Məhkəmə qərarları › İş №e-2-2(113)-6372/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6372/2025

01.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6372/2025 01.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı2 cavabdeh Aqrar Sığorta Fonduna qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sığorta müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi, İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Aqrar Sığorta Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı2 cavabdeh Aqrar Sığorta Fonduna qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı2 cavabdeh Aqrar Sığorta Fonduna qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 21.831,67 manat sığorta ödənişinin və ödənilmiş rüsumun əvəzi olaraq 171 manat Aqrar Sığorta Fondundan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, “Zərdab rayonu Çallı kəndində yerləşən 32.6 ha torpaq sahəsi mənə məxsusdur. Bu barədə mənə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xx.xx.2018-ci il tarixdə ******* nömrəli, RX Seriyalı çıxarış verilmişdir. Həmin torpaq sahəsində 2021-ci ilin noyabr ayında tərəfimdən dənli bitki olan arpa əkilmişdir. Həmin torpaq sahəsində baş verə biləcək risklərin (dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və ya subasma, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri) qarşısının alınması məqsədi ilə Aqrar Sığorta Fondu adından "xxxx" ASC ilə 1 dekabr 2021-ci il tarixdə müqavilə bağlanmışdır. Bu barədə mənə X4 və Bitkiçilik Məhsullarının Sığortası üzrə Sığorta Şəhadətnaməsi verilmişdir. Sığorta ödənişi kimi tərəfimdən 421,37 manat aqrar sığortalı kimi sığorta haqqı ödənilmişdir. Aqrar Sığorta müqavilələrinin bağlanmasına dair razılaşmanın 1 nömrəli əlavəsindən görünür ki, 32.6 ha torpaq sahəsinin sığorta məbləği 36055,60 manatdır. Daha sonra Zərdab rayon mexaniki suvarma idarəsi tərəfindən torpaq sahəsinə su verilmədiyindən 32.6 ha torpaq sahəsinin 24 ha hissəsi zədələnmişdir. Bununla bağlı müvafiq dövlət qurumlarına və eləcədə Kənd Təsərüffatı Nazirliyinə müraciət etdim. Kənd Təsərüffatı Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubundan da görünür ki, mənim müraciətim əsasında yerində araşdırılmış, Kənd Təsərüffatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Zərdab rayon X2 mütəxəssisləri tərəfindən 10 iyun 2022-ci il tarixdə arpa sahəsinə baxış keçirilmiş və sahədə xəstəlik və zərərvericilərin populyasiya sıxlığının iqtisadi ziyanlı həddi keçmədiyi aşkar edilmişdir. Sahənin vaxtında suvarılmaması nəticəsində 24 ha ərazidə bitkilərin inkişaf etmədiyi və tamamilə məhv olduğu müəyyən edilmişdir. Bununla bağlı mən dəfələrlə Aqrar Sığorta Fonduna müraciət etsəmdə X6 16 dekabr 2022-ci il tarixli məkubu ilə X4 və bitkiçilik məhsullarının sığortası üzrə BS-**********-XS saylı sığorta müqaviləsi əsasnda sığortanın arpa sahəsinə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı Fond tərəfindən mənə sığorta ödənişlərinin verilməsindən imtina edilmişdir. İmtina məktubundan sonra mən məsul şəxsin qəbulunda oldum və mənə bildirdilər ki, imtinaya əsas torpaq sahəsində əkilmiş arpanın məhv olması ilə bağlı onlarda məlumat olsa da, ərazi üzrə polis idarəsinin müvafiq arayışı olmalıdır. Belə ki, həmin arayışda torpaq sahəsində əkilmiş arpanın suyun verilməməsi nəticəsində məhv olması göstərilməlidir. Daha sonra mən Zərdab rayon Polis İdarəsinə müraciət edərək arayışın verilməsini xahiş etdim. Polis İdarəsindən isə belə bir arayışın verilməsi onların səlahiyyətində olmamasını bildirdilər. Bununla bağlı təkrar olaraq müxtəlif dövlət orqanlarına müraciətlər ünvanlasamda, müraciətlərə baxılmamışdır. Bu səbəbdəndə hazırda məhv olmuş 24 ha torpaq sahəsinə görə sığorta şəhadətnaməsi üzrə 27000 manat ödəniləcək məbləğin mənə verilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəldim."

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən “Aqrar Sığorta Fondunun nümayəndəsi X3 iddia ərizəsini qəbul etmədiklərini bildirdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. - 922.1-ci maddəsinə əsasan sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. - 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. - 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. - 926.1-ci maddəsinə sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

7. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

8. "xxxx" ASC ilə sığortalı İddiaçı2 arasında bağlamış Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının siğortası üzrə siğorta şəhadətnaməsinə əsasən ümumi siğorta haqqı 842,74 manat (aqrar siğortalı tərəfindən ödənilməli olan siğorta haqqı 421,37 manat olmaqla), ümumi sığorta məbləği 48.995,80 manat olmaqla müqavilənin 1 nömrəli əlavəsində göstərilən ünvan 1i ünvanında əkilən və 1 nömrəli Əlavədə göstərilən bitkilər və bitkiçilik məhsulları xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilə qədər aşağıda göstərilən risklərlə sığortalanmışdır.

9. Yuxarıda qeyd edilən şəhadətnaməyə əsasən “Aqrar sığorta haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş "Aqrar sığorta Qaydaları"na (bundan sonra - Qaydalar) əsasən aşağıdakı risklərin baş verməsi nəticəsində sığortalanmış bitkilər və bitkiçilik məhsulları təminat altına alınır: 1. Dolu; 2.yanğın; 3. Zəlzələ; 4. Torpaq sürüşməsi; 5. Qasırğa; 6. Fırtına; 7. Sel və ya subasma; 8.vəhşi heyvanların hüsumu; 9. Üçüncü şəxslərin hərəkətləri.

10. 1 nömrəli Əlavəyə əsasən BS-**********-XS saylı şəhadətnamə ilə ünvan 1i ünvanında 11.70 ha əkin sahəsində əkilən arpa sığorta haqqı 111,29 manat, sığorta məbləği cəmi 12.940,20 manat olmaqla, BS-**********-XS saylı şəhadətnamə ilə ünvan 1i ünvanında 32.60 ha əkin sahəsində əkilən arpa sığorta haqqı 310,08 manat, sığorta məbləği cəmi 36.055,60 manat olmaqla siğortalanmışdır.

11. Hazırda iddiaçı 32.60 ha torpaq sahəsinin 24 ha hissəsinə su verilmədiyindən ziyan vurulduğunu bildirərək, siğorta ödənişinin cavabdehdən tutulmasını xahiş edir.

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz etmişdir.

13. İş materiallarına əlavə edilmiş Cavabdeh xx.xx.2025-ci il tarixli 12-9/2-Ə-42- 1629/2025 saylı arayışına əsasən 32.60 ha siğortalı sahənin 23 ha hissəsinə zərər dəydiyi, maddi ziyanın məbləğinin 25.437,23 manat, siğorta ödənişinin azadolma məbləği çıxıldıqdan sonra 21.831,67 manat məbləğində müəyyən edilməsi məlum olur.

14. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, 21.831,67 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı2 verilməlidir.

15. Bundan əlavə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 171 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

16. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

Nəticə:

17. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. 21.831 (iyirmi bir min səkkiz yüz otuz bir) manat 67 (altmış yeddi) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçı2 ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 171 (bir yüz yetmiş bir) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı2 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar