Məhkəmə qərarları › İş №e-2-2(113)-64/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-64/2023

03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-64/2023 03.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı iddia və iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən və Cavabdeh2 DC00278993-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə 95,038.25 manat əsas borc, 23.022,46 manat faiz borcu, 11.050,75 manat cərimə borcu olmaqla, cəmi 129.111,46 manat məbləğində borcun, DCS00278993-02 saylı kredit müqaviləsinə əsasən 12.060 manat əsas borc, 5.291,38 manat faiz borcu, 1.336,24 manat cərimə borcu olmaqla, cəmi 18.867,62 manat məbləğində borcun birgə qaydada İddiaçı ASC-nin xeyrinə tutulması, mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 39 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə "xxxx" arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X6nun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-02949LE/2019 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X6nda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Qeyd olunan X6 çərçivəsində tərəflər arasında xx.xx.2021-ci il tarixli DC00278993-04 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən "xxxx" MMC-yə illik faiz dərəcəsi 17% olmaqla xx.xx.2022-ci il tarixədək 100.000 (yüz min) manat məbləğində birdəfəlik kredit verilmişdir. Həmçinin Bank ilə Borcalan "xxxx" MMC arasında xx.xx.2020ci il tarixli DC00278993-02nömrəli kredit müqaviləsi imzalanmış və Kreditor Azərbaycan Respublikası X1 “15” dekabr 2020-ci il tarixli ZM- 389/2020 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə Borcluya illik 15% faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə 30,150 manat məbləğində kredit verilmişdir. Bundan başqa Bank ilə Borcalan "xxxx" MMC arasında bağlanmış müqavilələr üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli, DG**********63 saylı və xx.xx.2021-ci il tarixli, DG**********26 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin Borcalan müqavilələr üzrə öhdəliklərini icra etməyərək, kreditlərin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmiş, nəticədə borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı Acıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil izahat verərək, təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi və onun əsasında məhkəmə qətnaməsinin çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə Bankla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli DCS00278993-02 saylı kredit müqaviləsi əsasında yaranmış öhdəlik münasibətləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Bank ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bank xidmətlərinin göstərilməsinə dair X6nun xx.xx.2020-ci il tarixində xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC- 02949LE/2019 saylı Razılaşma imzalanmışdır. Razılaşma müddətsiz olaraq bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli DCS00278993-02 saylı kredit müqaviləsinə əsasən kreditor ( Paşa Bank ASC) AR X1 15 dekabr 2020-ci il tarixli ZM- 389/2020 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödmək və bu müqavilənin 1.5-ci bəndində müəyyən edilmiş təminatı vermək şərtilə Borcluya ("xxxx" MMC) 30,150 (otuz min yüz əlli) manat məbləğində illik 15% 24 ay müddətinə kredit verir. Müqavilə tərəflərin elektron imzası ilə imzalanmışdır. xx.xx.2020-ci il tarixli DCS00278993-02 saylı kredit müqaviləsi üzrə Müştərinin Bank qarşısında olan öhdəliyinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli, DGS**********63 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixli OnGTC-02949LE/2019 saylı Razılaşma çərçivəsində Bank ilə arasında xx.xx.2021-ci il tarixli DC00278993-04 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən Müştəriyə mal alışı məqsədi ilə xx.xx.2022-ci il tarixinədək illik faiz dərəcəsi 17% olmaqla, 100.000 (yüz min) manat məbləğində birdəfəlik krеdit verilmişdir. Ərizə tərəflərin elektron imzası ilə təsdiq edilmişdir. DC00278993-04 saylı kredit müqaviləsi üzrə Müştərinin Bank qarşısında mövcud olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Bank ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli, DG**********26 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilə tərəflərin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri aşağıdakı kimidir: - DC00278993-04 saylı kredit müqaviləsinə əsasən 95,038.25 manat əsas borc, 23.022,46 manat faiz borcu, 11.050,75 manat cərimə borcu olmaqla, cəmi 129.111,46 manat təşkil edir, gecikmə günü - 626. - DCS00278993-02 saylı kredit müqaviləsinə əsasən 12.060 manat əsas borc, 5.291,38 manat faiz borcu, 1.336,24 manat cərimə borcu olmaqla, cəmi 18.867,62 manat təşkil edir, gecikmə günü – 616. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir. X3 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehlərin öhdəliyini icra etməməsi iddiaçıya kredit və zaminlik müqavilələri və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, kredit müqaviləsi bağlanmış, Bank tərəfindən "xxxx" MMC-yə kredit verilmişdir. İş üzrə borc məbləğinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/6005 nömrəli rəyinə əsasən "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixə xx.xx.2021-ci il tarixli DC00278993-04 saylı kredit müqaviləsi üzrə əsas borcu 95.038,25 manat, faiz borcu 15.078,86 manat, xx.xx.2020-ci il tarixli DCS00278993-02 saylı kredit müqaviləsi üzrə əsas borcu 30.150 manat, faiz borcu 4.050,18 manat müəyyən edilmişdir. Göründüyü kimi, ekspert rəyində qeyd edilmiş olan məbləğlər iddiaçı tərəfindən ilkin nüsxədə iddia ərizəsində göstərmiş olduğu məbləğlə tam üst-üstə düşmüşdür. Belə olan halda isə, məhkəmə hesab edir ki, Bank tərəfindən iddia tələbinin həcmini azaldaraq təqdim etdiyi ərizədə göstərilmiş əsas və faiz borcu məbləğləri əsaslıdır. Cavabdeh tərəf isə yenidən mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etsə də, tələb edilən məbləğin doğru hesablanmadığına dair hər hansı bir dəlil, ən azı sadə riyazi hesablama belə təqdim etməmişdir. Qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsas və faiz borcunun tələb edilməsi hissəsində əsaslıdır və DC00278993-04 saylı müqavilə üzrə 95,038.25 manat əsas borc, 23.022,46 manat faiz borcu, DCS00278993-02 saylı kredit müqaviləsinə əsasən 12.060 manat əsas borc, 5.291,38 manat faiz borcu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 müştərək qaydada tutularaq Banka ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia dəbbə borcunun tələb edilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehlərin DC00278993-04 saylı müqavilə üzrə 95,038.25 manat əsas borcuna münasibətdə iddiaçı 11.050,75 manat, DCS00278993-02 saylı kredit müqaviləsinə əsasən 12.060 manat əsas borcuna münasibətdə 1.336,24 manat cərimə hesablayıb tələb etmişdir və məhkəmənin qənaətinə görə həmin məbləğlər əsas borca mütənasib deyildir və cavabdehlərdən tutulmalı dəbbə pulunun məbləğinin DC00278993-04 saylı müqavilə üzrə 4.500 manat, DCS00278993-02 saylı kredit müqaviləsi üzrə 600 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 400 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən mediator X5 hesabına 400 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Belə olan halda, 400 manat məbləğində pul da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı 39 manat məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı sənədi iş materiallarına əlavə etməmişdir. Ona görə də, qeyd edilmiş məbləğ cavabdehlərdən tutula bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalanmış xx.xx.2020-ci il tarixli DCS00278993-02 saylı kredit müqaviləsi üzrə 12.060 (on iki min altmış) manat əsas borc, 5.291 (beş min iki yüz doxsan bir) manat 38 (otuz səkkiz) qəpik faiz borcu və 600 (altı yüz) manat məbləğində cərimə borcu olmaqla, cəmi 17.951 (on yeddi min doqquz yüz əlli bir) manat 38 (otuz səkkiz) qəpik məbləğində pul, xx.xx.2021-ci il tarixli DC00278993-04 saylı maliyələşdirmə üçün ərizəyə əsasən 95.038 (doxsan beş min otuz səkkiz) manat 25 (iyirmi beş) qəpik əsas borc, 23.022 (iyirmi üç min iyirmi iki) manat 46 (qırx altı) qəpik faiz borcu və 4500 (dörd min beş yüz) manat məbləğində cərimə borcu olmaqla, cəmi 122.560 (yüz iki min beş yüz altmış) manat 71 (yetmiş bir) qəpik məbləğində pul, ümumilikdə 140.512 (yüz qırx min beş yüz on iki) manat 09 (doqquz) qəpik məbləğində pul müştərək qaydada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul müştərək qaydada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertizanın keçirilməsi xərcinin əvəzi olaraq 145 manat məbləğində pul müştərək qaydada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 tutularaq AZ41NABZ******************** hesabı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar