Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6433/2025 03.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının qanuni təmsilçisi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra-iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra-cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20967.42 (iyirmi min doqquz yüz altmış yeddi manat qırx iki qəpik) manat həcmində borc məbləğinin, borc öhdəliyinin icra edilməməsinə görə 20967.42 AZN-in 7,25 %-i məbləğində, yəni 1520 (bir min beş yüz iyirmi) AZN məbləğində faizin və vurulmuş zərərin əvəzi olaraq hüquqi xidmət üçün 2000 (iki min) manat məbləğində vəsaitin, yəni, ümumilikdə 24487.42 (iyirmi dörd min dörd yüz səksən yeddi 42 qəpik) Azərbaycan manatı məbləğində vəsaitin, eləcə də iddia ərizəsinin verilməsinə görə ödənilmiş 163.46 (bir yüz altmış üç manat 46 qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddıaçı İddiaçı MMC (İcarəyə verən) ilə Cavabdeh MMC (İcarəçi) arasında 12 dekabr 2023-cü il tarixli 07 saylı İcarə Müqaviləsi (bundan sonra “Müqavilə”) imzalanmışdır. Müqavilənin 1.1-ci maddəsinin tələbinə əsasən, İcarəyə verən Razılaşma Protokolunda qeyd edilən nəqliyyat vasitələrini İcarəçiyə icarəyə verir, İcarəçi də bunun müqabilində İcarəyə verərənə icarə haqqı ödəyir. İddiaçı qeyd edilən Müqavilə tələblərinə uyğun olaraq Cavabdehə müvafiq nəqliyyat vasitələrini versə də, Cavabdeh icarə haqqını ödəməyib. Nəticədə, Cavabdehin İddiaçı qarşısında20967.42 (iyirmi min doqquz yüz altmış yeddi manat qırx iki qəpik) manat həcmində borc öhdəliyi yaranıb. İddiaçı tərəfindən Cavabdehə borcun ödənilməsi ilə bağlı dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borc öhdəliyini bugünədək icra etməmişdir. Cavabdeh icarəyə görə yaranmış borc öhdəliyini yerinə yetirməklə yanaşı, bu borcun vaxtında ödənilməməsinə görə qanunvericiliyə əsasən müəyyən edilmiş faiz məbləğini və eyni zamanda iddiaçıya vurulmuş zərəri də ödəməlidir.
3. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılıması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20967.42 manat həcmində borc məbləğinin, borc öhdəliyinin icra edilməməsinə görə 20967.42 AZN-in 5 %-i məbləğində, yəni 1048 manat məbləğində faizin və hüquqi xidmət üçün 2000 manat məbləğində vəsaitin və eləcə də, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 163.46 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
İİ. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi C.Talıbov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qiyabi qətnamə qəbul olunmasını xahiş etdi.
5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
7. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
II. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, X4 CLG 422 markalı 1** FA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçının xüsusi mülkiyyətindədir.
10. İddiaçı (İcraçı) və cavabdeh (sifarişçi) arasında bağlanmış 12 dekabr 2023-cü il tarixli, 07 saylı icarə müqaviləsinə əsasən icarə verənin razılaşma protokolunda təsvir olunan nəqliyyat vasitələrini, texnikaları və ya avadanlıqları üzərində mülkiyyət hüququ və səlahiyyəti mövcuddur və icarəyə verən həmin texnikaları icarəçiyə icarəyə verir, icarəçi də bunun müqabilində icarəyə verənə icarə haqqı ödəyir.
11. Müqavilənin 2.2-ci bəndinə əsasən Texnikaların İcarəçinin sərəncamına verilməsi hər iki Tərəfin imzası ilə və qarşılıqlı razılaşdırılmış formada Təhvil-təslim Aktının rəsmiləşdirilməsi ilə həyata keçirilir. Təhvil-təslim Aktında Texnikaların təhvil verilməsi zamanı onun texniki vəziyyətinin, həmçinin, digər müvafiq xüsusiyyətlərinin təsviri əks olunmalıdır. Hər iki Tərəfin imzalamasından sonra Təhvil-təslim Aktı bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur.
12. Müqavilənin 2.3-cü bəndinə əsasən Texnikalar iş yerinə çatdıqdan sonra İcarəçi həmin yol vərəqəsinə müvafiq qeydlər edir, qeydlərini səlahiyyətli nümayəndəsinin imzası ilə təsdiq edir. İcarə müddəti bitdikdən sonra və ya hər hansı səbəbdən İcarəyə verənin göstərişi ilə Texnikalar geri göndərildikdə İcarəçi yol vərəqəsində müvafiq qeyd edir, qeydlərini səlahiyyətli nümayəndəsinin imzası ilə təsdiq edir.
13. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 07 nömrəli müqavilənin əlavəsi olan 01 nömrəli razılaşma protokoluna əsasən X4 CLG 422 (1** FA ***) markalı texnikanın icarə məbləği ədv daxil 12980 manat (11000 manat + 1980 manat ədv) razılaşdırılmışdır.
14. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli, EBDW 662193 nömrəli 7987,42 manat məbləğində, xx.xx.2024-cü il tarixli, EBDY 083789 nömrəli 12980.00 manat məbləğində elektron qaimə-fakturalar təqdim edilmişdir.
15. AVİS sistemindən çıxarışa əsasən xx.xx.2024-cü il tarixli, EBDW 662193 nömrəli 7987,42 manat məbləğində, xx.xx.2024-cü il tarixli, EBDY 083789 nömrəli 12980.00 manat məbləğində elektron qaimə-fakturalar sistem tərəfindən təsdiq olunmuşdur.
16. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı və cavabdeh arasında 12 dekabr 2023-cü il tarixli, 07 saylı icarə müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı öz üzərinə düşən öhdəliklərini icra etmiş, cavabdeh isə öhdəliklərini tam şəkildə icra etməmişdir.
17. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
19. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
20. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
21. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, 07 nömrəli icarə müqaviləsi bağlanmış, iddiaçıya məxsus əmlaklar cavabdehin sahiblik və istifadəsinə verilsə də, sonuncu tərəfindən üzərinə düşən öhdəliklər lazımınca icra edilməmiş, 2023-cü ilin dekabr ayı üzrə 16 gün üçün hesablanmış 7987,42 manat və 2024-cü ilin yanvar ayı üzrə 12980 manat icarə haqqı ödənilməmişdir. İddiaçı hazırda yaranmış icarə haqqı borcunu cavabdehdən tələb etməklə haqlıdır.
22. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməli, cavabdehdən 20967,42 manat tutularaq iddiaçıya ödənilməlidir.
23. Bundan əlavə, iddiaçı cavabdehdən bir illik dövr üzrə 1048 manat məbləğində illik beş faizlə hesablanmış faiz borcunun tutulub iddiaçıya ödənilməsini xahiş etmişdir.
24. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
25. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
26. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
27. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
28. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
29. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”
30. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
31. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
32. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”
33. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.
34. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz iddiaçının əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması iddiaçının gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.
35. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır, iddia həmin hissədə də təmin edilməlidir.
36. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 20967,42 manat əsas borc, 1048 manat illik beş faizlə hesablanmış faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
37. Bundan başqa iddiaçı iddia ərizəsində hüquqi xidmətin göstərilməsi ilə bağlı 2000 manat xərcin də cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən hüquqi yardımla bağlı yaranmış xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
38. Belə ki, iddiaçı tərəfindən iş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına həmin vəsait ödənilmişdir.
39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
40. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
41. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 163,46 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
IV. Nəticə:
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, Məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 20967,42 manat əsas borc, 1048 manat illik beş faizlə hesablanmış faiz borcu, 2000 manat hüquqi yardıma görə xərc, 163,46 manat dövlət rüsumu, ümumilikdə 24178,88 (iyirmi dörd min bir yüz yetmiş səkkiz manat səksən səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən apellyasiya şikayəti verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova