Məhkəmə qərarları › İş №e-2-2(113)-6291/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6291/2025

30.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6291/2025 30.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, artıq ödənilmiş icarə haqqının tutulması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsi üzrə 2483,65 manat məbləğində pul və ödənilmiş 44,84 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında illik icarə haqqı vergilər daxil olmaqla 4200 manat olan xx.xx.2016-ci il tarixli icarə müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən cavabdehin mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən sahədə mobil telefon rabitəsinə aid texlonoloji avadanlığın yerləşdirilməsi üçün sonuncu iddiaçının istifadəsinə verilmişdir. İddiaçı hər il üçün illik icarə haqlarını qabaqcadan ödəmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixli 40821 saylı ödəniş tapşırığına əsasən xx.xx.2024 – xx.xx.2025 tarixləri əhatə edən dövr üçün 3612 manat icarə haqqı ödənilmişdir. Cavabdehin tələbinə əsasən icarə münasibətlərinə xitam verilmiş, xx.xx.2024-cü il tarixdə avadanlıqlar icarə obyektindən götürülmüş və icarə obyekti cavabdehə təhvil verilmişdir. Qeyd olunan səbəblə ödənilmiş icarə haqqının xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixə qədər (müqavilənin 3.1-ci bəndinə əsasən icarə haqqı xx.xx.2016-ci il tarixdən hesablanır) 251 gün üçün olan hissəsi, yəni 2483,65 manat (3612 / 365 = 9895; 9895 x 251 gün = 2483,65) geri qaytarılmalıdır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 697.3-cü maddəsi göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, xx.xx.2024-cü il tarixdə baza cavabdehin ərazisindən sökülmüş, bu zaman hər hansı maddi zərər dəyməmiş, razılıq aktı tərtib edilmişdir.

6. Cavabdeh məhkəmə iclaslarında iştirak edərək göstərdi ki, iddaçı ilə uzun müddət əməkdaşlıq edilmiş, hər hansı narazılıq olmamışdır. Lakin iddiaçı tərəfindən baza sökülərkən 500 – 600 manat civarında zərər vurulmuşdur. Həmin zərər hazırda nəzərə alınmalıdır.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: a) İcarə müqaviləsi üzrə artıq ödənilmiş icarə haqqının tutulması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 30 iyun 2016-cı il tarixli icarə müaviləsi bağlanmış, cavabdeh Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən sahədə mobil telefon rabitəsinə aid texnoloji avadanlığın yerləşdirilməsi üçün ümumi sahəsi 20 kv.m olan qeyri-yaşayış sahəsini iddiaçıya verməyi, iddiaçı isə icarə obyektini qəbul edib icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin icarə haqqı ilə bağlı şərtlərinə əsasən illik icarə haqqının vergilər daxil 4200 manat təşkil etməsi, ödənişin xx.xx.2016-cı il tarixdən hesablanması şərtləşdirilmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr üçün 3612 manat məbləğində icarə haqqı xx.xx.2024-cü il tarixdə cavabdehin bank hesabına köçürülmüşdür. Cavabdeh iddiaçıya xx.xx.2024-cü il tarixli razılıq məktubu ünvanlayaraq söküntü zamanı obyektə hər hansı zərər dəymədiyini, gələcəkdə iddiaçıya qarşı hər hansı tələbi olmadığını bildirmişdir.

11. İddiaçı xx.xx.2024-cü il tarixdən 30 iyun 2016-cı il tarixli icarə müaviləsinə xitam verildiyini bildirir və artıq ödənilmiş icarə haqqının tutulmasını tələb edir.

12. Cavabdeh icarə müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verildiyini qəbul edir, lakin dəymiş zərər nəzərə alınmaqla artıq ödənilmiş icarə haqqının qaytarılmasına razılığını ifadə edir.

13. Məhkəmə mübahisənin həlli üçün əvvəla icarə müqaviləsinin hüquqi məzmununun şərh edilməsini zəruri sayır.

14. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

15. Həmin müqavilənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

16. Göründüyü kimi, icarə müqaviləsi icarəçi ilə icarəyəverən arasında əmlak kirayəsi müqaviləsi olub, icarəyəverənin icarəçiyə icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququnu verməyi, icarəçinin isə müəyyənləşdirilmiş icarə haqqını ödəməyi öhdəsinə götürdüyü icrası davamlı olan öhdəlik münasibətini ifadə edir.

17. İcarə müqaviləsinə xitam verildikdən sonrakı dövr üçün ödənilmiş icarə haqqının tutulması tələbinin hüquqi əsası qismində isə Mülki Məcəllənin 697.3-cü maddəsi çıxış edir.

18. Həmin maddəyə əsasən, kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəyə verən hər hansı müddət üçün qabaqcadan verilmiş kirayə haqqını qaytarmalıdır.

19. Hazırda işin müəyyən olunan hallarına əsasən, xx.xx.2024 – xx.xx.2025-ci il tarixləri üçün 3612 manat icarə haqqı ödənilmiş, icarə müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Belə olan halda xx.xx.2024 – xx.xx.2025-ci il tarixləri üçün icarə haqqı artıq ödənilmiş hesab edilməlidir. Həmin dövr üçün icarə haqqı isə 2483,65 manat təşkil edir (3612 / 365 gün * 251 gün).

20. Məhkəmə cavabdehin zərərlə bağlı mövqeyinə münasibətdə göstərir ki, hazırda məhkəmənin icraatında zərərin ödənilməsi ilə bağlı hər hansı tələb mövcud deyildir. Başqa sözlə, həmin məsələ yalnız cavabdehin iddiasının faktiki əsasını təşkil edə bilərdi. Həmçinin qeyd olunan hal öz təsdiqini tapmamış, əksinə cavabdeh iddiaçıya xx.xx.2024cü il tarixli razılıq məktubu ünvanlayaraq söküntü zamanı obyektə hər hansı zərər dəymədiyini, gələcəkdə iddiaçıya qarşı hər hansı tələbi olmadığını bildirmişdir.

21. Məhkəmə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

22. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

24. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

25. Beləliklə, məhkəmə hesab edir ki, icarə müqaviləsi üzrə artıq ödənilmiş icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyi pozaraq icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (icarəyə verən) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

26. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, xx.xx.2016-cı il tarixli icarə müqaviləsi üzrə 2483,65 manat artıq ödənilmiş icarə haqqı Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Məhkəmə xərcinin tutulması ilə bağlı

27. İddiaçı ödənilmiş 44,84 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

28. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafası əsasında müəyyən olunur ki, **********03 nömrəli mədaxil qəbzi əsasında iddia ərizəsinin verilməsinə görə 44,84 manat dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir.

29. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

30. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Beləliklə, iddia tələbinin təmin edildiyini və qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 44,84 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsi üzrə 2483,65 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 44,84 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar