Məhkəmə qərarları › İş №e-2-2(113)-6410/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6410/2025

19.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6410/2025 19.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli onlayn kredit verilməsinə dair məktub üzrə 7842,25 manat əsas borc, 629,72 manat faiz borcu, 55,80 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 8527,77 manat borcun və 105,28 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh2 120 ay müddətinə 100000 manat kredit limiti ayrılmışdır. Cavabdeh2 xx.xx.2023-cü il tarixli onlayn kredit verilməsinə dair məktuba əsasən İddiaçı ASC-dən illik 22 faizlə 36 ay müddətinə 10000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 2024-cü il noyabrın 20-dək Cavabdeh2 banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 7842,25 manat əsas borcu, 629,72 manat faiz borcu, 111,6 manat cərimə borcu olmaqla, cəmi 8583,57 manat borcu vardır. Cavabdeh2 xx.xx.2023-cü il tarixli onlayn kredit verilməsinə dair məktub üzrə banka ümumi cərimə borcunun 111,6 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 %-i miqdarında olmaqla, yəni 55,8 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 284-1, 442, 445.2.1, 448.1, 472.1, 472.2, 501-ci maddələrinə istinad olunmuşdur.

4. 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:

5. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23-MCR-1- 629-21 nömrəli (kredit limitinin ayrılmasına dair) razılaşmadan görünür ki, Cavabdeh2 bankdan 120 (yüz iyirmi) ay müddətinə, faiz dərəcəsi 30% olmaqla, 100000 (yüz min) manat məbləğində kredit limiti ayrılmışdır.

6. Cavabdeh2 xx.xx.2023-cü il tarixli onlayn kredit verilməsinə dair məktubuna əsasən İddiaçı ASC-dən illik 22 faizlə 36 ay müddətinə 10000 manat kredit götürmüşdür.

7. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, Z/01574/21 nömrəli zaminlik müqaviləsinin məzmunundan müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23-MCR-1-629-21 nömrəli (kredit limitinin ayrılmasına dair) razılaşma üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

8. İddiaçı ASC tərəfindən tərtib edilmiş kartın təhvil-təslim aktından görünür ki, xx.xx.2021-ci il tarixində kredit kartı Cavabdeh2 təhvil verilmişdir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.

9. İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka 7842,25 manat əsas borc, 629,72 manat faiz borcu, 111,60 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 8583,57 manat borcu vardır.

10. İddiaçı tərəfindən iş materiallarına hesabdan çıxarış əlavə edilmişdir.

11. İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2024-cü il tarixli, KBD 6818 nömrəli xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, kredit müqaviləsi üzrə borcun 5 gün müddətində banka ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə bank tərəfindən borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

14. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli, 23-MCR-1-629-21 nömrəli (kredit limitinin ayrılmasına dair) razılaşma bağlanmış və həmin razılaşmaya əsasən Cavabdeh2 bankdan 120 (yüz iyirmi) ay müddətinə, faiz dərəcəsi 30% olmaqla, 100000 (yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. Cavabdeh2 xx.xx.2023-cü il tarixli onlayn kredit verilməsinə dair məktuba əsasən İddiaçı ASC-dən illik 22 faizlə 36 ay müddətinə 10000 manat kredit götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli, Z/01574/21 nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23-MCR-1-629-21 nömrəli (kredit limitinin ayrılmasına dair) razılaşma üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Beləliklə, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdehlər üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra yetirməmişdir.

15. İddia tələbinin bir hissəsini cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli onlayn kredit verilməsinə dair məktub üzrə 7842,25 manat əsas borc, 629,72 manat faiz borcunun tutulması təşkil edir.

16. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borclu və zamin) müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcu və hesablanmış faizlərin tutulması hissəsində təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7842,25 manat (yeddi min səkkiz yüz qırx iki manat iyirmi beş qəpik) əsas borc, 629,72 manat (altı yüz iyirmi doqquz manat yetmiş iki qəpik) faiz borcu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır.

17. İddia tələbinin digər hissəsini 55,80 manat cərimə borcunun tutulması təşkil edir.

18. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

19. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə borcunun ödənilməsinə dair iddia tələbi təmin edilməli və cavabdehlərdən müştərək qaydada 55,80 manat (əlli beş manat səksən qəpik) məbləğində cərimə borcu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir.

20. Eləcə də, iddiaçı 105,28 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

21. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 105,28 manat (yüz beş manat iyirmi səkkiz qəpik) məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7842,25 manat (yeddi min səkkiz yüz qırx iki manat iyirmi beş qəpik) əsas borc, 629,72 manat (altı yüz iyirmi doqquz manat yetmiş iki qəpik) faiz borcu, 55,80 manat (əlli beş manat səksən qəpik) cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 105,28 manat (yüz beş manat iyirmi səkkiz qəpik) manat olmaqla, cəmi 8633,05 manat (səkkiz min altı yüz otuz üç manat beş qəpik) məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar