Məhkəmə qərarları › İş №e-2-2(113)-6342/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6342/2022

30.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6342/2022 30.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh1 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 344,41 (üç yüz qırx dörd manat qırx bir qəpik) manat əsas borc, 245,78 (iki yüz qırx beş manat yetmiş səkkiz qəpik) manat faiz borcu, 1795,16 (bir min yeddi yüz doxsan beş manat on altı qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 51,75 (əlli bir manat yetmiş beş qəpik) manat faiz borcu və 50 (əlli) manat məbləğində mediasiya xərcinin tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialı ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə ********* nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə dövriyyə vəsaitinin artırılması və cari xərclərin ödənilməsi məqsədi ilə Cavabdeh1 18 (on səkkiz) ay müddətinə illik 33% dərəcəsi ilə 3800 (üç min səkkiz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında xx.xx.2015-ci il tarixdə ********* nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli Əlavə sazişlərə əsasən kreditorun borcalana (birgə borcalana) verdiyi kredit restrukturizasiya edilmiş, restrukturizasiya edilmiş kreditin qalıq məbləği 2020,38 (iki min iyirmi dollar otuz sent) ABŞ dolları məbləğ konvertasiya edilmiş (1 ABŞ dolları = 1.40 manat) və 2828,53 (iki min səkkiz yüz iyirmi səkkiz manat əlli üç qəpik) manat hesablanmışdır. Kreditin müddəti xx.xx.2019-cu il tarixədək təyin olunmuşdur. LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış əsas borcun, cərimə və faiz borcunun ödənilməsi tələbi” mübahisəsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyası keçirilmişdir. Cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etmədiklərindən “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2022-ci il tarixli, 03238 nömrəli arayış tərtib edilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2022-ci il tarixli, **********127 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdeh sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 50 (əlli) manat məbləğində ödəniş etmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilələr üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 2437,10 (iki min dörd yüz otuz yeddi manat on qəpik) manat təşkil edir. Bundan 344,41 (üç yüz qırx dörd manat qırx bir qəpik) manat əsas, 245,78 (iki yüz qırx beş manat yetmiş səkkiz qəpik) manat faiz, 1795,16 (bir min yeddi yüz doxsan beş manat on altı qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 51,75 (əlli bir manat yetmiş beş qəpik) manat faiz borcu təşkil edir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qismən qəbul edir. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətindən xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi əsasında kredit götürmüşdür. Daha sonra maliyyə vəziyyətinin pisləşməsi səbəbindən kredit ödənişlərini həyata keçirə bilməmişdir. İddia tələbini qismən, əsas və faiz borcu hissəsində qəbul edir və həmin məbləğləri hissə-hissə ödəyəcəkdir. Lakin cərimə məbləği artıq hesablanmışdır. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, borcalan bankdan 18 (on səkkiz) ay müddətinə, illik faiz dərəcəsi 33% olmaqla, 3800 (üç min səkkiz yüz) ABŞ dolları məbləğində kredit götürmüşdür. - İddiaçı ASC ilə Cavabdeh2 və X1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100010678/ZM nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlər - Cavabdeh2 və X1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1, aralarında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə 19 sentyabr 2017-ci il tarixdə 01 nömrəli Əlavə Saziş bağlamışlar. Həmin sazişin 1.1-ci bəndinə əsasən kredit aşağıdakı şərtlərlə restruktizasiya edilir: borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin 2020,38 (iki min iyirmi dollar otuz səkkiz sent) ABŞ dolları təşkil edən qalığı konvertasiya edilməklə (1 ABŞ dolları = 1,4 manat) 2828,53 (iki min səkkiz yüz iyirmi səkkiz manat əlli üç qəpik) manat təşkil edir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 1194,42 (bir min bir yüz doxsan dörd manat qırx iki qəpik) manat əsas borc, 804,69 (səkkiz yüz dörd manat altmış doqquz qəpik) manat faiz borcu və 829,42 (səkkiz yüz iyirmi doqquz manat qırx iki qəpik) manat cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə bu Əlavə saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları 1 USD = 1,4 manat məzənnəyə əsasən manata konvertasiyə edilməklə ayrıca hesabda dondurulur. Borcalan tərəfindən öhdəliyi bu Sazişə əlavə edilmiş ödəniş qrafiki üzrə vaxtında və lazımınca icra edildikdə və qrafik üzrə borc tam ödənildikdən sonra növbəti hər 12 (on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən çox olmadıqda, dondurulmuş faiz və cərimə borcları müəyyən edilmiş müddətin sonunda kreditor tərəfindən güzəşt edilir. Əgər ödəniş qrafiki üzrə növbəti hər 12 (on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən artıq olarsa, hesablanmış və ya hesablanacaq faiz və cərimə məbləğləri müəyyən edilmiş müddətin sonunda güzəşt edilmir və kredit öhdəliyi üzrə odənişlər ilkin olaraq cərimənin, sonra faizlərin, daha sonra isə əsas məbləğin ödənilməsinə yönəldilir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2019-cu il tarixədək təşkil edir. Həmin sazişin 1.2-ci bəndinə əsasən restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 15 (on beş) % ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 14,99 (on dörd tam yüzdə doxsan doqquz) faiz təşkil edir. Həmin sazişin 1.3-cü bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 30 (otuz) faiz dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Həmin sazişin 1.4-cü bəndinə əsasən borcalan kreditora kreditin restrukturizasiya rəsmiləşdirilməsi üçün (ssuda hesabı açılması, sənədlərin təhlili və hazırlanması və digər hallarda yaranan xərclər) bu müqavilənin 0 (sıfır) % məbləğində komissiya haqqı ödəyir. Həmin sazişin 1.5-ci bəndinə əsasən bu saziş imzalandığı tarixdən etibarən müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki dəyişdirilir və dəyişdirilmiş ödəniş qrafiki bu sazişə əlavə edilir. Həmin sazişin 1.6-cı bəndinə əsasən borcalan yuxarıdakı ödəniş qrafiki üzrə öhdəliklərinin icrası zamanı növbəti hər 12 (on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən çox olduqda kreditorun təşəbbüsü ilə X3 bitərəfli qaydada xitam verilə və kredit dondurulmuş faiz və cərimə, həmçinin hesablanacaq faiz və cərimələrin vaxtından əvvəl ödənişi tələb edilə bilər. X3 kreditor tərəfindən xitam verildikdə, müvafiq kredit öhdəliyi üzrə münasibətlərə tərəflər arasında imzalanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinin şərtləri tətbiq olunur. Bu zaman borcalanın güzəştli məzənnə ilə ödədiyi bütün ödənişlər bankın ödəniş tarixinə qüvvədə olan məzənnəsi ilə yenidən hesablanır və bu fərq borcalan tərəfindən dərhal kreditora ödənilir. Həmin sazişin 2.1-ci bəndinə əsasən bu Əlavə Saziş imzalandığı tarixdən qüvvəyə minir. Həmin sazişin 2.2-ci bəndinə əsasən bu Saziş üzrə dəyişdirilmiş və əlavə edilmiş bəndlər istisna olmaqla, müqavilənin digər bəndləri dəyişdirilmədən öz qüvvəsində qalır. Həmin sazişin 2.3-cü bəndinə əsasən bu Əlavə Sazişlə xx.xx.2021-ci il tarixli, ********* saylı kredit müqaviləsinin hər hansı bir bəndi arasında ziddiyyət yaranarsa, bu Əlavə Sazişin şərtləri tətbiq olunur. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2, aralarında bağlanmış xx.xx.2015-ci il tarixli, 100010678/ZM nömrəli zaminlik müqaviləsi üzrə 19 sentyabr 2017-ci il tarixdə 01 nömrəli Əlavə Saziş bağlamışlar. Həmin sazişin 1.1-ci bəndinə əsasən borcalanın kreditor qarşısındakı 2020,38 (iki min iyirmi dollar otuz səkkiz sent) ABŞ dolları təşkil edən kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1 ABŞ dolları = 1,4 manat) 2828,53 (iki min səkkiz yüz iyirmi səkkiz manat əlli üç qəpik) manat təşkil edir. Həmin sazişin 1.1.1-ci bəndinə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 1194,42 (bir min bir yüz doxsan dörd manat qırx iki qəpik) manat əsas borc, 804,69 (səkkiz yüz dörd manat altmış doqquz qəpik) manat faiz borcu və 829,42 (səkkiz yüz iyirmi doqquz manat qırx iki qəpik) manat cərimə borcu təşkil edir. Həmin sazişin 1.2-ci bəndinə əsasən restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2019-cu il tarixədək təşkil edir. Həmin sazişin 1.3-cü bəndinə əsasən restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 15 (on beş) % ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 14,99 (on dörd tam yüzdə doxsan doqquz) faiz təşkil edir. Həmin sazişin 1.4-cü bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 30 (otuz) faiz dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Həmin sazişin 2.1-ci bəndinə əsasən bu Əlavə Saziş imzalandığı tarixdən qüvvəyə minir. Həmin sazişin 2.2-ci bəndinə əsasən zamin(lər) bu Əlavə Sazişi imzalamaqla xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən, xx.xx.2017-ci il tarixli, 01 saylı Əlavə Sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq edir. Həmin sazişin 2.3-cü bəndinə əsasən bu Əlavə Saziş üzrə dəyişdirilmiş və əlavə edilmiş bəndlər istisna olmaqla müqavilənin digər bəndləri dəyişdirilmədən öz qüvvəsində qalır. - xx.xx.2015-ci il tarixli, **********21 nömrəli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 3800 (üç min səkkiz yüz) ABŞ dolları pul vəsaiti verilmişdir. Sözügedən orderi Cavabdeh1 3800 (üç min səkkiz yüz) ABŞ dolları məbləğində pul vəsaitini aldığını qeyd edərək imza etmişdir. - ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, **********359 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə Cavabdeh1 banka 344,41 (üç yüz qırx dörd manat qırx bir qəpik) manat əsas borc, 245,78 (iki yüz qırx beş manat yetmiş səkkiz qəpik) manat faiz borcu, 1795,16 (bir min yeddi yüz doxsan beş manat on altı qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 51,75 (əlli bir manat yetmiş beş qəpik) manat faiz borcu olmaqla, ümumilikdə borcu 2437,10 manat (iki min dörd yüz otuz yeddi manat on qəpik) manat təşkil edir. - ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********127 nömrəli bildiriş (pretenziya) məktubundan görünür ki, kredit müqaviləsi üzrə borcun banka ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə bank tərəfindən borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit xətti müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borcalana bank tərəfindən 18 (on səkkiz) ay müddətinə, illik faiz dərəcəsi 33% olmaqla, 3800 (üç min səkkiz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 və X1 arasında xx.xx.2015-ci il tarixli, 100010678/ZM nömrəli zaminlik müqaviləsi bağlanılmış və həmin zaminlik müqaviləsinə əsasən İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlər – Cavabdeh2 və X1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Daha sonra İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə 19 sentyabr 2017-ci il tarixdə 01 nömrəli Əlavə Saziş bağlanmışdır. Eləcə də, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100010678/ZM nömrəli zaminlik müqaviləsi üzrə 19 sentyabr 2017-ci il tarixdə 01 nömrəli Əlavə Saziş bağlanmışdır. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtləri və mülki qanunvericiliyin normaları pozulmuşdur. İddia tələbinin bir hissəsini cavabdehlərdən müştərək qaydada 344,41 (üç yüz qırx dörd manat qırx bir qəpik) manat əsas borc və 245,78 (iki yüz qırx beş manat yetmiş səkkiz qəpik) manat faiz borcunun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, zamin və borclunun kreditor qarşısında birgə məsuliyyət daşıdığını, cavabdehlərin müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi göstərilən, yəni cavabdehlərdən müştərək qaydada əsas və faiz borcunun tutulması hissəsində tam təmin edilməli və cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 344,41 manat (üç yüz qırx dörd manat qırx bir qəpik) əsas borc və 245,78 manat (iki yüz qırx beş manat yetmiş səkkiz qəpik) faiz borcu tutulmalıdır. İddia tələbinin digər hissəsini cavabdehlərdən müştərək qaydada 1795,16 (bir min yeddi yüz doxsan beş manat on altı qəpik) manat cərimə borcunun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehlərdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 20 (iyirmi) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia tələbinin digər hissəsini Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilməyə görə illik 5 (beş) faiz dərəcəsi ilə hesablanan 51,75 (əlli bir manat yetmiş beş qəpik) manat məbləğin cavabdehlərdən müştərək qaydada tutulması təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan normalara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh icranı gecikdirdiyindən iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır və gecikdirilmiş vaxt nəzərə alınaraq, həmin hissədə iddia təmin olunmalı və cavabdehlərdən müştərək qaydada 51,75 (əlli bir manat yetmiş beş qəpik) manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı 50 (əlli) manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada 50 (əlli) manat mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 344,41 manat (üç yüz qırx dörd manat qırx bir qəpik) əsas borc, 245,78 manat (iki yüz qırx beş manat yetmiş səkkiz qəpik) faiz borcu, 20 (iyirmi) manat cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra 5%-lə hesablanmış 51,75 manat (əlli bir manat yetmiş beş qəpik) faiz borcu, 50 (əlli) manat mediasiya xərci olmaqla, cəmi 711,94 manat (yeddi yüz on bir manat doxsan dörd qəpik) məbləğində pul iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar