Məhkəmə qərarları › İş №e-2-2(113)-6407/2022

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-6407/2022

16.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6407/2022 16.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 01 may 2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi və icarə haqqına görə yaranmış 45800 manat borcun və 228 manat dövlət rüsumunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən özünə məxsus 2000 kv.metr qeyri-yaşayış sahəsini aylıq icarə haqqı 3000 manat və əlavə ƏDV ilə illik icarə haqqı isə 42480 manat müəyyən edilməklə 01 may 2019-cu il tarixindən icarə müqaviləsinə əsasən cavabdehə icarəyə vermişdir. Həmin gündən MMC özünə məxsus əmlaklarını icarəyə götürdüyü qeyri-yaşayış sahəsinə gətirərək ondan istifadə etmiş və bir müddət icarə haqqlarını ödəsə də, sonradan müəyyən bəhanələrlə icarə haqqlarını ödəməmişdir. Cavabdehin rəhbərliyinə dəfələrlə icarə haqqını və ƏDV-ni ödəmək barədə məlumat verilsə də, bir müddət vaxt istəmiş, sonradan isə icarə haqqını ödəməmişdir. Lakin icarə haqqına görə qalıq borclarından sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 4400 manat ödəmiş, qalan borclarını ödəməmişdir. Cavabdehə icarə müqaviləsinin tələblərinə əməl edərək borcun ödənilməsinin təklif olunmasına dair pretenziya verilmiş, lakin MMC pretenziyanı rəsmi olaraq qəbul etsə də, icarə haqqını könüllü ödəməkdən yayınmış və icarə müqaviləsinin ləğv edilməsinə münasibət bildirməmişdir. Hal-hazırda isə cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixə 45800 manat borcu vardır. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi F.Musayev iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qiyabi qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsi F.Musayevin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı (icarədar) ilə cavabdeh (icarəçi) arasında bağlanmış 01 may 2019-cu il tarixli müqaviləyə əsasən icarədar müəssisənin ünvan 2 ünvanında yerləşən iddiaçının ərazisində 2000 kv sahəni anbar məqsədi ilə icarəçiyə verir. İcarəçi həmin sahəni icarəyə götürməklə müqavilə ilə müəyyən olunmuş icarə haqqnı vaxtlı-vaxtında ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən sahənin illik icarə haqqı ƏDV ilə birlikdə 42480 manat müəyyən edilir. 1 aylıq icarə 3000 manat +ƏDV. Müqavilənin 2.2-ci bəndinə əsasən icarə haqqı ayda bir dəfə əvvəlcəədən ödənilir. xx.xx.2019-cu il tarixli 971488 nömrəli kassa mədaxil orderi ilə cavabdeh tərəfindən 3540 manat, xx.xx.2019-cu il tarixli 773815 nömrəli kassa mədaxil orderi ilə 3540 manat, xx.xx.2019-cu il tarixli kassa mədaxil orderi ilə 3540 manat, xx.xx.2019-cu il tarixli 773856 nömrəli kassa mədaxil orderi ilə 3540 manat, xx.xx.2020-ci il tarixli 233793 nömrəli kassa mədaxil orderi ilə 3540 manat, xx.xx.2020-ci il tarixli kassa mədaxil orderi ilə 3000 manat, xx.xx.2020-ci il tarixli 623119 nömrəli kassa mədaxil orderi ilə 3540 manat, xx.xx.2020-ci il tarixli 623162 nömrəli kassa mədaxil orderi ilə 3540 manat, xx.xx.2020-ci il tarixli 623190 nömrəli kassa mədaxil orderi ilə 3540 manat, xx.xx.2020-ci il tarixli 623229 nömrəli kassa mədaxil orderi ilə 3540 manat, xx.xx.2020-ci il tarixli 623262 nömrəli kassa mədaxil orderi ilə 3540 manat, xx.xx.2020-ci il tarixli 623286 nömrəli kassa mədaxil orderi ilə 3540 manat, xx.xx.2022-ci il tarixli kassa mədaxil orderi ilə 4400 manat icarə haqqı iddiaçıya ödənilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsi üzrə cavabdehin ödəniş etdiyi tarix və məbləğlərə dair arayışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2019-cu il tarixdə 1300 manat, xx.xx.2019-cu il tarixdə 1700 manat, xx.xx.2019-cu il tarixdə 3540 manat (nağd), xx.xx.2019-cu il tarixdə 3000 manat, xx.xx.2019-cu il tarixdə 3000 manat, xx.xx.2019-cu il tarixdə 3540 manat (nağd), xx.xx.2019-cu il tarixdə 3540 manat (nağd), xx.xx.2019-cu il tarixdə 3000 manat, ümumilikdə 22620 manat ödəniş edilmiş 3240 manat isə ƏDV məbləği təşkil edir. Cavabdehin xx.xx.2022-ci il tarixə olan borcu 45800 manat təşkil edir. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə cavabdeh qalıq borc üzrə 1260 manat, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı ilə EBAH 223378 nömrəli elektron qaimə üzrə 540 manat, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı ilə EBAG 508169 nömrəli elektron qaimə üzrə 540 manat, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı ilə EBAF 870314 nömrəli elektron qaimə üzrə 540 manat, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı ilə EBAF 004344 nömrəli elektron qaimə üzrə 540 manat, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə EBAD 289912 nömrəli elektron qaimə üzrə 540 manat, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə EBAC 172761 nömrəli elektron qaimə üzrə 540 manat, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 540 manat avans, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 540 manat avans, xx.xx.2019cu il tarixli ödəniş tapşırığı ilə EAAX 943922 nömrəli elektron qaimə üzrə 90 manat, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə EAAV 357230 nömrəli elektron qaimə üzrə 306 manat, EAAV 357230 nömrəli və EAAT 837266 nömrəli elektron qaimələr üzrə 684 manat, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə EAAV 357230 nömrəli elektron qaimə üzrə 1300 manat, xx.xx.2019-cu il tarixli EAAV 357230 nömrəli elektron qaimə üzrə 1700 manat, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə EAAX 943922 nömrəli elektron qaimə üzrə 3000 manat, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 3000 manat avans, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə EBAC 172761 nömrəli elektron qaimə üzrə 3000 manat, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı ilə EBAF 004344 nömrəli elektron qaimə üzrə 3000 manat, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı ilə EBAF 870314 nömrəli elektron qaimə üzrə 3000 manat, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı ilə EBAG 508169 nömrəli elektron qaimə üzrə 3000 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə qalıq borc üzrə 7000 manat ödəniş etmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə işin hallarından məlum olur ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etdiyi halda, cavabdeh həmin müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-nin ərazisində 2000 kv sahəni cavabdehə icarəyə vermiş və müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini tam icra etmişdir. Lakin cavabdeh həmin müqavilə üzrə öhdəliklərini icra etməyərək icarə haqlarını tam şəkildə ödəməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 45800 manat məbləğində ödənilməmiş icarə haqqı borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində tərəflər aralarında bağlanmış 01 may 2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi tələbini də irəli sürmüşdür. İşin araşdırılan hallarından, iddiaçının izahatından cavabdehin öz öhdəliklərini tam və vaxtında icra etməməsi müəyyən edilmişdir. Bu səbəbdən Məhkəmə hesab edir ki, iddiaçının həmin tələbi də əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Nəticə: Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 45800 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsi ləğv edilməli, cavabdehdən 45800 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 228 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı "xxxx" ASC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsi ləğv edilsin. Cavabdeh MMC-dən 45800 (qırx beş min səkkiz yüz) manat məbləğində pul və ödənilmiş 228 (iki yüz iyirmi səkkiz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar