Məhkəmə qərarları › İş №e-2-2(113)-6451/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6451/2025

06.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6451/2025 06.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlərlər Cavabdeh3, Cavabdeh2 qarşı “lizinq obyektinin geri qaytarılması və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 qarşı “lizinq obyektinin geri qaytarılması və pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh3, Cavabdeh2 qarşı (bundan sonra – cavabdehlər) “lizinq obyektinin geri qaytarılması və pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli KTA-KTT-23/11198 № li nömrəli “Aqrar Kredit və X2 ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi”nə əsasən xx.xx.2025-cü il tarixə 3920,28 manat (3,494.43 manat gecikdirilmiş əsas borc, 425.85 manat cərimə) gecikdirilmiş borcun və 59.2 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli KTA-KTT23/11198 № li nömrəli “Aqrar Kredit və X2 ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi” nə əsasən “Maschio Gaspardo SP/450 6R75 4200” markalı 1 ədəd toxumsəpənin saz və işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2023-cü il tarixli KTA-KTT-23/11198 № li nömrəli “Aqrar Kredit və X2 ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi bağlanmış və müqaviləyə əsasən “Maschio Gaspardo SP/450 6R75 4200” markalı 1 ədəd toxumsəpən 60 ay müddətinə lizinqə verilmişdir. Qeyd olunan avadanlıq lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 17500 manat təşkil etmişdir. Həmin məbləğin 6400 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən, cavabdeh tərəfindən 3510 manat məbləğində ilkin ödəniş Cəmiyyətimizə ödənilmişdir. Eyni zamanda, cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Lizinq müqaviləsinin predmetini təşkil edən avadanlıq cavabdehə təhvil verildikdən sonra, onun tərəfindən ödəniş qrafiki üzrə ödənişlər vaxtında həyata keçirilməmişdir və nəticədə xx.xx.2025-cü il tarixə 3920,28 manat (3,494.43 manat gecikdirilmiş əsas borc, 425.85 manat cərimə) gecikdirilmiş borcu yaranmışdır. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə, tərəfimizdən cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2025-ci il tarixli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Beləliklə, cavabdehin İddiaçı ASC qarşısında X3 Müqaviləsi” nə əsasən xx.xx.2025-cü il tarixə 3920,28 manat (3,494.43 manat gecikdirilmiş əsas borc, 425.85 manat cərimə) gecikdirilmiş borcu öhdəliyi vardır. Bundan başqa digər Cavabdeh2 lizinq öhdəliyinin icrasına təminat vermək üçün iddiaçı ilə KTA-KTT-23/11198-Z saylı xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi bağlamışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə AR Mülki Məcəlləsinin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəliyin icrası günü müəyyənləşdirilibsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır.

3. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli KTA-KTT-23/11198 № li nömrəli “Aqrar Kredit və X2 ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi” nə əsasən xx.xx.2025-cü il tarixə 2889,49 manat (2360,24 manat gecikdirilmiş əsas borc, 529,49 manat cərimə) gecikdirilmiş borcun və 59.2 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli KTA-KTT23/11198 №li nömrəli “Aqrar Kredit və X2 ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi”nə əsasən “Maschio Gaspardo SP/450 6R75 4200” markalı 1 ədəd toxumsəpənin saz və işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi V.Şükürov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə də məlumat verməmişlər.

6. Məhkəmə iclasının cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli KTA-KTT- 23/11198 nömrəli Aqrar Kredit və X2 ilə verilən Subsidiya tətbiq edilən X3 müqaviləsinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş kənd təsərrüfatı texnikalarını və aqreqatlarını öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür.

9. Müqavilənin 2.1-ci bəndinə əsasən lizinq müqaviləsi üzrə bütün ödənişlər və bu müqavilənin bağlanması ilə bağlı yaranmış ödənişlər (sığorta haqqı, komissiya, qeydiyyat xərcləri və s.) Əlavə №2-də göstərilən cədvəl üzrə həyata keçirilir.

10. Müqavilənin 3.2-ci bəndinə əsasən lizinqin müddəti 48 aydır.

11. Müqavilənin 11.3-cü bəndinə əsasən lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1 faizi miqdarında cərimə hesablamaq hüququna malikdir.

12. Müqavilənin 1 saylı Əlavəsində lizinq obyektinin adı, markası və xüsusiyyətləri göstərilmişdir.

13. Müqavilənin 2 saylı Əlavəsində lizinq ödənişlərinin vaxtı, məbləği razılaşdırılmışdır. Müqavilə üzrə son ödəniş tarixi xx.xx.2027-ci il müəyyənləşdirilmişdir.

14. xx.xx.2023-cü il tarixli KTA-KTT-23/11198 nömrəli müqaviləyə 2 nömrəli Əlavədə lizinq müqaviləsi üzrə ödənişlərin günləri, aylıq standart ödənişlər və müvafiq olaraq borc qalıqları öz əksini tapmışdır.

15. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli KTA-KTT- 23/11198-Z nömrəli zaminlik müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Lizinq verən) və Cavabdeh3 (Lizinq alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, KTA-KTT- 23/11198 nömrəli X3 Müqaviləsi üzrə “Lizinq alanın” lizinqə götürdüyü 17500 manat məbləğində lizinq obyekti ilə bağlı “Lizinq verən” qarşısında öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirilənədək “Zamin” “Lizinq alanla” birgə məsuliyyət daşımağını öhdəsinə götürür və eyni zamanda həmin müqavilə üzrə “Lizinq alan” öhdəliklərini icra etmədiyi və lazımınca icra etmədiyi təqdirdə “Zamin” “Lizinq verənin” ilkin yazılı tələbi ilə lizinq məbləğini (lizinq borcu), ona hesablanmış faiz və cərimələrlə birlikdə, dərhal “Lizinq verənə” ödənilməsini (qaytarılmasım) öz üzərinə götürür.

16. İddiaçı tərəfindən verilmiş 16 sentyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, iddiaçı və cavabdehlər arasında bağlanmış xx.xx.2023-cü il tarixli KTA-KTT- 23/11198 nömrəli müqaviləyə əsasən cavabdehlərin xx.xx.2025-ci il tarixə olan gecikdirilmiş əsas borcu 2360,24 manat, cərimə borcu isə 529,49 manat olmaqla, ümumilikdə borcu 2889,49 manat təşkil edir.

17. İddiaçı tərəfindən verilmiş hesabdan çıxarışa əsasən cavabdehlər tərəfindən müqavilə üzrə son ödəniş xx.xx.2025-ci il tarixində edilmişdir.

18. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh3 arasında xx.xx.2023-cü il tarixli KTA-KTT-23/11198 nömrəli lizinq müqaviləsi bağlanmış, lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektini müqavilənin şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermişdir. Lizinq müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı qismində iddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Lizinq müqaviləsi üzrə iddiaçı tərəfindən öhdəliklər lazımi qaydada yerinə yetirilsə də cavabdehlər həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmiş, cavabdehlər tərəfindən müqavilə üzrə ödənilməli olan qalıq 2360,24 manat borc hazırkı günədək ödənilməmişdir.

19. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

20. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

22. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

23. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

25. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.

26. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

27. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin xx.xx.2023-cü il tarixli KTA-KTT-23/11198 nömrəli lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 2360,24 manat əsas borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehlərdən birgə qaydada 2360,24 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

28. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən hesablanmış 529,49 manat cərimə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

29. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

30. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

31. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

32. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq cərimə 100 manat məbləğində müəyyən edilməlidir.

33. Məhkəmə iddia tələbini lizinq obyektinin Cavabdeh3 geri alınmasına dair hissəsi ilə də razılaşır və belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir.

34. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

35. Məhkəmə araşdırması zamanı cavabdehin lizinq müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyi, xx.xx.2025-ci il tarixindən etibarən müqavilə üzrə hər hansı ödəniş etmədiyi müəyyən edilmişdir. Bu səbəbdən iddiaçı tərəfindən müqavilənin birtəfəli qaydada ləğv edilməsi ilə bağlı cavabdehə xx.xx.2025-ci il tarixdə bildiriş verilmiş, müqavilə həmin tarixdə iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edilmişdir.

36. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı hazırda lizinq obyektinin geri qaytarılmasını tələb etməklə haqlıdır.

37. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən birgə qaydada 2360,24 manat gecikdirilmiş əsas borc, 100 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə Cavabdeh3 verilmiş lizinq obyekti saz və işlək vəziyyətdə iddiaçıya geri qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 birgə (müştərək) qaydada 2360,24 manat əsas borc, 100 manat cərimə, 100 manat dövlət rüsumu, ümumilikdə 2560,24 (iki min beş yüz altmış manat iyirmi dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, KTA-KTT- 23/11198 nömrəli “Aqrar Kredit və X2 ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi”nə əsasən lizinqə verilmiş “Maschio Gaspardo SP/540 6R75 4200” markalı 1 ədəd toxumsəpən saz və işlək vəziyyətdə Cavabdeh3 tərəfindən İddiaçı ASC-yə geri qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar