rayonu, Alatava 2 ünvanında yerləşən ümumilikdə 243,8 kv.m qeyri yaşayış sahəsini (anbar sahəsi 243.8 kv.m) (bundan sonra birlikdə “İcarə obyekti”) icarəçinin istifadəsinə verir, icarəçi isə icarə obyektini icarəyə qəbul edir və müqavilə ilə razılaşdırılmış icarə haqqını bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə ödəyir; 3.1-ci bəndinə əsasən icarəyəverənin icarə haqqının ödənişi gecikdirildiyi təqdirdə, icarəçiyə ödənişin gecikdirildiyi hər gün üçün ümumi borc məbləğinin 0,5%-i həcmində cərimə tətbiq etmək, icarəçidən öz öhdəliklərini vaxtında və bu müqavilədə göstərilən dəqiqliklə yerinə yetirilməsini tələb etmək, icarəçi öz öhdəliklərini pozduğu təqdirdə müqaviləyə vaxtından əvvəl xitam vermək və (və ya) pozuntunun nəticəsi olan faktiki zərərin qanunvericiliyə uyğun olaraq ödənilməsini tələb etmək hüququ vardır; 3.4-cü bəndinə əsasən icarəçinin qanunvericiliklə öz üzərinə düşən bütün vergi və digər ödənişləri həyata keçirmək, icarə haqqını hazırkı müqavilədə göstərilən qaydada vaxtında müvafiq ödəniş tarixində ödəmək vəzifəsi vardır; 6.1-ci bəndinə əsasən icarə haqqı ƏDV daxil hər kvadrat metr sahə üçün bir aya 5,90 manat (beş manat doxsan qəpik) müəyyən edilir. İcarə obyekti üzrə aylıq icarə haqqı ƏDV daxil 1438,42 manat (min dörd yüz otuz səkkiz manat qırx iki qəpik) təşkil edir; 6.2-ci bəndinə əsasən icarə haqqı 06 sentyabr 2023-cü il tarixindən etibarən hesablanacaqdır və bu müqavilə imzalandıqdan sonra hər ayın ilk 5 (beş) iş günü ərzində həyata keçiriləcəkdir; 6.3-cü bəndinə əsasən icarə haqqına kommunal ödənişlər (təbii qaz, içməli, çirkab su, enerji, tullantıların daşınması, internet, telefon və.s) xərclər daxil deyil. Müvafiq xərclər icarəçi tərəfindən vaxtında ödənilməlidir. Kommunal ödənişlərin gecikdirilməsinə görə məsuliyyəti icarəçi daşıyır; 8.1-ci bəndinə əsasən hazırkı müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə və ya icarəyə verənə, onunla əlaqəli şəxslər, habelə digər şəxslərə dəyən, həmçinin əmlaka və avadanlıqlara dəyən zərərə görə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hüquqi və maddi məsuliyyəti daşıyırlar. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

7. İddiaçı ASC ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli, A049/38 nömrəli icarə müqaviləsinə 1 saylı əlavəyə əsasən icarəyə verən tərəfindən 243,8 kv.m sahəsi olan 1 ədəd anbar icarəçiyə təhvil verilmişdir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

8. İddiaçı ASC ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli, A049/38 nömrəli icarə müqaviləsinə xx.xx.2024-cü il tarixli 2 saylı əlavəyə əsasən tərəflər xx.xx.2024-cü il tarixindən etibarən əlavə 65 kv.m açıq sahəsinin icarəçinin istifadəsinə verilməsi barədə razılıq əldə etmişlər. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. xx.xx.2025-ci il tarixli, MT2503 seriyalı, 10010738 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 1567,2 manat təşkil edir.

10. xx.xx.2025-ci il tarixli, MT2504 seriyalı, 10214220 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 1547,65 manat təşkil edir.

11. xx.xx.2025-ci il tarixli, MT2505 seriyalı, 10018913 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 1539,95 manat təşkil edir.

12. xx.xx.2025-ci il tarixli, MT2506 seriyalı, 10197141 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 316 manat təşkil edir.

13. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, A-007 nömrəli maliyyə arayışından görünür ki, A049/38 nömrəli, xx.xx.2023-cü il tarixli icarə müqaviləsi üzrə icarəyə götürən tərəfindən icarəçiyə ödənilməli olan ƏDV daxil 4970,82 manat borc qalmışdır.

14. İddiaçı tərəfindən hazırkı mübahisəyə aidiyyatı olmayan, lakin tərəflər arasında münasibətlərin mövcudluğunun təsdiqi qismində əvvəlki dövrə aid elekron qaimələr və hesabdan çıxarışlar təqdim edilmişdir.

15. İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, müqavilə üzrə yaranmış borcun 5 iş günü ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

18. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh MMC arasında Bakı şəhəri, Nəsimi rayonu, Alatava 2 ünvanında yerləşən ümumilikdə 243,8 kv.m qeyri yaşayış sahəsinin (anbar sahəsi 243.8 kv.m) icarəyə verilməsi haqqında 06 sentyabr 2023-cü il tarixli, A049/38 nömrəli müqavilə bağlanmış, müqaviləyə əsasən icarəyə verən Bakı şəhəri, Nəsimi rayonu, Alatava 2 ünvanında yerləşən ümumilikdə 243,8 kv.m qeyri yaşayış sahəsini (anbar sahəsi 243.8 kv.m) icarəçinin istifadəsinə vermiş, icarəçi isə icarə obyektini icarəyə qəbul etmiş və üzərinə müqavilə ilə razılaşdırılmış icarə haqqını bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə ödəmək öhdəliyi götürmüşdür. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən icarə haqqı ƏDV daxil hər kvadrat metr sahə üçün bir aya 5,90 manat (beş manat doxsan qəpik) müəyyən edilmiş, icarə obyekti üzrə aylıq icarə haqqı ƏDV daxil 1438,42 manat (min dörd yüz otuz səkkiz manat qırx iki qəpik) təşkil etmişdir. 06 sentyabr 2023-cü il tarixli, A049/38 nömrəli müqaviləyə xx.xx.2024-cü il tarixli 2 saylı əlavəyə əsasən tərəflər xx.xx.2024-cü il tarixindən etibarən əlavə 65 kv.m açıq sahəsinin icarəçinin istifadəsinə verilməsi barədə razılıq əldə etmişlər. Müqavilə üzrə iddiaçı öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmiş, müqavilə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Alatava 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini Cavabdeh MMC-yə təhvil verilmişdir (1 saylı əlavəyə əsasən). Cavabdeh tərəfindən müqavilə öhdəlikləri tamamilə icra edilməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır.

19. İddia tələbininin bir Cavabdeh MMC-dən İddiaçı ASC-nin xeyrinə 4970,82 (dörd min doqquz yüz yetmiş manat, səksən iki qəpik) manat əsas borcun tutulması təşkil edir.

20. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin tərəflər arasında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqını (eləcə də kommunal xidmət haqqını) tam ödəmədiyini, belə olan halda isə iddiaçının qeyd olunan məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və Cavabdehndən 4970,82 manat (dörd min doqquz yüz yetmiş manat səksən iki qəpik) borc tutularaq iddiaçıya ödənilməlidir. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Belə ki, iddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışında Cavabdeh MMC tərəfindən 4 elektron qaimə üzrə ödənişlər edilmədiyi qeyd edilmişdir. Həmin elektron qaimələr üzrə Cavabdeh MMC tərəfindən ödənilməli olan borc məbləği 1567,22+1547,65+1539,95+316=4970,82 manat (icarə və kommunal xidmət haqqı) təşkil edir.

21. Bundan əlavə qeyd edilməlidir ki, cavabdeh tərəfindən iddiaya etiraz edilməmiş, iddiaçı tərəfindən tələb edilən borc məbləğinin ödənilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.

22. İddia tələbinin digər hissəsini Cavabdeh MMC-dən İddiaçı ASC-nin xeyrinə 745,50 (yeddi yüz qırx beş manat,əlli qəpik) manat cərimə borcunun tutulması təşkil edir.

23. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

24. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 250 (iki yüz əlli) manat məbləğində müəyyən edilməli, cərimə məbləğinin tutulması barədə iddia tələbi qalan hissədə təmin edilməməlidir.

25. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 81 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir.

26. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70,50 manat (yetmiş manat əlli qəpik) məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 4970,82 manat (dörd min doqquz yüz yetmiş manat səksən iki qəpik) əsas borc, 250 (iki yüz əlli) manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70,50 manat (yetmiş manat əlli qəpik) olmaqla, ümumilikdə 5291,32 manat (beş min iki yüz doxsan bir manat otuz iki qəpik) məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar