Məhkəmə qərarları › İş №e-2-2(113)-6435/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6435/2024

17.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6435/2024 17.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin XXXXnə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı “müsabiqə nəticələrinin, müsabiqə komissiyasının yekun protokolunun ləğv edilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: müsabiqə nəticələrinin ləğv edilməsi, subyektiv hüquq, müsabiqə şərtləri, Azərbaycan manatı ödəniş vasitəsi kimi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin XXXXnə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı “müsabiqə nəticələrinin, müsabiqə komissiyasının yekun protokolunun ləğv edilməsi və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin XXXXnə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin XXXXnin ümumi yağlar və soyutma mayelərinin satınalınmasına dair elan etdiyi 35008-2-23 saylı açıq satınalma müsabiqəsinin nəticələrinin, o cümlədən müsabiqə komissiyasının yekun protokolunun ləğv edilməsi və həmin müsabiqənin keçirilməsi zamanı müsabiqə komissiyasının qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində iddiaçıya dəymiş zərərin əvəzi olaraq 198 069,50 manat əldən çıxmış fayda, 9780 manat müsabiqədə iştirak etmək üçün çəkilən xərc olmaqla ümumilikdə 207 849,50 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. işdə olan sənədlərdən də göründüyü kimi, cavabdehin elan etdiyi 35008-2- 23 saylı açıq satınalma müsabiqəsində iştirak etmək üçün qeydiyyatdan keçmiş hüquqi şəxslər, o cümlədən müsabiqənin qalibi elan olunmuş "xxxx" MMC rezidentlərdir. Adıçəkilən müsabiqənin iştirakçıları tərəfindən verilən təkliflərlə bağlı tələbləri özündə əks etdirən “Müsabiqə üzrə Dəvət Sənədləri” (X9) mövcuddur və müsabiqə iştirakçılarının təkliflərinin qiymətləndirilməsi həmin X5 qoyulan meyarlara mütləq şəkildə cavab verməlidir. X6 tərkib hissəsi olan “iddiaçının blankında” adlı Qoşma № 1 də iştirakçının X5 qoyulan tələb və şərtləri qəbul etməsinin bəyanatıdır. 2.2. X6 tərkib hissəsi olan Qoşma № 2-də üç cədvəl mövcuddur ki, onlardan 1-ci cədvəl xaricdən gətirilən malların qiyməti, 2-ci cədvəl Azərbaycan Respublikası ərazisindən gətirilən malların qiyməti, 3-cü cədvəl isə gətirilən malların yekun qiyməti ilə bağlı olan sənədlərdir. Müsabiqə iştirakçısı da həmin cədvəlləri verdiyi təklifin ifadə olunduğu valyutaya və malların gətirildiyi ölkəyə uyğun olaraq doldurmalı və müsabiqə komissiyasına təqdim etməlidir. Cavabdeh tərəfindən müsabiqənin qalibi elan olunmuş "xxxx" MMC-nin müsabiqə komissiyasına təqdim etdiyi sənədlərdən görünür ki, "xxxx" MMC müsabiqəyə dəvət sənədləri ilə tanış olduqdan sonra həmin sənədlərdə göstərilmiş malları 902 285,34 USD (ABŞ dolları) 18% ƏDV daxil qiymətə tədarük etməyi təklif etmiş və malların “Müsabiqə üzrə Dəvət Sənədləri” ilə müəyyən edilmiş çatdırılma və ödəniş şərtləri ilə razı olduğunu bəyan etmişdir (Qoşma №1). "xxxx" MMC həmçinin bəyan etmişdir ki, yuxarıda qeyd olunan məbləğə “DDP-Bakı lncoterms-2010” şərtinə uyğun olaraq, bütün vergilər, rüsumlar və digər məcburi ödənişlər daxildir və bu məbləğ hazırkı müsabiqə təklifinin tərkib hissəsidir. 2.3. Onu da qeyd etmək lazımdır ki, iştirakçının “DDP-Bakı İncoterms-2010” şərtini bəyan etməsi, eyni zamanda təklif olunan malların “Azərbaycan Respublikası ərazisində gətirilən mallar” olduğu qəbul edilir. Çünki təklifdə “DDP-Bakı lncoterms-2010” şərtinin göstərilməsi o deməkdir ki, mallar Azərbaycan Respublikasına tam idxal olunur, gömrük prosesindən keçir, gömrük prosesindən keçmə gününə məzənnə təyin olunur və həmin mallar Azərbaycanın tədiyyə balansına daxil edilir. Mallar Azərbaycanın tədiyyə balansına daxil olduğu üçün də həmin mallar Azərbaycan Respublikası ərazisindən gətirilən mallar statusunu əldə edir və bu mallar artıq milli valyuta – Azərbaycan manatı ilə satışa çıxarılır və mala aid bütün təkliflər də Azərbaycan manatı ilə irəli sürülür. Belə olan halda, "xxxx" MMC-nin irəli sürdüyü təklif də Qoşma № 1-də milli valyuta ilə ifadə olunmalı idi. Lakin həmin sənəddən görünür ki, MMC təklifi “DDP-Bakı lncoterms-2010” şərtini qeyd etməsinə baxmayaraq, ƏDV də daxil olmaqla xarici valyutada (902 285,34 USD) göstərmişdir. Bundan başqa, "xxxx" MMC öz təklifini “DDP-Bakı lncoterms-2010” şərti ilə verdiyi üçün, o, Qoşma №2-nin 2 №-li cədvəlini, yəni “Azərbaycan Respublikası ərazisindən gətirilən malların qiymət cədvəli”ni doldurmalı və komissiyaya təqdim etməli idi. Lakin məhkəməyə daxil olan sənədlərdən görünür ki, "xxxx" MMC həmin cədvəl əvəzinə 1-ci cədvəli, yəni “xaricdən gətirilən malların qiymət cədvəli”ni müsabiqə komissiyasına təqdim etmiş, malların dəyərini də həmin cədvəldə xarici valyutada (USD) göstərmişdir. 2.4. Eyni davranışı "xxxx" MMC həm də Qoşma № 2-nin “ümumi yekun” adlı 3 №-li cədvəlində sərgiləmiş, “xaricdən gətirilən malların qiymət cədvəli”nin “yekun qiyməti” sətrini doldurmuş və həmin qiyməti 18% ƏDV daxil olmaqla xarici valyutada qeyd etmişdir. Halbuki "xxxx" MMC mallar artıq “Azərbaycan Respublikası ərazisindən gətirilən mallar” statusu qazanmış və buna görə də yekun qiymətlər də 3 №-li cədvəlin “Azərbaycan Respublikası ərazisindən gətirilən malların qiymət cədvəli”nin “yekun qiyməti” sətrində göstərilməli idi. 2.5. Göründüyü kimi, cavabdehin elan etdiyi ümumi yağlar və soyutma mayelərinin satınalınmasına dair elana dair 35008-2-23 saylı açıq satınalma müsabiqəsi ilə bağlı iştirakçıların verdikləri təkliflər X5 qoyulan tələblərə cavab verməli olduğu halda, "xxxx" MMC həmin tələbləri pozmuş, bu tələblərə əməl etməmiş, təkliflərini xarici valyutada ifadə etmişdir. Cavabdeh həmin təklifi qiymətləndirərkən bu pozuntunu nəzərə almamış, pozuntuya əhəmiyyət verməmiş və MMC-ni müsabiqənin qalibi elan etmişdir. Halbuki cavabdehin səlahiyyətli nümayəndəsinin verdiyi izahatda da, iddiaya təqdim olunmuş yazılı etirazda da bildirir ki, SOCAR-da satınalmalar “Satınalmaya dair SOCARın daxili normativ sənədlərinə (hazırkı halda X5 qoyulmuş tələblərə) əsasən aparılır. 2.6. Sözügedən X6 “Müsabiqə təkliflərinin hazırlanması” adlı bölümdə aşağıdakılar qeyd olunur: “Xaricdən gətiriləcək malların qiyməti 2 №-li Qoşmanın 1-ci Cədvəlində göstərilməklə Azərbaycan manatı, ABŞ dolları və ya avro ilə ifadə oluna bilər. Rezident hüquqi və fiziki şəxsləri müsabiqə təkliflərini manatla ifadə etməlidirlər. Lakin rezidentlər tərəfindən xarici valyutada təqdim olunan təkliflərlə bağlı hesablamaların ödəniş yeri və gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi manat məzənnəsi nəzərə alınmaqla, yenidən hesablanaraq (konvertasiya) yalnız Azərbaycan manatında aparılacağına dair təklifdə razılıq ifadə edilməlidir”. 2.7. Göstərilənlərə əsasən məlum olur ki, cavabdehin elan etdiyi müsabiqədə “DDP-Bakı lncoterms-2010” şərti ilə təkliflərini irəli sürən rezident olan iştirakçının (təchizatçı) təqdim etdiyi təkliflərdə qiymətlər Azərbaycan Respublikasının pul vahidi – manatla ifadə olunmalı idi. Bu tələb həm sözügedən Müsabiqə üzrə Dəvət Sənədlərində (X9), Azərbaycan Respublikasının Konstitusiyasında, Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında təsbit edilmişdir. 2.8. İddia ərizəsində qeyd olunduğu kimi, cavabdehin elan etdiyi 35008-2- 23 saylı açıq satınalma müsabiqəsinin qalibi elan olunmuş "xxxx" MMC Azərbaycan Respublikası Dövlət Vergi Xidməti tərəfindən dövlət qeydiyyatına alınmış hüquqi şəxsdir, yəni rezidentdir və onun müsabiqəyə təqdim etdiyi təkliflərdə göstərilən mallar xarici ölkə ərazisindən gətirilən mallar statusuna malik deyil. Belə olan halda, açıq satınalma müsabiqəsində iştirak etmək üçün təklif təqdim etmiş "xxxx" MMC təkliflərini manatla ifadə etməli idi. Lakin "xxxx" MMC Azərbaycan Respublikasının qanunvericiliyin bu tələblərini pozmuş, xarici valyuta ilə ifadə olunmuş təkliflərini müsabiqə komissiyasına təqdim etmişdir. 2.9. Qeyd olunan fakt açıq müsabiqənin keçirildiyi vaxt, təkliflərin açıqlanması zamanı aşkar olunmuş, bu barədə təklifləri açıqlayan komissiya tərəfindən elan edilmişdir. Lakin buna baxmayaraq, nəticədə "xxxx" MMC müsabiqənin qalibi elan edilmişdir. Xarici valyuta ilə təklif verən rezident olan hüquqi şəxsin müsabiqənin qalibi elan edilməsi qanunvericiliyin tələblərinə ziddir.

3. İddia ərizəsində və iddia ərizəsinə əlavələrdə iddianın hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 415, 416, 439-cu maddələri, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 13-cü maddəsinə istinad edilmişdir.

4. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddiaya etiraz təqdim edərək, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin XXXXnə qarşı “müsabiqə nəticələrinin, müsabiqə komissiyasının yekun protokolunun ləğv edilməsi və s.” tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir.

5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının istinad etdiyi dəlillər və əsaslar tam qanunsuz və əsassızdır. Cavabdeh ümumi yağlar və soyutma mayesinə olan daxili tələbatının ödənilməsi üçün 6 lotdan ibarət 35008-2-23 saylı açıq müsabiqə elan etmişdir və müsabiqə barədə elan SOCAR-ın internet səhifəsində, satınalma elanları bölməsində yerləşdirilmişdir. İddiaçı müsabiqədə bir lot üzrə mühərrik yağlarının satınalınması üçün təyin edilmiş 3-cü lotda iştirak etmişdir. Cavabdeh tərəfindən iddiaçıya X3 Toplusu elektron poçt vasitəsilə təqdim olunmuşdur. X3 Toplusunda müsabiqəyə aid bütün məlumatlar öz əksini tapmışdır. Müsabiqənin texniki qiymətləndirilməsini müvəffəqiyyətlə keçmiş 5 şəxs, o cümlədən də iddiaçı müsabiqənin maliyyə zərflərinin açılışı mərhələsinə buraxılmışdır. Müsabiqənin maliyyə zərflərinin açılışı xx.xx.2024-cü il tarixində baş tutmuşdur və zərflərin açılışında digər iddiaçıların nümayəndələri ilə birlikdə iddiaçının nümayəndəsi Qanuni nümayəndə1 da iştirak etmiş və açılış protokolunu imzalamış və müsabiqə nəticələrinə heç bir irad bildirməmişdir. Müsabiqənin nəticələrinə əsasən müsabiqənin qalibi keyfiyyət və qiymət baxımından səmərəli qiymət təklif etmiş "xxxx" MMC elan olunmuşdur. Cavabdeh tərəfindən keçirilmiş açıq müsabiqənin nəticələrinə əsasən cavabdeh ilə "xxxx" MMC arasında mühərrik yağlarının tədarükü üçün xx.xx.2024-cü il tarixində ümumi dəyəri 1 533 885,08 manat olan 14-2-18/3-10- 275/2024 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müsabiqənin keçirilməsi və qiymətləndirilməsində satınalmalar qrupu tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. SOCAR-da satınalmalar “Dövlət satınalmaları haqqında” Qanununun 3.2-ci maddəsinin 3.2.8 və 3.10-cu bəndlərinə və Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş SOCAR-ın Nizamnaməsinin 5.5.11-ci bəndinə əsasən “Dövlət satınalmaları haqqında” Qanuna əsasən deyil, satınalmalara dair SOCAR-ın daxili normativ sənədlərinə əsasən aparılır.

6. Bakı Kommersiya Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli qərardadı ilə "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

II. İşdə iştirak edən şəxslərin mövqeləri:

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə və vəkili Vəkil və qanuni təmsilçisi Qanuni nümayəndə1 iddianın məzmununa uyğun izahat verdilər və eyni zamanda bildirdilər ki, müsabiqə keçirilərkən şərtlər toplusunun tələbləri cavabdeh tərəfindən pozulmuşdur. "xxxx" MMC müsabiqədən kənarlaşdırılmalı olduğu halda, müsabiqənin qalibi olmuşdur. "xxxx" MMC rezidentdir. Şərtlər toplusunun əsas tərkib hissəsi olan qoşma nömrə 2-də üç cədvəl qeyd olunub. Birinci cədvəldə xaricdən gətirilən malların qiyməti, ikinci cədvəldə Azərbaycan Respublikasının ərazisinə gətirilən malların qiyməti qeyd olunur. Üçüncü cədvəl isə gətirilən malların yekun qiyməti ilə bağlı olan sənədlərdir. Müsabiqə iştirakçıları həmin cədvəlləri doldurmalı və müsabiqə komissiyasına təqdim etməlidir. Müsabiqə qalibi olan "xxxx" MMC-nin müsabiqə komissiyasına təqdim etdiyi sənədlərdən görünür ki, təklif edilərkən mallar artıq xaricdən Azərbaycan Respublikasına gətirilmişdir. Belə ki, təklifdə “DDP-Bakı İncoterms-2010” şərtinə uyğun çatdırılma nəzərdə tutulmuş, bu isə malların çatdırıldığını nəzərdə tutur. Buna görə həmin malların qiyməti Azərbaycan manatı ilə təklif olunmalı idi. Həmin malların dəyəri xarici valyuta ilə təklif oluna bilməz. Çünki həmin mallar Azərbaycan Respublikasına idxal olunmuş, gömrük rüsumu ödənilmiş mallardır. Həmin mallar Azərbaycan Respublikasında olduğu üçün manatla təklif olunmalı idi.

8. Cavabdehin nümayəndəsi X4 iddiaya etirazın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, cavabdeh tərəfindən 6 lotdan ibarət açıq müsabiqə elan edilmişdir. İddiaçı mühərrik yağlarının tədarükü üzrə müsabiqədə iştirak etmişdir. İddiaçı texniki mərhələni keçmiş, maliyyə zərflərinin açılışında iştirak etmişdir. İştirakçılara X9 təqdim olunub və şərtlər toplusuna uyğun olaraq müsabiqə aparılmışdır. Şərtlər toplusunda xarici valyutada təklifin təqdim olunmasının qadağan olunması barədə göstəriş yoxdur. Müsabiqə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu deyil, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daxili qaydaları əsasında keçirilmişdir.

9. Üçüncü şəxs "xxxx" MMC məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

13. İş materiallarında olan sübutlar əsasında işin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, cavabdeh tərəfindən ümumi yağlar və soyutma mayelərin satın alınması üçün 35008-2-23 nömrəli açıq müsabiqə elan edilmiş, həmin müsabiqəyə 3-cü lot üzrə 10 adda mühərrik yağı çıxarılmış, satınalma qrupunun 16 may 2024-cü açılış protokolu ilə 3-cü lot üzrə zərflər açılmış, maliyyə təkliflərinin qiymətləndirilməsinin nəticələrinə dair satınalma qrupunun yekun protokolu ilə müsabiqə nəticələri üzrə birinci yeri "xxxx" MMC, ikinci yeri isə iddiaçı tutmuşdur.

14. İddiaçı müsabiqə üzrə "xxxx" MMC-nin təklifləri xarici valyutada göstərdiyini, bununla müsabiqə şərtlərinin pozulduğunu qeyd edir və ümumi yağlar və soyutma mayelərinin satınalınmasına dair elan etdiyi 35008-2-23 saylı açıq satınalma müsabiqəsinin nəticələrinin, o cümlədən müsabiqə komissiyasının yekun protokolunun ləğv edilməsini tələb edir.

15. Cavabdeh müsabiqənin SOCAR-ın daxili qaydaları əsasında keçirildiyini, müsabiqə keçirilən zaman nə müsabiqə şərtlərində, nə də daxili qaydalarda xarici valyutada təklifin verilməsinə dair məhdudiyyət olduğunu bildirir və iddianın rədd edilməsini tələb edir.

16. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

17. Əvvəla, göstərilməlidir ki, XXXXnin müxtəlif yağların və soyutma mayesinin satın alınması üçün keçirdiyi 35008-2-23 saylı açıq müsabiqə ilə əlaqədar daxil olmuş maliyyə təklif zərflərinin açılışı haqqında satınalma qrupunun 16 may 2024-cü il tarixli açılış protokolundan görünür ki, müsabiqə bir neçə lot üzrə keçirilmiş, iddiaçı yalnız bir lot – üçüncü lot üzrə müsabiqədə iştirak etmişdir.

18. Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

19. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının ümumi yağlar və soyutma mayelərin satın alınması üçün 35008-2-23 nömrəli açıq satınalma müsabiqəsinin nəticələrinin, o cümlədən müsabiqə komissiyasının yekun protokolunun bütünlüklə ləğv edilməsi tələbi ilə çıxış etməyə subyektiv hüququ yoxdur.

20. Bu səbəbdən iddianın faktiki əsasını təşkil edən hallar yalnız ümumi yağlar və soyutma mayelərin satın alınması üçün 35008-2-23 nömrəli açıq satınalma müsabiqəsinin iddiaçının iştirak etdiyi mühərrik yağlarının satın alınması üzrə 3-cü lotuna münasibətdə yoxlanılacaqdır. Başqa sözlə, iddiaçı yalnız 3-cü lot üzrə cavabdehdən tələb hüququ və bu hüququn müdafiəsini həyata keçirə bilər.

21. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.8-ci maddəsinə əsasən, bu Qanun müşahidə şurasının (direktorlar şurasının) tərkibi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla təsdiq edilən kommersiya hüquqi şəxsləri tərəfindən Azərbaycan Respublikası dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaitləri, o cümlədən məqsədli büdcə fondlarının vəsaitləri, büdcə ssudaları, subsidiyalar, dövlət zəmanəti ilə alınmış kreditlər, dövlət qrantları, yardımları, büdcədənkənar dövlət fondlarının vəsaitləri istisna olunmaqla, digər maliyyə vəsaiti hesabına alınan mallar, işlər və ya xidmətlərin satın alınmasına şamil edilmir.

22. Həmin Qanunun 3.10-cu maddəsinə əsasən, bu Qanunun 3.2.8-ci maddəsində nəzərdə tutulan kommersiya hüquqi şəxsləri tərəfindən həmin maddəyə uyğun olaraq malların, işlərin və ya xidmətlərin satın alınması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) idarəetməsinə verilmiş kommersiya hüquqi şəxsləri üzrə onların müşahidə şuraları (direktorlar şuraları), digər kommersiya hüquqi şəxsləri üzrə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla həmin kommersiya hüquqi şəxslərinin müşahidə şuraları (direktorlar şuraları) tərəfindən təsdiq edilir.

23. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinin 4.1-ci bəndinə əsasən, şirkətin strukturunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqi təsdiq edir

24. Həmin Nizamnamənin 5.4-cü bəndinə əsasən, Şirkətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Şirkətin Müşahidə Şurası həyata keçirir. Müşahidə Şurası Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 7 (yeddi) üzvdən ibarətdir. Şirkətin İdarə Heyətinin üzvləri Müşahidə Şurasına üzv təyin edilə bilməzlər. Müşahidə Şurası üzvlərinin səlahiyyət müddəti 3 (üç) ildir.

25. Həmin Nizamnamənin 5.5.11-ci bəndinə əsasən, satınalmalarla bağlı Şirkətin strategiyasını və daxili normativ sənədlərini təsdiq etmək, fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət vəsaiti (dövlət büdcəsi, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar) hesabına satınalmaları “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun, digər hallarda isə Şirkətin daxili normativ sənədlərinin tələblərinə uyğun olaraq həyata keçirmək müşahidə şurasının vəzifələrinə daxildir.

26. Göründüyü kimi, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununda müşahidə şurasının (direktorlar şurasının) tərkibi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən kommersiya hüquqi şəxsləri tərəfindən Azərbaycan Respublikası dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaitləri, o cümlədən məqsədli büdcə fondlarının vəsaitləri, büdcə ssudaları, subsidiyalar, dövlət zəmanəti ilə alınmış kreditlər, dövlət qrantları, yardımları, büdcədənkənar dövlət fondlarının vəsaitləri istisna olunmaqla, digər maliyyə vəsaiti hesabına alınan mallar, işlər və ya xidmətlərin satın alınmasının həmin Qanunla tənzimlənmədiyi təsbit edilmişdir Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin də müşahidə şurası Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edildiyindən həmin hüquqi şəxs tərəfindən də mallar, işlər və ya xidmətlərin satın alınması “Dövlət satınalmaları haqqında” Qanunun təsir dairəsinə düşmür, bu şərtlə ki, sonuncular Azərbaycan Respublikası dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaitləri, o cümlədən məqsədli büdcə fondlarının vəsaitləri, büdcə ssudaları, subsidiyalar, dövlət zəmanəti ilə alınmış kreditlər, dövlət qrantları, yardımları, büdcədənkənar dövlət fondlarının vəsaitləri hesabına alınmasın.

27. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə Əlavə 2-dən görünür ki, XXXX Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxildir.

28. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin XXXXnin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2014-cü il tarixli əmri ilə təsdiq edilmiş Nizamnaməsindən görünür ki, XXXX Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tərkibində hüquqi şəxs statusuna malikdir və qeydiyyatdan keçdikdən və Hüquqi Şəxslərin Reyestrinə daxil edildikdən sonra hüquqi şəxs statusunu alır.

29. Beləliklə, hazırkı halda ümumi yağlar və soyutma mayelərin satın alınması üçün 35008-2-23 nömrəli açıq satınalma müsabiqəsi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu əsasında deyil, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinin 5.5.11-ci bəndinə əsasən sonuncunun Müşahidə Şurası tərəfindən təsdiq edilmiş “Satınalmaların Təşkili və X7 X2” və müsabiqə şərtləri çərçivəsində həyata keçirilmişdir.

30. Bu mənada iddiaçının “Dövlət satınalmaları haqqında” Qanuna istinadı əsassız olmuşdur.

31. Mülki Məcəllənin 414.1-ci maddəsinə əsasən, əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır.

32. Həmin Məcəllənin 414.4-cü maddəsinə əsasən, hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır.

33. Həmin Məcəllənin 416.1-ci cü maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

34. Həmin Məcəllənin 416.2-ci cü maddəsinə əsasən, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

35. İddiaçı müsabiqənin 3-cü lot üzrə nəticələrinin və yekun protokolunun yalnız "xxxx" MMC-nin təklifini xarici valyutada etməsinə əsaslanmaqla ləğv edilməsini xahiş etdiyindən məhkəmə həmin arqumentlərlə bağlı müsabiqə şərtlərinə nəzər salmağı zəruri hesab edir.

36. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Satınalmaların Təşkili və X7 X2”na Əlavə №1 olan “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi Malların satın alınması üçün müsabiqəyə dəvət sənədləri”nin müsabiqə təkliflərinin təqdim olunması bəhs edən bölməsindən görünür ki, təklifdəki qiymətlər manatla və ya dönərli valyuta ilə göstərilməlidir. Müsabiqə təklifi dönərli valyutada göstərilərsə qiymətlər müsabiqə təkliflərininqəbulunun son gününə rəsmi məzənnə əsasında müqayisə olunacaqdır.

37. Ümumi yağlar və soyutma mayelərin satın alınması üçün 35008-2-23 nömrəli açıq satınalma müsabiqəsinin şərtlərindən görünür ki: – Xaricdən gətiriləcək malların qiyməti 2 №-li Qoşmanın 1-ci cədvəlində göstərilməklə Azərbaycan manatı, ABŞ dolları və ya avro ilə ifadə oluna bilər. Rezident hüquqi və fiziki şəxsləri müsabiqə təkliflərini manatla ifadə etməlidirlər. Lakin rezidentlər tərəfindən xarici valyutada təqdim olunan təkliflər ilə bağlı hesablaşmaların ödəniş yeri və gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi manat məzənnəsi nəzərə alınmaqla, yenidən hesablanaraq (konvertasiya) yalnız Azərbaycan manatında aparılacağına dair təklifdə razılıq ifadə edilməlidir; – Müsabiqə təkliflərinin müqayisəsini asanlaşdırmaq məqsədi ilə müxtəlif valyutalarda ifadə olunmuş qiymətlər müsabiqə təkliflərinin açılış gününə Azərbaycan Respublikası Mərkəzi Bankın rəsmi məzənnəsi əsasında Azərbaycan manatına çevriləcəkdir.

38. Açıq satınalma müsabiqəsinin şərtlərinə Qoşma №1-dən görünür ki, müsabiqə təklifinə dair iddiaçının blankında təklifini xarici valyutada vermiş rezidentlər üçün “Biz Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən rezident şəxslər arasında hesablaşmaların yalnız Azərbaycan manatında aparıla biləcəyini nəzərə alaraq, xarici valyutada verdiyimiz qiymət təklifləri üzrə ödənişlərin ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi manat məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatında aparılacağı şərtini qəbul və təsdiq edirik” qeydin edilməsi nəzərdə tutulmuşdur.

39. Müsabiqə şərtlərindən aydın olur ki, rezidentlər tərəfindən xarici valyutada təkliflərin verilməsinə hər hansı məhdudiyyət qoyulmamış, lakin rezident şəxslər arasında hesablaşmaların yalnız Azərbaycan manatında aparıla biləcəyi nəzərə alınaraq qiymət təklifləri üzrə ödənişlərin ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi manat məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatında aparılacağı ilə bağlı təklif verən şəxsin razılıq verməsi ilə bağlı tələb mövcud olmuşdur.

40. Bu mənada 19 aprel 2024-cü il tarixli "xxxx" MMC tərəfindən tərtib edilərək müsabiqəyə təqdim edilmiş Qoşma №1-dən görünür ki, sonuncu Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən rezident şəxslər arasında hesablaşmaların yalnız Azərbaycan manatında aparıla biləcəyini nəzərə alaraq, xarici valyutada verdiyi qiymət təklifləri üzrə ödənişlərin ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi manat məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatında aparılacağı şərtini qəbul və təsdiq etmişdir.

41. "xxxx" MMC-nin təklifində “DDP-Bakı İncoterms-2010” şərtinin olduğu, bunun isə təklif verilərkən malların artıq çatdırılmış olduğuna dair iddiaçının dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, “İncoterms” malların satıcıdan alıcıya çatdırılması zamanı tərəflər arasındakı münasibətləri tənmizləyən, malların çatdırılması yeri, daşınma xərci, rüsumların ödənilməsi və s. şərtləri özündə ehtiva edən şərtlər toplusudur. "xxxx" MMCnin təklifində qeyd etdiyi “DDP (X11) Bakı İncoterms-2010” şərti isə malların "xxxx" MMC tərəfindən bütün xərclər və rüsumlar ona aid olmaqla Bakı şəhərinə (çatdırma məntəqəsi) çatdırılmasını nəzərdə tutur. Yəni qeyd olunan şərtin təklifdə qeyd olunması malların artıq çatdırılmasını deyil, çatdırılma şərtlərini özündə ehtiva edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan dəlili əsassızdır.

42. Göründüyü kimi, müsabiqə şərtlərində təkliflərin xarici valyutada göstərilməsi qadağan edilməmiş, "xxxx" MMC də bu şərtlərə uyğun olaraq Qoşma №1-də müvafiq qeydlər etmişdir.

43. Həmçinin təqdim edilən xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli gömrük bəyannamələrindən də görünür ki, "xxxx" MMC, iddiaçının dəlillərinin əksinə, xaricdən artıq gətirilmiş malların dəyərini xarici valyutada müsabiqə komissiyasına təqdim etməmiş, müsabiqənin qalibi olduqdan sonra həmin malların xaricdən gətirilməsini həyata keçirmişdir. Bu mənada iddiaçının müsabiqə keçirilərkən gömrük bəyannamələrinə əsasən malların artıq idxal edildiyi, bu səbəbdən də dəyərinin Azərbaycan manatı ilə ifadə edilməli olması ilə bağlı arqumentləri də əsassızdır.

44. Müsabiqənin müvafiq şərtinin (rezidentlərə xarici valyutada təklif hüququnun verilməsi) Azərbaycan Respublikası Konstitusiyasının 19-cu və Mülki Məcəllənin 439-cu maddələri ilə ziddiyyət təşkil edib-etməməsi ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir.

45. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.

46. Mülki Məcəllənin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər.

47. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin “ödəniş vasitəsi” müddəası görülmüş iş, göstərilmiş xidmət, satılmış mal və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması hallarını nəzərdə tutur (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli Qərar).

48. Həmin Qərarda həmçinin göstərilmişdir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Bu maddə təhlil olunarkən nəzərə alınmalıdır ki, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir.

49. Yuxarıda göstərilənlərə əsasən, qanunvericilikdə görülmüş iş, göstərilmiş xidmət, satılmış mal və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması hallarında xarici valyutadan istifadə qadağan edilir.

50. Hazırda isə müsabiqə şərtlərində sadəcə təkliflərin xarici valyutada edilməsinin mümkünlüyü təsbit edilmiş, qanunvericiliyə uyğun olaraq hesablaşmaların ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi manat məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatında aparılacağı qeyd edilmişdir. Başqa sözlə, ümumi yağlar və soyutma mayelərin satın alınması üçün 35008-2-23 nömrəli açıq satınalma müsabiqəsinin təkliflərin xarici valyutada göstərilməsi ilə bağlı şərtləri iddiaçının bildirdiyinin əksinə mülki qanunvericiliyə zidd olmamışdır.

51. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin XXXXnin ümumi yağlar və soyutma mayelərinin satınalınmasına dair elan etdiyi 35008-2-23 saylı açıq satınalma müsabiqəsinin 3-cü lot üzrə nəticələrinin, o cümlədən müsabiqə komissiyasının 3-cü lot üzrə yekun protokolunun ləğv edilməsi tələbi rədd edilməlidir.

52. İddiaçı həmçinin həmin müsabiqənin keçirilməsi zamanı müsabiqə komissiyasının qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində iddiaçıya dəymiş zərərin əvəzi olaraq 198 069,50 manat əldən çıxmış fayda, 9780 manat müsabiqədə iştirak etmək üçün çəkilən xərcin cavabdehdən tutulmasını tələb edir.

53. Məhkəmə ilk növbədə bildirir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Satınalmaların Təşkili və X7 X2”nun müsabiqədə iştirak haqqının ödənilməsi və X6 əldə olunması qaydasının təsbit olunduğu 18-ci hissəsinin 18.2-ci bəndinə əsasən müsabiqədə iştirak haqqı malgöndərən (podratçı) tərəfindən X3 toplusunu almaq və iddiaçı kimi qeydiyyatdan keçmək üçün ödənilir. Müsabiqənin nəticələrindən asılı olmayaraq iştirak haqqı geri qaytarılmır.

54. Məhkəmə qeyd edir ki, hazırkı halda müsabiqə komissiyasının qanunsuz hərəkət və hərəkətsizliyi müəyyən edilmədiyindən, iddianın müsabiqənin qanunsuzluğu ilə bağlı faktiki əsasını təşkil edən hallar ümumi yağlar və soyutma mayelərinin satınalınmasına dair elan etdiyi 35008-2-23 saylı açıq satınalma müsabiqəsinin 3-cü lotunun keçirilməsi zamanı aşkar edilmədiyindən həmin hissədə də iddia təmin edilə bilməz.

55. Bundan başqa, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

56. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

57. Məhkəmə iddia tələbinin təmin edilmədiyini nəzərə alaraq hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

V. Nəticə:

58. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin XXXXnə qarşı “müsabiqə nəticələrinin, müsabiqə komissiyasının yekun protokolunun ləğv edilməsi, dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar