Məhkəmə qərarları › İş №e-2-2(113)-644/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-644/2025

29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-644/2025 29.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, restrukturizasiya, dəbbə pulunun azaldılması, qanuni faiz, ekspertiza xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra LPO İddiaçı ASC) Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1530,02 ABŞ dolları əsas borc, 682,15 ABŞ dolları faiz borcu, 1900,05 ABŞ dolları cərimə, əsas borca illik 5 faizlə hesablanmaqla 217,35 ABŞ dolları olmaqla ümumilikdə 4329,57 ABŞ dolları borcun və ödənilmiş 93,61 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış ********* nömrəli xx.xx.2014cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə dövriyyə vəsaitin artırılması məqsədi ilə 18 ay müddətinə illik 33% dərəcəsi ilə 5000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı əlavə sazişə əsasən kreditin qalıq məbləği 3422,89 ABŞ dolları hesablanmış, kreditin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. Kredit üzrə borcalan tərəfindən əlavə saziş imzalandığı tarixdən etibarən illik 10% ödənilməli idi. Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyi 4392,19 ABŞ dolları hesablanmış, kreditin müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır. Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 02 saylı əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı borc öhdəliyi restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 5043,76 ABŞ dolları hesablanmış (1USD = 1,40 AZN), restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə borcalan tərəfindən əlavə saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. 2.2. Kredit müqaviləsinə əsasən borcalan müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə iddiaçının hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. İddiaçı tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsa idi, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə cavabdehin kredit üzrə cəmi borcu 4329,57 ABŞ dolları təşkil edir. Bundan 1530,02 ABŞ dolları əsas, 682,15 ABŞ dolları faiz, 1900,05 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 217,35 ABŞ dolları faiz borcu təşkil edir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445, 449, 739-cu və s. maddələri göstərilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-7530/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

6. İddiaçı məhkəməyə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə xx.xx.2024-cü il və xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərdə ərizələr ünvanlayaraq, məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə iddiaçı tərəfin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə bildirişləri cavabdehin yaşayış yeri üzrə qeydiyyata alındığı ünvana göndərilməklə, mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İddiaçı (kreditor qismində) ilə Cavabdeh (borcalan qismində) arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinin şərtlərindən görünür ki, həmin müqavilənin predmeti kreditorun borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verməsi, borcalanın isə həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair pul öhdəliyidir (1.1). Kreditor borcalana 5000 ABŞ dolları məbləğində kredit verir (2.1). Bu müqaviləyə əsasən kredit borcalana dövriyyə vəsaitlərinin artırılması məqsədilə verilir (2.2). Kredit 18 ay müddətinə verilir (2.3). Kreditin istifadəsinə görə borcalan kreditora illik 33 faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 34,459 faiz təşkil edir (2.4). Güzəşt müddəti yoxdur (2.6).

12. Sözügedən müqaviləyə əlavə olan ödəniş qrafikindən görünür ki, kreditin ilk ödəmə tarixi xx.xx.2015-ci il, son ödəmə tarixi xx.xx.2016-cı il, kreditin məbləği 5000 ABŞ dolları, kreditin illik faiz dərəcəsi 33%, aylıq ödəniş 356,01 ABŞ dolları (sonuncu ay 356,04 ABŞ dolları), banka ödəniləcək ümumi faiz məbləği 1408,21 ABŞ dolları, ümumi məbləğ isə 6408,21 ABŞ dolları təşkil edir.

13. Məhkəməyə təqdim edilən xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, kredit müqaviləsi üzrə 5000 ABŞ dolları məbləğində pul cavabdeh tərəfindən imza edilməklə qəbul edilmişdir.

14. xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli ********* nömrəli əlavə sazişin şərtlərindən görünür ki, müqaviləyə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 3422,89 ABŞ dolları təşkil edir (1.1). Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2018-ci il tarixədək təyin olunur (1.2).

15. Həmin sazişə əlavə olan ödəniş qrafikindən görünür ki, qalıq məbləğin ilk ödəmə tarixi xx.xx.2016-cı il, son ödəmə tarixi xx.xx.2018-ci il, qalıq kreditin məbləği 3422,89 ABŞ dolları, kreditin illik faiz dərəcəsi 10%, aylıq ödəniş 169,51 ABŞ dolları (sonuncu ay 34,54 ABŞ dolları), banka ödəniləcək ümumi faiz məbləği 340,87 ABŞ dolları, ümumi məbləğ isə 3763,76 ABŞ dolları təşkil edir.

16. xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli əlavə sazişin şərtlərindən görünür ki, müqaviləyə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 4392,19 ABŞ dolları təşkil edir (2.1). Kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin olunur (2.3).

17. Həmin sazişə əlavə olan ödəniş qrafikindən görünür ki, qalıq məbləğin ilk ödəmə tarixi xx.xx.2015-ci il, son ödəmə tarixi xx.xx.2017-ci il, qalıq kreditin məbləği 4392,19 ABŞ dolları, kreditin illik faiz dərəcəsi 33%, aylıq ödəniş 260,22 ABŞ dolları (sonuncu ay 256,1 ABŞ dolları), banka ödəniləcək ümumi faiz məbləği 1588,75 ABŞ dolları, ümumi məbləğ isə 5980,94 ABŞ dolları təşkil edir.

18. xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə 20 oktyabr 2017-ci il tarixli 02 nömrəli əlavə sazişdən görünür ki, kredit aşağıdakı şərtlərlə restrukturizasiya edilir: borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 5043,76 ABŞ dolları təşkil edir. Ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən 1 USD = 1,4 AZN məzənnəsi əsas götürülməklə qəbul edilir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 3323,07 ABŞ doları əsas borc, 554,3 ABŞ dolları faiz borcu və 1166,39 ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə bu Əlavə Saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları ayrıca hesabda dondurulur. Borcalan tərəfindən öhdəliyi bu Sazişə əlavə edilmiş ödəniş qrafiki üzrə vaxtında və ya lazımınca icra edildikdə və qrafik üzrə borc tam ödənildikdən sonra növbəti hər 12 (on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən çox olmadıqda, dondurulmuş faiz və cərimə borcları müəyyən edilmiş müddətin sonunda Kreditor tərəfindən güzəşt edilir. Əgər ödəniş qrafiki üzrə növbəti hər 12 (on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən artıq olarsa, hesablanmış və ya hesablanacaq faiz və cərimə məbləğləri müəyyən edilmiş müddətin sonunda güzəşt edilmir və kredit öhdəliyi üzrə ödənişlər ilkin olaraq cərimənin, sonra faizlərin, daha sonra isə əsas məbləğin ödənilməsinə yönəldilir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək təşkil edir (1.1). Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 8 (səkkiz) faiz təşkil edir (1.2). Borcalan yuxarıdakı ödəniş qrafiki üzrə öhdəliklərinin icrası zamanı növbəti hər 12 (on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən çox olduqda, kreditorun təşəbbüsü ilə X3 birtərəfli qaydada xitam verilə və kredit, dondurulmuş faiz və cərimə, həmçinin, hesablanacaq faiz və cərimələrin vaxtından əvvəl ödənişi tələb edilə bilər. X3 Kreditor tərəfindən xitam verildikdə, müvafiq kredit öhdəliyi üzrə münasibətlərə Tərəflər arasında imzalanmış ********* saylı, xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsinin şərtləri tətbiq olunur. Bu zaman Borcalanın güzəştli məzənnə ilə ödədiyi bütün ödənişlər Bankın ödəniş tarixinə qüvvədə olan məzənnəsi ilə yenidən hesablanır və bu fərq Borcalan tərəfindən dərhal Kreditora ödənilir (1.6).

19. Həmin əlavə sazişə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, ilk ödəniş tarixi xx.xx.2017-ci il, son ödəniş tarixi xx.xx.2021-ci il, hər ay 81,13 ABŞ dolları (sonuncu ay isə 80,89 ABŞ dolları) olmaqla ümumilikdə 3323,07 ABŞ dolları əsas borc, 5070,93 ABŞ dolları faiz borc üzrə ödənişlərin edilməsi nəzərdə tutulmuşdur.

20. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-7530/2024 nömrəli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış xx.xx.2025-ci il tarixli 9/9740 nömrəli ekspert rəyindən görünür ki, 20 oktyabr 2021-ci il tarixə (müqavilənin müddətinin bitdiyi) cavabdehin xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə əsas borcu 1546,28 ABŞ dolları, faiz borcu 647,41 ABŞ dolları təşkil edir.

21. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranış, iddiaçı 5000 ABŞ dolları məbləğində pul vəsaitinə mülkiyyət hüququnu razılaşmada göstərilən şərtlərlə cavabdehə verməyi, cavabdeh isə aldığı pul vəsaitini 18 ay müddətinə, illik 33% dərəcəsi ilə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Bundan sonra adıçəkilən müqavilə üzrə xx.xx.2015-ci il tarixli ********* nömrəli əlavə saziş əsasında qalıq 3422,89 ABŞ dolları kredit məbləği xx.xx.2018-ci il tarixədək ödənilmək şərtilə illik 10 faizlə, daha sonra xx.xx.2015-ci il tarixli əlavə saziş əsasında qalıq 4392,19 ABŞ dolları kredit məbləği xx.xx.2017-ci il tarixədək ödənilmək şərtilə illik 33 faizlə, daha sonra 20 oktyabr 2017-ci il tarixli 02 nömrəli əlavə saziş əsasında 3323,07 ABŞ dolları məbləğində qalıq borc restrukturizasiya edilmiş, sonuncu saziş ilə xx.xx.2021-ci il tarixədək hər ay 81,13 ABŞ dolları olmaqla ümumilikdə 3323,07 ABŞ dolları əsas borc, 570,93 ABŞ dolları faiz borcun ödənilməsi razılaşdırılmışdır. Cavabdeh kredit məbləğini təşkil edən 5000 ABŞ dolları məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.

22. İddiaçı adıçəkilən kredit müqaviləsi və ona əlavə saziş üzrə 1530,02 ABŞ dolları borc və 682,15 ABŞ dolları faiz borcunun cavabdehdən tutulmasını xahiş edir.

23. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

24. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin müqavilə bağlanarkən qüvvədə olan maddi hüquq normaları əsasında şərh edilməsini zəruri sayır.

25. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən (müqavilə bağlanarkən qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

26. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

27. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

29. X2 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

30. Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.

31. Məhkəmə iddiaçının tələbini təşkil edən borcun məbləği ilə bağlı qeyd edir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, ekspert rəyi məhkəməyə daxil olduqdan sonra iddiaçı və cavabdeh ekspert rəyinə etiraz etməmiş, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət də verməmişlər.

32. xx.xx.2025-ci il tarixli 9/9740 nömrəli ekspert rəyinə əsasən, 20 oktyabr 2021-ci il tarixə (müqavilənin müddətinin bitdiyi) cavabdehin xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə əsas borcu 1546,28 ABŞ dolları, faiz borcu 647,41 ABŞ dolları təşkil edir.

33. Lakin mülki məhkəmə icraatında “ne ultra petita” prinsipindən irəli gələrək məhkəmənin müstəsna hallar istisna olmaqla iddia tələbindən kənara çıxması mümkün deyildir (bax §8, 218.3-cü maddə)

34. Bu səbəbdən məhkəmə hesab edir ki, xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə borc məbləği iddia tələbi və xx.xx.2025-ci il tarixli 9/9740 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə uyğun olaraq 1530,02 ABŞ dolları əsas borc, 647,41 ABŞ dolları faiz borcu kimi müəyyən edilməlidir.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə 1530,02 ABŞ dolları əsas borc, 647,41 ABŞ dolları faiz borcu Cavabdeh tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir.

b) Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra hesablanan illik 5 faizin tutulması tələbi ilə bağlı

36. İddiaçı xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə illik 5 faizlə hesablanmış 217,35 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulmasını xahiş edir.

37. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyası).

38. Konstitusiya Məhkəməsi göstərmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin – gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarlar).

39. Yuxarıda qeyd olunan hüquqi mövqeyə əsasən məhkəmə qeyd edir ki, müqavilə üzrə annuitet ödənişlərin həyata keçirilməli olduğu müddət xx.xx.2021-ci il tarixdə başa çatdığından həmin dövrdən sonra hesablanan əsas borca illik beş faizlə hesablanmış məbləğ tutulmalıdır.

40. Qanuni faizin məbləğini qiymətləndirərkən məhkəmə qeyd edir ki, müqavilə müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən etibarən iddiaçının tələb etdiyi (maliyyə arayışına əsasən) xx.xx.2024-cü il tarixə (1035 gün) əsas borca illik 5 faizlə hesablanmış məbləğ 216,93 (1530,02*5/100/365*1035) ABŞ dolları təşkil edir.

41. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən əsas borca illik 5 faizlə hesablanmaqla 216,93 ABŞ dolları məbləğində pul Cavabdeh tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir.

c) Kredit müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı

42. İddia ərizəsində iddiaçı 1900,05 ABŞ dolları cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.

43. xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə 20 oktyabr 2017-ci il tarixli 02 nömrəli əlavə sazişin 1.3-cü bəndinə əsasən, gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən cərimə kimi illik 16% dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir.

44. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

45. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

46. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

47. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl pretenziya məktubu göndərilmiş, cavabdeh ilə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə alır ki, cavabdeh pul məbləğini qaytarmadığı, sonuncu ödənişi (ekspert rəyinə əsasən) xx.xx.2019-cu il tarixdə etdiyi halda, iddiaçı da uzun müddət iddia ilə məhkəməyə müraciət etməmişdir.

48. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 50 ABŞ dolları həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

49. Məhkəmə belə qənaətə gəlir ki, cərimə olaraq 50 ABŞ dolları Cavabdeh tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir.

d) İddia tələbinin xarici valyutada göstərilməsi ilə bağlı

50. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 10-cu bəndinə əsasən, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir.

51. Qeyd edilən qərara əsasən məhkəmə hesab edir ki, xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə əsas borc, faiz borcu, dəbbə pulu və qanuni faiz məbləği qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə tutulmalıdır.

e) Məhkəmə xərcləri ilə bağlı

52. İddiaçı eləcə də 93,61 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

53. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, iddiaçı tərəfindən dövlət rüsumu kimi xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzə əsasən 93,61 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

54. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, xx.xx.2025-ci il tarixli 9/9740 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat təşkil edir.

55. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

56. Həmin Məcəllənin 115.0, 115.0.4 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

57. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

58. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

59. Məhkəmə hesab edir ki, hazırkı mübahisə məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının pozulması nəticəsində meydana gəldiyindən (bax §47) məhkəmə xərcləri işin nəticəsindən asılı olmayaraq cavabdehlərdən tutulmalıdır.

60. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 93,61 manat pul Cavabdeh tutularaq iddiaçı LPO İddiaçı ASC-yə, ekspertiza xərci olaraq 100 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

V. Nəticə:

61. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05 dekabr 2014cü il tarixli kredit müqaviləsi üzrə 1530,02 ABŞ dolları əsas borc, 647,41 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə, əsas borca illik 5% hesablanmaqla 216,93 ABŞ dolları olmaqla ümumilikdə 2444,36 ABŞ dolları məbləğində pul (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 93,61 manat pul Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza xərci olaraq 100 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar