Məhkəmə qərarları › İş №e-2-2(113)-642/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-642/2022

14.03.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-642/2022 14.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı 26.08.2021-ci il tarixli, 06/3237/YİLİZ saylı müqavilənin ləğv edilməsi, avtomobilin mülkiyyətçiyə qaytarılması, müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 26.08.2021-ci il tarixli 06/3237/YİLİZ nömrəli X1 Müqaviləsinin ləğv edilməsi, İddiaçı MMC-yə məxsus “BMW 523İ” minik markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilin öz mülkiyyətçisinə qaytarılması, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 26.08.2021-ci il tarixli 06/3237/YİLİZ nömrəli X1 müqaviləsinə əsasən yaranmış 22.878,43 manat əsas borc, 1.874,76 manat mükafat borcu, 220,41 cərimə faizi cəmi: 24.973,6 manat lizinq borcu məbləğinin, 200 manat ilkin mediasiya prosesində iştirak üçün iddiaçı tərəfindən ödənilmiş xərc və 382,57 manat dövlət rüsumlarının əvəzi Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 26.08.2020-ci il tarixli 06/3237/YİLİZ nömrəli X1 Müqaviləsinə əsasən İddiaçı MMC təsviri bu müqavilədə göstərilən 1 (bir) ədəd, 2010-cu il buraxılışı olan, “BMW 523İ” markalı, mühərrik X4XFP1545AC483446 nəqliyyat vasitəsini Cavabdeh MMC-nin istifadəsinə vermişdir. Cavabdeh MMC sözügedən müqavilənin 9.4 bəndinə əsasən lizinq alanın lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 42.346 manat təşkil edir. Bu ümumi məbləğdən 12.492 manat lizinq verənnin mükafatını təşkil edir. Tərəflərin razılığı əsasında bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Hər ay 1209,89 manat ödəniş etməlidir. Lizinq müqaviləsi üzrə illik faiz dərəcəsi 25% olmaqla 35 ay müddətinə verilmişdir. Cavabdeh müqaviləsinə əlavə edilmiş lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Belə ki, cavabdeh 26.09.2021-ci il tarixdən etibarən hər ay 1209,89 manat olmaqla ödəniş etməli olduğu təqdirdə 25.08.2021-ci il tarixdən etibarən heç bir ödəniş etməmişdir. Cavabdeh etibarnamə əsasında idarə etdiyi **-AX-*** dövlət qeydiyyat nişanlı “BMW 523İ” avtomobilini etibarnamə olmadan idarə edərək özündə saxlamaqdadır. Yaranmış borcla bağlı İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hüquqi ünvanı olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Məhəllə 5057/68 (Biləcəri qəs.) ünvanına müxtəlif tarixlərdə yazılı və MMC-nin direktoru ilə əlaqə saxlanılaraq şifahi xəbərdarlıqlar edilmiş, əks halda tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi və yaranmış borcun məhkəmə qaydasında tələb edilməsi məqsədi ilə aidyyatı üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Bu Müqavilənin 4.1.3 bəndinə əsasən tərəflər arasındakı müqavilə münasibətlərinə lizinq alan tərəfindən vaxtında və lazımi qaydada icra edilməməsi ilə bağlı xitam verildiyi zaman lizinq obyekti lizinq alan tərəfindən geri qaytarılmazsa və ya vaxtında geri qaytarılmazsa ödənilməmiş ümumi məbləğin hər günü üçün 3% məbləğində ödəniş tələb etmək bu müqavilənin 13.1 bəndinə əsasən hər hаnsı bir mübаhisə və yахud аnlаşılmаzlıq ilkin olaraq danışıqlar yolu ilə, bu mümkün olmadıqda isə Аzərbаycаn Respublikаsının qüvvədə оlаn qаnunvericiliyinə uyğun оlаrаq Аzərbаycаn Respublikаsının aidiyyəti məhkəməsində həll оlunur. Eyni zamanda Cavabdeh MMC-yə İddiaçı MMC tərəfindən 04.11.2021-ci il tarixdə taxes.gov.az satından vergi ödəyicisinin şəxsi kabinetinə pretenziya məktubu göndərilmişdir. Tərəflərindən işin mediasiya qaydasında həll edilməsi üçün 17.11.2021-ci il tarixdə Mediasiya Şurasında müraciət edilmişdir, mediator tərəfindən 21.12.2021-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçının nümayəndəsi (direktoru) məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasını İddiaçı MMC-nin iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC (lizinq verən) ilə Cavabdeh MMC (lizinq alan) arasında 26.08.2020-ci il tarixdə 06/3237/YİLİZ nömrəli X1 müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən lizinq verən əvvəlcədən lizinq vermək məqsədilə öz vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan və ya lizinq alan tərəfindən seçilmiş, lizinq verənlə satıcı arasında bağlanan alqlı-satqı müqaviləsinə əsasən əldə edilmiş 1 ədəd, 2010-cu il buraxılışlı olan, BMW 5231 markalı, mühərrik, ban № X4XFP1545AC483446, nəqliyyat vasitəsini lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi öz öhdəsinə götürür. Lizinq alan isə bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öz öhdəsinə götürür. 3.1-ci bəndinə əsasən hazırki maliyyə lizinqi müqaviləsi 35 ay müddətinə bağlanılmaq şərti ilə lizinq obyektinin lizinq alana təhvil-təslim aktının imzlanmaqla təhvil verildiyi andan hüquqi qüvvəyə minir və 26.07.2023-ci il tarixinədək qüvvədədir. 4.1.1-ci yarımbəndinə əsasən tərəflər arasında imzalanmış maliyyə lizinqi müqaviləsi qüvvəyə mindikdən sonra lizinq alandan müqavilə üzrə ödənilməli olan ödənişlərin vaxtında və lazımi qaydada icra edilməsini, habelə müqavilə üzrə digər öhdəliklərini icra edilməsi; 4.1.2-ci yarımbəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər lizinq alan tərəfindən vaxtında icra edilmədiyi təqdirdə hər gecikdirilən gün üçün ödənilməmiş məbləğin 0,3% həcmində cərimə tələb etmək lizinq verənin hüquqlarındadır. 4.4.1-ci yarımbəndinə əsasən maliyyə lizinqi müqaviləsinə 01 saylı əlavə olan ödəiş qrafikinə əsasən dövri olaraq müəyyənləşdirilmiş lizinq ödənişlərini vaxtında və tam şəkildə icra etmək lizinq alanın vəzifəsidir. 9.6.3-cü yarımbəndinə əsasən lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faizlər; 9.6.4-cü yarımbəndinə əsasən lizinq verənin mükafatının məbləği lizinq ödənişlərinin ümumi məbləğinə daxildir. 11.1.4-cü yarımbəndinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq tam ödəmirsə və ya iki dəfədən artıq ödənişi gecikdirirsə lizinq verən lizinq obyektini geri almaq və bununla da müqaviləyə xitam vermək hüququ vardır. 11.3.-cü bəndinə əsasən lizinq verənin müəyyən etdiyi müddət ərzində lizinq obyekti, onun ayrılmaz hissəsi olan ləvazimat və sənədlər lizinq verənə təhvil verilməyibsə, lizinq verən lizinq obyektini məcburi qaydada geri ala bilər və onların təhvil verilməsinin hər gecikdirilmiş günü üçün lizinq obyektinin cari dəyərinin 0,5% məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 26 avqust 2020-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı MMC-yə məxsus BMW 5231 markalı, X4XFP1545AC483446 şassi, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 26.08.2020-ci il tarixli X1 müqaviləsinə əlavə olan ödəniş qrafikindən görünür ki, həmin qrafikə əsasən lizinq alan tərəfindən 35 ay müddətində hər ay cəmi (əsas və faiz məbləğlə birlikdə) 1209,89 manat məbləğində lizinq ödənişləri edilməli idi. Ödəniş qrafiki tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 23.12.2021-ci il tarixli maliyyə arayışına əsasən 26.08.2020-ci il tarixdə 06/3237/YİLİZ nömrəli X1 müqaviləsi üzrə lizinq alan Cavabdeh MMC tərəfindən əsas borcdan 6.975,57 manat, mükafatdan 6.791,24 manat, gecikmiş faizdən 453,84 manat olmaqla cəmi 14.220,65 manat ödəniş edilmiş və hal-hazırda 23.12.2021-ci il tarixə yaranmış 22.878,43 manat əsas borc, 1.874,76 manat mükafat borcu, 220,41 manat cərimə borcu olmaqla, cəmi 24.973,6 manat təşkil edir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu ilə müraciət edilərək lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələb edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC (lizinq verən) ilə Cavabdeh MMC (lizinq alan) arasında 26.08.2020-ci il tarixli 3237/YİLİZ nömrəli X1 müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Mübahisəli hüquq münasibətlərində lizinq verən qismində çıxış edən İddiaçı MMC müqavilə üzrə öhdəlikləri icra edərək lizinq predmeti olan nəqliyyat vasitəsini lizinq alan Cavabdeh MMC-yə təhvil versə də, lizinq alan 26.08.2020-ci il tarixli 3237/YİLİZ X1 müqaviləsi üzrə ödəniş qrafikinə əsasən lizinq ödənişlərini ardıcıl olaraq iki dəfədən artıq ödəməmişdir. Mülki Məcəllənin 385.1, 386, 442 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12-ci maddəsinə görə lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-1.12.4-cü maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Göründüyü kimi lizinq alan Cavabdeh MMC lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədiyindən lizinqə verən İddiaçı MMC Mülki Məcəllənin 748-1.12-ci maddəsinin tələblərinə əsasən gecikdirilmiş lizinq ödənişlərinin həyata keçirilməsini, lizinq obyektinin geri alınmasını və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə haqlıdır. Cavabdehdən tutulmalı olan lizinq ödənişlərinin məbləğinə gəldikdə məhkəmə əvvəla qeyd edir ki, yuxarıda göstərilən normaların məzmunundan və mübahisəli müqavilənin şərtlərindən də göründüyü kimi maliyyə lizinqi müqaviləsinin şərtlərinə görə lizinq ödənişləri tam ödənildikdən sonra lizinq obyekti lizinq alanın mülkiyyətinə keçir. Bu baxımdan maliyyə lizinqi müqaviləsində müəyyən edilmiş lizinq ödənişlərinə lizinq obyektindən istifadəyə görə haqq və lizinq verənin mükafatı ilə yanaşı lizinq obyekti olan əmlakın dəyəri də daxil edilir. Hazırkı halda isə aydındır ki, lizinq alanın öhdəliklərini lazımi qaydada icra etməməsi ilə əlaqədar lizinq müqaviləsi ləğv edildiyindən və lizinq obyektinin lizinq verənə qaytarılması qət edildiyindən lizinq alanın həmin müqavilədən irəli gələn qalan lizinq müddəti ərzində lizinq obyektindən istifadə etmək və eyni zamanda lizinq ödənişlərini tam ödədikdən sonra həmin lizinq obyektinə mülkiyyət hüququnu əldə etmək hüquqlarına xitam verilmişdir. Mülki Məcəllənin 750-ci maddəsinə görə lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. İş materiallarından isə görünür ki, iddiaçı "xxxx" QSC isə hazırkı iddia ərizəsində müqavilənin ləğv edilməsindən sonrakı müddət üçün hesablanmış faizlərin (mükafatın) ödənilməsini tələb etməsə də, bütün lizinq müddəti üçün hesablanmış lizinq ödənişləri üzrə əsas məbləğin (yəni lizinq obyektinin tam dəyərinin) ödənilməsinə dair tələbi irəli sürmüş və bu zaman onun mülkiyyətində qalmış lizinq əmlakının qalıq dəyərini və qənaət edilmiş digər xərcləri nəzərə almamışdır. Göründüyü kimi hazırkı iddianın tam təmin edilməsi iddiaçı "xxxx" QSC-nin lizinq müqaviləsi üzrə ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə artıq gəlir etməsinə, bununla da əsassız varlanmasına səbəb olacaqdır. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin 424.2-ci maddəsinə görə müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Göstərilən normanın məzmunundan da göründüyü kimi müqavilə ləğv edildikdən sonra tərəflərin həmin müqavilə üzrə yeni öhdəlikləri yaranmır. Odur ki, sözügedən normanın tələbləri baxımından da yanaşsaq, lizinq verən yalnız müqavilənin ləğv edildiyi tarixədək olan dövrdə yaranmış öhdəliklərin (əsas və faiz borcunun) ödənilməsini tələb etməkdə haqlıdır. İş materiallarında olan ödəniş qrafikindən də göründüyü kimi cavabdeh tərəfindən hazırkı qətnamənin qəbul edildiyi tarixə mübahisəli lizinq müqaviləsi üzrə 18 aylıq müddət üçün hər ay 1209,89 manat olmaqla cəmi 21.778 manat məbləğində lizinq ödənişi (əsas məbləğ və mükafat daxil olmaqla) ödənilməli idi. Həmin ödənişin 12682,26 manat hissəsi əsas borc və 9095,74 manat hissəsi isə mükafat (faiz) borcu təşkil edir. İş materiallarında olan maliyyə arayışından isə görünür ki, cavabdeh tərəfindən mübahisəli lizinq müqaviləsi üzrə əsas borcdan 6975,57 manat və faiz (mükafat) borcundan 6791,24 manat məbləğində ödəniş edilmişdir. Yuxarıda göstərilən hallara əsasən isə müəyyən edilir ki, qətnamənin qəbul edildiyi tarixə cavabdehin iddiaçıya gecikdirilmiş əsas borcu 5.706,69 manat (12682,26-6975,57 manat) və gecikdirilmiş mükafat (faiz) borcu isə 2.304,5 manat (9095,74- 6791,94manat ) təşkil edir. MPM-in 218-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi mübahisəli lizinq müqaviləsi üzrə əsas borcun tutulması hissəsində qismən, faiz borcunun tutulması hissəsində tam təmin edilməli, cavabdehdən 5.706,69 manat məbləğində əsas borc, 1.874,76 manat məbləğində mükafat (faiz) borcu tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehdən tutulacaq dəbbə puluna gəldikdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdeh MMC-nin mübahisəli lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsinin işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyini, lizinq müqaviləsində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilə üzrə dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Eyni zamanda iddiaçının dəbbə pulu olaraq ödənilməsini tələb etdiyi 220,41 manat məbləği cavabdehin ödənilməsini gecikdirdiyi əsas borc məbləğinə nəzərən tənasübsüz surətdə yüksək olmadığından onun azaldılması üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış 6.08.2021-ci il tarixli, 06/3237/YİLİZ saylı X1 Müqaviləsi ləğv edilməli, lizinq obyekti olan “BMW523İ” minik markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçıya qaytarılmalı, cavabdehdən 26.08.2021-ci il tarixli, 06/3237/YİLİZ saylı X1 müqaviləsi üzrə 5.706,69 manat məbləğində əsas borc, 1.874,76 manat məbləğində mükafat borcu, 220,41 manat məbləğində dəbbə pulu, cəmi 7.801,86 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 382 manat məbləğində dövlət rüsumu da iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, iddiaçının qaytarılmasını tələb etdiyi lizinq obyektinin dəyəri və ödənilməsini tələb etdiyi pul vəsaitinin məbləği nəzərə alındıqda hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 254 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumu mediasiya xərclərindən artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı çəkdiyi mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 120 manat və dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia verilərkən artıq ödənilmiş 328 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 6.08.2021-ci il tarixli, 06/3237/YİLİZ saylı X1 Müqaviləsi ləğv edilsin. Lizinq obyekti olan “BMW523İ” minik markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə qaytarılsın. Cavabdeh MMC-dən 26.08.2021-ci il tarixli, 06/3237/YİLİZ saylı X1 Mümüqaviləsi üzrə 5.706,69 manat (beş min yeddi yüz altı manat altmış doqquz qəpik) məbləğində əsas borc, 1.874,76 manat (bir min səkkiz yüz yetmiş dörd manat yetmiş altı qəpik) məbləğində mükafat borcu, 220,41 manat (iki yüz iyirmi manat qırx bir qəpik) məbləğində dəbbə pulu, cəmi 7.801,86 (yeddi min səkkiz yüz bir manat səksən altı qəpik) manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 120 (yüz iyirmi) manat və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia verilərkən artıq ödənilmiş 328 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar