Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6477/2024 25.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2nə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: sığorta ödənişinin ödənilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 Sığora Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2nə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən və Cavabdeh2 MMC-dən onun razılığı olmadan ödənilmiş 23.000 manat kasko sığorta ödənişindən əlavə “Ford Mustang” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilin kasko sığorta ödənişinə görə ödənilməli olan 49.500 mant sığorta ödənişinin 26.500 manat hissəsinin, vurulmuş 2500 manat maddi ziyanın, hüquqi yardıma görə çəkilmiş 500 manat xərcin və 200 manat mediasiya sesiyasına çəkilmiş xərcin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixdə 06/4255/DLİZ nömrəli X5 Müqaviləsi bağlanmışdır X5 Müqaviləsinə əsasən “Ford Mustang” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobil müvəqqəti istifadəsinə verilmişdir. Sözügedən “Ford Mustang” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə "xxxx" ASC tərəfindən 50000 manat dəyərində kasko sığorta olunmuşdur. Belə ki, X5 Müqaviləsinin 8-ci bəndinə əsasən Lizinq alan Lizinq predmeti olan əmlakın sığortalanmasını öz öhdəliyinə götürür və əmlak korlandıqda və ya tam məhv olduqda Lizinq verən yararlanmalıdır. Hazırkı mülki iş üzrə Cavabdeh2 MMC-nin mülkiyyətində olan “Ford Mustang” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə 06/4255/DLİZ nömrəli X5 Müqaviləsinə əsasən onun şəxsi istifadəsinə verilmiş və müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq aylıq ödənişi 1290,92 manat olmaqla, müqavilə bağlanmışdır. X3 bağlandığı tarixdən aylıq ödəniş vaxtlı-vaxtında gecikmə olmadan ödənilmişdir. Avtomobil sığorta olunduğu tarixdən sonra xx.xx.2023-cü il tarixdə Tovuz rayonu ərazisində yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqqliyyat hadisəsi nəticəsində avtomobildə qısa qapanma baş vermiş və avtomobil yanaraq tam məhv olmuşdur. Tərəfindən avtomobilin idarə edilməsi üçün yaxın qohumu olan (əmimoğlu) X1 etibarnamə verilmişdir. X2 avtomobili idarə edən zaman yol nəqliyyat hadisəsi baş vermiş, bununla bağlı Tovuz rayon DYP-nə, FHN-nin Tovuz rayon üzrə Yanğından Mühafizə İdarəsinə, "xxxx" ASC-yə, Cavabdeh2 MMC-yə dərhal məlumat verilmiş və DYP-nin, FHN-nin Yanğından Mühafizə İdarəsinin, "xxxx" ASC-nin əməkdaşları yol nəqliyyat hadisəsi baş verən yerə gəlmişlər. Bundan sonra "xxxx" ASC-dən bildirmişlər ki, avtomobil 50000 manat kasko sığorta olunduğu üçün sığorta müqaviləsinə uyğun olaraq 500 manat fransija tutulacaq və ödənilməli olan 50000 manat sığorta ödənişinin 49500 manat hissəsi ödəniləcəkdir. Belə ki, yol nəqliyyat hadisəsi ilə bağlı Tovuz rayon Polis Şöbəsi, FHN-nin Yanğında Mühafizə İdarəsi tərəfindən yanğının baş vermə səbəbi kimi avtomobildə qəzadan sonra qısa qapanma olması ilə bağlı rəy verilsə də, "xxxx" ASC avtomobilə dəymiş zərərlə bağlı tam ödənişin edilməsini gecikdirmiş, ödənişin gecikdirilməsinin səbəbi kimi Tovuz rayon Polis Şöbəsinin rəyinin qanunsuz olmasını, Tovuz rayon FHN-nin Yanğından Mühafizə İdarəsinin rəyinin tam olmamasını bildirmiş və avtomobilin qəzadan sonra yanmasının səbəbinin müəyyən olunması üçün Tovuz rayon Polis Şöbəsinə ekspertizanın təyin olunması üçün müraciət etmişdir. Bununla bağlı rəy verilmiş və rəydə müəyyən olunmuşdur ki, yol nəqliyyat hadisəsi avtomobilin mühərrik hissəsinə yanar maddənin dağılması, nəticədə mühərrikin temperaturunun yüksək olması, elektrik qurğularının zədələnməsi nəticəsində baş vermişdir. Belə ki, "xxxx" ASC xx.xx.2023-cü il tarixdə Cavabdeh2 MMC-nin razılığı əsasında 23000 manat kasko sığorta ödənişi etmişdir. Ödənilmiş sığorta ödənişinin 17225 manat hissəsi xx.xx.2023-ci il tarixdə Lizinq Müqaviləsi üzrə yaranmış borca silinmiş, 5775 manat məbləğ isə xx.xx.2023-ci il tarixdə onun “Rabitə Bank”-da olan hesabına köçürülmüşdür. "xxxx" ASC “Ford Mustang” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı kasko sığorta ödənişinin edilməsində sənədlərin düzgün olmadığını iddia edirdisə, nəyə görə 23000 manatı lizinq şirkətinə ödəyirdi. Bundan başqa, ödənilməli olan məbləğ 23000 manat yox, 49500 manat olmalı idi. "xxxx" ASC-nin Cavabdeh2 MMCyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda “Ford Mustang” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2023-cü il tarixli sığorta aktına əsasən hadisədən öncə bazar dəyərinin 23500 manat olmasını əsas gətirərək, ödənişin bu qaydada olmasını əsaslandırmışdır. Lakin "xxxx" ASC ilə Cavabdeh2 MMC-nin onun müvəqqəti istifadəsinə verilmiş **********0 nömrəli Sığorta Şahadətnaməsinə əsasən 50000 manat dəyərində kasko sığorta olunmuşdur. Bu da o deməkdir ki, "xxxx" ASC müqavilə şərtlərinin kobud şəkildə pozur və Lizinq Müqaviləsi üzrə onun istifadəsinə verilmiş avtomobilə görə 23000 manat yox, 49500 manat ödəniş etməlidir. "xxxx" ASC kasko sığorta ödənişinin vaxtında ödənilməsinin səbəbi kimi ekspert rəyinin olmamasını bildirmiş, lakin xx.xx.2023-cü il tarixdə ekspertin rəyi rəsmi göndərilmiş, "xxxx" ASC-nin hüquqi ünvanına çatdırılmışdır. Buna baxmayaraq, sığorta şirkəti kasko sığortanın ödənişinin tam şəkildə edilməsini əsassız gecikdirdiyi üçün ona əlavə olaraq 2500 manat maddi ziyan da vurmuşdur.
3. İddia tələbinin maddi hüquqi əsası kimi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442 449, 905, 925.2-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh1 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada “iddiaya etiraz ərizəsi” ünvanlayaraq qeyd etmişdir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, "Ford Mustang” markalı, ** AX *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində **********0 saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitələrinin könüllü sığortası növü (kasko) üzrə Cavabdeh1 Sığorta Şirkətində sığortalanmışdır. Sığortaçı Cavabdeh1 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 arasında bağlanan avtonəqliyyat vasitələrinin könüllü sığorta müqaviləsinin **********0 saylı sığorta şəhadətnaməsi üzrə sığortalı və faydalanan şəxs qismində Cavabdeh2 göstərilmişdir. AR MM-nin 884.6-cı bəndinə əsasən faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Həmin şəhadətnamə üzrə sığortalı və faydalanan şəxs qismində Cavabdeh2 göstərildiyi üçün hazırkı mübahisə üzrə iddiaçı sığorta ödənişi tələb etmək hüququna malik deyildir.
5. Digər Cavabdeh2 tərəfindən iddiaya etiraz daxil olmamışdır.
6. Digər cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
7. Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixdə 06/4255/DLİZ nömrəli X5 Müqaviləsinin 2.1-ci bəndinə əsasən lizinq verən əvvəlcədən lizinq vermək məqsədi ilə öz vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan və ya lizinq alan tərəfindən seçilmiş, lizinq verənlə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş 01 ədəd “Ford Mustang” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi öz öhdəsinə götürür, lizinq alan isə bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öhdəsinə götürür. Müqavilənin 3-cü bəndinə əsasən müqavilə 32 ay müddətinə bağlanmışdır. Müqavilənin 5.1-ci bəndinə əsasən maliyyə lizinqi müqaviləsinə əsasən lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətindədir. Müqavilənin 5.3-cü bəndinə əsasən maliyyə lizinqi müqaviləsinə əsasən lizinq obyektinə mülkiyyət hüququ bütün lizinq ödənişlərinin verilməsi və lizinq alanın lizinq verən qarşısında mövcud olan digər bütün öhdəlikləri icra edildikdən sonra lizinq alana keçir. Müqavilənin 8.1-ci bəndinə əsasən təhvil-təslim aktına əsasən lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verilmiş lizinq obyekti maliyyə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində lizinq obyektinin itirilməsi (məhv olması), digər çatışmazlıqlar və ya zədələnmə risklərindən lizinq obyektinin ümumi dəyərindən az olmayan miqdarda lizinq alan tərəfindən onun vəsaiti hesabına sığortalanır. Həmin müqavilənin 8.2-ci bəndinə əsasən sığorta müqaviləsi lizinq verənin seçdiyi sığorta şirkətində sığortalanır və sığortalı və faydalanan şəxs qismində lizinq verən göstərilir və bütün risklər üzrə fayda götürən lizinq verən hesab edilir.
8. xx.xx.2022-ci il tarixli, **********0 nömrəli avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsindən görünür ki, sığortalı və faydalanan şəxs qismində Cavabdeh2 qeyd olunmuşdur. Avtonəqliyyat vasitələrinə dəyən zərər bölməsi üzrə ümumi sığorta məbləği 50.000 manat, şərtsiz azadolma məbləği 500 manat, sığorta haqqı 1300 manat müəyyən edilmişdir.
9. 2300 manat söğorta ödənişinin ödənilməsi təklifinə dair sığorta şirkəti tərəfindən lizinq şirkətinə göndərilən məktublar iş materiallarına əlavə edilmişdir.
10. iddiaçı tərəfindən cavabdehlərə pretenziya məktubu ünvanlanmışdır. Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 884.6-cı maddəsinə əsasən faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir.
12. “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” Qaydalarının 36.7-ci maddəsinə əsasən zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra, sığorta ödənişinin verilməsi sığortaçının seçimi əsasında ödənilir.
13. Konstitusiya Məhkəməsinin Plenumunun S.Ələkbərovanın şikayəti üzrə 03 iyul 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmənin mövqeyi
15. İddia tələbini "xxxx" ASC-dən və Cavabdeh2 MMC-dən onun razılığı olmadan ödənilmiş 23.000 manat kasko sığorta ödənişindən əlavə “Ford Mustang” markalı, **-AX- *** dövlət qeydiyyat nişanlı avtomobilin kasko sığorta ödənişinə görə ödənilməli olan 49.500 manat sığorta ödənişinin 26.500 manat hissəsinin, vurulmuş 2500 manat maddi ziyanın, hüquqi yardıma görə çəkilmiş 500 manat xərcin və 200 manat mediasiya sesiyasına çəkilmiş xərcin tutularaq İddiaçı ödənilməsi təşkil edir.
16. Məhkəmə qeyd edir ki, hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır.
17. Məhkəmə Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 06/4255/DLİZ nömrəli X5 Müqaviləsinin 8.2-ci bəndini, yəni nəqliyyat vasitəsinin sığorta müqaviləsi lizinq verənin seçdiyi sığorta şirkətində sığortalandığını və sığortalı və faydalanan şəxs qismində lizinq verənin göstərildiyini və bütün risklər üzrə fayda götürənin lizinq verən hesab edildiyini, sığortaçı qismində Cavabdeh1 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalı qismində Cavabdeh2nə verilmiş xx.xx.2022-ci il tarixli, **********0 nömrəli avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsinə əsasən faydalanan şəxs qismində Cavabdeh2 qeyd olunmasını nəzərə alaraq hesab edir ki, İddiaçı 49.500 manat sığorta ödənişinin 26.500 manat hissəsini Cavabdeh1 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən tələb etməyə subyektiv hüququ yoxdur. Eləcə də, iddiaçı 49.500 manat sığorta ödənişinin ödənilmədiyi iddia olunan 26500 manat hissəsini digər cavabdehdən də tələb edə bilməz. O cümlədən iddia digər hissədə də həmin əsasla təmin oluna bilməz.
18. Ona görə də iddia rədd olunmalıdır.
19. Bundan başqa, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 124.2-ci maddəsini əsas götürərək hesab edir ki, ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova