Məhkəmə qərarları › İş №e-2-2(113)-6358/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6358/2024

19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6358/2024 19.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borc müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borc müqaviləsi, əsas və törəmə təsərrüfat cəmiyyəti, öhdəlikdə borcluların çoxluğu, dəbbə pulunun azaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borc müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra Cavabdeh ASC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 09 iyun 2023-cü il tarixli və 03 may 2023-cü il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktları üzrə 500 000 manat məbləğində əsas borc, 253 000 manat məbləğində cərimənin və ödənilmiş 400 manat mediasiya xərcinin, 415 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh ("xxxx" MMCnin hüquqi varisi) arasında 13 dekabr 2022-ci il tarixli borc müqaviləsi üzrə borcların mövcudluğunu təsdiq edən 09 iyun 2023-cü il tarixli və 03 may 2023-cü il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktları bağlanmışdır. Aktların məcmusu ilə cavabdehin iddiaçıya borc müqaviləsi üzrə 500 000 manat borc öhdəliyi mövcuddur. Bundan əlavə, 13 dekabr 2022-ci il tarixli borc müqaviləsinin 5.3-cü maddəsinə əsasən müqavilənin 16 dekabr 2022-ci il tarixli 1 saylı əlavə razılaşmasının 2-ci bəndi ilə müəyyən olunmuş tarixədək cavabdeh borc məbləğini ödəmədiyindən hesablanmış cərimə məbləği 253 000 manat təşkil edir. Qeyd olunanlarla bağlı iddiaçı tərəfindən cavabdehə çoxsaylı müraciətlər edilməsinə, həmçinin borc müqaviləsinin müddəalarına əsasən mediasiya sessiyasının keçirilməsinə və məsələnin məhkəmədən kənar həll edilməsi təklifləri edilməsinə baxmayaraq, sonuncu tərəfindən məsələnin həlli istiqamətində hər hansı addımlar atılmamış, dolayısı ilə müqavilə öhdəliklərinin pozuntusuna yol verilmişdir. Bunlar onu deməyə əsas verir ki, iddiaçı müqavilə şərtləri, həmçinin Azərbaycan Respublikasının mülki qanunvericiliyinin tələbələrini gözlədiyi halda, cavabdeh öhdəliklərini icra etməməklə özünün mülki məsuliyyətinin yaranmasını labüd etmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385, 442, 448-ci və s. maddələri göstərilmişdir.

4. Cavabdeh məhkəməyə iddiaya etiraz təqdim edərək, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı “borc müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir.

5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, 13 dekabr 2022-ci il tarixli borc müqaviləsi bağlanarkən iddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində fəaliyyət göstərirdi. "xxxx" ASC-nin birbaşa göstərişi əsasında onun tabeliyində olan müəssisələrə daxili faizsiz borc verilir və həmin borcu alan müəssisə digər müəssisələrin əvəzinə enerji daşıyıcılarına (işıq, qaz, su), xammala və mühafizə xidmətlərinə görə yaranmış borcları ödəyirdi. Məsələn, "xxxx" ASC-nin müəssisələrində mühafizə xidmətini həyata keçirən "xxxx" MMC-yə "xxxx" MMC-nin mühafizəsinə görə haqq "xxxx" MMC-dən tutulub. "xxxx" ASC-nin Baş direktoruna "xxxx" MMC-nin direktoru tərəfindən 15 aprel 2021-ci il tarixində ünvanlanan ***-**** nömrəli məktubda qeyd edilib ki, "xxxx" MMC-nin əvəzinə "xxxx" MMC tərəfindən 128 882,23 manat ödənilibdir. Yəni iyul 2018-ci ildən fevral 2021-ci ilədək cavabdeh tərəfindən "xxxx" ASC-nin birbaşa göstərişi əsasında hər ay təqribən 6267,57 manat ödəniş edilmişdir. Həmin ödənişlər təqdim edilən e-qaimələrdə də öz əksini tapır. 2020-ci ilin mart ayından 2023-cü ilin fevral ayınadək (mart və fevralda da daxil olmaqla – 36 ay) bu ödənişlər tam formada davam edib. Beləliklə, göstərilən müddət ərzində cavabdeh "xxxx" ASC-nin tabeliyində olan "xxxx" MMC-nin mühafizə xidmətinə görə ödəməli olduğu 225 632,52 manat borcu "xxxx" MMC-yə ödəyib. Qeyd edilənlərdən əlavə, "xxxx" ASC-nin göstərişinə əsasən cavabdeh təkcə "xxxx" MMC-nin əvəzinə deyil, həm də "xxxx" MMC-nin də əvəzinə mühafizə xidmətinə (yəni "xxxx" MMC-yə), enerji daşıyıcılarına (qaz, işıq), xammal təchizatına və işçilərin əmək haqqı borcuna görə 322 457,66 manat ödəmişdir. Beləliklə, ümumilikdə "xxxx" ASC cavabdehi məcbur edib ki, ona aid olmayan xidmətlərə görə "xxxx" ASC-nin tabeliyində olan başqa qurumlara 676 972,41 manat ödəniş etsin. Və bunu təmin etmək məqsədilə müxtəlif vaxtlarda daxili borc müqavilələrini imzalatdırıb və borcu əvəzləşdirmək bəhanəsi ilə həmin ödənişləri icra etdirib. Yuxarıda qeyd edilənlərə əsasən, iddiaçı öz borcunu "xxxx" ASC-dən tələb etməlidir.

6. İddiaya etirazda hər hansı hüquq normasına istinad edilməmişdir.

II. Tərəflərin mövqeləri:

7. Məhkəmə iclaslarında iştirak edən iddiaçının X2 iddianın məzmununa uyğun izahatlar verdi və eyni zamanda bildirdi ki, Cavabdeh ASC, həm də İddiaçı MMC Azərbaycan Sənaye Korporasiyasının törəmə müəssisələri olmuş, Azərbaycan Sənaye Korporasiyasının yaradılmasında məqsəd də hüquqi şəxslərin bir-birinə maddi dəstək göstərməsi olmuşdur. Bu məqsədlə verilən borclar da geri qaytarılır.

8. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya etirazın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, hazırda Cavabdeh ASC Əmlak Məsələləri Dövlət Xidmətinin balansındadır və fəaliyyətini dayandırmışdır. Cavabdeh ASC (əvvəlki "xxxx" ASC) özəlləşdirilmək üçün Azərbaycan Sənaye Korporasiyasından ayrılaraq Əmlak Məsələləri Dövlət Xidmətinin balansına verilmişdir.

9. Cavabdehin nümayəndəsi məhkəmənin sonuncu baxış iclasında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Borc müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı

11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

13. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh (əvvəlki "xxxx" MMC) arasında xx.xx.2022-ci il tarixli borc müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdehin sorğusundan qeyd olunan məbləği tranşlarla hissə-hissə faizsiz borc kimi cavabdehə verməyi, cavabdeh isə borcu müəyyən olunan şərtlərlə və qaydada borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən borc cavabdehin maliyyə çətinliyinin aradan qaldırılması məqsədilə verilmiş, borcun müqavilənin qüvvədə olma müddətində tam həcmdə qaytarılması şərtləşdirilmişdir. Adıçəkilən müqavilənin imzalandığı andan qüvvəyə minməsi və 31 dekabr 2023-cü il tarixədək qüvvədə olması razılaşdırılmışdır. Daha sonra xx.xx.2022-ci il tarixli borc müqaviləsinə 16 dekabr 2022-ci il tarixli 01 nömrəli əlavə razılaşma bağlanmış, borcun məbləğinin 500 000 manat olması, cavabdehin xx.xx.2023cü il tarixədək borcu qaytarması müəyyən edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin debit haqqında bildirişinə əsasən, 500 000 manat məbləğində pul xx.xx.2022-ci il tarixli borc müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə cavabdehin bank hesabına köçürülmüşdür. 09 iyun 2023-cü il tarixli hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktı ilə tərəflər borcların qarşılıqlı üzləşməsini aparmış və xx.xx.2022-ci il tarixli borc müqaviləsi üzrə cavabdehin borcu 500 000 manat olaraq təsdiq edilmişdir.

14. İddiaçı xx.xx.2022-ci il tarixli borc müqaviləsi üzrə 500 000 manat məbləğində pulun tutulmasını tələb edir.

15. Cavabdeh iddiaya etiraz edərək, "xxxx" ASC Azərbaycan Sənaye Korporasiyasının tərkibində olarkən borcu həmin hüquqi şəxsin göstərişi ilə götürdüyünü, hazırda Əmlak Məsələləri Dövlət Xidmətinin balansında olduğunu və borc üçün məsuliyyət daşımadığını bildirir.

16. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıları qeyd edilməsini zəruri hesab edir. Məhkəmə həmçinin göstərir ki, borc müqaviləsi üzrə münasibətləri tənzimləyən Mülki Məcəllənin müvafiq normaları yeni redaksiyada verildiyindən aşağıda həmin Məcəllənin borc müqaviləsi bağlanan və müqavilə üzrə öhdəliklər icra edilən zaman qüvvədə olan redaksiyasına istinad edilir.

17. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

18. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır (740.1). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

19. Göründüyü kimi, borc müqaviləsi konsensual müqavilə olmaqla qanunvericilikdə nəzərdə tutulmuş forma tələblərinə malikdir. Belə ki, iştirakçısı hüquqi şəxs olan borc müqavilələri hər bir halda yazılı formada bağlanmalıdır. Hazırkı əqd üzrə qeyd edilən tələbə əməl edilmişdir.

20. Mülki Məcəllənin 742.1-ci maddəsinə əsasən, əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır.

21. Məhkəmə xx.xx.2022-ci il tarixli borc müqaviləsinə 16 dekabr 2022-ci il tarixli 01 nömrəli əlavə razılaşmaya əsasən borcun xx.xx.2023-cü il tarixədək qaytarılmasının razılaşdırıldığı və həmin müddət ərzində borcun qaytarılmadığını nəzərə alaraq hesab edir ki, iddia borcun tutulması hissəsində əsaslıdır.

22. Cavabdehin etirazlarını ilə bağlı isə göstərilməlidir ki, mülki hüquq nəzəriyyəsində öhdəlik hüququ əşya hüququndan fərqli olaraq nisbi hüquq hesab edilir. Başqa sözlə, öhdəlik bir qayda olaraq yalnız onun tərəfləri üçün hüquq və vəzifələr müəyyən edir, müqavilə iştirakçısının tələb etmək hüququ əşya hüquqlarında olduğu kimi hamı və hər kəs üçün deyil, yalnız kontragent üçün vəzifələr yaradır. Məhz Mülki Məcəllənin 387.3-cü maddəsinə əsasən də öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər.

23. Lakin mülki qanunvericilikdə müəyyən istisnalar da nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 67.3-cü maddəsinə əsasən, törəmə cəmiyyətə onun üçün məcburi göstərişlər vermək hüququ olan əsas ortaqlıq və ya cəmiyyət həmin göstərişlərin icrası üçün törəmə cəmiyyətin bağladığı əqdlər üzrə onunla birgə məsuliyyət daşıyır. Əsas ortaqlıq və ya cəmiyyət törəmə cəmiyyətə onun üçün məcburi göstərişlər vermək hüququna yalnız o halda malik sayılır ki, bu hüquq törəmə cəmiyyətlə müqavilədə nəzərdə tutulmuş olur.

24. Mülki Məcəllənin 67.1-ci maddəsində isə törəmə cəmiyyətə anlayış verilmişdir. Həmin anlayışa görə, təsərrüfat cəmiyyəti o halda törəmə cəmiyyət sayılır ki, digər (əsas) təsərrüfat ortaqlığı və ya cəmiyyəti onun nizamnamə kapitalında üstün iştirakına görə və ya onlar arasında bağlanmış müqaviləyə müvafiq surətdə həmin cəmiyyətin qəbul etdiyi qərarları müəyyənləşdirmək imkanına malik olur.

25. Göründüyü kimi, törəmə cəmiyyətin öhdəliyindən irəli gələn əsas cəmiyyətə qarşı tələblərdə, əvvəla, hüquqi şəxslərin əsas cəmiyyət və törəmə cəmiyyət statusuna malik olub-olmaması, daha sonra isə əsas cəmiyyətin törəmə cəmiyyətinin bağladığı əqdlər üçün birgə məsuliyyət daşıyıb-daşımaması müəyyən olunmalıdır.

26. Lakin bilavasitə törəmə cəmiyyətə qarşı tələb irəli sürülərkən qeyd edilən araşdırmanın heç bir əhəmiyyəti yoxdur. Belə ki, qanunvericilikdəki yanaşmaya görə qətnamənin 25-ci paraqrafında göstərilmiş şərtlər mövcud olduqda əsas cəmiyyət və törəmə cəmiyyət öhdəlik üçün birgə məsuliyyət daşıyır, başqa sözlə öhdəlikdə borcluların çoxluğu baş verir. Mülki Məcəllənin 501-ci maddəsinə əsasən isə kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır.

27. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, cavabdehin arqumentləri, hətta əsaslı olsa belə, onu 13 dekabr 2022-ci il tarixli borc müqaviləsi üzrə öhdəliyindən azad etmir. Həmçinin məhkəmə Mülki Məcəllənin 509-cu maddəsindən irəli gələrək qeyd edir ki, müvafiq hallar olduqda öhdəliyi icra edən birgə borclulardan biri reqres qaydasında tələb hüququnu özündə saxlayır.

28. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

29. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

30. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

31. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

32. Beləliklə, məhkəmə hesab edir ki, borc müqaviləsi üzrə verilmiş borcun qaytarılması ilə bağlı öhdəliyi pozaraq, qanun və müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (borcalan) müqavilə üzrə yaranmış borcunu cavabdehə ödəməlidir.

33. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, 13 dekabr 2022-ci il tarixdə bağlanmış borc müqaviləsi üzrə 500 000 manat əsas borc Cavabdeh ASC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Borc müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı

34. İddia ərizəsində iddiaçı həmçinin 253 000 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş edir.

35. 13 dekabr 2022-ci il tarixli borc müqaviləsinin 5.3-cü maddəsinə əsasən borcun ödənilməsi bu müqavilə ilə müəyyən edilən müddəti keçdiyi halda gecikdirilən hər gün üçün borcun ödənilməmiş hissəsinin 0,1 faizi məbləğində dəbbə pulu tətbiq olunacaqdır.

36. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

37. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

38. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

39. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında və mediasiya vasitəsilə həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və ya mediasiya mərhələsində həll edilməsi mümkün olmamışdır. Həmçinin iddiaçı da uzun müddət sonra – xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.

40. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulmalı cərimə məbləğinin 25000 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

41. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində qismən təmin edilməli, 25000 manat məbləğində cərimə Cavabdeh ASC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

c) Məhkəmə xərcinin tutulması ilə bağlı

42. İddiaçı həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat, dövlət rüsumu kimi ödənilmiş 415 manat pulun cavabdehdən tutulması tələbini irəli sürmüşdür.

43. İddia ərizəsinə əlavə edilmiş 03 iyul 2024-cü il tarixli MŞB/MT015/2024-0193-02 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənmişdir.

44. Mülki Prosessual Məcəllənin 4.5-ci maddəsinə əsasən, tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər.

45. 13 dekabr 2022-ci il tarixli borc müqaviləsinin 6.3 və 6.4-cü bəndinə əsasən, mübahisələrin həlli danışıqlar və pretenziya yolu ilə 15 (on beş) gün müddətində mümkün olmadıqda, tərəflər bu məsələləri “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş şəkildə mediasiya qaydasında həll edirlər. Tərəflər arasındakı mübahisə və anlaşılmazlıqlar mediasiya qaydasında həll edilə bilmədikdə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən aidiyyəti məhkəmələrdə həll edilməlidir.

46. Göründüyü kimi, tərəflər 13 dekabr 2022-ci il tarixli borc müqaviləsindən irəli gələn mübahisələr üzrə mediasiyaya dair qeyd-şərt barədə razılığa gəlmişdir.

47. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

48. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya xərci tam olaraq cavabdehdən tutulmalıdır.

49. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafası əsasında müəyyən edilir ki, iddia ərizəsinin verilməsi üçün ********** nömrəli qəbzlə 415 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Həmçinin **********78 nömrəli qəbzlə 228 manat məbləğində dövlət rüsumu ödəənilmişdir.

50. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

51. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

52. İddianın qismən təmin olunduğunu və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 400 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 328 manat pul Cavabdeh ASC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

53. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında 13 dekabr 2022-ci il tarixdə bağlanmış borc müqaviləsi üzrə 500 000 manat əsas borc, 25000 manat cərimə məbləği olmaqla ümumilikdə 525 000 manat məbləğində pul Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 328 manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pul Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar