Məhkəmə qərarları › İş №e-2-2(113)-6438/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6438/2024

20.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6438/2024 20.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4rşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4rşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı X2 cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2021-ci ildən icarəsində olan obyektlə bağlı tərtib edilmiş 602218 nömrəli, xx.xx.2024-cü il tarixli akt əsasında hesablanmış 4104 manat borcun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ********** VÖEN ilə X2 fərdi sahibkar kimi Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçmişdir və xx.xx.2021-ci il tarixdə bağlanmış icarə müqaviləsi əsasında ünvan 1 ünvanda yerləşən “Dostluq” kafesində sahibkarlıq fəaliyyəti göstərir. Həmin ünvanda yerləşən kafe xx.xx.2021-ci ildən bu günə kimi iddiaçının icarəsindədir. 2023-cü ilin sentyabr ayında "xxxx" ASC tərəfindən həmin ünvana su borcu ilə bağlı bildiriş göndərilmiş və 4104 manat borcun olması göstərilərək, həmin borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə 2021-ci ildən kafeyə suyun verilməsinin dayandırılacağı bildirilmişdir. Məsələ araşdırıldıqdan sonra iddiaçıya məlum olmuşdur ki, 12 sentyabr 2023-cü ildə "xxxx" ASC-nin əməkdaşları tərəfindən yoxlama aparılmış, yoxlamanın nəticələrinə dair 602218 nömrəli akt tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, guya obyektdə sayğacdan kənar boru vasitəsilə sudan istifadə edilir. Lakin 3 ildir ki, həmin ünvanda fəaliyyət göstərir, heç bir qanunsuz xətt çəkməmiş və qanunsuz xətlə bağlı heç bir məlumata malik olmamışdır. Hətta aktda icarəçi qismində başqa bir şəxsin adı, soyadı, atasının adı göstərilmişdir. Lakin borcun ödənilməsi iddiaçıdan tələb edilir və borcun ödənilməməsi halında suyun kəsiləcəyi bildirilir. Həmin aktda göstərilən 246275 nömrəli smart tipli sayğac iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi ünvanda quraşdırılmışdır və suyun sərfiyyatını ölçür. Həmin akt iddiaçıya təqdim edilməmiş və aktda qeyd edilən “imza etməkdən imtina etmişdir” kimi sözləri həqiqəti əks etdirmir. Aktın surətini isə iddiaçı cavabdehə müraciət edərək əldə etmişdir. 4104 manat məbləğdə borcun hansı əsaslarla hesablanması və qaydası iddiaçıya məlum deyildir. Aktın qanunsuz olmasını o da təsdiq edir ki, aktda göstərilən sayğac ünvan 1 ünvanda yerləşən “Dostluq” kafesində quraşdırıldığı halda həmin ünvan aktda fərqli - Rəşid Bağırov, ev 28 kimi göstərilmişdir.

3. İddia tələbinin hüquqi əsası kimi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”yə, “Su təchizatı və tullantı suları haqqında” Qanuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə Qaydalarına istinad olunmuşdur.

4. Daha sonra iddiaçı X2 əsl olan İddiaçı ilə əvəz edilmişdir.

5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək, iddia tələbinə etiraz etdi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

8. xx.xx.2023-cü il tarixdə 081203 nömrəli abonent kodu üzrə tərtib edilmiş aktda qeyd olunur ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin Xətai rayon SKİ-nin SSTŞ-nin nümayəndələri tərəfindən istehlakçının obyektinə baxış keçirilmiş, Xətai rayon Rəşid Bağırov 28 ünvanında yerləşən obyektə baxış zamanı abonentin sayğacdan kənar diametri 20 mm-lik boru vasitəsilə sudan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuş və qanunsuz birləşmə ləğv edilmişdir. İddiaçı aktı imzalamaqdan imtina etdiyi qeyd edilmişdir.

9. 14 sentyabr 2023-cü il tarixli su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə fakturasından görünür ki, iddiaçı tərəfindən qanunsuz istifadəyə görə xx.xx.2023cü il tarixə ona 4104 manat məbləğində borc hesablanmışdır.

10. İddiaçı abonent haqqında məlumatından görünür ki, abonentə qanunsuz sudan istifadəyə görə 4104 manat məbləğində borc hesablanmış, həmin məbləğin 28,48 manatı ödənilmiş, 4075,52 manat məbləğ ödənilməmişdir. Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə Qaydalarının 6.18-ci bəndinə əsasən STKM-in səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

12. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 12-ci maddəsinə əsasən su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

13. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

14. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; 1.5-ci bəndinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

16. İddia tələbi cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti“ PHŞ tərəfindən hesablanmış 4104 manat məbləğində borcun silinməsindən ibarətdir.

17. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

18. Belə ki, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti“ PHŞ tərəfindən keçirilmiş yoxlamaların aparılması üçün qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlamalar qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.

19. Eyni zamanda müəyyən olunur ki, qeyd olunan məbləğ qismən ödənilmiş, hazırda qalıq məbləğ 4075,52 manat təşkil edir.

20. Qeyd edilən halları, hazırkı iddia tələbinin borcun silinməsi olduğunu nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 081203 nömrəli abonent kodu üzrə xx.xx.2023-cü il tarixli, 602218 nömrəli akt əsasında hesablanmış 4075,52 (dörd min yetmiş beş manat əlli iki qəpik) manat məbləğində pul vəsaiti İddiaçı abonent hesabından silinməlidir.

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti“ PHŞ tərəfindən İddiaçı məxsus 081203 nömrəli abonent kodu üzrə xx.xx.2023-cü il tarixli, 602218 nömrəli akt əsasında hesablanmış 4075,52 manat (dörd min yetmiş beş manat əlli iki qəpik) manat məbləğində borc İddiaçı abonent hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar