Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-640/2025 21.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, cərimə, zaminlik, illik 5%, iddia müddəti) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı LPO İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 3728,78 ABŞ dolları - bundan 992,67 ABŞ dolları əsas, 363,43 ABŞ dolları faiz, 2225,68 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 147 ABŞ dolları faiz borcunun və iş üzrə ödənilmiş 83,39 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Nəsimi filialı ilə Cavabdeh2arasında bağlanmış 737/14 nömrəli xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi üzrə cavabdehə əsas vəsaitin alınması məqsədi ilə 24 ay müddətinə illik 33 faiz dərəcəsi ilə 3.800 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh3 və Cavabdeh1 ilə Bank arasında ZM-737/14 nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 4385,89 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh2nın kredit üzrə cəmi borcu 3728,78 ABŞ dolları təşkil edir. Bundan 992,67 ABŞ dolları əsas, 363,43 ABŞ dolları faiz, 2.225,68 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonraAR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 147 ABŞ dolları faiz borcu təşkil edir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 448.1,470.1, 472.2, 474.2, 465, 739.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq etmiş, əlavə olaraq suallara cavabında bildirmişdir ki, tərəf ödənişlər etməklə bir növ borcu etiraf etmişdir. Ekspert rəyindən də aydın olaraq görünür ki, 2023-cü ilin may ayından 2024-cü ilin avqust ayına kimi mütəmadi olaraq hər ay ödənişlər olunmuşdur. Mübahisələndirilən kredit məbləği üzrə etirafedici hərəkət kimi qiymətləndirmək olar. Odur ki, iddia müddətinin tətbiqi barədə ərizənin əsassız hesab edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Həmçinin cavabdeh ikinci, iddia müddətinin tətbiq edilməsi barədə ərizəsində hansı kredit müqaviləsi üzrə iddia müddətinin tətbiq edilməsi qeyd edilməmişdir. İddia müddətinin tətbiq edilməsi barədə ərizədən hazırda məhkəmə prosesində tanış olmuşdur. Kredit 45 ay müddətinə verilmişdir. Bu müddət, yəni 45 ay müddətin olması təqdim etdikləri maliyyə arayışında göstərilmişdir. Bununla bağlı əlavə sazişlər olmuş, lakin həmin sazişləri təqdim edə bilmir. 1 noyabr 2018-ci il tarixindən sonra 3 il ərzində etirafedici hərəkət olmamış, lakin məhkəməyə müraciət etdikdən sonra ödənişlər olunmuşdur. Sonda o, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, iddia müddəti ötdüyü üçün iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Kreditor) və Cavabdeh2 (Borc alan) arasında imzalanmış xx.xx.2014-cü il tarixli, 737/14 saylı kredit müqaviləsinin kserosurətindən görünür ki, Kreditorun Borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə və faizlər ödənilmək əsasında kredit verməsi, Borcalanın isə bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti, kreditə hesablanmış faizləri, komissiya haqqı və digər ödənişləri Kreditora ödənilməsinə dair pul öhdəliyidir. Müqavilənin 2.1, 2.2 və 2.3-cü bəndlərinə əsasən müqaviləyə əsasən Kreditor Borcalana Əsas vəsaitin artırılması məqsədilə 24 ay müddətinə 3800 ABŞ dolları məbləğində kredit verir. Müqavilənin 2.4-cü bəndinə əsasən kreditin istifadəsinə görə Borcalanı Kreditora illik 33 faiz ödəyir. Cavabdeh2 ilə bağlanmış xx.xx.2014-cü il tarixli, 737/14 saylı kredit müqaviləsinə uyğun olaraq tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, ümumi məbləği 3800 ABŞ dolları olan illik faiz dərəcəsi 33% olan kredit üzrə Cavabdeh2 19 sentyabr 2014-cü il tarixdən 19 avqust 2016-cı il tarixinə qədər hər ayın 18-20-si olmaqla 218 ABŞ dolları, sonuncu ay 212 ABŞ dolları ödəməlidir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Kreditor) və Cavabdeh1 və Cavabdeh3 (Zamin) arasında imzalanmış xx.xx.2014-cü il tarixli, ZM-737/14 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən müqavilənin predmeti xx.xx.2014-cü il tarixli, 737/14 saylı kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş Borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti Zaminin və ya Zaminlərin öz üzərinə götürməsidir. Müqavilənin 2.1-2.3-cü bəndlərinə əsasən zaminliklə təmin edilmiş öhdəlik illik 24 faizlə 33 ay müddətinə verilmiş 3800 USD kredit məbləğidir. xx.xx.2014-cü il tarixli, 737/14 saylı kredit müqaviləsinə dəyişiklik edilməsinə dair 20 aprel 2015-ci il tarixli 1 nömrəli əlavə sazişin 2.1-ci bəndinə əsasən müqavilədə kreditorun borclana 3800 ABŞ dolları məbləğdə verdiyi kreditin qalığın məbləği 3038,89 ABŞ dolları təşkil edir. Kreditin son ödəmə müddəti xx.xx.2017 tarixinədək təyin olunur. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Kreditor) və Cavabdeh1 və Cavabdeh3 (Zamin) arasında imzalanmış xx.xx.2014-cü il tarixli, ZM-737/14 saylı zaminlik müqaviləsi üzrə 20 aprel 2015-ci il tarixli Əlavə Sazişin 1.1-ci bəndinə əsasən Borcalanın Kreditor qarşısındakı 3038.89 ABŞ dolları təşkil edən kredit öhdəliyinin qalığı təşkil edir. Kreditin son ödəmə müddəti xx.xx.2017 tarixinədək təyin edilir. LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti (“Ləğv prosesində olan bank”) və Cavabdeh2 (Borclu) arasında imzalanmış xx.xx.2014-cü il tarixli, 737/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 2 nörməli Əlavə Sazişdən görünür ki, Borcalanın Kreditor qarşısındakı 4385,89 ABŞ dolları təşkil edən kredit öhdəliyinin qalığı təşkil edir. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən 1 USD = 1,4 AZN məzənnəsi əsas götürülməklə qəbul edilir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 2255,2 USD əsas borc, 1362,64 USD faiz borcu və 768,05 USD cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə bu Əlavə Saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları ayrıca hesabda dondurulur. Borcalan tərəfindən öhdəliyi bu Sazişə əlavə edilmiş ödəniş qrafiki üzrə vaxtında və ya lazımınca icra edildikdə və qrafik üzrə borc tam ödənildikdən sonra növbəti hər 12 (on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən çox olmadıqda, dondurulmuş faiz və cərimə borcları müəyyən edilmiş müddətin sonunda Kreditor tərəfindən güzəşt edilir. Əgər ödəniş qrafiki üzrə növbəti hər 12 (on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən artıq olarsa, hesablanmış və ya hesablanacaq faiz və cərimə məbləğləri müəyyən edilmiş müddətin sonunda güzəşt edilmir və kredit öhdəliyi üzrə ödənişlər ilkin olaraq cərimənin, sonra faizlərin, daha sonra isə əsas məbləğin ödənilməsinə yönəldilir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək təşkil edir. Sazişin 1.3cü bəndinə əsasən kredit üzrə Borcalan tərəfindən Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 faiz ödənilir. Cavabdeh2 ilə bağlanmış xx.xx.2014-cü il tarixli, 737/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 2 nörməli Əlavə Sazişə uyğun olaraq tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, ümumi məbləği 2255,2 ABŞ dolları olan illik faiz dərəcəsi 8 % olan kredit üzrə Cavabdeh2 05 noyabr 2017-ci il tarixdən 05 oktyabr 2021-ci il tarixinə qədər hər ayın 05-i olmaqla 55,05 ABŞ dolları, sonuncu ay 54,85 ABŞ dolları ödəməlidir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Kreditor), Cavabdeh1 və Cavabdeh3 (Zamin) arasında imzalanmış xx.xx.2014-cü il tarixli, ZM-737/14 saylı zaminlik müqaviləsi üzrə 05 oktyabr 2017-ci il tarixli 2 nömrəli Əlavə Sazişin 1.1-ci bəndinə əsasən Borcalanın Kreditor qarşısındakı 4385.89 USD təşkil edən kredit öhdəliyinin qalığı təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 2255.2 USD əsas borc, 1362.64 USD ayrıca hesabda dondurulmuş faiz borcu və 768.05 USD cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədəkdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 8 (səkkiz) faiz təşkil edir. Gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 0 (sıfır) faiz dəbbə pulu hesablanır və Borcalan tərəfindən Kreditora ödənilir. xx.xx.2014-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, cavabdeh kredit müqaviləsi üzrə 3800 ABŞ dolları iddiaçıdan almışdır. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 xx.xx.2024-cü il tarixə banka olan əsas borcu 992,67 ABŞ dolları, müqavilə müddəti üçün hesablanmış faiz borcu 363,43 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirilməsinə görə cərimə məbləği 2225,68 ABŞ dolları, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 147 ABŞ dolları faiz borcu cəmi borcu 3728,78 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Hesabdan çıxarışlardan görünür ki, cavabdeh tərəfindən xx.xx.2016-xx.xx.2019-cu il tarixləri (sonuncu ödəniş tarixi xx.xx.2019-cu il) aralığında ödənişlər edilmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380-cı maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 383-cü maddəsinə əsasən borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti keçdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddəsinin xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 737/14 nömrəli xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi üzrə cavabdehə əsas vəsaitin alınması məqsədi ilə 24 ay müddətinə illik 33 faiz dərəcəsi ilə 3800 ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan sonra həmin müqaviləyə dəyişiklik edilməsinə dair 20 aprel 2015-ci il tarixli 1 nömrəli əlavə saziş və xx.xx.2017-ci il tarixli 2 nörməli Əlavə Sazişə əsasən Cavabdeh2 illik faiz dərəcəsi 8% olmaqla xx.xx.2021-ci il tarixədək restruktizasiya edildikdən sonra 4385,89 ABŞ dolları məbləğində kredit qaytarmağı öhdəsinə götürmüşdür. Öhdəliyin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh3 arasında xx.xx.2014-cü il tarixli, ZM- 737/14 saylı zaminlik müqaviləsi və həmin müqaviləyə uyğun olaraq 20 aprel 2015-ci il tarixli Əlavə Saziş və 05 oktyabr 2017-ci il tarixli 2 nömrəli Əlavə Saziş bağlanmış, zaminlər borclu ilə birgə məsuliyyəti öz üzərinə götürmüşlər. Kreditor, yəni iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin, yəni cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəlikləri tam icra etməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. Hazırda iddiaçı həmin kredit müqaviləsi üzrə cəmi 3728,78 ABŞ dolları borcun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 isə iddia müddətinin tətbiq olunması barədə ərizə verərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə, iddia müddətinin tətbiq olunması barədə ərizəyə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, tərəflər arasında imzalanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrası müddəti 1 və 2 nömrəli əlavə sazişlərlə xx.xx.2021-ci il tarixədək uzaıldmış, iddiaçı isə məhkəməyə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə, yəni öhdəliyin icrası müddəti başa çatdığı vaxtdan 3 il keçmədən müraciət etmişdir. Buna görə də hazırkı tələb üzrə iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Bununla belə, məhkəmə iddiaçının Cavabdeh1 və Cavabdeh3 qarşı iddia tələbini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarması, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulmuş müddət kəsici müddətdir və bu müddətin keçməsi ilə zaminə qarşı tələbə xitam verildiyi üçün, buna görə ayrıca ərizə verilməsi də tələb edilmir. Məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ilə iddiaçı bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ZM-737/14 saylı zaminlik müqaviləsi üzrə 05 oktyabr 2017-ci il tarixli 2 nömrəli Əlavə Sazişin təmin etdiyi xx.xx.2014-cü il tarixli, 737/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 2 nörməli Əlavə Sazişin müddəti 05 oktyabr 2021-ci il tarixədək müəyyən edilmişdir. Lakin xx.xx.2014-cü il tarixli, 737/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 2 nörməli Əlavə Sazişə əsasən öhdəliyin icrası vaxtının çatdığı gündən, yəni xx.xx.2021-ci il tarixindən bir il ərzində LPO İddiaçı ASC zaminlər Cavabdeh1 və Cavabdeh3 qarşı iddia tələbi irəli sürməmişdir. Bu isə yuxarıda qeyd olunan zaminlik müqaviləsi və Qanunun normasına əsasən zaminlik öhdəliyinə xitam verildiyinə dəlalət etdiyindən, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı iddia tələbi əsassız olduğuna görə iddia tələbi həmin hissədə rədd edilməlidir. Beləliklə məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Cavabdeh2 992,67 ABŞ dolları əsas, 363,43 ABŞ dolları faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı eyni zamanda kredit müqaviləsi üzrə 2225,68 ABŞ dolları cərimə məbləğinin tutulmasını da tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində ödənişlərin gecikdirildiyi təqdirdə cərimə haqqında razılaşma öz əksini tapmışdır. Lakin məhkəmə Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, iddia tələbi üzrə cərimə məbləğləri azaldılaraq 49 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Bundan başqa iddiaçı Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına istinad edərək Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən kredit müqaviləsinin müddəti bitdikdən sonra gecikdirilmiş borca görə illik beş faiz hesablanmaqla 147 ABŞ dolları məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, borcun ödənilməsini artıq 3 ildən çox gecikdirdiyinə görə iddiaçının əsas borca hesablanmış illik beş faiz (992,67 x 5%=49,63 x 3il=148,89) ödənilməsini tələb etmək hüququ vardır və buna görə də iddia həmin hissədə də təmin olunmalıdır. Məhkəmə iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında borc məbləği ABŞ dolları ilə razılaşdırılsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməli olduğuna görə, cavabdehdən alınan vəsait ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməlidir. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 83,39 manat dövlət rüsumunun 46,39 manatının əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 992,67 ABŞ dolları əsas borc, 363,43 ABŞ dolları faiz borcu, 49 ABŞ dolları cərimə, illik 5% ilə hesablanmış 147 ABŞ dolları faiz olmaqla cəmi 1552 (bir min beş yüz əlli iki) ABŞ dolları 10 (on) sent borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş dövlət rüsumunun 46 (qırx altı) manat 39 (otuz doqquz) qəpiyinin əvəzi iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-640/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-640/2025
21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver