Məhkəmə qərarları › İş №e-2-2(113)-631/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-631/2025

11.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-631/2025 11.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdеhlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdеhlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 müştərək qaydada onun хеyrinə 008R********** saylı krеdit razılaşması üzrə 2662,37 manat məbləğində krеdit bоrcu, 215,54 manat məbləğində faiz bоrcu və 158,65 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 3036,56 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 50,37 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 008L**********37 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 800000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 008R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində krеdit götürmüşdür. Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 27337,63 manat ödəmiş, onun 2662,37 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 200 gün üçün hesablanmış faiz borcu 215.54 manat təşkiledir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 200 gün üçün hеsablanmış cərimə 158.65 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 448.1, 465.2 və 467, 472.1, 472.2, 501 maddələrinə istinad olunmuşdur. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: “Bank” İddiaçı QSC ilə “Kredit Alan” Cavabdeh2 və “Zamin”lər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 008L**********37 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən Bank Kredit Alana sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədi ilə, faiz dərəcəsinin yuxarı həddi 28%, FİFD-in yuxarı həddi 30%, aylıq ödənişin yuxarı həddi 30000 manat olmaqla 120 ay müddətinə 800000 manat məbləğində krеdit хətti açılmışdır. Verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi, FİFD, olduğu təqdirdə Ödəniş Planı və digər xüsusi şərtləri hər dəfə Müqavilənin tələbləri nəzərə alınmaqla Kredit Sazişi ilə müəyyən edilir. Zamin, bu Müqavilə üzrə Kredit Alanın öhdəliklərinin icrası üçün Kredit Alan ilə birgə və tam məsuliyyət daşıyır. Bu Müqavilə əsasında Kredit verilməsi və qaytarılması hər bir Kredit Sazişinə uyğun olaraq həyata keçirilir. Bank, Kredit Alan Krediti və Kredit Faizini Banka vaxtında və lazımı qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün Kredit qalığının 0,02 % məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. xx.xx.2021-ci il tarixli 008L**********37 saylı uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli tarixli **********37 nömrəli krеdit razılaşması əsasında sonuncu Cavabdeh2 36 ay müddətinə 28% ilə 30000 manat məbləğində fərdi mikro krediti verməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli Kreditin verilməsi-köçürmə qəbzdən və hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh2 iddiaçı bankda olan hesabına hesabına 30000 manat kredit köçürülmüş, 0 manat komissiya tutulmuşdur. xx.xx.2021-ci il tarixli tarixli **********37 saylı kredit razılaşmasının ödəniş planına əsasən Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixə qədər hər ayın 15-17-i olmaqla 1098 manat, sonuncu ay 1099,23 manat aylıq ödəniş ödəməlidir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, borclu Cavabdeh2 əsas borc üzrə 2662,37 manat, faiz borcu üzrə 215,54 manat, cərimə borcu üzrə 158,65 manat olmaqla, ümumilikdə "xxxx" QSC-yə olan borcu 3036,56 manat təşkil edir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, borclu Cavabdeh2 əsas borcu 2312,37 manat, faiz borcu 421,63 manat, cərimə borcu 236,74 manat olmaqla, ümumilikdə "xxxx" QSC-yə olan borcu 2970,74 manat təşkil edir. "xxxx" QSC tərəfindən Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubları ünvanlanaraq borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı QSC 50,37 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2025-ci il tarixli, 3-16-16/2-9/10673/2024 saylı ekspert rəyinə əsasən, tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli 008L**********37 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh2 İddiaçı QSC-yə xx.xx.2024-cü il tarixə əsas borc üzrə 2770,16 manat, faiz borcu üzrə 16,08 manat, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 2478,78 manat, faiz borcu üzrə 10,47 manat təşkil edir. Ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh2 tərəfindən xx.xx.2024-cü il tarixdən sonra 350 manat məbləğində ödəniş aparılması müəyyən edilir. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi xx.xx.2024-cü il tarixə göstərildiyindən 350 manat məbləğində ödəniş nəzərə alınmamışdır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır 739-cu maddəsinin xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmənin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı bank Cavabdeh2 xx.xx.2021-ci il tarixli 008L**********37 saylı uzunmüddətli kredit müqaviləsi üzrə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli tarixli **********37 i krеdit razılaşmasına əsasən illik faiz dərəcəsi 28% olmaqla 36 ay müddətinə 30000 manat kredit vermişdir. Həmçinin Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 zamin kimi xx.xx.2021-ci il tarixli 008L**********37 uzunmüddətli kredit və təminat müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün kredit alan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı və tam məsuliyyəti öz üzərinə götürmüşdür. Kreditor, yəni iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək 30000 manat kredit versə də, borcalan və zamin, yəni cavabdehlər müqavilə üzrə öhdəlikləri tam icra etməyərək aylıq ödənişləri ödəməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı uzunmüddətli kredit və təminat müqaviləsi əsasında borcu tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. Lakin bununla belə ekspertiza nəticəsində müəyyən edilmişdir ki, cavabdehlərin müqavilə müddəti başa çatdığı xx.xx.2024-cü il tarixə 2770,16 manat əsas, 16,08 manat faiz, maliyyə arayışında göstərilən xx.xx.2024-cü il tarixə 2478,78 manat əsas, 10,47 manat faiz borcu vardır. Cavabdeh2 tərəfindən xx.xx.2024-cü il tarixdən sonra 350 manat məbləğində ödəniş aparılmış, lakin həmin ödəniş suala uyğun olaraq ekspert tərəfindən nəzərə alınmamışdır. Həmçinin ekspert rəyində olan cədvəldən məlum olur ki, müqavilə müddəti başa çatdığı xx.xx.2024-cü il tarixdən sonra da ekspert tərəfindən faiz hesablanaraq aparılmış ödənişlər faizdən də çıxılmışdır. Halbuki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Məhkəmə, ekspert rəyinində göstərilən tədqiqat prosesinin təsvirini, bank hesabından çıxarışı nəzərdən keçirərək, qeyd olunan Konstitusiya Məhkəməsinin Qərarını və Mülki Məcəllənin 399.3-cü maddəsini əsas götürüb faiz borcunun müqavilə müddətinin sonuna qədər hesablanmalı olduğunu nəzərə alaraq hesab edir ki, ekspert rəyinə əsasən faiz borcu kredit razılaşmasının müddətinin bitdiyi xx.xx.2024-cü il tarixinə hesablanmış 16,08 manat məbləğində müəyyən olunmalıdır. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, cavabdehin müqavilə müddəti başa çatdığı xx.xx.2024-cü il tarixindən sonra ödədiyi cəmi 829 manat ödəniş, həmin tarixə hesablanmış, ilk növbədə 16,08 manat faiz, sonra isə 2770,16 manat əsas borcundan çıxılmalı, bu zaman faiz borcu tam ödənildiyi üçün yalnız 1957,24 manat əsas borc hesablanmalıdır. Bununla yanaşı iddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə 158,65 manat məbləğində cərimə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 008L**********37 saylı uzunmüddətli kredit müqaviləsində ödənişlərin gecikdirildiyi təqdirdə cərimə haqqında razılaşma öz əksini tapmışdır. Lakin məhkəmə Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin olunaraq cavabdehlərdən müşərək qaydada iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli 008L**********37 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 1957,24 manat əsas borc və 100 manat cərimə borcu tutulmalıdır. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 50,37 manat dövlət rüsumunun 41,57 manat hissəsinin əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 30 manat məbləğində hissəsi İddiaçı ASC-dən, 70 manat məbləğində hissəsi isə cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 müştərək qaydada 1957,24 manat əsas borc, 100 manat cərimə, ümumilikdə 2057 (iki min əlli yeddi) manat 24 (iyirmi dörd) qəpik məbləğində borc və ödənilmiş dövlət rüsumunun 41 (qırx bir) manat 57 (əlli yeddi) qəpiyinin əvəzi tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 70 (yetmiş) manatı müştərək qaydada cavabdеhlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, 30 (otuz) manatı isə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar