Məhkəmə qərarları › İş №e-2-2(113)-643/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-643/2025

28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-643/2025 28.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Bank "xxxx" ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MK-00507-16/21A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2024cü il tarixə ödənilməmiş 4992,92 manat əsas borc, 360,56 manat faiz borcu, 285,47 manat dəbbə pulu olmaqla, ümumilikdə 5638,95 manat borc, iddianın qaldırılması üçün ödənilmiş 77 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MK-00507-16/21A saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 36 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 35000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdeh2 xx.xx.2021-ci il tarixdə iddiaçı Bank "xxxx" ASC ilə MKZ2-00507-16/21A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh4 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh3 xx.xx.2021-ci il tarixdə iddiaçı Bank "xxxx" ASC ilə MKZ-00507- 16/21A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh4 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh5 xx.xx.2021-ci il tarixdə iddiaçı Bank "xxxx" ASC ilə MKZ4-00507-16/21A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh4 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh1 xx.xx.2021-ci il tarixdə iddiaçı Bank "xxxx" ASC ilə MKZ4-00507-16/21A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh4 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdehlər kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya və zaminlərə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlərlə arasında olan müqavilələrin müvafiq olaraq 3.1-ci və 7.4cü maddələrinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehlərin MK-00507-16/21A saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 4992,92 manat, faiz məbləği 360,56 manat, dəbbə borcu 285,47 manat təşkil edir. Beləliklə, cavabdehlərin xx.xx.2024-cü il tarixinə ümumi borcu 5638,95 manat təşkil edir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1-ci maddələrinə istinad olunmuşdur.

5. Cavabdehlər tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

6. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

7. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.

8. Bank "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MK- 00507-16/21A saylı kredit müqaviləsinin 1.1-ci bəndində müqavilənin predmeti qeyd edilmişdir: borcalana verilən kreditin məbləği: 35000 manat; faiz dərəcəsi: illik 20 faiz; müqavilənin müddəti: 36 ay. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən kreditin və kreditdən istifadəyə görə faizlərin borcalan tərəfindən borcverənə qaytarılması qaydası müqavilənin tərkib hissəsi hesab edilən 1 saylı əlavədə müəyyən olunur. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən kreditin və kreditdən istifadəyə görə hesablanmış faizlərin borcalan tərəfindən cari bank hesabına köçürüldüyü tarix həmin vəsaitin borcverənə qaytarıldığı tarix hesab olunur. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən tərəflər müqavilədə nəzərdə tutulmuş vəzifələrin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə məsuliyyət daşıyırlar. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən müqavilənin şərtlərinin pozulmasında təqsirli olan tərəf öz hərəkəti ilə digər tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən müqavilənin 3.1-ci bəndinin C yarımbəndində nəzərdə tutulmuş hallarda və/və ya borcalan tərəfindən kreditin təyinatı üzrə istifadə edilməməsi aşkar olunduqda borcverən yaranmış borcun dərhal qaytarılmasını tələb etməklə yanaşı borcalana qarşı istifadə edilmiş kreditin ümumi məbləğinin 1 faizi miqdarında cərimə tətbiq edə bilər.

9. Bank "xxxx" ASC ilə Cavabdeh3 arasında imzalanmış xx.xx.2021-ci il tarixli, MKZ- 00507-16/21A saylı zaminlik müqaviləsinin məzmunundan müəyyən olunur ki, Cavabdeh3 müqavilənin 1.2-ci bəndində qeyd olunmuş kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin tam həcmdə və lazımi qaydada yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürür.

10. Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2021-ci il tarixli, MKZ2-00507-16/21A saylı zaminlik müqaviləsinin məzmunundan müəyyən olunur ki, Cavabdeh2 müqavilənin 1.2-ci bəndində qeyd olunmuş kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin tam həcmdə və lazımi qaydada yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürür.

11. Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2021-ci il tarixli, MKZ3-00507-16/21A saylı zaminlik müqaviləsinin məzmunundan müəyyən olunur ki, Cavabdeh1 müqavilənin 1.2-ci bəndində qeyd olunmuş kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin tam həcmdə və lazımi qaydada yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürür.

12. Bank "xxxx" ASC ilə Cavabdeh5 arasında imzalanmış xx.xx.2021-ci il tarixli, MKZ4-00507-16/21A saylı zaminlik müqaviləsinin məzmunundan müəyyən olunur ki, Cavabdeh5 müqavilənin 1.2-ci bəndində qeyd olunmuş kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin tam həcmdə və lazımi qaydada yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürür.

13. xx.xx.2021-ci il tarixli, MK-00507-16/21A saylı kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh4 xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 35000 manat əsas, 11804,05 manat faiz borcu olmaqla, ümumilikdə 46804,05 manat məbləğində borcu ödəməliydi.

14. İddiaçı tərəfindən iş materiallarına hesabdan çıxarışlar əlavə edilmişdir.

15. Bank "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh4 xx.xx.2021-ci il tarixli müqavilə üzrə banka olan borcu 4992,92 manat məbləğində əsas, 360,56 manat məbləğində faiz, 285,47 manat dəbbə pulu olmaqla, ümumilikdə 5638,95 manat təşkil edir.

16. Bank "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh4 xx.xx.2021-ci il tarixli müqavilə üzrə banka olan borcu 4992,92 manat məbləğində əsas, 360,56 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 5353,48 manat təşkil edir.

17. Bank "xxxx" ASC tərəfindən Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, X1 və Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli, MK-00507-16/21A saylı kredit müqaviləsi üzrə yaranmış 5638,95 manat məbləğində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/10460 saylı ekspert rəyindən görünür ki, Bank "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MK-00507-16/21A saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh4 banka olan borcu xx.xx.2024-cü il tarixə (müqavilə müddətinin sonuna) əsas borc üzrə 4987,81 manat, faiz borcu üzrə 332,25 manat, xx.xx.2024-cü il tarixə (maliyyə arayışında göstərilən tarix) əsas borc üzrə 4987,81 manat, faiz borcu üzrə 359,96 manat, xx.xx.2024-cü il tarixə (məhkəməyə müraciət olunan tarix) əsas borc üzrə 4987,81 manat, faiz borcu üzrə 456,95 manat təşkil edir. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

21. İşin faktiki hallarından müəyyən olunur ki, Bank "xxxx" ASC ilə Cavabdeh4 arasında xx.xx.2021-ci il tarixli, MK-00507-16/21A saylı kredit müqaviləsi bağlanmışdır. Həmin razılaşmanın 1.1-ci bəndinə əsasən Bank "xxxx" ASC Cavabdeh4 illik faiz dərəcəsi 20 olmaqla, 24 ay müddətinə 35000 manat məbləğində kredit vermişdir. Bank "xxxx" ASC ilə Cavabdeh3 arasında imzalanmış xx.xx.2021-ci il tarixli, MKZ-00507-16/21A saylı zaminlik müqaviləsi, Cavabdeh2 arasında imzalanmış xx.xx.2021-ci il tarixli, MKZ2-00507- 16/21A saylı zaminlik müqaviləsi, Cavabdeh1 arasında imzalanmış xx.xx.2021-ci il tarixli, MKZ3-00507-16/21A saylı zaminlik müqaviləsi, Cavabdeh5 arasında imzalanmış xx.xx.2021-ci il tarixli, MKZ4-00507-16/21A saylı zaminlik müqaviləsi ilə zaminlər Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdür. Bank "xxxx" ASC öz üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdehlər (borclu və zaminlər) öz üzərlərinə götürdükləri öhdəlikləri lazımınca yerinə yetirməmişlər.

22. İddia tələbinin bir hissəsini Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada Bank "xxxx" ASC-nin xeyrinə 4992,92 manat əsas borc, 360,56 manat faiz borcunun tutulması təşkil edir.

23. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/10460 saylı ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcu və faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 4987,81 manat (dörd min doqquz yüz səksən yeddi manat səksən bir qəpik) əsas borc, 332,25 manat (üç yüz otuz iki manat iyirmi beş qəpik) faiz borcu iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025ci il tarixli, 9/10460 saylı ekspert rəyi ilə Cavabdeh4 xx.xx.2024-cü il tarixə (müqavilə müddətinin sonuna) 4987,81 manat əsas borc, 332,25 faiz borcunun olduğu müəyyən edilmişdir.

24. İddia tələbinin digər hissəsini cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada xx.xx.2021-ci il tarixli, MK-00507-16/21A saylı kredit müqaviləyə əsasən 285,47 manat cərimə borcunun tutulması təşkil edir.

25. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışında cavabdehlərin müqavilə üzrə cərimə borcunun olduğu qeyd edilməmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi məhkəmə iclasında izahat verərək cərimə borcunun olmadığını bildirmişdir.

26. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumunu əvəzi olaraq 77 manat və 0,40 manat bank xidməti haqqının cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.

27. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzi olaraq 72,50 manat (yetmiş iki manat əlli qəpik) məbləğində pul vəsaiti cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.

28. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 94,40 manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada, 5,60 manat hissəsi isə Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada xx.xx.2021-ci il tarixli, MK-00507-16/21A saylı kredit müqaviləsi üzrə 4987,81 manat (dörd min doqquz yüz səksən yeddi manat səksən bir qəpik) əsas borc, 332,25 manat (üç yüz otuz iki manat iyirmi beş qəpik) faiz borcu və ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzi olaraq 72,50 manat (yetmiş iki manat əlli qəpik) olmaqla, ümumilikdə 5392,56 manat (beş min üç yüz doxsan iki manat əlli altı qəpik) məbləğində pul vəsaiti Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 94,40 manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada, 5,60 manat hissəsi isə Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar