Məhkəmə qərarları › İş №e-2-2(113)-64/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-64/2025

01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-64/2025 01.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Qanuni nümayəndə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun tutulması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, X5 və Qanuni nümayəndə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə birgə qaydada DC00347948-05 saylı müqavilə üzrə 64197,39 manat (altmış dörd min yüz doxsan yeddi manat otuz doqquz qəpik) əsas borc, 9638,90 manat (doqquz min altı yüz otuz səkkiz manat doxsan qəpik) faiz borcu, 1743,41 manat (bir min yeddi yüz qırx üç manat qırx bir qəpik) cərimə borcu olmaqla, cəmi 75579,70 manat (yetmiş beş min beş yüz yetmiş doqquz manat yetmiş qəpik); K5202 saylı kredit müqaviləsi üzrə 21685,63 manat (iyirmi bir min altı yüz səksən beş manat altmış üç qəpik) əsas borc, 1596,42 manat (bir min beş yüz doxsan altı manat qırx iki qəpik) faiz borcu, 3572,80 manat (üç min beş yüz yetmiş iki manat səksən qəpik) cərimə borcu olmaqla, cəmi 26854,85 manat (iyirmi altı min səkkiz yüz əlli dörd manat səksən beş qəpik) məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın X3 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 26 saylı mənzilə yönəldilməsi və əmlakın ilkin satış qiymətinin 75200 (yetmiş beş min iki yüz) manat müəyyən edilməklə, açıq hərracda satılması, qeyd edilən ipoteka predmetinin satışından əldə olunmuş vəsaitin cavabdehlərin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi, daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq, mülkiyyətçilərə təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh1 MMC, Qanuni nümayəndə birgə qaydada tutularaq, İddiaçı ASC-nin hesabına ödənilməsi, mediasiya prosesi üzrə 400 (dörd yüz) manat məbləğində xidmət haqqının, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsində qeydiyyata alınması üçün 15 (on beş) manat dövlət rüsumu və 36 (otuz altı) manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2021-ci il tarixdə OnGTC-04816LE/2019 saylı bank xidmətlərinin göstərilməsinə dair X8 şərtlərinin qəbul edilməsi barədə razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X8nun xx.xx.2021-ci il tarixli, 1.0.3 nömrəli versiyasının şərtlərini (müvafiq redaksiyada) qəbul edir. Bundan başqa, tərəflər arasında X8 çərçivəsində xx.xx.2022-ci il tarixli, GL5202 saylı kredit limiti müqaviləsi imzalanmış və bank tərəfindən borcalana xx.xx.2032-ci il tarixədək illik faiz dərəcəsi 25%, gecikdirilmiş əsas məbləğə tətbiq olunan illik cərimə faizi 40% olmaqla, 10000000 (on milyon) manat məbləğində kredit limiti ayrılmışdır. Sonradan tərəflər arasında X8 və GL5202 saylı kredit limiti müqaviləsi çərçivəsində: xx.xx.2022-ci il tarixli, K5202 saylı kredit müqaviləsi imzalanmış və bank tərəfindən borcalana xx.xx.2023cü il tarixədək illik faiz dərəcəsi 14%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 29% olmaqla, 50000 (əlli min) manat məbləğində birdəfəlik kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, DC00347948/05 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 71918 (yetmiş bir min doqquz yüz on səkkiz) manat məbləğində birdəfəlik kredit verilmişdir. Eyni zamanda bank ilə borcalan arasında bağlanmış GL5202 saylı kredit limiti müqaviləsi üzrə borcalanın bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank ilə Qanuni nümayəndə arasında xx.xx.2022-ci il tarixli, Z5054 saylı zaminlik müqaviləsi, eyni zamanda xx.xx.2022-ci il tarixli, DC00347948/05 saylı maliyyələşdirmə üçün ərizədən irəli gələn öhdəliklərin təminatı qismində xx.xx.2022-ci il tarixli, DG**********074 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bundan əlavə, bank ilə borcalan arasında bağlanmış GL5202 saylı kredit limiti müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə X3 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 26 saylı mənzil İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, İ4135 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış, bu haqda (reyestr nömrəsi: **********38- 05101- 093046, qeydiyyat tarixi: xx.xx.2022, qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir; borcalanın xx.xx.2023-cü tarixinə olan İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: DC00347948-05 saylı müqavilə üzrə 64197,39 manat (altmış dörd min yüz doxsan yeddi manat otuz doqquz qəpik) əsas borc, 9638,90 manat (doqquz min altı yüz otuz səkkiz manat doxsan qəpik) faiz borcu, 1743,41 manat (bir min yeddi yüz qırx üç manat qırx bir qəpik) cərimə borcu olmaqla, cəmi 75579,70 manat (yetmiş beş min beş yüz yetmiş doqquz manat yetmiş qəpik) təşkil edir. Gecikmə günü: 289. K5202 saylı kredit müqaviləsi üzrə 21685,63 manat (iyirmi bir min altı yüz səksən beş manat altmış üç qəpik) əsas borc, 1596,42 manat (bir min beş yüz doxsan altı manat qırx iki qəpik) faiz borcu, 3572,80 manat (üç min beş yüz yetmiş iki manat səksən qəpik) cərimə borcu olmaqla, cəmi 26854,85 manat (iyirmi altı min səkkiz yüz əlli dörd manat səksən beş qəpik) təşkil edir. Gecikmə günü: 273. X8nun 4-cü bölümünün 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair X8nun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. İddiaçı ASC tərəfindən 400 manat mediasiya üçün xidmət haqqı ödənilmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 295, 317, 319.1, 319.6, 385.1, 421.2, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 465.2, 470, 472-ci maddələrinə istinad olunmuşdur.

4. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə birgə qaydada DC00347948-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 64197,39 manat (altmış dörd min bir yüz doxsan yeddi manat otuz doqquz qəpik) əsas borc, 12943,29 manat (on iki min doqquz yüz qırx üç manat iyirmi doqquz qəpik) faiz borcu, 3289,78 manat (üç min iki yüz səksən doqquz manat yetmiş səkkiz qəpik) cərimə borcu olmaqla, cəmi 80430,46 manat (səksən min dörd yüz otuz manat qırx altı qəpik) məbləğində borcun, K5202 saylı kredit müqaviləsinə əsasən 21685,63 manat (iyirmi bir min altı yüz səksən beş manat altmış üç qəpik) əsas borc, 1596,42 manat (bir min beş yüz doxsan altı manat qırx iki qəpik) faiz borcu, 5805,22 manat (beş min səkkiz yüz beş manat iyirmi iki qəpik) cərimə borcu olmaqla, cəmi 29087,27 manat (iyirmi doqquz min səksən yeddi manat iyirmi yeddi qəpik) məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın X3 mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 26 saylı mənzilə yönəldilməsi və əmlakın ilkin satış qiymətinin 75200 (yetmiş beş min iki yüz) manat müəyyən edilməklə, açıq hərracda satılması, qeyd edilən ipoteka predmetlərinin satışından əldə olunmuş vəsaitin cavabdehlərin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi, daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh1 MMC, Qanuni nümayəndə birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, mediasiya prosesi üzrə 400 (dörd yüz) manat məbləğində xidmət haqqının, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsində qeydiyyata alınması üçün 15 (on beş) manat dövlət rüsumu və 36 (otuz altı) manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Daha sonra iddiaçı sonuncu olaraq xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə birgə qaydada DC00347948-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 64197,39 (altmış dörd min yüz doxsan yeddi manat otuz doqquz qəpik) manat əsas borc, 19188.26 (on doqquz min bir yüz səksən səkkiz manat iyirmi altı qəpik) manat faiz borcu, 16687,87 (on altı min altı yüz səksən yeddi manat səksən yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 100073,52 (bir yüz min yetmiş üç manat əlli iki qəpik) manat məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulması, mediasiya prosesi üzrə 400 (dörd yüz) manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda X5 cavabdehlər siyahısından çıxarılmışdır.

6. Cavabdehlər tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

7. Cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

8. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianı müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

9. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2021-ci il tarixdə OnGTC- 04816LE/2019 saylı Bank xidmətlərinin göstərilməsinə dair X8nun xx.xx.2021-ci il tarixli, 1.0.3 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə razılaşma imzalanmışdır.

10. X8nun “Müqavilənin predmeti” adlı hissəsində qeyd olunur ki, bu müqavilədə, müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, inkassasiya xidməti, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır. Müqavilədə qeyd olunan xidmətlərdən hər hansı birinin bank tərəfindən bu müqavilənin şərtlərini qəbul etmiş müştəriyə təqdim olunması üçün müvafiq xidmətin təqdim olunmasını nəzərdə tutan ərizə formalarının banka təqdim olunması və ya bu müqavilə ilə müvafiq xidmətin göstərilməsi üçün ərizə formalarında qeyd edilməsi nəzərdə tutulan məlumatların https://Pashabank.digital və ya https://ib.pashabank.az internet səhifəsi üzrə müştəri üçün fərdi qaydada yaradılmış modullar vasitəsilə müştərinin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən doldurularaq təqdim edilməsi tələb olunur. Müştərinin təklifinin (sifarişi) qəbul edilməsi bankın yazılı məlumatı və ya xidməti təqdim etmək hərəkəti əsasında iradəsinin bəyanı ilə təsdiq olunur. Müştəriyə yalnız sifariş edilən və ərizədə qeyd edilən xidmət təqdim olunacaq. Ərizə bankın və müştərinin imza və möhürü ilə, yaxud gücləndirilmiş elektron imzası ilə təsdiqləndiyi halda bank tərəfindən icraya qəbul ediləcək. Hər bir bank xidməti üzrə həmin xidmətin başlama və bitmə tarixləri, faiz, xidmət haqqı, xidmətin göstərilmə yeri və sair şərtlər xidmətin sorğu edildiyi ərizədə öz əksini tapacaq. Bu müqavilə çərçivəsində təqdim olunan ərizə bu müqavilənin ayrılmaz hissəsini təşkil edir. Müvafiq ərizə ilə və müqavilə şərtləri arasında uyğunsuzluq olarsa, ərizə şərtləri üstünlük təşkil edəcək. Tərəflər arasında bu müqavilədə qeyd olunmuş xidmətlər üzrə daha əvvəl imzalanmış və xitam verilməmiş digər müqavilələr mövcud olduğu halda, bu müqavilənin şərtlərinin müştəri tərəfindən qəbul edilməsi əvvəlki müqavilə şərtlərini qüvvədən salır və hal-hazırda göstərilməkdə olan xidmətlərə də bu müqavilə şərtləri tətbiq olunur. X8nun “Bank hesabı” adlı hissəsinin 1.1-ci maddəsinə əsasən bank, müştərinin müraciəti əsasında ona “Bank hesabının açılması üçün ərizə” formasında göstərilən valyuta(lar)da cari hesab açmağı, onun tapşırığı ilə Azərbaycan Respublikası qanunvericiliyi, Mərkəzi Bankın normativ sənədləri ilə nəzərdə tutulmuş bütün hesablaşma və kassa əməliyyatlarını həyata keçirməyi, yəni açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsi və verilməsi, hesab üzrə digər əməliyyatların aparılmasına dair Müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Müştəri isə bunun müqabilində Bankın qüvvədə olan tariflərinə uyğun olaraq müvafiq xidmət haqqını ona ödəməyi öhdəsinə götürür. Həmin hissənin 5.1-ci maddəsinə əsasən müştərinin hesabından vəsait bankın təqsirindən gec, yaxud düzgün silinməməsi, eləcə də hesabın sahibinə veriləcək məbləğin gec ya da düzgün göstərilməməsi hallarında bank müştəriyə hər ötən gün üçün cərimə ödəyir. Həmin hissənin 5.2-ci maddəsinə əsasən bankın xidmətlərinin ödənilməsindən imtina etdikdə, yaxud bankın xidmətlərini vaxtında ödəmədikdə müştəri banka hər ötən gün üçün cərimə ödəyir. X8nun 4-cü hissəsinin 3.1-ci maddəsinə əsasən kredit, bank tərəfindən kredit məbləğinin müştəriyə bankda onun üçün açılan kredit hesabından cari hesabına köçürülməsi yolu ilə verilir (Overdraftlara şamil olunmur). Həmin hissənin 3.2-ci maddəsinə əsasən müştəri kreditdən istifadəyə görə banka “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada faizləri ödəyir. Həmin hissənin 3.4-cü maddəsinə əsasən faizlər kreditin verildiyi günün ertəsi günündən kredit qaytarılan günədək hesablanır. Həmin hissənin 3.5-ci maddəsinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər müştəri tərəfindən banka nağd və ya köçürmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə həyata keçirilir (Overdraftlara şamil olunmur). Həmin hissənin 3.6-cı maddəsinə əsasən kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin ödəmə qrafiki müvafiq kredit müqaviləsinin ayrılmaz hissəsi olan qoşmada göstərilir və əgər belə qoşma mövcud deyilsə, bu məbləğlər “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan tarixdə ödənilir. Həmin hissənin 3.11-ci maddəsinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Həmin hissənin 3.12-ci maddəsinə əsasən müştəri tərəfindən banka ediləcək bütün ödənişlər heç bir qarşılıqlı hesablama aparılmadan, qarşılıqlı tələb təqdim edilmədən, mənbədə tutma tətbiq edilmədən həyata keçiriləcək, bu bir şərtlə ki, müştəri qanun ilə belə bir mənbədən tutmanı aparmağa dair öhdəlik daşımasın. Belə olan təqdirdə isə müştəri tərəfindən ödənilən məbləğ elə bir şəkildə aparılmalıdır ki, ona görə bankın faktiki alacağı məbləğ hər hansı mənbədə tutmanın mövcud olmadığı halda alacağı məbləğə bərabər olsun. Hər hansı bir anlaşılmazlığın aradan qaldırılması üçün kredit müqaviləsində göstərilmiş bütün faiz, komissiya haqları, yaxud digər ödəniş məbləğlərinə heç bir mənbədə tutulan vergi, rüsum və yaxud haqq daxil deyildir. Həmin hissənin 5.2-ci maddəsinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə, kreditdən “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan məqsədlər üçün istifadə edilmədikdə, kreditin ümidsiz kreditə çevrilməsi riski ilə bağlı bankın əsaslı ehtimalları yarandıqda, müqavilənin İV.2.4. yarımbəndində göstərilən şərtlər, habelə Maliyyələşdirmə üçün Ərizə əsasında müştəri üçün müəyyən olunan öhdəliklər müştəri tərəfindən pozulduqda, qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulan digər hallarda bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və/və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər.

11. Bank xidmətlərinin göstərilməsinə dair X8nun xx.xx.2021-ci il tarixli, 1.0.3 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə xx.xx.2021-ci il tarixli razılaşmanın məzmunundan görünür ki, Cavabdeh1 MMC bu razılaşmanı imzalamaqla, bank xidmətlərinin göstərilməsinə dair X8nun bankın rəsmi internet səhifəsində https:/www.pashabank.az/gsa_addendum/lang.az/ link üzrə yerləşdirilən xx.xx.2021-ci il tarixli, 1.0.3 nömrəli versiyasının şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul edir. Müştəri özü/hüquqi şəxs olduqda onun adından imzalayan şəxs “ASAN Finans” sistemi vasitəsilə şəxsiyyət vəsiqəsi və iş yeri üzrə müəyyən olunan məlumatların banka təqdim olunmasına özü tərəfindən razılıq geri götürülmədiyi təqdirdə, bank ilə müqavilə münasibətlərinə xitam verilənə və/və ya onun qarşısındakı öhdəlikəri tam icra olunan müddətədək təqdim olunmasına razılıq verir. Bank müqaviləyə edilən hər bir əlavə və dayişiklik haqqında müştəriyə yazılı xəbərdarlıq göndərməklə, müqavilənin yenilənmiş versiyasını link üzrə yerləşdirir. Müştəri isə, əlavə və dəyişikliklərlə tanış olur və onlarla razı olmadığı təqdirdə, bu haqda xəbərdarlığın ona göndərildiyi tarixdən etibarən 3 (üç) gün ərzində banka yazılı məlumat verir. Bu halda müştəri göstərilən xidmətlərdən istifadəni dayandıra və ya bank ilə müqavilə münasibətlərinə müqaviləyə uyğun olaraq xitam verə bilər. Müştəri təsdiq edir ki, onun banka təqdim etdiyi yeganə əlaqə vasitəsi mobil telefon nömrəsidirsə və SMS məlumatlandırma xidməti üçün müvafiq mobil nömrədə kütləvi xarakterli mesajların alınmasına məhdudiyyət qoyulmuşdursa, habelə banka təqdim etdiyi əlaqə vasitələrində dəyişiklik olmuş, lakin bu barədə banka yazılı məlumat verməmişdirsə, bank əlavə və dəyişikliklər barədə məlumatın müştəriyə çatımlı olması üçün heç bir məsuliyyət daşımır. Bu halda, müştəri daim bankın rəsmi internet səhifəsindən müqavilə üzrə yenilikləri özü izləməlidir. Razılaşmada izahı verilməyən anlayışlar müqavilədə ifadə olunduğu mənanı daşıyır. Razılaşma ilə müqavilə arasında hər hansı ziddiyyət və ya uyğunsuzluq aşkar olunduğu təqdirdə isə razılaşmanın müddəalarına üstünlük verilir. Razılaşma imzalandığı gündən qüvvəyə minir və müddətsiz olaraq bağlanır. Razılaşma əsasında qəbul edilən müqaviləyə xitam verilməsi şərtləri ilə tənzimlənir.

12. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında X8 çərçivəsində xx.xx.2022-ci il tarixdə GL5202 saylı kredit limiti müqaviləsi imzalanmış və bank tərəfindən borcalana xx.xx.2032-ci il tarixədək illik faiz dərəcəsi 25% olmaqla 10,000,000 manat məbləğində kredit limiti xətti açılmışdır.

13. GL5202 saylı kredit limiti müqaviləsi çərçivəsində İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixli GL5202 saylı maliyyələşdirmə üçün ərizə və ona edilmiş 01 saylı əlavə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 14%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 29% olmaqla, 50000 (əlli min) manat məbləğində investisiya yatırımı məqsədilə tranşlarla kredit verilmişdir.

14. xx.xx.2022-ci il tarixli, DC00347948-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən müştəriyə xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 71918 (yetmiş bir min doqquz yüz on səkkiz) manat məbləğində dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə birdəfəlik kredit verilmişdir.

15. İddiaçı ASC ilə Qanuni nümayəndə arasında imzalanmış xx.xx.2022-ci il tarixli, DG**********074 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında razılaşdırılmış xx.xx.2022-ci il tarixli, DC00347948-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə Cəmiyyətin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Qanuni nümayəndə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

16. İddiaçı ASC ilə Qanuni nümayəndə arasında imzalanmış xx.xx.2022-ci il tarixli, Z5054 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixdə GL5202 saylı kredit limiti müqaviləsi üzrə Cəmiyyətin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Qanuni nümayəndə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

17. İpoteka saxlayan – İddiaçı ASC ilə ipoteka qoyan – X5 və borc alan – Cavabdeh1 MMC arasında bağlanmış və Bakı şəhəri 46 nömrəli notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, İ4135 nömrəli ipoteka müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixdə GL5202 saylı kredit limiti müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə X5 tərəfindən onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 26 saylı mənzili İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

18. xx.xx.2023-cü il tarixli, PB/BPŞ-OUT-01310-2023 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri – DC00347948-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə 64197,39 manat əsas borc, 9638,90 manat faiz borcu, 1743,41 manat cərimə borcu olmaqla, cəmi 75579,70 manat (gecikmə günü: 289 gün); - K5202 saylı kredit müqaviləsi üzrə 21685,63 manat əsas borc, 1596,42 manat faiz borcu, 3572,80 manat cərimə borcu olmaqla, cəmi 26854,85 manat (gecikmə günü: 273 gün) təşkil edir.

19. xx.xx.2025-ci il tarixli, PB/PBL-OUT-00182-2025 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin xx.xx.2025-ci il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri – DC00347948-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə 64197,39 manat əsas borc, 19188,26 manat faiz borcu, 16687,87 manat cərimə borcu olmaqla, cəmi 100073,52 manat (gecikmə günü: 858 gün) təşkil edir.

20. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə xx.xx.2023-ci il tarixli, PB-OUT-05177-2023/9 nömrəli, xx.xx.2023-ci il tarixli, PB-OUT-05177-2023/10 nömrəli pretenziya qaydasında xəbərdarlıq məktubları göndərilərək, müqavilələr üzrə yaranmış borcun 7 (yeddi) iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

21. İddiaçı tərəfindən iş materiallarına hesabdan çıxarış əlavə edilmişdir.

22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/6809 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış 16 mart 2022-ci il tarixli, K5202 saylı kredit müqaviləsi və 29 iyun 2022-ci il tarixli, DC00347948/05 saylı maliyyələşdirmə üçün ərizədə qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 MMC-nin İddiaçı ASC-yə olan borcu xx.xx.2022-ci il tarixli, K5202 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixə 21656,29 manat əsas borc, 1587,81 manat faiz borcu; xx.xx.2023-cü il tarixə 21656,29 manat əsas borc, 2851,09 manat faiz borcu; xx.xx.2023-cü il tarixə 21656,29 manat əsas borc, 3769,08 manat faiz borcu; xx.xx.2022-ci il tarixli, DC00347948-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2023cü il tarixə 64197,27 manat əsas borc, 10981,39 manat faiz borcu; xx.xx.2023-cü il tarixə 64197,27 manat əsas borc, 14285,76 manat faiz borcu müəyyən edilir. Hazırkı ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 29 iyun 2022-ci il tarixli, DC00347948/05 nömrəli maliyyələşdirmə üçün ərizədə və 16 mart 2022ci il tarixli, K5202 nömrəli kredit müqaviləsində cərimə nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün Cavabdeh1 MMC-yə cərimə borcu hesablanmadı.

23. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli, LP-019/2024 saylı qiymətləndirmə rəyindən görünür ki, X2 məxsus ünvan 1 ünvanda yerləşən 26 saylı mənzilin likvid dəyəri 124000 manat, bazar dəyəri 138000 manat təşkil edir. Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla,zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

26. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi

28. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2021ci il tarixdə OnGTC-04816LE/2019 saylı bank xidmətlərinin göstərilməsinə dair X8nun xx.xx.2021-ci il tarixli, 1.0.3 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə razılaşma imzalanmışdır. Eyni zamanda İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında X8 çərçivəsində xx.xx.2022-ci il tarixdə GL5202 saylı kredit limiti müqaviləsi imzalanmış və bank tərəfindən borcalana xx.xx.2032-ci il tarixədək illik faiz dərəcəsi 25% olmaqla 10,000,000 manat məbləğində kredit limiti xətti açılmışdır. GL5202 saylı kredit limiti müqaviləsi çərçivəsində İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixli GL5202 saylı maliyyələşdirmə üçün ərizə və ona edilmiş 01 saylı əlavə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 14%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 29% olmaqla, 50000 (əlli min) manat məbləğində investisiya yatırımı məqsədilə tranşlarla kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, DC00347948-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən müştəriyə xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 71918 (yetmiş bir min doqquz yüz on səkkiz) manat məbləğində dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə birdəfəlik kredit verilmişdir. İddiaçı ASC ilə Qanuni nümayəndə arasında xx.xx.2022-ci il tarixli, DG**********074 nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında razılaşdırılmış xx.xx.2022-ci il tarixli, DC00347948-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə Cəmiyyətin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Qanuni nümayəndə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı ASC ilə Qanuni nümayəndə arasında xx.xx.2022-ci il tarixli, Z5054 nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixdə GL5202 saylı kredit limiti müqaviləsi üzrə Cəmiyyətin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Qanuni nümayəndə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İpoteka saxlayan – İddiaçı ASC ilə ipoteka qoyan – X5 və borc alan – Cavabdeh1 MMC arasında xx.xx.2022ci il tarixli, İ4135 nömrəli ipoteka müqaviləsi bağlanmış və İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixdə GL5202 saylı kredit limiti müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə X5 tərəfindən mülkiyyətində olan əmlakı İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdehlər (borc alan və zamin) müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının həmin öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququ yaranmışdır. Daha sonra iddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcmini azaltmış və cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə birgə qaydada DC00347948-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən cəmi 100073,52 məbləğində borcun və mediasiya prosesi üzrə 400 (dörd yüz) manat məbləğində xidmət haqqının İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Eyni zamanda X5 cavabdehlər siyahısından çıxarılmışdır.

29. İddia tələbinin bir hissəsini cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə birgə qaydada DC00347948-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 64197,39 (altmış dörd min yüz doxsan yeddi manat otuz doqquz qəpik) manat əsas borc, 19188.26 (on doqquz min bir yüz səksən səkkiz manat iyirmi altı qəpik) manat faiz borcunun tutulması təşkil edir.

30. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin (borcalan və zamin) müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025ci il tarixli, 9/6809 saylı ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi DC00347948-05 maliyyələşdirmə üçün ərizə üzrə əsas kredit borcunun tutulması hissəsində qismən və həmin ərizə üzrə faiz borcunun tutulması hissəsində də qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə birgə qaydada DC00347948-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə 64197,27 manat (altmış dörd min yüz doxsan yeddi manat iyirmi yeddi qəpik) əsas borc, 10981,39 manat (on min doqquz yüz səksən bir manat otuz doqquz qəpik) faiz borcu İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Eyni zamanda faiz borcunun tutulması hissəsində hazırkı nəticəyə gəlinərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarındakı hüquqi mövqe də əsas götürülmüşdür.

31. İddia tələbinin digər hissəsini cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə birgə qaydada DC00347948-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə 16687,87 manat cərimə borcunun tutulması təşkil edir.

32. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

33. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə birgə qaydada tutulacaq cərimə məbləği azaldılaraq DC00347948- 05 saylı maliyyələşdirmə üçün ərizə üzrə 3500 (üç min beş yüz) manat cərimə borcu məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.

34. Eləcə də, iddiaçı mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xərcin cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə birgə qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.

35. Məhkəmə hesab edir ki, ödənilmiş mediasiya xərci olaraq 400 (dörd yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.

36. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 78,70 manat hissəsi cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə birgə qaydada, 21,30 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

37. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pulun 236,10 manatı cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə birgə qaydada, 63,90 manat hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30AZRT********************, "xxxx" ASC, VÖEN: **********, müxbir hesab: AZ02NABZ********************, kod: 512565, SWİFT: AZRT AZ 22) köçürülməlidir.

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə birgə qaydada DC00347948-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə 64197,27 manat (altmış dörd min yüz doxsan yeddi manat iyirmi yeddi qəpik) əsas borc, 10981,39 manat (on min doqquz yüz səksən bir manat otuz doqquz qəpik) faiz borcu, 3500 (üç min beş yüz) manat cərimə borcu, ödənilmiş mediasiya xərci olaraq 400 (dörd yüz) manat olmaqla, ümumilikdə 79078,66 manat (yetmiş doqquz min yetmiş səkkiz manat altmış altı qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 78,70 manat hissəsi cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə birgə qaydada, 21,30 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pulun 236,10 manatı cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə birgə qaydada, 63,90 manat hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30AZRT********************, "xxxx" ASC, VÖEN: **********, müxbir hesab: AZ02NABZ********************, kod: 512565, SWİFT: AZRT AZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar