Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6479/2022 21.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iddiaçının nümayəndəsi X1 ilə cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçı “X3” MMC-nin Cavabdehnə qarşı icarə müqaviləsi üzrə pul tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X3” MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 152 ünvanında yerləşən qeyri-yaşayış binasının 10-cu mərtəbəsində, ümumi sahəsi 24 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında iddiaçı ilə cavabdeh arasında bağlanmış 01 aprel 2018-ci il tarixli, 272 №- li müqavilə üzrə 06 aprel 2022-ci il tarixinə yığılmış əsas borc üzrə ƏDV daxil 4,173.79 AZN (dörd min bir yüz yetmiş üç Azərbaycan manatı, yetmiş doqquz qəpik) məbləğində pul vəsaitinin, habelə qanunvericiliklə müəyyən edilmiş ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilməli olan haqqın da daxil olduğu 61.74 AZN (altmış bir Azərbaycan manatı, yetmiş dörd qəpik) məbləğində dövlət rüsumunun, cəmi ƏDV daxil 4,235.53 AZN (dörd min iki yüz otuz beş Azərbaycan manatı, əlli üç qəpik) məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 152 ünvanında yerləşən qeyri-yaşayış binasının (“Çinar Plaza” Biznes Mərkəzi) 10-cu mərtəbəsində, ümumi sahəsi 24 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 01 aprel 2018-ci il tarixli, 272 №-li müqavilə bağlanmışdır. İcarə müqaviləsinin 3.1-ci bəndinə uyğun olaraq müqavilə üzrə başlama tarixi hesab olunan 01 aprel 2018-ci il tarixindən etibarən icarəyə verilən əmlak üçün ƏDV xaric 600.00 AZN (altı yüz Azərbaycan manatı, 00 qəpik) təşkil edən aylıq icarə haqqı müəyyən edilmişdir. İcarə müqaviləsinin 3.5-ci bəndinə əsasən həmin müqavilənin 3.1-ci bəndində göstərilmiş ödənişlər hər cari ayın ilk 10 (on) günü ərzində həyata keçirilərək, cavabdeh tərəfindən hər ay üzrə əvvəlcədən iddiaçının müvafiq hesab-fakturada göstərilən bank hesabına köçürmə yolu ilə ödənilməlidir. İcarə müqaviləsinin 5.2.1-ci yarımbəndinə uyğun olaraq icarə haqqı və müqavilə üzrə digər ödənişləri hesab-faktura və digər təsdiqedici sənədlər əsasında vaxtında ödəmək cavabdehin əsas öhdəliyi kimi nəzərdə tutulmuşdur. İcarə müqaviləsinin 7.3-cü bəndinə əsasən cavabdeh müqavilə üzrə ödəniş vaxtı çatmış icarə haqqının və ya müqavilədən irəli gələn digər ödənişlərin ödənilməsində yol verilmiş hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğinin 0,5%-i (sıfır tam onda beş faizi) məbləğində iddiaçıya dəbbə pulu ödəmək öhdəliyini daşıyır. Bununla belə, icarə müqaviləsi üzrə ödənişlərin vaxtlı-vaxtında təmin edilməsi barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə və möhlət verilməsinə baxmayaraq (25 oktyabr 2018-ci il tarixli, FMG-01/188 №-li rəsmi bildiriş, 21 iyun 2019-cu il tarixli, FMG-01/19/213 №-li pretenziya bildirişi, 28 oktyabr 2019-cu il tarixli, FMG-01/19/485 №-li, 29 dekabr 2019-cu il tarixli, FMG-01/19/603 №-li və 14 avqust 2020-ci il tarixli, FMG-01/20/277 №-li rəsmi bildirişlər, o cümlədən 17 iyun 2021-ci il tarixli, FMG-01/21/293 №-li pretenziya bildirişi təqdim edilib) cavabdeh tərəfindən icarə müqaviləsi üzrə ödəniş öhdəliklərinə və şərtlərinə riayət edilməmiş və iddiaçının etibarından, yaxşı niyyətindən sui-istifadə edilərək ona xeylimiqdarda ziyan vurulmuşdur. Lakin, iddiaçının xəbərdarlıqlarına baxmayaraq icarəyə verilən əmlakın icarəsi ilə əlaqədar ödənişlərin cavabdeh tərəfindən həyata keçirilməməsi və cavabdehin üzərinə düşən öhdəlikləri sistematik olaraq pozması nəticəsində ümumilikdə ƏDV daxil 4,173.79 AZN (dörd min bir yüz yetmiş üç Azərbaycan manatı, yetmiş doqquz qəpik) əsas borc məbləği yığılmışdır. İcarə müqaviləsinin 8.7-ci bəndinə əsasən qarşılıqlı razılıq əsasında tərəflər istənilən vaxt müqaviləni ləğv edə bilərlər. Tərəflərin qarşılıqlı razılığı ilə icarə müqaviləsinə 31 dekabr 2020-ci il tarixində (bundan sonra “xitam tarixi”) xitam verilmişdir. Tərəflər arasında imzalanmış 25 dekabr 2020-ci il tarixli xitam razılaşmasının (bundan sonra “xitam razılaşması”) 2-ci bəndinə əsasən cavabdeh icarə müqaviləsinin şərtlərinə uyğun olaraq icarəyə verilən əmlakın iddiaçıya təhvil verildiyi xitam tarixinədək yerinə yetirməli olduğu bütün öhdəlikləri, o cümlədən icarə haqqının, xidmət haqqının və icarə müqaviləsində nəzərdə tutulmuş digər ödənişlərin həyata keçirilməsini təmin etməlidir. Xitam razılaşmasının 3-cü bəndinə əsasən cavabdehin xitam tarixinədək icarə müqaviləsi üzrə iddiaçıya ödəməli olduğu ümumi borcunun ƏDV daxil 6,473.79 AZN (altı min dörd yüz yetmiş üç Azərbaycan manatı, yetmiş doqquz qəpik) təşkil etməsi təsbit olunmuşdur. Xitam razılaşmasının 4-cü bəndinə uyğun olaraq icarə müqaviləsinə xitam verilməsi cavabdehi icarə müqaviləsi üzrə lazımınca yerinə yetirilməmiş öhdəliklərinin icrasından azad etmir. Lakin cavabdeh xitam razılaşması ilə üzərinə qoyulmuş öhdəliklərin icrasından da yayınmışdır. Məhkəmə iclasında iştitrak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izhahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə izahatında borcu etiraf etdiklərini, mövcud borcun qısa zamanda ödəniləcəyini bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC “icarəyə verən” Cavabdeh MMC “icarəçi” olmaqla imzalanmış 1 aprel 2018 tarixli 272 nömrəli icarə müqaviləsinə əsasən Heydər Əliyev prospekti 152 ünvanında yerləşən qeyri-yaşayış binasının 10-cu mərtəbəsində 24 kv.m yaşayış sahəsi icarəyə verilməsi tərəflər arasında razılaşdırılmışdır. Cavabdeh MMC-nin direktoru Rəfael Xəlilov və İddiaçı MMC olmaqla tərtib edilmiş vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında 5 mart 2021 tarixli aktda cəmi 140 manat, ƏDV 25,20 manat olmaqla ümumilikdə 165,20 manat tərəflər arasında razılaşdırılmışdır. İddiaçı MMC və Cavabdeh MMC arasında müxtəlif tarixlərdə tərtib edilmiş elektron qaimələrdən məlum olur ki, İddiaçı MMC tərəfindən elektron qaimələr ödənilməsi üçün təqdim edilmiş, qeyd olunan elektron qaimələr sonuncu tərəfindən təsdiqlənmişdir. 1 aprel 2018 tarixli 272 nömrəli icarə müqaviləsi üzrə qalıq borc məbləği üzrə tərtib edilmiş 12 oktyabr 2022 tarixli cədvələ əsasən 4.179,74 manat borc hesablanmışdır. xx.xx.2022 tarixli 006XOH********** nömrəli ödəniş tapşırığına əsasən 60 manat Bakı 8 saylı Mediasiya təşkilatının bank hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icarə edilməməsi dedikdə onun pozulması və ya lazımınca icarə edilməməsi (vaxtında icarə edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icarə edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 175.1.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları ,irəlşi) xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaiməfaktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında icarə müqaviləsi imzalanmış, həmin müqavilə əsasında Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 152 ünvanında yerləşən qeyri-yaşayış binasının 10-cu mərtəbəsində, ümumi sahəsi 24 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi tərəflər arasında razılaşdırılmışdır. Qeyd olunan müqavilə üzrə iddiaçı üzərinə düşən ödəlikləri lazımınca icra etsə də cavabdeh müqavilə şərtlərini pozmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbi cavabdeh tərəfə göndərilmiş və təsdiqlənmiş elektron qaimələr, həmçinin məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsinin borcu tam olaraq etiraf etməsi ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, 01 aprel 2018-ci il tarixli, 272 №-li müqavilə üzrə ƏDV daxil 4,173.79 (dörd min bir yüz yetmiş üç manat, yetmiş doqquz qəpik) manat cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu nəzərə alıb hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 61,74 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 01 aprel 2018-ci il tarixli, 272 №- li müqavilə üzrə ƏDV daxil 4,173.79 (dörd min bir yüz yetmiş üç manat, yetmiş doqquz qəpik) manat, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilməli olan 60 manat, 1,74 manat dövlət rüsumu “X3” MMC-nin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-6479/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6479/2022
21.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver