Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6397/2022 28.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı QSC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10230,60 manat əsas borcun, müqavilədə nəzərdə tutulan hər gecikdirilən həftə üçün 0.5% cərimə məbləği olaraq əlavə 1655.48 manat pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 200 manat, ümumilikdə 12086.08 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 16 noyabr 2021-ci il tarixində “CSG 2021-35” saylı daşınar əmlakın icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı balansında olan (qanuni istifadəsində, mülkiyyətində) olan bu müqaviləyə qoşulmuş və onun ayrılmaz hissəsi sayılan Əlavədə göstərilən və müvafiq texniki şərtlərə cavab verən avadanlıqları (texnika və s.) müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə cavabdehin istifadəsinə verməyi, iddiaçı isə həmin avadanlıqları qəbul edib, istehsal təsərrüfat fəaliyyətində texniki təyinatı üzrə istehsalçının təsnifatına uyğun istifadəsini və əvəzində cavabdehə icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə əsasında tərəflərindən 5 dəfə ayrılıqda texnikalar cavabdehə icarəyə verilmiş, lakin müqavilədə nəzərdə tutulmuş müqavilə öhdəlikləri yerinə yetirilməmiş, icarə haqqı ödənilməmişdir. Tərəflərindən hər dəfə işlərin tamamlanması barədə akt tərtib edilmiş və həmin akta uyğun olaraq “malların, işlərin və xidmətlərin təqdim edilməsi” növündə elektron qaimələr tərtib olunmuşdur. Bundan əlavə, işin tamamlanması barədə bütün aktlardan da göründüyü kimi bütün aktlar qarşı tərəf tərəfindən imzalanmış və möhürü ilə təsdiq olunmuş, eləcə də işlərin (xidmətlərin) hər biri vaxtında və keyfiyyətlə yerinə yetirilmiş, lakin “İcarəçi” icarə haqlarını ümumilikdə ödəməmişdir. Həmin müqavilə əsasında “İcarəçi” icarə haqqının ödənilməməsi və ya vaxtında ödənilməməsinə görə “İcarəyə verən”ə gecikdirilən hər həftə üçün gecikdirilmiş məbləğin 0.5 faizi həcmində cərimə ödəyir. Beləliklə, cavabdehin yuxarıda qeyd olunmuş əsas borcla yanaşı, bu ödənməyən borca görə ümumilikdə 1655.48 manat cərimə borcu yaranmışdır. Tərəflərin izahatı: Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırkı müqavilə üzrə cavabdeh tərəfindən hər hansı vəsait ödənilmməmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməni məlumatlandırmamış, iddiaçının nümayəndəsi sonuncu məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Tərəflər arasında bağlanmış 16 noyabr 2021-ci il tarixli CSG 2021-035 nömrəli daşınar əmlakın icarə müqaviləsinə əsasən icarəyə verən balansında olan bu müqaviləyə qoşulmuş və onun ayrılmaz hissəsi sayılan Əlavədə göstərilən və müvafiq texniki şərtlərə cavab verən avadanlıqları (texnika və s.) müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə icarəçinin icarəsinə verməyi, icarəçi isə həmin avadanlıqları qəbul edib, istehsal təsərrüfat fəaliyyətində texniki təyinatı üzrə istehsalçının təsnifatına uyğun istifadəsini və əvəzində icarəyə verənə icarə haqqı ödəməyi öhdələrinə götürürlər. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə icarəçi icarəyə götürülmüş hər bir avadanlığın istifadəsinə görə icarəyə verənə bu müqaviləyə qoşulmuş və onun ayrılmaz hissəsi sayılan Əlavədə göstərilən aylıq icarə haqqını ödəyir. Müqavilənin 3.2-ci bəndinə əsasən icarəçi icarə haqqını, daşınmaz xərclərini Əlavə 1-də göstərilmiş ümumi məbləğin təqdim olunmuş hesab-fakturası alındığı tarixdən etibarən 30 təqvim günü ərzində icarəyə verənin bank hesabına köçürülmə yolu ilə ödəyir. Müqavilənin 3.4-cü bəndinə əsasən icarə haqqına müvafiq vergilər (ödəmə mənbəyindən vergi, ƏDV və digər) və dövlət rüsumları daxil deyil və həmin vergilər və dövlət rüsumları icarəçi tərəfindən ödənilir. Müqavilənin 6.3-cü bəndinə əsasən icarəçi icarə haqqının ödənilməməsi və ya vaxtında ödənilməməsinə görə icarəyə verənə gecikdirilən hər bir həftə üçün (gecikdirilmiş müddətə) gecikdirilmiş məbləğin 0,5 % faizi həcmində cərimə ödəyir. Müqaviləyə 01 saylı 16 noyabr 2021-ci il tarixli Əlavəyə əsasən Haulotte 10DX CS- 084 üçün günlük icarə haqqı 120 manat, mob/demob üçün isə 180 manat müəyyənləşdirilmişdir. Müqaviləyə 02 saylı 17 noyabr 2021-ci il tarixli Əlavəyə əsasən JLG 1200SJP CS- 080 üçün günlük icarə haqqı 350 manat, mob/demob üçün isə 340 manat müəyyənləşdirilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş EBBP 836925 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 495,60 manat, EBBU 470555 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1274,40 manat, EBBP 171094 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1593 manat, EBBU 470324 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 3398,40 manat, EBBT 466043 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 3469,20 manat məbləğində vəsait ödənilməlidir. Tərəflər arasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli 1035 nömrəli işi tamamlama aktı ilə 1274,40 manat, xx.xx.2022-ci il tarixli 1002 nömrəli işi tamamlama aktı ilə 3398,40 manat, xx.xx.2022-ci il tarixli 930 nömrəli işi tamamlama aktı ilə 3469,20 manat, xx.xx.2021-ci il tarixli 906 nömrəli işi tamamlama aktı ilə 495,60 manat, xx.xx.2021-ci il tarixli 873 nömrəli işi tamamlama aktı ilə 1593 manat məbləğində texnikaların icarəsinə dair borcun olması razılaşdırılmışdır. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin yaranmış borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 16 noyabr 2021-ci il tarixli CSG 2021-035 nömrəli daşınar əmlakın icarə müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun: 7.1-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. 7.3-cü maddəsinə əsasən icarə müqaviləsinə tərəflərin başqa vəzifələri də daxil edilə bilər. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməli olan 10230,60 manat icarə haqqı borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 10230,60 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış icarə müqaviləsinin 6.3cü bəndinə əsasən hesablanmış 1655.48 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış icarə müqaviləsində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 500 manat məbləğində müəyyən edilməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 10230,60 manat məbləğində əsas borc, 500 manat cərimə, ümumilikdə 10730,60 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli 01954 nömrəli arayışdan görünür ki, iddiaçı mediasiya sessiyasında iştirak etmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan iş üzrə ödənilmiş 200 manat mediasiya xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “X2” MMC-dən 10230,60 (on min iki yüz otuz manat altmış qəpik) manat məbləğində əsas borc, 500 (beş yüz) manat cərimə, ümumilikdə 10730,60 (on min yeddi yüz otuz manat altmış qəpik) manat məbləğində pul və ödənilmiş 200 (iki yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-6397/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6397/2022
28.12.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver