Məhkəmə qərarları › İş №e-2-2(113)-6409/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6409/2025

23.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6409/2025 23.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçılar Qanuni nümayəndə1 və İddiaçı2 Cavabdehnə qarşı “zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, müqavilə öhdəliyi üzrə icranın gecikdirilməsi nəticəsində dəymiş zərərinin ödənilməsi, mülki hüquq pozuntusu nəticəsində dəymiş zərər, səbəbli əlaqə - conditio sine qua non) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi (qanuni təmsilçi) Qanuni nümayəndə2 iştirakları ilə İddiaçılar Qanuni nümayəndə1 və İddiaçı2 Cavabdehnə qarşı “zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçılar Qanuni nümayəndə1 və İddiaçı2 (bundan sonra İddiaçı2 MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 MMC-yə dəymiş zərərin əvəzi olaraq 20000 manat, iddiaçı Qanuni nümayəndə1 dəymiş zərərin əvəzi olaraq 4 000 manat məbləğində pulun cavabdehlərdən tutularaq birgə iddiaçılara ödənilməsi və iddianın məhkəməyə verilməsi ilə əlaqədar Qanuni nümayəndə1 tərəfindən ödənilmiş 60 manat, İddiaçı2 tərəfindən ödənilmiş 150 manat dövlət rüsumunun, həmçinin hüquqi xidmətə görə ödənilmiş 325 manat xidmət haqqının cavabdehdən birgə iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. İddiaçı2 MMC ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli 1 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən cavabdeh icraçı qismində çıxış edərək iddiaçı hüquqi şəxsin HR və mühasibatlıq işlərini aparmalı, iddiaçı isə öz növbəsində müqavilə üzrə sifarişçi qismində çıxış edərək cavabdehin göstərmiş olduğu xidmətlərin dəyərini ödəməli idi. İddiaçı2 MMC-nin sözügedən müqavilə çərçivəsində cavabdehə olan növbəti tapşırığı bundan ibarət olmuşdur ki, iddiaçının işçisi olan X3 ilə əmək müqaviləsi imzalanması məqsədilə müəyyən xidmət həyata keçirilsin. İşçiyə aid olan bütün məlumatlar onunla müvafiq əmək müqaviləsinin bağlanması üçün iddiaçı tərəfindən hələ avqust ayında qarşı tərəfə göndərilsə də, cavabdeh öz vəzifəsini vaxtında və lazımi qaydada icra etmədiyi üçün – işçini qeydiyyata sentyabr ayında saldığı üçün İddiaçı2 MMC X4 tərəfindən aparılan yoxlama nəticəsində cərimələrin tətbiqi ilə üzləşmişdir. 2.2. İddiaçı cavabdehin öz öhdəliyini lazımi qaydada yerinə yetirməməsini də məhz elə həmin hadisədən sonra anlamışdır. Göstərilən xidmətin səviyyəsindən narazı olduğu üçün İddiaçı2 MMC artıq həmin andan etibarən icraçıya hər hansı sifariş və tapşırğın verilməsini dərhal dayandırmışdır. Beləliklə, iddiaçı tərəfindən işçi X1 bütün məlumatları cavabdehə göndərildiyi, həmçinin “ASAN İmza” daşıyıcısı olan mobil telefonunun da cavabdehdə olması ilə güman edilmişdir ki, işçi ilə əmək müqaviləsi imzalanıb və DSMF və sair kimi ödənişlər də ödənilir. Çünki digər işçilərlə bağlı da eynilə məlumatlar göndərilmiş və digər işçilər də eyni qayda ilə işə götürülmüşlər (işçinin sosial ödənişləri hər ay ödənilmiş, əmək haqqısı rəsmi bank kartına (əmək haqqı kartına) köçürülmüşdür). Bu ödənişlərin və sair qaydasında getməsi işəgötürəndə hər hansı problemin olması ilə bağlı şübhə yaratmamışdır. 2.3. Nəticə etibarilə işçi ilə yaşanan əmək mübahisəsi nəticəsində iddiaçı İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulan 192-ci maddəənin pozuntusuna görə həm vəzifəli şəxs kimi, həm də hüquqi şəxs sahibi kimi cəmi 24 000 manat həcmində cərimələnmişdir. Belə ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli 3(004)-1941/2024 nömrəli qərarı ilə hüquqi şəxs İddiaçı2 MMC-nin İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20 000 manat məbləğində cərimə edilməsi barədə qərar qəbul edilmişdir ki, bundan narazı qalaraq həmin qərardan apellyasiya şikayəti verilməsinə baxmayaraq, Bakı Apellyasiya Məhkəməsinin 3(103)- 1077/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə Yasamal Rayon Məhkəməsinin qeyd edilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 2.4. Həmçinin X4nin İddiaçı2 MMC-nin vəzifəli şəxsi – direktoru kimi X2 da barəsində tənbeh tədbiri qismində 4000 manat məbləğində cərimənin ödənilməsi barədə qəbul edilmiş, xx.xx.2024-cü il tarixli MN ******* saylı qərardan verilmiş şikayətə də baxılaraq Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli 3(004)-2205/2024 saylı məhkəmə qərarı ilə həmin cərimənin qüvvədə saxlanması qərara alınmışdır. Həmin qərardan da verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Yasamal Rayon Məhkəməsinin qərarının qüvvədə saxlanması barədə Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1161/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı qəbul edilmişdir. 2.5. Beləliklə, nəticə etibarilə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməməsi nəticəsində iddiaçılara ümumilikdə 24 000 manat məbləğində cərimə hesablanmışdır. Bu iddiaçıların üzləşdiyi ziyan məbləğidir və bu ziyanın baş verməsi birbaşa cavabdeh tərəfindən üzərinə götürmüş olduğu öhdəliyin düzgün qaydada yerinə yetirilməməsindən qaynaqlanmışdır. İddiaçı tərəfindən məhkəmədən öncə pretenziya qaydasına əməl edilməsinə dair qaydada uyğun olaraq həm fikizi, həm də elektron pretenziya məktubları cavabdehə ünvanlansa da, cavabdeh tərəfindən ödənişin edilməsindən imtina edilir. Hazırda cavabdeh hərəkətsizlik nümayiş etdirdiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 442, 448-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə və iddiaçı, həmçinin İddiaçı2 MMCnin nümayəndəsi – qanuni təmsilçi Qanuni nümayəndə1 məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdilər və eyni zamanda göstərdilər ki, cavabdeh tərəfindən maliyyə və HR xidmətləri göstərilmiş, 2023-cü ilin sentyabr ayının sonuna kimi əməkdaşlıq edilmişdir. İddiaçı tərəfindən X3 barəsində bütün məlumatlar cavabdehə təqdim edilməsinə baxmayaraq, cavabdeh tərəfindən əmək müqaviləsi bildirişi vaxtında imzalanmamış, nəticədə iddiaçılar İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə müvafiq olaraq cərimələnmişlər. Hazırda həmin cərimə məbləğləri zərər kimi cavabdehdən tələb edilir.

6. Cavabdehin nümayəndəsi – qanuni təmsilçi Qanuni nümayəndə2 məhkəmə iclaslarında iştirak edərək, iddiaya etiraz etdi və eyni zamanda göstərdi ki, cavabdeh tərəfindən yalnız mühasibatlıq xidməti göstərilmiş, HR xidmətinin göstərilməsi öhdəliyi mövcud olmamışdır. Lakin iddiaçı Qanuni nümayəndə1 ilə işçisi Emin bəy yaxın olmuş, bu səbəbdən İddiaçı2 MMC-yə HR-la bağlı kömək göstərilmişdir. Lakin insan resursları ilə bağlı xidmətin göstərilməsi razılaşdırılmamışdır.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Dəymiş maddi zərərin ödənilməsi tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi aidiyyəti, mümkün və mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. İş materialları əsasında müəyyən olunur ki, İddiaçı2 MMC ilə cavabdeh arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı xidmətlərin göstərilməsini sifariş etməyi, cavabdeh isə xidmətlərin göstərilməsini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən İddiaçı2 MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(004)-1941/2024 nömrəli qərarı ilə İddiaçı2 MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib, 20000 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(103)-1077/2024 nömrəli qərarı ilə İddiaçı2 MMC tərəfindən verilmiş şikayət təmin edilməmişdir. "xxxx" MMC-nin direktoru Qanuni nümayəndə1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 17 aprel 2024cü il tarixli MN ******* saylı qərarından (4000 manat məbləğində cərimə edilmə ilə bağlı) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini xahiş etmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-2205/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş "xxxx" MMCnin direktoru Qanuni nümayəndə1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 17 aprel 2024-cü il tarixli MN ******* saylı qərarından verdiyi şikayətin təmin edilməməsi qərara alınmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(103)-1161/2024 nömrəli qərarı ilə Qanuni nümayəndə1 və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.

11. İddiaçılar cavabdeh tərəfindən xidmət müqaviləsi üzrə öhdəliklərin lazımınca yerinə yetirilmədiyini, X1 əmək müqaviləsi bildirişinin vaxtında imzalanmadığını, nəticədə iddiaçıların Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli hesab edilərək barələrində cərimə tətbiq edildiyini bildirirlər və həmin cərimənin dəymiş zərər kimi cavabdehdən tutulmasını tələb edirlər.

12. Cavabdeh İddiaçı2 MMC ilə bağlanmış xidmət müqaviləsi üzrə yalnız mühasibatlıq xidmətinin göstərilməsini öhdələrinə götürdüyünü bildirir və iddianın rədd edilməsini xahiş edir.

13. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

14. Əvvəla, İddiaçı2 MMC ilə Cavabdeh MMC arasında bağlanmış xidmət müqaviləsi üzrə öhdəliyin məzmunu müəyyənləşdirilməlidir.

15. İş materiallarında olan xx.xx.2023-cü il tarixli EBDG 774296, xx.xx.2023-cü il tarixli EBDİ 521581, xx.xx.2023-cü il tarixli EBDL 042349, xx.xx.2023-cü il tarixli EBDN 186310, xx.xx.2023-cü il tarixli EBDO 998560 seriya və nömrəli elektron qaimələrdən görünür ki, həmin elektron qaimələr cavabdeh tərəfindən İddiaçı2 MMC-yə mühasibatlıq, vergi uçot xidməti işlərinin görülməsi, maliyyə məsələləri barədə köməkçi məsləhətlər, mühasibat işləri sahəsində sair xidmət, mühasibatlıq xidməti göstərilməsi, maliyyə xidmətləri barəsində yardımçı məlumatlandırma xidmətləri üçün tərtib edilərək göndərilmişdir.

16. Tərəflər arasında aparılan və hər iki tərəfin qəbul etdiyi vatsap yazışmalarından görünür ki, 24 aprel 2023-cü il tarixdə iddiaçının nümayəndəsi onun işçi kimi sənədləşməsinin aparılmadığını bildirir, cavabdeh 01 maydan sistemə vurulacağını qeyd edir, 11 iyun 2023-cü il tarixdə iddiaçı şəxsiyyət vəsiqəsi göndərərək şəxsin baş aşpaz vəzifəsinə qəbul edilməsini xahiş edir, cavabdeh təsdiq edir, 14 iyun 2023-cü il tarixdə cavabdeh qeyd edilən şəxsin imzalanmış əmək müqaviləsi bildirişini iddiaçıya göndərir, 20 iyun 2023-cü il tarixdə cavabdeh daha 2 şəxsin imzalanmış əmək müqaviləsi bildirişini iddiaçıya təqdim edir, 26 iyun 2023-cü il tarixdə İddiaçı2 MMC cavabdehə xarici şəxsin müvəqqəti yaşamaq haqqında icazə vəsiqəsini göndərir və həmin şəxsin işə götürülməsinin mümkünlüyü ilə maraqlanır, cavabdeh hazırda qeyri-iş günü olduğunu və bu barədə məlumat verəcəyini bildirir, 17 avqust 2023-cü il tarixdə iddiaçı X1 nə üçün portala əlavə edilmədiyini soruşur, cavabdeh məsələni dəqiqləşdirib məlumat verəcəyini bildirir, 18 sentyabr 2023-cü il tarixdə iddiaçı şəxsiyyət vəsiqəsi göndərərək həmin şəxsin xadimə vəzifəsinə, aylıq əmək haqqı 350 manat olmaqla, digər şəxsin şəxsiyyət vəsiqəsini təqdim edərək onun aşpaz vəzifəsinə, aylıq əmək haqqı 380 manat olmaqla, X1 menecer vəzifəsinə, aylıq əmək haqqı 400 manat olmaqla işə qəbul olunduğunu bildirir, işçilərin sistemə daxil edilməsini xahiş edir, 20 sentyabr 2023-cü il tarixdə hər üç işçinin imzalanmış əmək müqaviləsi bildirişi cavabdeh tərəfindən təqdim edilir, 05 may 2024-cü il tarixdə cavabdeh X1 əmək müqaviləsini göndərir.

17. Göründüyü kimi, cavabdeh tərəflər arasındakı xidmət münasibətlərinin insan resursları və kadr məsələlərini əhatə etmədiyini bildirsə də, vatsap yazışmaları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən işçilərin əmək müqavilərinin sistem vasitəsilə təsdiq edilməsi, əmək müqaviləsi bildirişlərinin verilməsi ilə bağlı xidmətlər icra edilmiş, danışıqların məzmunundan qeyd edilən xidmətlərin cavabdeh tərəfindən xidmətdən kənar, dostluq münaisbətləri zəmnində göstərildiyi təsdiq edilməmişdir.

18. Qeyd edilənlər onu deməyə əsas verir ki, əmək müqaviləsi bildirişlərinin sistemə daxil edilməsi bilavasitə tərəflər arasındakı xidmət münasibətləri ilə əhatə olunmuş, cavabdehin öhdəliyini təşkil etmişdir.

19. Zərər tələbinə münasibətdə göstərilməlidir ki, İddiaçı2 MMC ilə Cavabdeh MMC arasında xidmət müqaviləsi münasibətləri olduğundan həmin iddiaçının cavabdehə qarşı tələbi müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində dəyən zərər kimi, iddiaçı Qanuni nümayəndə1 ilə cavabdeh arasında müqavilə münasibətləri olmadığından isə həmin iddiaçının cavabdehə qarşı tələbi mülki hüququ pozuntusundan irəli gələn tələb kimi dəyərləndirilməlidir.

20. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Həmin Məcəllənin 443.1 – 443.4-cü maddələrinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.2). Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır (443.3). Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır (443.4)

22. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

23. Mülki Məcəllənin qeyd edilən normalarının müqayisəli təhlilindən aydın olur ki, borclu tərəfindən icranın gecikdirilməsi nəticəsində dəymiş zərərin ödənilməsi tələblərində 1) zərərin mövcud olması; 2) zərərlə icranın gecikdirilməsi arasında səbəbli əlaqə; 3) zərər vuran şəxsin təqsiri müəyyən olunmalıdır.

24. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Yəni öhdəlik bir tərəfin müəyyən hərəkətlər etməsi və ya müəyyən hərəkətlərdən çəkinməsi, digər tərəfin isə tələb etmək hüququ ilə xarakterizə edilən qarşılıqlı hüquqi münasibətdir. Hər bir hüquqi münasibət kimi öhdəlik hüquq münasibətinin də müəyyən yaranma - əmələ gəlmə əsası olur. Mülki Məcəllənin 386-cı maddəsi öhdəliklərin əmələ gəlmə əsaslarını müəyyən edir. Belə ki, öhdəliyin əmələ gəlmə əsaslarına başlıcası müqavilə olmaqla zərər vurulması, əsassız varlanma və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar aid edilir. Mülki hüquq nəzəriyyəsində bu əsaslar müqavilədən və müqavilədən kənar olmaqla iki yerə bölünür. Öhdəliyin zərər vurulması ilə, yəni mülki hüquq pozuntusu (deliktlər) nəticəsində əmələ gəlməsi onun müqavilədən kənar əsasla yaranması hesab olunur.

25. Mülki Məcəllənin doqquzuncu bölməsi mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər adlanır. Mülki Məcəllənin 1096-cı maddəsi mülki hüquq pozuntusuna anlayış verir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Verilən anlayışdan aydın olur ki, mülki hüquq pozuntusunun tərkibi hüquqazidd əməl, bu əməllə zərər arasında səbəbli əlaqə və təqsirdir.

26. Göründüyü kimi, hər iki qaydada zərərin tutulması üçün səbəbli əlaqə zəruri şərtdir.

27. Məhkəmə qeyd edir ki, iddiaçıların faktiki əsası hətta təsdiq olunsa da, iddia edilən zərərlə cavabdehin hərəkətsizliyi (icranı gecikdirməsi) arasında səbəbli əlaqə mövcud deyildir. Belə ki, səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarı).

28. Bu mənada səbəbli əlaqə ilə, hərəkətin və ya hərəkətsizliyin zərərin yaranmasında bir neçə faktordan biri olması deyil, məhz həmin zərəri şərtləndirməsi, həmin zərəri bilavasitə yaratması (conditio sine qua non) nəzərdə tutulur.

29. Hazırkı işin hallarından isə belə bir səbəbli əlaqənin mövcudiyyəti təsdiq edilmir. Belə ki, vatsap yazışmalarından göründüyü kimi, cavabdeh tərəfindən əmək müqaviləsi bildirişi imzalanmış bütün işçilərin bildirişləri bir neçə gün sonra iddiaçıya göndərilmişdir. İddiaçı isə ən azı 17 avqust 2023-cü il tarixdə cavabdehə xatırlatma edərkən X1 əmək müqaviləsinin sistemə daxil edilməməsindən məlumatlı olmuşdur. Daha sonra iddiaçı yalnız 18 sentyabr 2023-cü il tarixdə digər 2 şəxslə birlikdə X1 vəzifəsi və əmək haqqı məlumatlarını təqdim etmiş, həmin şəxslə bağlanmış əmək müqaviləsinin sistemə daxil edilməsini xahiş etmiş, 20 sentyabr 2023-cü il tarixdə cavabdeh əmək müqaviləsi bildirişini təqdim etmişdir.

30. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(004)- 1941/2024 nömrəli və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-2205/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarlarından görünür ki, iddiaçılar barəsində inzibati tənbeh tədbiri X1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək "xxxx" MMC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi üçün tətbiq edilmişdir. Halbuki 17 avqust 2023-cü il tarixdə X3 ilə bağlanmış əmək müqaviləsinin hüquqi qüvvəyə minmədiyindən məlumatlı olan və formalaşmış işgüzar praktikaya uyğun olaraq əmək müqaviləsi bildirişinin göndərilməsini gözləmədən sonuncunu işə cəlb edən iddiaçılar bilavasitə öz hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaratmışlar.

31. Göründüyü kimi, hazırda cavabdehin müqavilə öhdəliyini icra etməməsi ilə dəymiş zərər arasında səbəbli əlaqə mövcud deyildir.

32. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, iddiaçı Qanuni nümayəndə1 və İddiaçı2 MMC-nin Cavabdeh MMC-yə qarşı “zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

b) Məhkəmə xərcinin tutulması ilə bağlı

33. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

34. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Məhkəmə iddia tələbinin təmin edilmədiyini nəzərə alaraq hesab edir ki, məhkəmə xərcləri iddiaçılara aid edilməlidir.

V. Nəticə:

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçılar Qanuni nümayəndə1 və İddiaçı2 Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar