Məhkəmə qərarları › İş №e-2-2(113)-6283/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6283/2022

20.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6283/2022 20.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçı və nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh MMC-dən 56895 manat əsas borc, hüquqi xidmətə görə ödənilmiş 150 manat, ilkin mediasiya sessiyasına görə ödənilmiş 400 manat olmaqla, ümumilikdə 57445 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, icraçı olaraq fərdi sahibkar İddiaçı ilə sifarişçi – “CPS Construction" MMC arasında bağlanmış 018/043 saylı, 03 yanvar 2018-ci il tarixli “Təmir xidmətlərinin göstərilməsi haqqında" müqaviləyə əsasən İddiaçı tərəfindən sifarişçi “CPS Construction" MMC tərəfindən təqdim edilmiş avtomobillərə təmir xidmətləri göstərilmişdir. İcraçı tərəfindən göstərilmiş xidmətlərə dair işlərin qiyməti tərəflər arasında tərtib edilmiş 16 avqust 2018-ci il, 16 oktyabr 2018-ci il, 30 oktyabr 2018-ci il, 12 noyabr 2018-ci il, 16 dekabr 2018-ci il və 25 fevral 2019-cu il tarixli aktlarla; 107 saylı, 16 avqust 2018-ci il tarixli, 139 saylı, 16 oktyabr 2018-ci il tarixli, 149 saylı, 30 oktyabr 2018-ci il tarixli, 154 saylı, 12 noyabr 2018-ci il tarixli, 181 saylı, 25 dekabr 2018-ci il tarixli və 016 saylı, 25 fevral 2019-cu il tarixli hesab-fakturalarla və eyni zamanda, EAAL seriyalı 435522 saylı xx.xx.2018-ci il tarixli, EAAO seriyalı 621996 saylı xx.xx.2018-ci il tarixli, EAAO seriyalı 622889 saylı xx.xx.2018-ci il tarixli, EAAO seriyalı 623395 saylı xx.xx.2018-ci il tarixli, EAAO seriyalı 704140 saylı xx.xx.2018-ci il tarixli və EAAQ seriyalı 850015 saylı xx.xx.2019-cu il tarixli elektron qaimələrlə təsdiq edilir. Görülmüş işlər aktlarla icraçının nümayəndəsi tərəfindən təhvil verilmiş və sifarişçinin nümayəndəsi tərəfindən də qəbul edilmişdir. Görülmüş işlərin məbləği ümumilikdə 56895 manat təşkil edir. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1408/2022 nömrəli, 22 sentyabr 2022ci il tarixli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi barədə iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qismən, yəni əsas borc hissəsində qəbul etdiyini bildirmiş, iddianın hüquqi xidmətlə bağlı və mediasiyaya görə ödənişlərin tutulması hissəsində isə rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan: İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 018/043 nömrəli, 03 yanvar 2018-ci il tarixli "Təmir xidmətlərinin göstərilməsi haqqında" müqaviləyə əsasən, Cavabdeh MMC - "sifarişçi" təmir xidmətlərinin göstərilməsini sifariş verib “icraçı”ya - İddiaçı razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada təmir xidmətləri göstərməyi öhdəsinə götürür. 107 saylı, 16 avqust 2018-ci il tarixli hesab-fakturaya əsasən 10145 manat, 149 saylı, 30 oktyabr 2018-ci il tarixli hesab-fakturaya əsasən 12305 manat, 181 saylı, 25 dekabr 2018-ci il tarixli hesab-fakturaya əsasən 4170 manat, 154 saylı, 12 noyabr 2018-ci il tarixli hesab-fakturaya əsasən 10610 manat, 016 saylı, 25 fevral 2019-cu il tarixli hesabfakturaya əsasən 8050 manat, 139 saylı, 16 oktyabr 2018-ci il tarixli hesab-fakturaya əsasən 11615 manat ümumilikdə 56895 manat məbləğində cavabdehin borcu yaranmışdır. 17 avqust 2018-ci il tarixli, EAAL seriyalı, 435522 nömrəli elektron qaiməyə əsasən 10145 manat, 24 dekabr 2018-ci il tarixli, EAAO seriyalı, 621996 saylı nömrəli elektron qaiməyə əsasən 12305 manat, 26 dekabr 2018-ci il tarixli, EAAO seriyalı, 704140 nömrəli elektron qaiməyə əsasən 4170 manat, 24 dekabr 2018-ci il tarixli, EAAO seriyalı, 623395 nömrəli elektron qaiməyə əsasən 10610 manat, 25 fevral 2019-cu il tarixli, EAAQ seriyalı, 850015 nömrəli elektron qaiməyə əsasən 8050 manat, 24 dekabr 2018-ci il tarixli, EAAO seriyalı, 621996 nömrəli elektron qaiməyə əsasən 11615 manat, ümumilikdə 56895 manat məbləğində cavabdehin borcu yaranmışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Azərbaycann Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının": 1.2-ci bəndinə əsasən elektron qaimə – faktura həmin qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdimi edilən ilkin uçot sənədidir. 3.9-cu bəndinə əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, xidmətlərin göstərilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən xidmətin qəbul edilməsi mənasına gəlir. Belə olduğu təqdirdə iddianın rədd və ya qismən təmin olunması üçün cavabdeh tərəfindən məhkəməyə borcun tam və ya qismən ödənilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.” İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, tərəflərin razılaşması əsasında müəyyən olunmuş xidmətlər həm müqavilə şərtlərinə uyğun olaraq faktiki görülmüş işlərin aktları ilə, həmçinin, Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada iddiaçı tərəfindən Cavabdeh MMC-yə təhvil verilmiş, sonuncu tərəfindən xidmətlər qəbul olunsa da, 56895 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Plenum qərarında qeyd olunan mövqeyi nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın əsas borcun ödənilməsi barədə hissəsinin əsaslı olması yalnız elektron vergihesab fakturaları deyil, həmçinin xidmətlərin təhvil – təslim aktı ilə də təsdiqini tapır. Buna görə də məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, 56895 manat məbləğində xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən həmin Qanuna uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 400 manat məbləğində pul vəsaiti və hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 150 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi barədə iddiası təmin edilsin. 56895 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 150 manat və ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 400 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar