Məhkəmə qərarları › İş №e-2-2(113)-6430/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6430/2024

17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6430/2024 17.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və XXXXə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: məhkəmənin beynəlxalq səlahiyyəti, kredit müqaviləsi, zaminlik müqaviləsi, kreditin müddəti, dəbbə pulu) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və XXXXə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və XXXXə qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh XXXX arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə 5667,33 manat əsas borc, 239,42 manat faiz borcu, 144,4 manat cərimə məbləği olmaqla ümumilikdə 6051,15 manat məbləğində pulun və ödənilmiş 80,52 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. xx.xx.2023-cu il tarixli 1250***-*******01L saylı əsas kredit limiti razılaşmasına əsasən cavabdeh XXXXə 120 ay müddətinə 150 000 manat məbləğində kredit limiti ayrılmışdır. Əsas kredit limiti razılaşması üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ilə xx.xx.2023-cü il tarixli 1FİZAM196522101 saylı, 1FİZAM196521701 saylı və 1FİZAM196336001 saylı zaminlik müqavilələri bağlanmış və onlar kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər. 2.2. Əsas kredit limiti razılaşmasının şərtlərinə uyğun olaraq xx.xx.2023-ci il tarixli əsas kredit limiti razılaşmasına əsasən iddiaçı tərəfindən cavabdeh XXXXə 18 ay müddətinə illik 22% dərəcəsi ilə (aylıq ödəniş 986,30 manat olmaqla hər ayın 25-dək ödənilmək şərti ilə) 15000 manat məbləğində kredit verilmişdir. Borcalan onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcə də öhdəlik üzrə zaminlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. 2.3. Əsas kredit limiti razılaşması üzrə öhdəliklərini iddiaçı qarşısında tam icra etməyən cavabdeh XXXXin xx.xx.2024-cü il tarixə iddiaçıya 5667,33 manat məbləğində əsas kredit borcu, 239,42 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 144,40 manat kredit üzrə cərimə borcu olmaqla cəmi 6051,15 manat məbləğində borcu qalmaqdadır.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6430/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehlərə iddia ərizəsinə dair yazılı etirazın və etiraza aid sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianın məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi.

6. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh2 borc məbləği ilə razı olduğunu bildirdi.

7. Cavabdeh2 məhkəmənin baxış iclasının yeri və vaxtı barədə məhkəmənin hazırlıq iclasında məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə həmin cavabdehin iştirakı olmadan baxış iclasının keçirilməsini mümkün hesab etmişdir.

8. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və XXXXə yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri, “SMS” xəbərdarlıq göndərilməklə məlumat verilmiş, lakin həmin cavabdehlər məhkəmənin iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə adıçəkilən cavabdehlərin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Kredit müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İddia ərizəsinə əlavə olunmuş İddiaçı ASC (Kreditverən qismində) ilə XXXX (Borcalan qismində) arasında bağlanmış 25 yanvar 2023-cü il tarixli 1250***-*******01L nömrəli əsas kredit limiti razılaşmasının şərtlərindən görünür ki, “Kreditverən” “Borcalan”a 150 000 manat məbləğində 120 ay müddətinə 23 yanvar 2033-cü il tarixinədək kredit limiti açır və kredit limiti və kredit limiti ilə müəyyən edilmiş şərtlər çərçivəsində bu əsas kredit razılaşmasını və/və ya razılaşmanın ayrılmaz tərkib hissəsi olan kredit razılaşmalarını imzalamaqla kredit verməyi öhdəsinə götürür. Kredit limitinin müddəti ərzində “Borcalan” ona kredit verilməsi barədə “Kreditverən”ə müraciət etmək hüququna malikdir (1.1). Kredit limiti çərçivəsində “Borcalan”a verilən kreditlər kredit razılaşmasının şəxsi imzaya bərabər hesab edilən analoq imza vasitəsi ilə, habelə gücləndirilmiş elektron imza və ya əl imzası ilə bağlanması ilə rəsmiləşdirilir və bu kredit limiti razılaşması çərçivəsində veriləcək hər bir kredit üzrə kreditin illik faiz dərəcəsi, FİFD, cərimə və kreditin ödənilməsinə dair digər spesifik şərtlər bu kredit limiti razılaşması və/və ya ayrılmaz tərkib hissəsi hesab edilən kredit razılaşmaları ilə müəyyən ediləcəkdir (1.2). Bu kredit limiti çərçivəsində veriləcək kreditlər digər valyutada verilə bilər, bir şərtlə ki, kreditin verildiyi ana olan məzənnə fərqi kredit limitinin məbləğindən artıq olmasın. “Borcalan” xarici valyutada götürülmüş kredit üzrə manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü bilir və bu halda “Borcalan” kimi xarici valyutada götürülmüş kreditin məzənnəsinin dəyişməsi riskini öz üzərinə götürür və məsuliyyət daşıyır (1.3). Bu əsas kredit limiti razılaşmasının 1.1-ci bəndinə əsasən verilmiş kreditlərin məbləği Borcalanın bank hesabından çıxarış vasitəsi ilə təsdiq edilir (1.4).

13. Həmin kredit limiti razılaşmasının ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli kredit razılaşmasının şərtlərindən görünür ki, “Kreditverən” 1250***-*******01L saylı xx.xx.2023-cı il tarixli əsas kredit limiti razılaşması çərçivəsində illik 22 (iyirmi iki) faiz dərəcəsi ilə xx.xx.2024-cü il tarixinədək, 0 (sıfır) ay güzəşt olmaqla 15000 (on beş min) AZN məbləğində borc pul vəsaitini dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədlə “Boracalan”a verir (2-ci bənd). “Borcalan” bu kreditin verilməsinə görə 150 (bir yüz əlli) AZN məbləğində xidmət haqqı ödəyir və ya kreditin verilməsinə görə hesablanmış 150 (bir yüz əlli) AZN xidmət haqqı 1250***-*******01L saylı xx.xx.2023-ci il tarixli əsas kredit limiti razılaşmasına təminatı qismində bağlanılan ipoteka müqaviləsinə bağlandığı tarixdən 3 (üç) ildən tez xitam veriləcəyi təqdirdə “Borcalan” tərəfindən “Kreditverən”ə ödəniləcəkdir (3-cü bənd). Bu kredit razılaşmasının 2-ci bəndinə əsasən “Borcalan”a verilən kreditin kreditləşmə mənbəyi BANK vəsaitidir və kredit üzrə faktiki illik faiz dərəcəsi (FiFD) 23,4 (iyirmi üç tam onda dörd) %-dir (3-cü bənd).

14. Məhkəməyə təqdim edilən 25 yanvar 2023-cü il tarixli razılaşmaya əlavə olan ödəniş cədvəlindən görünür ki, ilk ödəniş tarixi xx.xx.2023-cü il, sonuncu ödəniş tarixi xx.xx.2024-cü il olmaqla ümumilikdə 15000 manat əsas məbləğ, 2753,45 manat faiz məbləğinin ödənilməsi razılaşdırılmışdır.

15. İş materiallarında olan iddiaçı (Kreditor qismində) ilə Cavabdeh1 (Zamin qismində) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 1FİZAM196521701 nömrəli, Cavabdeh3 (Zamin qismində) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 1FİZAM196522101 nömrəli, Cavabdeh2 (Zamin qismində) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 1FİZAM196336001 nömrəli zaminlik müqavilələrinin şərtlərindən görünür ki, Borclunun Kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən əsas kredit limiti razılaşması və həmin razılaşmanın ayrılmaz tərkib hissəsi olan kredit razılaşmalardan irəli gələn öhdəliklərin tamamının icra edilməsi üçün Zaminin Kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir (1.1). Əsas öhdəlik və onun məzmunu: Kreditorun https://www.bankrespublika.az/az/pages/kompleks-bank-xidmetimuqavilesi_1310 rəsmi saytında PDF və ya ASANDOC formatında yerləşdirilmiş Kompleks Bank Xidmətləri müqaviləsininin şərtlərinin Qoşulma razılaşması imzalamaqla qəbul edilməsi ilə X5 1250***-*******01L saylı xx.xx.2023-cü il tarixli əsas kredit limiti razılaşmasına əsasən 150000 (bir yüz əlli min) AZN məbləğində, illik faiz dərəcəsi 30 (otuz) %-dən artıq olmamaq şərti ilə, 120 (bir yüz iyirmi) ay müddətinə (xx.xx.2033-ci il tarixinədək) açılmış kredit limiti. Tələb edilə biləcək borc: 150000 (bir yüz əlli min) AZN kredit limiti çərçivəsində veriləcək kreditlər, hesablanacaq faiz borcları və kreditin qeyd edilmiş müddətdə geri qaytarılmamasına görə qalıq borcun 40%-i məbləğində cərimədir.

16. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, xx.xx.2023-cü il tarixli kredit razılaşmasına əsasən xx.xx.2024-cü il tarixə əsas borc 5667,33 manat, faiz borcu 239,42 manat təşkil edir.

17. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh XXXX arasında xx.xx.2023-cü il tarixli kredit razılaşmasından irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı 15000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu adövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədi ilə müqavilədə göstərilən şərtlərlə cavabdeh XXXXə verməyi, cavabdeh isə aldığı pul vəsaitini 18 ay müddətə illik 22 faiz dərəcəsi ilə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin sözügedən krеdit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh3 və XXXX ilə müvafiq olaraq xx.xx.2023-cü il tarixli zaminlik müqavilələri bağlanmış, sonuncular borcalanın iddiaçı qarşısında öhdəliklərini icra etməsi üçün birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Cavabdeh kredit məbləğini təşkil edən 15000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişdir.

18. İddiaçı xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə 5667,33 manat əsas borc, 239,42 manat faiz borcunun cavabdehlərdən tutulmasını tələb edir.

19. Cavabdeh2 borc məbləği ilə razı olduğunu bildirdi.

20. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və XXXX hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.

21. Məhkəmə, əvvəla, hazırkı mübahisəyə baxmaqda səlahiyyətli olub-olmamasının müəyyən edilməsi və mübahisənin həllində tətbiq ediləcək maddi hüquq normalarının seçilməsini zəruri hesab edir.

22. Mülki Prosessual Məcəllənin 439.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır.

23. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 2.4-2.5-ci bəndlərinə əsasən, əgər xarici elementli kommersiya mübahisəsinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasını istisna edən, bu Qərarın 2.2-ci bəndində göstərilən hallardan hər hansı biri mövcud deyilsə, MPM-in məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtlərinin təsbit olunduğu 440.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. ... Həmin ümumi şərtlərlə yanaşı, MPM-in 443-cü maddəsi aşağıdakı xüsusi hallarda xarici elementli kommersiya mübahisəsi üzrə Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyətini müəyyən edir: ... iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yerin olması; ... cavabdehin Azərbaycan Respublikasının ərazisində əmlaka malik olması.

24. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin beynəlxalq səlahiyyəti ilə bağlı ümumi norma və xüsusi normalar əks olunmuşdur. Hazırkı mübahisəyə baxmağa məhkəmənin beynəlxalq səlahiyyəti ümumi norma olan Mülki Prosessual Məcəllənin 440.1-ci maddəsindən irəli gəlir. Belə ki, həmin maddəyə əsasən, Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Hazırkı iş üzrə cavabdeh XXXX Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazəyə malikdir.

25. Digər tərəfdən, “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 5.6-cı bəndinə əsasən, mübahisəli hüquq münasibətinə tətbiq edilməli dövlətin maddi hüququnun məhkəmələr tərəfindən seçilməsinin hüquqi əsasları aşağıdakılardır: 1) mübahisə tərəfləri arasında bağlanmış müqavilə (razılaşma); 2) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələr; 3) ümumi qəbul olunmuş beynəlxalq adətlər; 4) “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu; 5) digər milli qanunvericilik aktları (“Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsi).

26. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunun 25.1.5-ci maddəsinə əsasən, müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir: borc müqaviləsində - borc verənin.

27. Məhkəmə borc verənin – İddiaçı ASC-nin Azərbaycan Respublikasında təsis olunduğunu nəzərə alaraq hesab edir ki, hazırkı mübahisə Azərbaycan Respublikası qanunvericiliyi əsasında həll edilməlidir.

28. Odur ki məhkəmə hazırkı işə baxmağa səlahiyyətlidir və mübahisə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə həll olunmalıdır.

29. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsini zəruri sayır. Məhkəmə həmçinin göstərir ki, borc müqaviləsi və kredit müqaviləsi üzrə münasibətləri tənzimləyən Mülki Məcəllənin müvafiq normaları yeni redaksiyada verildiyindən aşağıda həmin Məcəllənin kredit müqaviləsi bağlanan və müqavilə üzrə öhdəliklər icra edilən zaman qüvvədə olan redaksiyasına istinad edilir.

30. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

31. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

32. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

33. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.

34. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə pretenziya məktubunu xx.xx.2024-cü il tarixdə (kredit müqaviləsinin müddəti bitdikdən sonra) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi vasitəsilə cavabdeh XXXXə (borcalan) yollayaraq kredit müqaviləsi ilə bütün əsas borcu tələb etmişdir.

35. Belə olan halda iddiaçı xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə müqavilə müddəti üzrə gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda isə iddiaçı maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə faiz borcunu tələb edir.

36. İddiaçının təqdim etdiyi xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə əsas borc 5667,33 manat, faiz borcu isə 239,42 manat təşkil edir. Həmçinin borcalan tərəfindən 2602,6 manat faiz məbləği, 9332,67 manat əsas borc ödənilmişdir.

37. Hesabdan çıxarışı və ödəniş cədvəlini müqayisəli şəkildə təhlil etdikdə aydın olur ki, xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə əsas borc 5667,33 manat, faiz borcu isə 239,42 manat təşkil edir.

38. Belə olan halda məhkəmə hesab edir ki, iddia xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır və təmin olunmalıdır.

39. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

40. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

41. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

42. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

43. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə 5667,33 manat əsas borc, 239,42 manat faiz borcu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və XXXXdən müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

b) Kredit müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı

44. İddia ərizəsində iddiaçı 144,4 manat cərimənin də cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.

45. xx.xx.2023-cü il tarixli kredit razılaşmasının 7-ci bəndindən görünür ki, "Borcalan" tərəfindən bu kredit razılaşmasının imzalanması ilə “Borcalan" “Kreditverən"in rəsmi saytında PDF ve ya ASANDOC formatında yerləşdirilmiş ve özündə kredit limitinin açılması, kreditin verilməsi ile bağlı tərəflərin hüquq ve vəzifələrini, kreditin vaxtından əvvəl qaytarılmasına və digər zəruri şərtlərə dair müddəaları əks etdiren X6 Miiqavilosi (KBXM) ile tanış olduğunu ve həmin müqavilənin şərtləri ils razılaşdığını təsdiq edir, "Borcalan" ilə "Kreditveren" arasında olan münasibətlərin 1250***-*******01L saylı xx.xx.2023-ci il tarixli əsas kredit limiti razılaşması, bu kredit razılaşması və KBXM ilə tənzimləndiyini qebul edir, yuxarıda qeyd edilən şərtlərlə kreditin verilməsinə razılığını bildirir.

46. Kompleks Bank Xidməti Müqaviləsinin (məsafədən bank xidmətlərinin göstərilməsinə dair) 11.13-cü bəndinə əsasən, Borcalan tərəfindən kredit üzrə ödəniş cədvəlinə müvafiq olaraq ödənişlər lazımi qaydada həyata keçirilmədikdə verilmiş kredit üzrə vaxtında ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi müvafiq kredit razılaşmasında müəyyən edilən illik faiz dərəcəsi üstəgəl 5 (beş) % gecikdirmə faizi ilə hesablanır. Borcalan verilmiş kreditin faizləri ilə birlikdə tam olaraq qaytarılmalı olduğu tarixədək öhdəliklərini icra etmədiyi yaxud lazımi qaydada icra etmədiyi təqdirdə Kreditverənə gecikdirilmiş borc məbləğinin 40 (qırx) % məbləğində cəriməni ödəməlidir. Qeyd olunanlarla yanaşı Kreditverən dəbbə pulunu yaxud öhdəliyin icra olunmaması nəticəsində dəymiş zərərin ödənilməsinin tələb edilməsini seçmək hüququnu özündə saxlayır.

47. xx.xx.2023-cü il tarixli zaminlik müqavilələrinin 1.3-cü bəndinə əsasən, tələb edilə biləcək borc, o cümlədən kreditin qeyd edilmiş müddətdə geri qaytarılmamasına görə qalıq borcun 40%-i məbləğində cərimədir.

48. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

49. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

50. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

51. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl pretenziya məktubu göndərilmiş, cavabdehlərlə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin cavabdehlər tərəfindən öhdəlik hissəvi olaraq icra edilməmişdir

52. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, cavabdehlər tərəfindən öhdəliyin pozulma dərəcəsini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 144,4 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

53. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, cərimə olaraq 144,4 manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və XXXXdən müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

54. İddiaçı eləcə də 80,52 manat mediasiya xərcinin cavabdehlərdən tutulmasını xahiş etmişdir.

55. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********51 nömrəli mədaxil qəbzi ilə 80,52 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

56. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

57. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

58. Məhkəmə iddia tələbinin təmin olunduğunu nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 80,52 manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və XXXXdən müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

V. Nəticə:

59. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə XXXX arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə 5667,33 manat əsas borc, 239,42 manat faiz borcu və 144,4 manat cərimə məbləği olmaqla ümumilikdə 6051,15 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və XXXXdən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 80,52 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və XXXXdən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar