Məhkəmə qərarları › İş №e-2-2(113)-6444/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6444/2025

16.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6444/2025 16.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “İddiaçı” Şirkətinin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: öhdəlikdən kənar ödənilmiş pul, əsassız varlanma, kondikasiya iddiasının şərtləri) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçı “İddiaçı” Şirkətinin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı “İddiaçı” Şirkətinin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı “İddiaçı” Şirkəti Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsassız varlanma qaydasında 4000 ABŞ dolları və ya məhkəmə aktının icra tarixinə olan Azərbaycan manatı ekvivalentində 1 ABŞ dolları = 1,70 manat məzənnə ilə 6800 manat məbləğində pulun və 400 manat hüquqi yardım xərcinin, 60 manat etibarnamənin tərcümə-təsdiq xərcinin, ödənilmiş 92,42 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı Gürcüstan Respublikasında xaricdən avtomobil idaxlı və daşınması sahəsində fəaliyyət göstərən şirkətdir. Cavabdeh iki ilə yaxındır ki, iddiaçı ilə əməkdaşlıq edərək diler kimi ölkəyə avtomobil gətirib satışı ilə məşğuldur. Cavabdeh qeydiyyata alınmış fərdi sahibkardır və ona məxsus ********** nömrəli VÖEN vardır. İddiaçı cavabdehə xx.xx.2025-ci il tarixdə Soltan Teymurlu adına ölkəyə daşınmasını sifariş etdiyi “Chevrolet Cruze” markalı avtomobilə daşınma zamanı dəymiş ziyana görə 220 ABŞ dolları məbləğində sığorta ödənişi köçürmüşdür. Bununla yanaşı, iddiaçı elə həmin tarixdə və saatda (19:41-də) “depozit ödənişin geri qaytarılması” məqsədilə digər şəxsə göndərilməsi nəzərdə tutulan 4000 ABŞ dolları məbləğində vəsaiti də səhvən cavabdehin "xxxx" ASC-də olan AZ67HAJCFCRUSD**********6001 nömrəli eyni hesablaşma hesabına köçürmüşdür. Bu barədə müvafiq sübutlar notarial tərcümə-təsdiq edilərək iddia ərizəsinə əlavə edilmişdir. Vəsaitin cavabdehin sözügedən hesabına həqiqətən də köçürülməsi faktının təsdiqi, həmçinin sorğu verilən tarixə vəsaitin həmin hesabda qalıbqalmaması barədə "xxxx" ASC-yə təqdim edilmiş vəkil sorğusuna verilmiş 07 iyul 2025-ci il tarixli cavab məktubunda həmin məlumatların bank sirri təşkil edən məlumatlar olması əsası ilə təqdim edilməsindən imtina edildiyi qeyd edilmişdir. 2.2. Beləliklə, vəsait səhvən köçürüldükdən sonra iddiaçının və onunla Azərbaycanda əməkdaşlıq edən şirkətin əməkdaşları tərəfindən dərhal bu barədə cavabdehə məlumat verilmişdir. Vəsait cavabdehə məxsus bank hesabına daxil olduğundan banka yaxınlaşıb vəsaitin çıxarılıb buradakı nümayəndəyə təqdim edilməsi və ya göndərən şirkətə geri göndərilməsinin təşkil edilməsi cavabdehdən xahiş edilmişdir. Bir neçə dəfə bu barədə cavabdeh tərəfindən vəd verilsə də, sonuncu sonradan, ümumiyyətlə, telefon zənglərindən yayınıb, müxtəlif bəhanələrlə vəsaiti geri qaytarmaqdan imtina etmişdir. Cavabdehə bu barədə 10 iyun 2025-ci il tarixində poçt vasitəsilə rəsmi xəbərdarlıq bildirişi də göndərilmişdir. Həmin bildirişdə 5 gün müddətində vəsaitin bank hesabından çıxarılıb ya şəxsən iddiaçının nümayəndəsinə təqdim edilməsi, ya da qarşılıqlı şəkildə vaxt təyin edilib birlikdə banka yaxınlaşaraq həmin vəsaitin səhvən göndərən şirkətin, yəni iddiaçının bank hesabına geri qaytarılması üçün əməkdaşlıq edilməsi təklif edilmişdir. Lakin cavabdeh onun ailə üzvü olan anası tərəfindən qəbul edilmiş bildirişi aldıqdan sonra da tələbi ciddiyə almamış və vəsaiti geri qaytarmaqdan indiyədək imtina etmişdir. 2.3. Eyni zamanda cavabdeh fərdi sahibkar olduğu üçün ona DVX kabineti və məhkəmə kabineti vasitəsilə də xx.xx.2025-ci il tarixdə pretenziya məktubları göndərilmiş və könüllü olaraq vəsaiti geri qaytarması üçün 3 gün möhlət verilmişdir. Lakin cavabdeh bu bildirişlərə də əhəmiyyət verməmiş, iddia verilən ana qədər onun tərəfindən mübahisənin məhkəmədən kənar həlli istiqamətində heç bir addım atılmamışdır. Bununla da iddiaçı Azərbaycan Respublikasında peşəkar vəkil xidmətindən istifadə etməklə ona məxsus və cavabdeh tərəfindən əsassız varlanma nəticəsində əldə edilmiş sözügedən pul vəsaitini məhkəmə qaydasında geri qaytarmaq qərarına gəlmiş, Gürcüstan Respublikasında fəaliyyət göstərən iddiaçı öz hüquqlarının qorunması üçün vəkil bürosuna Azərbaycanda fəaliyyət göstərən və onunla əməkdaşlıq edən “X1” MMC adlı şirkət vasitəsilə 400 manat hüquqi xidmət haqqı ödəmək məcburiyyətində qalmışdır. Bundan başqa, vəkili və nümayəndəsi tərəfindən Gürcüstandan göndərilmiş etibarnamənin tərcüməsi üçün 36 manat, həmin tərcümənin notarial təsdiqi üçün isə 6 manat olmaqla cəmi 42 manat əlavə maddi xərcə məruz qalmışdır. İddiaçı tərəfindən iş üzrə göndərilmiş sübutlardan maliyyə arayışı və iddiaçının təsis sənədlərinə dair sənədlərin Azərbaycan dilinə tərcümə-təsdiqi üçün isə iddiaçı əlavə olaraq 60 manat miqdarında xərclərə məruz qalmışdır.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 14.2.7, 1091, 1092-ci maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. İşdə iştirak edən şəxslərin mövqeləri:

5. İddiaçı “İddiaçı” Şirkətinin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, cavabdehin 2500 manat məbləğində pulun ödənilməsi təklifi real deyildir. Belə ki, 4000 ABŞ dolları təxminən 6800 manat edir.

6. Cavabdeh məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdi və eyni zamanda göstərdi ki, iddiaçı ilə əməkdaşlıq edərək diler kimi fəaliyyət göstərir, lakin iddiaçı tərəfindən göndərilən nəqliyyat vasitələri mütəmadi olaraq nasaz olur. Həmin nəqliyyat vasitələrinin nasaz olması barədə dərhal iddiaçıya məlumat verilsə də, nasazlıq aradan qaldırılmır. Nəticədə həmin nəqliyyat vasitələri cavabdeh tərəfindən təmir edilir. İddiaçı tərəfindən həqiqətən 4000 ABŞ dolları pul onun hesabına köçürülmüş, o isə həmin məbləği hesabından çıxarmışdır. Lakin ona iddiaçı tərəfindən 15000 manat zərər vurulmuşdur. Bu səbəbdən köçürülən 4000 ABŞ dolları qaytarmamışdır.

7. Məhkəmənin suallarına cavab olaraq cavabdeh göstərdi ki, rəsmi servislərdə təmir bahalı olduğu üçün cavabdeh adi sexlərdə təmirləri həyata keçirmişdir Bu səbəbdən hər hansı sübutu yoxdur.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Məhkəmənin beynəlxalq səlahiyyəti və tətbiq olunacaq hüquq ilə bağlı

9. Məhkəmə əvvəla hazırkı mübahisəyə baxmaqda səlahiyyətli olub-olmamasının müəyyən edilməsi və mübahisənin həllində tətbiq ediləcək maddi hüquq normalarının seçilməsini zəruri hesab edir.

10. Mülki prosessual qanunvericilikdə məhkəmənin beynəlxalq səlahiyyəti ilə bağlı ümumi norma və xüsusi normalar əks olunmuşdur.

11. Belə ki, Mülki Prosessual Məcəllənin 440.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun.

12. Ümumi norma kimi çıxış edən Mülki Prosessual Məcəllənin 440.1-ci maddəsi ilə qanunverici kommersiya mübahisələri üzrə məhkəmənin beynəlxalq səlahiyyətini ərazi prinsipi əsasında müəyyən etmiş, yalnız xarici şəxsin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olduğu halda məhkəməni işə baxmağa səlahiyyətli etmişdir.

13. Xüsusi norma kimi isə Mülki Prosessual Məcəllənin 443-450-ci maddələri çıxış edir. Həmin Məcəllənin 443.0 və 443.0.8-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: iddia Azərbaycan Respublikasının ərazisində baş vermiş əsassız varlanmadan irəli gəldikdə.

14. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 2.4-2.5-ci bəndlərinə əsasən, əgər xarici elementli kommersiya mübahisəsinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasını istisna edən, bu Qərarın 2.2-ci bəndində göstərilən hallardan hər hansı biri mövcud deyilsə, MPM-in məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtlərinin təsbit olunduğu 440.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. ... Həmin ümumi şərtlərlə yanaşı, MPM-in 443-cü maddəsi aşağıdakı xüsusi hallarda xarici elementli kommersiya mübahisəsi üzrə Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyətini müəyyən edir: ... iddia Azərbaycan Respublikasının ərazisində baş vermiş əsassız varlanmadan irəli gəldikdə.

15. Məhkəmə qeyd edir ki, hazırda iddianın faktiki əsasına görə, iddiaçı 4000 ABŞ dolları məbləğində pul vəsaitini cavabdehin Azərbaycan Respublikasında bank hesabına köçürmüş, həmin vəsait cavabdeh tərəfindən istifadə edilmişdir. Bu isə əsassız varlanmanın Azərbaycan Respublikasının ərazisində baş verməsinə dəlalət edir və bu mənada Azərbaycan Respublikası məhkəməsi hazırkı işə baxmaqda haqlıdır.

16. Məhkəmə hazırkı mübahisənin həllində tətbiq ediləcək hüquq normalarının seçilməsi ilə bağlı qeyd edir ki, “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 5.18-ci bəndinə əsasən, xarici elementli mübahisəyə hansı dövlətin maddi hüququnun tətbiq edilməli olduğu müəyyənləşdirilərkən aşağıdakı ardıcıllığa əməl edilməlidir: – mübahisəyə hansı ölkənin maddi hüququnun tətbiqi ilə bağlı tərəflər arasında bağlanmış ayrıca yazılı razılaşmanın (müqavilə, saziş və s.) və ya razılaşma şərtinin, yaxud Azərbaycan Respublikası qanununun tətbiqi barədə məhkəməyə ünvanlanan aydın iradə ifadəsinin mövcudluğu; – Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilənin, yaxud uzun illər ərzində formalaşmış beynəlxalq adətlərin mövcudluğu; – Azərbaycan Respublikasının mübahisəli münasibətləri tənzimləyən və hansı ölkənin qanununun tətbiq edilməli olmasını müəyyən edən sahəvi qanunlarının mövcudluğu; – “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş kolliziya hüquq normalarının mövcudluğu.

17. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən əsassız varlanma nəticəsində yaranmış öhdəliklərə belə varlanmanın baş verdiyi dövlətin hüququ tətbiq olunur.

18. Məhkəmə hesab edir ki, hazırda əsassız varlanmanın Azərbaycan Respublikasında baş verdiyi iddia edildiyindən “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə müvafiq olaraq mübahisə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə həll olunmalıdır.

b) Əsassız varlanma qaydasında pulun tutulması tələbi ilə bağlı

19. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

20. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

21. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında nəqliyyat vasitələrinin birincidən alınması və Azərbaycan Respublikasında cavabdehin adından və hesabına satılması ilə bağlı müqavilə münasibətləri yaranmışdır. İddiaçı xx.xx.2025-ci il tarixdə “return deposit payment” (depozit ödənişinin geri qaytarılması) təyinatı ilə 4000 ABŞ dolları məbləğində pulu cavabdehin xxxxnda olan AZ67HAJCFCRUSD**********6001 nömrəli hesabına köçürmüşdür.

22. İddiaçı adıçəkilən məbləği cavabdehə yanlışlıqla köçürdüyünü bildirir və əsassız varlanma qaydasında 4000 ABŞ dollarının tutulmasını tələb edir.

23. Cavabdeh məbləğin bank hesabına köçürüldüyünü qəbul edir, lakin iddiaçının ona olan 15000 manat məbləğində borcu ilə əvəzləşdirdiyini bildirir.

24. Məhkəmə kommersiya mübahisəsi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

25. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Yəni öhdəlik bir tərəfin müəyyən hərəkətlər etməsi və ya müəyyən hərəkətlərdən çəkinməsi, digər tərəfin isə tələb etmək hüququ ilə xarakterizə edilən qarşılıqlı hüquqi münasibətdir. Hər bir hüquqi münasibət kimi öhdəlik hüquq münasibətinin də müəyyən yaranma - əmələ gəlmə əsası olur. Mülki Məcəllənin 386-cı maddəsi öhdəliklərin əmələ gəlmə əsaslarını müəyyən edir. Belə ki, öhdəliyin əmələ gəlmə əsaslarına başlıcası müqavilə olmaqla zərər vurulması, əsassız varlanma və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar aid edilir. Mülki hüquq nəzəriyyəsində bu əsaslar müqavilədən və müqavilədən kənar olmaqla iki yerə bölünür. Öhdəliyin əsassız varlanma ilə əmələ gəlməsi onun müqavilədən kənar əsasla yaranması hesab olunur.

26. Mülki Məcəllənin 58-ci fəsli “əsassız varlanma” adlanır. Mülki Məcəllənin 1091-ci maddəsi əsassız varlanmaya anlayış verir. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

27. Göründüyü kimi, əsassız varlanma hüquqi əsas – bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadan və ya həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənərək başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edilməsidir.

28. Eyni zamanda Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

29. Mülki hüquq nəzəriyyəsində məhrum olanın əsassız əldə edilmiş və ya saxlanılmış əmlakı qaytarmaq barədə varlanmış şəxsə verdiyi tələb kondikasiya iddiası adlanır və bu növ iddiada bir neçə şərtin mövcudluğu sübut edilməlidir. Belə ki, kondikasiya iddiasının sübutetmə predmetinə (1) varlanmanın baş verməsi, (2) bu varlanmanın hüquqi əsasa malik olmaması, (3) varlanmanın məhrum olanın hesabına formalaşması daxildir. Bu şərtlərdən hər hansı birinin mövcudluğunun sübut edilməməsi kondikasiya iddiasının rəddi üçün əsasdır.

30. İş materiallarından da göründüyü kimi, iddiaçı tərəfindən 4000 ABŞ dolları məbləğində pul cavabdehin xxxxnda olan AZ67HAJCFCRUSD**********6001 nömrəli hesabına xx.xx.2025-ci il tarixdə “return deposit payment” (depozit ödənişinin geri qaytarılması) təyinatı ilə köçürülmüşdür.

31. Cavabdeh isə etirazında bildirdiyi kimi, iddiaçının ona olan 15000 manat məbləğində borcunun mövcudluğu barədə hər hansı sübut təqdim etməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdehin qeyd olunan etirazı iddiaçıya olan maddi-hüquqi tələbinin əsasını təşkil edə bilər və hazırkı halda belə bir maddi-hüquqi tələb – qarşılıqlı iddia olmadığından həmin məsələ hazırda hüquqi əhəmiyyət kəsb etmir.

32. Belə olan halda, hazırkı ödənişin tərəflər arasındakı müqavilə öhdəliyindən kənar olaraq iddiaçının hesabına edildiyi və cavabdehin həmin məbləği bank hesabı vasitəsilə əldə edərək varlandığı təsdiq edilir.

33. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

34. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh 4000 ABŞ dolları məbləğində pul tutularaq iddiaçı “İddiaçı” Şirkətinə ödənilməlidir.

c) İddia tələbinin xarici valyutada göstərilməsi ilə bağlı

35. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 10-cu bəndinə əsasən, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir.

36. Qeyd edilən qərara əsasən məhkəmə hesab edir ki, 4000 ABŞ dolları qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə tutulmalıdır.

d) Məhkəmə xərcləri ilə bağlı

37. İddiaçı eləcə də 400 manat hüquqi yardım xərci, 92,42 manat dövlət rüsumu və 60 manat etibarnamələrin tərcümə-təsdiq xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.

38. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********90 nömrəli qəbzlə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 93 manat dövlət rüsumu ödənilmişdir.

39. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, iddiaçı tərəfindən 36 və 6 manat notariat xidməti və tərcümə xidməti üçün ödənilmişdir.

40. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş tapşırığında görünür ki, 400 manat məbləğində pul “X2 Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Mirağa Seyidov işi üzrə vəkil xidməti” təyinatı ilə “Kəngərli və partnyorları” vəkil bürosunun hesabına köçürülmüşdür.

41. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

42. Həmin Məcəllənin 115.0, 115.0.6 və 115.0.9-cu maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

43. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

44. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının xeyrinə ödənilməsi tələb edilən 400 manat məbləğində hüquqi yardım xərci iddiaçı tərəfindən deyil, mübahisəyə aidiyyəti olmayan “X2 Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmişdir. Belə olan halda, həmin vəsaitin vəkilə ödənilən xərc kimi iddiaçının xeyrinə tutulması istisna edilir.

45. Digər tərəfdən, işə baxılması ilə əlaqədar etibarnamə və digər sənədlərin notarial qaydada təsdiq və tərcümə edilməsi ilə bağlı xərclər məhkəmə tərəfindən zəruri hesab edilən xərc olsa da, hazırda iş materiallarında olan sübutlarla iddiaçı tərəfindən həmin istiqamətdə 42 manat məbləğində pulun ödənildiyi təsdiq edilir.

46. Həmçinin iddianın qiymətinə (6800 manat) uyğun dövlət rüsumu da 89 manat təşkil edir.

47. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

48. Beləliklə, iddianın təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 89 manat, digər zəruri (etibarnamənin tərcümə-təsdiq) xərcin əvəzi olaraq 42 məbləğində pul Cavabdeh tutularaq iddiaçı “İddiaçı” Şirkətinə ödənilməlidir.

V. Nəticə:

49. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 4000 ABŞ dolları məbləğində pul (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) tutularaq iddiaçı “İddiaçı” Şirkətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 89 manat, digər zəruri (etibarnamənin tərcümə-təsdiq) xərcin əvəzi olaraq 42 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı “İddiaçı” Şirkətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar