Məhkəmə qərarları › İş №e-2-2(113)-6453/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6453/2024

22.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6453/2024 22.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borc müqaviləsi, zaminlik müqaviləsi, zərər) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 56180 manat məbləğdə pul vəsaitinin, 4859 manat məbləğdə faizin, həmçinin "X11" MMC tərəfindən kredit müqaviləsi üzrə borc ödənilmədiyindən İddiaçı MMC -nin "xxxx" ASC-də olan bank hesabından gecikmiş borc üzrə silinmiş 1353 manat məbləğin, ümumilikdə 62393 manat məbləğdə pul vəsaitinin və dövlət rüsumu olaraq ödənilmiş 278 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X5 2011-ci ildə təsis edilmiş İddiaçı MMC-nin təsisçisi, payçısı və qanuni təmsilçisidir. Qanuni nümayəndə isə 2022-ci ildə təsis edilmiş “X11 MMC”-nin təsisçisi, payçısı və qanuni təmsilçisidir. Hər iki şirkət arasında 2023-cü ilin iyun-iyul aylarında yaranmış maliyyə münasibətlərinin əsasında şirkətlərin qanuni təmsilçiləri arasında tanışlıq münasibətləri olması dayanır. İlkin olaraq 2023-cü ilin aprelayında iddiaçı hüquqişəxs cavabdeh hüquqişəxsin öhdəliyi üçün zamin olmuşdur. Daha sonra isə, cavabdeh “X11 MMC”-nin qanuni təmsilçisi Qanuni nümayəndə İddiaçı MMC-nin qanuni təmsilçisi X1 müraciət edərək cavabdeh şirkətin kommersiya fəaliyyətinin həyata keçirilməsi üçün, daha dəqiqi malalınması üçün şirkətin maliyyə vəsaiti ilə təmin edilməsi üçün, iddiaçı hüquqi şəxs tərəfindən cavabdeh hüquqi şəxsə təxmini 55000 (əlli beş min) manat məbləğində borc verilməsini xahiş etmişdir. Maddi və maliyyə vəziyyəti qənaətbəxş olmayan cavabdeh şirkətin qanuni təmsilçisi Qanuni nümayəndə fəaliyyətini tez bir zamanda yaxşılaşdırdıqdan sonra borcları qaytaracağını bildirmişdir. İlkin olaraq iddiaçışirkət tərəfindən cavabdeh şirkətə 5000 (beş min) manat məbləğində vəsait ayrılır. Daha sonra isə cavabdeh şirkətin mal alması zamanı, gömrükdə malların qəbulu üçün 50000 (əlli min) manat ehtiyacı olduğundan, cavabdeh şirkətə yenə bu məbləğdə borc ayrılır. Daha sonra isə təcili xərci çıxdığı üçün cavabdeh şirkətə 1180 (min yüzsəksən) manat məbləğində iddiaçı hüquqişəxs tərəfindən borc ayrılır. İddiaçı tərəf qarşılıqlı inam olmasına əsaslanaraq borc müqaviləsi olmadan bu ödənişləri həyata keçirmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırıqlarından da göründüyü kimi iddia tərəfindən cavabdeh tərəfə ilkin ödəniş xx.xx.2023-cü il tarixində, sonuncu ödəniş isə xx.xx.2023-cü il tarixində olmaqla cəmi 56180 (əllialtımin yüzsəksən) manat məbləğində pul vəsaiti ödənilmişdir. Eyni zamanda "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra: "xxxx" ASC) ilə Cavabdeh (bundan sonra: GFS) arasında bağlanmış sonuncuya illik faiz dərəcəsi 25 (iyirmi beş) % olmaqla, 60 (altmış) ay müddətinə bərpa olunan 300 000 (üç yüz min) manat məbləğində veriləcək bütün növ bank məhsulları üzrə bağlanmış xx.xx.2022-ci il tarixli, № **********29122022 nömrəli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə və onun ayrılmaz tərkib hissəsi olan maksimal borclanma limitinin (kredit limitinin) xüsusi şərtlərinə dair xx.xx.2023-cü il tarixli, 01/107 saylı Əlavə üzrə zamin qismində birgə məsuliyyəti öz üzərinə götürərək "xxxx" ASC ilə № 349/107 saylı zaminlik müqaviləsini imzalamışdır. GFS tərəfindən kredit müqaviləsi üzrə borc ödənilmədiyindən Prosperin "xxxx" ASC -də olan bank hesabından 12 fevral 2024-cü tarixində 434,07 (dörd yüz otuz dörd manat yeddi qəpik) manat; 13 mart 2024-cü il tarixində 199,76 (bir yüz doxsan doqquz manat yetmiş altı qəpik) manat və 19 aprel 2024cü il tarixində isə 719,55 (yeddi yüz on doqquz manat əlli beş qəpik) manat, ümumilikdə 1353(bir min üç yüzəlli üç manat) manat gecikmiş borc üzrə silinmişdir. Həm verilmiş borc məbləğinin, faiz məbləğinin, həm də gecikmiş borca görə iddiaçının hesabından silinmiş məbləğin cavabdeh tərəfindən ödənilməsi müxtəlif vaxtlarda tələb edilsə də, cavabdeh tərəf hər dəfəsində borcu yaxın müddətdə qaytaracağını bildirmiş, lakin borcun qaytarılması ilə bağlı heç bir addım atmamışdır Beləliklə də,cavabdeh iddiaçının əmlakı hesabına əsassız varlanmışdır. Əsassız varlanma ilə bağlı iddianın qaldırılması üçün əsas şərtlər aşağıdakılarıdrı -borclu əmlak əldə etsin -həmin əmlak kreditorun əmlkaı hesabına əldə edilsin -bu əldə etmə üçün heç bir hüquqiəsas olmasın Kreditorun hesabına varlanmış borclunun əmlakının əsas olmadan artmasımüxtəlif yollarla baş tuta bilər. Məsələn, məhrum olan öz hərəkəti ilə varlnamış şəxsin əmlakını bilərəkdən və ya məqsədyönlü şəkildə artıra bilər. Bunun üçün hüquqi əsas olmayıbsa və ya sonradan aradan qalxmışsa varlanan şəxs əmlakının artmış hissəsini qaytarmalıdır. Bu hal borclunun mövcud olmayan əsasa görə icra nəticəsində əsassız varlanmasıadlandırılır. Həmçinin nəzərə almaq lazımdır ki, varlanan şəxs hüquqi əsas olmadığını bilirdisə və ya sonradan bilmişdirsə, onda heç vaxt varlanmanın aradan qalxmasına istinad edə bilməz Həyata keçirilməmiş əsas dedikdə bu əsas ya ümumiyyətlə nəzərdə tutulmur, ya da nəzərdə tutulmasına baxmayaraq heç bir hüquqi nəticə doğurmur. Sonralar aradan qalxmış əsas isə müəyyən bir müddət mövcud olmasına baxmayaraq daha sonra aradan qalxır və aradan qalxdıqdan sonrakı dövrdə şəxsin həmin əsasa söykənərək əldə etdiyiəmlak əsassız varlanma hesab olunur. Həmçinin qeyd edək ki, cavabdeh iddiaçının pul vəsaitin özündə qanunsuz şəkildə - yəni əsas olmadan saxlamışdır, bu isə mülki qanunvericiliyin müəyyən normasına görə qanun pozuntusudur və buna görə cavabdeh tərəfindən əsas məbləğdən əlavə faiz ödənişi də edilməlidir. Çünki, bu vəsait iddiaçının özündə olsaydı, iddiaçı bu pul vəsaitindən mülki dövriyyənin qaydalarına uyğun istifadə edə və fayda götürə bilərdi. Mərkəzi Bank tərəfindən faiz uçot dərəcəsi 2023-cü il üzrə aşağıdakı kimimüəyyənləşdirilmişdir: xx.xx.2023 - 8.5%, xx.xx.2023 - 8.75%, xx.xx.2023 - 9.0%, xx.xx.2023 - 8.5%, xx.xx.2023 - 8.0%

3. Cavabdeh iddia ərizəsinə yazılı etiraz verib iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, "X11" MMC faktiki olaraq Qanuni nümayəndə, “Gravity İNC." MMC-nin təsisçisi və payçısı olan X3 və "Prosper” MMC-nin təsisçisi və qanuni təmsilçisi olan X2 ortaq şirkətidir. Belə ki, "X11" MMC-nin təsisçisi və qanuni təmsilçisi olan Qanuni nümayəndə 2021-ci ilin iyun-iyul aylarında təsisçisi olduğu "xxxx" MMC-nin işləri üçün ofis axtarışı zamanı əvvəldən qrup yoldaşı olduğu hazırkı iddia üzrə iddiaçı olan "xxxx" MMC-nin payçısı X6 ilə görüşüb, ofislərinin bir hissəsinin boş olduğu təqdirdə, götürməyi təklif etmiş. X6 da təklifi qəbul etmişdir. 2022-ci ilin aprel ayında İtaliya Respublikasından məhsulların idxalı və bazara distribyusiyası üzrə fəaliyyət göstərəcək "X11” MMC-ni təşkil etmişdir. Qanuni nümayəndə ilə X3 ofisdə birlikdə keçirdiyi zaman müddətində X10 Cavadovun biznes ideyasını bəyəndiyini və müəyyən bir hissəvə şərik olmaq istədiyini bildirmişdir. Biznes ideyasına əsasən. "xxxx" Şirkətindən mal alışı və kooperativ "Shovvroom"un açılışı üçün biznes planı üzrə 300.000 AZN vəsait lazım olduğu üçün Emil Baliyevin rəsmi təsisçisi olduğu "xxxx" MMC və onun qeyri-rəsmi iştirakçısı olduğu "xxxx" MMC-nin zamin göstərərək, 300.000 AZN kredit cəlbetmə öhdəliyi qarşılığında "X11" MMC-nin 20% təsis payına ortaq olmağı barədə razılığa gəlinmişdir. Emil Baliyev daha sonra "xxxx" MMC-dəki ortağı Vüqar Səfərovun da bu ortaqlığa onun tərəfindən daxil olub-ola bilməyəcəyini soruşmuş və Qanuni nümayəndə tərəfindən təsdiq cavabı verilmişdir. Kredit prosesinin ləngiməsi səbəbi ilə Emil Baliyev "xxxx" MMC-nin rəsmi. "xxxx" MMC-nin qeyri-rəsmi əvvəllər Emil Baliyevin atasının şirkətində çalışmış Fuad Rufullayevin "X11” MMC-nin mühasibatlığını aparmağı təklif etmiş. Qanuni nümayəndə buna razılıq vermiş və 2022-ci ilin noyabr ayından etibarən "X11" MMC-nin mühasibatlıq işləri Fuad Rufullayevə verilmişdir. Kreditin alınması ilə bağlı noyabr avında yığılmağa başlanan sənədlər uzun müddət tamamlanmamış, bu səbəbdən kredit alınma prosesi yenidən ləngimiş və vəsait çatışmamazlığı səbəbindən Qanuni nümayəndə təsisçi olaraq. “X11" MMC-və yatırım etmişdir. Uzun müddətli tələblərdən sonra, aprel ayında Kapital bankdan 300000 limit ayrılmaqla. 1 illik 100000 azn-lik kredit “X11" MMC-yə verilmişdir. Zamin olaraq "X11” MMC-nin təsisçisi olan Qanuni nümayəndə valideyninə məxsus T.Şıxəliyev 20 ünvanında yerləşən, likvid dəyəri 750000 AZN olan, bank dəyərləndirilməsində isə 500000 AZN olaraq dəyərləndirilən mənzil. "xxxx" MMC, "xxxx" MMC və həmin şirkətlərin rəhbərləri götürülmüşdür. Qanuni nümayəndə Emil Balıyevlə razılaşmasına əsasən 300000 azn məbləğində kreditin götürülməsi bildirilsə də. Emil Balıyev bankda əlaqələrinin yaxşı olmasını, ən pis halda iyun ayında əlavə 200000 azn cəlb olunacağını bildirmişdir. Lakin kredit ayrılmamış, nəticədə "X11" MMC tərəfindən İtaliya Respublikasından dondurma sezonundan əvvəl idxal edilməli olunan məhsul, vəsait çatışmazlığına görə iyun ayında sifariş verilmişdir. Mallar gömrüyə çatana qədər isə. əlavə olaraq kreditin ayrılacağı və gömrük prosesini bu şəkildə reallaşdırılacağı Emil Balıyev tərəfindən bildirilmişdir. Əlavə kreditin verilməsi reallaşmadığı üçün Emil Balıyevin qeyrirəsmi iştirakçısı və Vüqar Səfərovun rəsmi təsisçisi oludıığu "Prosper” MMC-dən həmin vəsait gömrük rəsmiləşdirilməsi üçün "X11" MMC-yə köçürülmüşdür. Göründüyü kimi. "Prosper” MMC-nin təsisçisi və qanuni təmsilçisi olan Vüqar Səfərovun da "X11" MMC-də ortaq olması təsdiq olunmuşdur. Bununla bağlı, hətta Whatsapp yazışmaları, şirkətin ortaqlarının olduğu Whatsapp qrupları mövcuddur. Həmçinin. "X11" MMC-yə aid olan "Gelateca" adlı restoranda ortaqların adına xüsusi depozit hesabı ınövcııd olmuşdur ki. Vüqar Səfərovun adına da belə bir hesab mövcuddur. Bunu təsdiq edən bütün sübutlar məhkəməyə təqdim ediləcəkdir. Vüqar Səfərovun həmin şirkətin ortağı olduğu halda 56180 manat məbləğində ortaqların birgə fəaliyyəti üçün qoyulmuş pulun yazılı borc müqaviləsinin də mövcud olmamasına baxmayaraq, borc kimi təqdim etməsi absurddur və həqiqəti əks etdirmir. Hüquqi şəxs fiziki şəxsə münasibətdə mülki dövriyyənin daha məsuliyyətli iştirakçısıdır. Belə olan halda "xxxx" MMC-nin "tanışlıq münasibətinin" olmasına əsaslanaraq "X11" MMC tərəfindən götürülmüş kredit üzrə zamin olması inandırıcı və ağlabatan deyildir. Vüqar Səfərovun "xxxx" MMC-nin təsisçisi olması və həmin MMC-nin də "X11" MMC tərəfindən götürülmüş kredit üzrə zamin olması bir daha da təsdiq edir ki. o. "X11" MMC-nin ortağıdır və “Prosper" MMC- nin “X11" MMC -yə köçürdüyü 56180 AZN borc yox. ortaqların birgə fəaliyyəti üçün qoyulmuş vəsaitdir. Bu fəaliyyət də gözlənilən nəticəni vermədiyi və zərərlə nəticələndiyi üçün heç bir halda bir hüquqi şəxsin digər hüquqi şəxsə verdiyi borc kimi qiy mətləndirilə bilməz. İddiaçı və cavabdehin hər ikisi hüquqi şəxs olduğu halda, qanunla tələb olunan formada bağlanmamış müqavilənin (münasibətin) mövcudluğuna istinad edilə bilməz. Məhkəməyə təqdim edilən sübutlar (tərəflərin "X11" MMC-nin fəaliyyəti, gəlir və xərcləri ilə bağlı mütəmadi müzakirələr aparması, MMC-yə mal ixrac edən xarici şirkətin tədbirində iştirak edilməsi üçün göndərilən məktubda Vüqar Səfərovun da həmin MMC-nin təsisçi kimi qeyd edilməsi və s. digər çoxsaylı sübutlar) birmənalı olaraq təsdiq edir ki. Qanuni nümayəndə və X2 arasında mövcud olmuş münasibətlər yalnız "X11" MMC-də ortaqlıq münasibətləri olmuşdur və sonuncuya məxsus "xxxx" MMC-dən Qanuni nümayəndə məxsus "X11” MMC-yə vaxtaşırı müxtəlif məbləğlərin köçürülməsi də məhz ortaqlıq münasibətlərindən irəli gəlmişdir. tərəflər arasında hər hansı bir borc münasibəti olmamışdır. Borc münasibəti olsaydı belə. Mülki Məcəllənin imperativ tələbinə əsasən tərəflərin ikisi də hüquqi şəxs olduğu üçün həmin müqavilə yazılı bağlanmalı idi. "Bu nə cür borc münasibətidir ki. cavabdeh tərəfindən ilkin götürülən borc iddiaçıya qaytanlmamasına baxmayaraq iddiaçı 5 ay ərzində mütəmadi olaraq müxtəlif məbləğlərdə onun hesabına vəsaitlər köçürür? " Həmçinin qeyd edilməlidir ki. iddiaçı müraciət etdiyi "mübahisə” üzrə özünün tələbinin hüquqi əsasını tapa bilməmişdir. Belə ki. iddiaçı iddia ərizəsində tərəflər arasında borc münasibətlərini olduğunu bildirsə də. hüquqi əsas kimi cavabdehin əsassız varlandığını iddia edir. Halbuki Mülki Məcəllədə (maddə 14.2) "qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr" və "əsassız varlanma" mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasları kimi müəyyən edilsə də. bu münasibətlərin yaranması fərqləndirilir. Belə k, Mülki Məcəllənin 386.1 -ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hazırkı işdə isə iddiaçı öz "tələbini" yaranma əsasına görə bir-birini istisna edən iki əsasa eyni zamanda istinad edir. Halbuki, yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, (1) iddiaçının "borc münasibəti" kimi təqdim etdiyi münasibət qanunvericiliyin imperativ tələblərinə görə yazılı borc müqaviləsini ehtiva etdiyindən və belə müqavilə olmadığından həmin münasibətin "borc münasibəti" kimi təqdim edilməsi; (2) "həyata keçirilməmiş əsas və ya sonralar aradan qalxmış əsas" olmadığından "əsassız varlanma" halının da mövcudluğunun iddia edilməsi tamamilə əsassızdır. Digər tərəfdən, iddia edilən "borc münasibətinə" və "əsassız varlanmaya" istinad edilməsi həmçinin ona görə qəbuledilməzdir ki. birinci hal müqavilənin olmasını ehtiva edirsə, ikinci hal "həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməlidir". Yəni, əsassız varlanmaya istinad edən iddiaçı hər hansı "borc müqaviləsinə" istinad edə bilməz.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında yazılı borc müqaviləsi olmasa da, materiallarda olan ödəniş tapşırıqlarından da göründüyü kimi tələb edilən 56180 manat vəsait borc olaraq cavabdehə verilmiş, iddiaçı tərəfindən 2023-cü ilin sonlarında artıq tələb edilməsinə baxmayaraq bu günə qədər geri qaytarılmamışdır. Yazılı borc müqaviləsi olmadığı üçün həmin vəsait əsassız varlanma əsasında tələb edilir. Tərəflər arasında təsis payının alqı-satqısının gələcəkdə edilməsi planlaşdırılsa da, bu barədə hər hansı razılıq yoxdur. Göstərilən vəsait də bu məqsədlə köçürülməmişdir.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinə etiraz edib yazılı etirazın məzmununa uyğun izahat verib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 56180 manat məbləğində vəsait iddiaçı tərəfindən cavabdehə borc olaraq deyil, investisiya yatırımı olaraq verilmiş, məqsədi gələcəkdə cavabdehin əldə edəcəyi gəlirdən pay götürmək olmuşdur.

7. Məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə iddia ərizəsinə etiraz edib yazılı etirazın məzmununa uyğun izahat verib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 56180 manat məbləğində vəsait iddiaçı tərəfindən cavabdehə borc olaraq deyil, investisiya yatırımı olaraq verilmiş, məqsədi gələcəkdə cavabdehin əldə edəcəyi gəlirdən pay götürmək və cavabdehin təsis payının 20 faiz hissəsini alqı-satqı müqaviləsi bağlamaqla əldə etmək olmuşdur. Bundan əlavə, onun qanuni təmsilçi kimi üçüncü köçürmədən ümumiyyətlə məlumatı olmamışdır.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. "xxxx" ASC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, **********29122022 saylı Bank Xidmətlərinin göstərilməsi haqqında X4 borclanma limitinin (kredit limitinin) Xüsusi Şərtlərinə dair xx.xx.2023-cü il tarixli 01/107 saylı Əlavə bağlanmışdır.

10. "xxxx" ASC ilə İddiaçı MMC arasında bağlanmış 349/107 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə, İddiaçı MMC “X11" Məhdud Məsuliyyətli Cəmiyyətinin Kreditor qarşısında yaranmış, xx.xx.2022-ci il tarixli, **********29122022 saylı Bank Xidmətlərinin göstərilməsi haqqında Ümumi Müqavilə və onun ayrılmaz tərkib hissəsi olan Maksimal borclanma limitinin (kredit limitinin) Xüsusi Şərtlərinə dair xx.xx.2023-cü il tarixli 01/107 saylı Əlavə üzrə öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və Bank qarşısında Borcalanla birgə qaydada məsuliyyət daşıyır.

11. İddiaçı tərəfindəndən cavabdehin bank hesabına (xx.xx.2023-cü il tarixli borc müqaviləsinə əsasən) xx.xx.2023-cü il tarixli BD1 nömrəli ödəniş tapşırığına görə, 1180 manat, xx.xx.2023-cü il tarixli 010AZ**********4 nömrəli ödəniş tapşırığına görə 5000 manat, xx.xx.2023-cü il tarixli BD1 nömrəli ödəniş tapırığına görə 50000 manat vəsait köçürülmüşdür.

12. "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh MMC-nin yaranmış 348,56 manat məbləğində faiz borcu xx.xx.2023-cü il tarixdə, 434,07 manat faiz borcu xx.xx.2024-cü il tarixdə, 199,76 manat faiz borcu xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən ödənilmişdir.

13. Belə ki, iddia ərizəsi üç hissədən ibarətdir: 1. 56180 manat pul vəsaitinin ödənilməsi; 2. 1353 manat pulun tutulması; 3. 4859 manat faiz borcunun ödənilməsi.

14. Məhkəmə iddia ərizəsini birinci hissədə əsaslı hesab edir.

15. Materiallardan görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə 1180 manat, xx.xx.2023-cü il tarixdə 5000 manat, xx.xx.2023-cü il tarixdə 50000 manat pul köçürülmüş, ödənişin təyinatı kimi xx.xx.2023-cü il tarixli borc müqaviləsinə əsasən köçürülməsi göstərilmişdir.

16. Tərəflər arasında yazılı borc müqaviləsi olmasa da, məhkəmə araşdırması zamanı köçürülən vəsaitlərin məhz borc olaraq verilməsi öz təsdiqini tapmışdır.

17. Belə ki, köçürülən vəsaitlərin borc olaraq alınmasına cavabdeh etiraz etməmiş, cavabdehin nümayəndələri məhkəmə iclasında verdiyi izahatlarında həmin vəsaitlərdən cavabdeh MMC-nin tələbatları üçün istifadə edildiyini təsdiq etmişdir.

18. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının bu tələbinin qanuni əsasını borc müqaviləsi təşkil edir.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

20. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

21. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

22. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

23. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi bu hissədə əsaslı olduğundan təmin edilməli, 56180 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

24. Məhkəmə iddia tələbini ikinci hissədə də əsaslı hesab edir.

25. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlə "xxxx" ASC arasında kredit müqaviləsi bağlanmış, həmin müqavilədən irəli gələn öhdəliklərin icrasının təminatı qismində iddiaçı ilə adıçəkilən bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehin kredit müqaviləsi üzrə yaranmış ödənilməli olan ümumilikdə 1353 manat faiz borcu iddiaçı tərəfindən banka ödənilmişdir. Hazırda iddiaçının ödədiyi 1353 manat vəsaiti reqres qaydada cavabdehdən tələb etmək hüququ yaranmışdır.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

27. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

28. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

29. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.

30. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi bu hissədə də təmin edilməli, 1353 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

31. Məhkəmə iddia ərizəsini üçüncü hissədə əsassız hesab edir.

32. Belə ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə bank uçot dərəcəsi nəzərə alınmaqla hesablanmış 4859 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

33. Belə ki, iddiaçının həmin tələbinin qanuni əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir.

34. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

35. Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, “Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. ...Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur”.

36. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir.

37. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz.

38. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 57533 manat (56180 manat + 1353 manat) məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

39. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat dövlət rüsumu cavabdehə, 78 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 56180 manat məbləğində borc, 1353 manat məbləğində pul, 200 manat dövlət rüsumu, ümumilikdə 57733 (əlli yeddi min yeddi yüz otuz üç) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 78 (yetmiş səkkiz) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar