Məhkəmə qərarları › İş №e-2-2(113)-6479/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6479/2024

01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6479/2024 01.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızı, İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair iddiasına kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı ASC (bank) ilə "xxxx" MMC (borc alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, GA.312774.1 saylı kredit limitinin ayrılmasına dair baş sazişə əsasən tərəflər kredit limitinin məbləği 1.000.000 manat, kredit limitinin müddəti 84 ay, kredit limiti üzrə illik faiz dərəcəsi 18%, kredit limiti üzrə gündəlik cərimə faiz dərəcəsi 0,20% olmaqla razılığa gəlmişlər. 1.2-ci bəndinə əsasən kredit limiti çərçivəsində bank borcalana həm birdəfəlik kreditlər verə, həm kredit xətləri ayıra, habelə kredit limiti daxilində “Akkreditiv" aça bilər, “Overdraft" və “Bank qarantiyası” verə bilər. “Akkreditiv”, "Overdraft” və "Bank qarantiyası” üzrə tərəflərin münasibətləri (bütün zəruri şərtlər) tərəflər arasında bağlanan mülki hüquqi müqavilələrlə tənzimlənir. 2.1-ci bəndinə əsasən kreditin və ondan istifadəyə görə hesablanmış faizlərin borcalan tərəfindən banka qaytarılmasının dövriliyi tərəflər arasında yazılı formada razılaşdırılmış ödəniş cədvəli ilə müəyyən olunur. Həmin ödəniş cədvəli “Kredit müqavilələri”nin ayrılmaz tərkib hissəsidir. 2.4-cü bəndinə əsasən “kredit müqavilələri” üzrə hesablanmış faizlər kreditin verilmə tarixindən etibarən kredit tam həcmdə qaytarılan günədək borcalanın adına açılan ssuda hesabı üzrə borc məbləğinə aylıq 30 (otuz), illik isə 360 (üç yüz altmış) gün hesabı ilə gündəlik olaraq hesablanır. 2.6-ci bəndinə əsasən “Kredit müqavilələri" üzrə ödənişlərin silinməsi aşağıdakı ardıcıllıqla həyata keçirilir: Cərimə faizləri; Vaxtı keçmiş və gecikdirilmiş əsas borc üzrə hesablanmış faizlər; Vaxtı keçmiş və gecikdirilmiş əsas borc; Faiz borcu; Əsas borc. 3.1.1-ci bəndinə əsasən sazişlə və “Kredit müqavilələri” ilə nəzərdə tutulan hallarda və qaydada kreditin dərhal qaytarılmasını tələb etmək bankın hüququdur. 3.3.1-ci bəndinə əsasən kredit xətti üzrə öhdəliyini “Kredit Müqavilələri“ ilə nəzərdə tutulmuş qaydada və şərtlərlə vaxtında icra etmək borcalanın öhdəliyidir. 4.1-ci bəndinə əsasən öhdəliyin icrası girov (ipoteka), dəbbə pulu, zaminlik, qarantiya və qanunvericilikdə nəzərdə tutulmuş digər üsullarla təmin edilə bilər. 5.1.5 və 5.1.6-cə bəndlərinə əsasən “kredit müqavilələri”nin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq əsas borcun vaxtında icra olunmaması və ya lazımi qaydada icra olunmaması və ya faizlərin borcalan tərəfindən ödəniş cədvəli ilə müəyyən edilən ödəniş tarixindən 2 (iki) dəfə ardıcıl olaraq ödəməməsi (gecikdirilməsi); Borcalan “Kredit müqavilələri” ilə müəyyənləşdirilən öhdəliklərinin bir və ya bir neçəsini icra etmədikdə və ya lazımınca icra etmədikdə bank “Kredit müqavilələri” üzrə kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. 6.1-ci bəndinə əsasən saziş üzrə öz öhdəliklərini icra etməyən və ya lazımınca icra etməyən tərəf Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır. 9.1-ci bəndinə əsasən saziş tərəflərin imzaları və möhürü olan tərəfin möhürü ilə təsdiq edildiyi tarixdən qüvvəyə minir və tərəflər bütün öhdəliklərini tam icra edənədək Saziş qüvvədə qalır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

2. İddiaçı ASC (bank) və Cavabdeh1 MMC (borc alan) arasında xx.xx.2022-ci il tarixli, GA.312774.1 saylı kredit limitinin ayrılmasına dair baş saziş üzrə xx.xx.2022-ci il tarixli 106875- 312774/2 nömrəli kredit müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən Kreditin məbləği və valyutası - 370000 manat; Kreditin müddəti - 18 ay; Kredit üzrə illik faiz dərəcəsi -15 faiz; Komisyon haqq - Kreditin rəsmiləşdirilməsi və xidmət olunmasına görə 1 faiz, kredit məbləğinin nağd çıxarılmasına görə bankdaxili qaydalara uyğun; Kreditin məqsədi - Dövriyyə vəsaitinin artırılması; Ödəniş şərti müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli ilə müəyyən edilir. 2.1-ci bəndinə əsasən bu Müqavilə üzrə gecikdirilmiş kreditə görə hər gecikdirilən gün üçün gecikdirilmiş əsas borc məbləğinə illik 30 faiz hesablanır və bu faiz borcalan tərəfindən tam həcmdə ödənilir. 2.2-ci bəndinə əsasən faktiki illik faiz dərəcəsi (FİFD), yəni kredit üzrə hesablanacaq faizlər, kredit müqaviləsinin rəsmiləşdirilməsi üzrə komisyon xərclər, hesabının açılması və aparılması ilə bağlı xərclər, o cümlədən kreditin nağdlaşdırılma xərcləri, təminatın saxlanılması ilə bağlı xərclər (tətbiq olunduqda), müqavilədə əks olunmuş sığorta və təminatın qiymətləndirilməsi xərcləri (tətbiq olunduqda) və bankın tətbiq etdiyi digər inzibati xərclər nəzərə alınmaqla 16.34 faiz təşkil edir. 2.3-cü bəndinə əsasən bu kredit müqaviləsi GA.312774.1 nömrəli. 01 mart 2022-ci il tarixli, “Kredit limitinin ayrılması haqqında Baş Saziş” əsasında bağlanmışdır və onun ayrılmaz tərkib hissəsi sayılır. 2.4-cü bəndinə əsasən tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, kreditin qaytarılması, faizlərin hesablanması və ödənilməsi, kreditin təminatı, müqavilənin qüvvəyə minməsi, müqaviləyə xitam verilməsi, müqaviləyə vaxtından əvvəl tələb yönəldilməsi və tərəflər arasında bu Kredit Müqaviləsindən irəli gələn münasibətlərin tənzimlənməsi ilə bağlı digər şərtlər, habelə kredit limitinin maksimal müddəti, məbləği və faiz dərəcələri tərəflər arasında bağlanmış GA.312774.1 nömrəli, 01 mart 2022-ci il tarixli, “Kredit limitinin ayrılması haqqında Baş Saziş”lə tənzimlənir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

3. İddiaçı ASC (bank) ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 (zaminlər) arasında 01 mart 2022-ci il tarixli, GA.312774.1/Z saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə zamin, borc alanın xx.xx.2022-ci il tarixli, GA.312774.1 saylı kredit limitinin ayrılmasına dair baş saziş üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borc alanla birgə məsuliyyəti öz üzərinə götürür. 3.1.2-ci bəndinə əsasən bankın borc alan kredit müqaviləsində müəyyən edilmiş müddətdə əsas borcu və əsas borc üzrə hesablanmış faizləri qaytarmadıqda, habelə kredit təyinatı üzrə istifadə edilmədikdə, zaminə qarşı tələb yönəltmək hüququ var; 3.6.5-ci bəndinə əsasən zamin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və tam həcmdə icra edir, onların pozulmasına yol vermir; 3.6.6-cı bəndinə əsasən zamin zaminliklə təmin edilmiş öhdəlik üzrə əsas borc, faizlər və Borc alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Banka dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla Bank qarşısında Borc alan ilə eyni həcmdə birgə məsuliyyət daşıyır; Müqavilələr bankın və borc alanın imzası və möhürü, zaminlərin isə imzaları ilə təsdiq edilmişdir. Müqavilə kreditorun imzası və möhürü, zaminin isə imzası ilə təsdiq edilmişdir.

4. xx.xx.2022-ci il tarixli, 106875-312774/2 nömrəli kredit müqaviləsi 1 nömrəli əlavə olan ödəniş cədvəlinə əsasən cavabdeh "xxxx" MMC tərəfindən kredit müqaviləsi üzrə (sonuncu ödəniş tarixi xx.xx.2023-cü il olmaqla) ödəyəcək əsas məbləğ 370.000 manat, faizin məbləği 45.311,69 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli bank və borcalan imzası və möhürü iə təsdiq edilmişdir.

5. "xxxx" MMC-yə məxsus hesabdan çıxarış məlumatlarına əsasən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin AZ41AZEN******************** saylı hesabına 370.000 manat məbləğ köçürülmüşdür.

6. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən "xxxx" MMC-nin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixli 106875-312774/2 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə əsas borcu 1349,53 manat, faiz borcu 200,19 manat olmaqla cəmi borc 1549,72 manat təşkil edir. Gecikmə günü:355.

7. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdehlərə xəbərdarlıq məktubu ünvanlayaraq borclu tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə əsas və faiz borcunun ödənilmədiyi təqdirdə xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. İİ. MƏHKƏMƏDƏ İCRAAT a) İddia tələbi və iddia tələbinin dəlilləri

8. İddiaçı “Yelo Bank” cavabdehlər Musayeva (Əliyeva) Günay Rafiq qızına və X1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehlər 5A CONSTRUCTİON MMC-dənM, əmmədov Elşən Qərib oğlundan, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 1,349,53 manat məbləğində əsas bоrc və 200,19 manat faiz borcu оlmaqla, cəmi 1,549,72 manat borcun və 35,5 məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan 5A CONSTRUCTİON MMC ilə bağlanmış 01 mart 2022-ci il tarixli GA.312774.1nömrəli Baş sazişə əsasən borcalana 1,000,000 manat məbləğində 84 ay müddətinə illik maksimum 18 faiz dərəcəsi ilə kredit limiti ayrılmışdır. İddiaçı ASC ilə borcalan5A CONSTRUCTİON MMC arasında bağlanmış 02 mart 2022 il tariхli, 106875-312774/2 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 18 ay müddətinə, illik 15% dərəcəsi ilə 370.000 manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda, bank və digər cavabdehlər – Cavabdeh3 arasında 01 mart 2022 il tariхli, GA.312774.1/Z nömrəli, Cavabdeh2 arasında 01 mart 2022 il tariхli, GA.312774.1/Z və Cavabdeh4 arasında 01 mart 2022 il tariхli, GA.312774.1/Z zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 4.2-ci bəndinə əsasən zaminlər bank qarşısında (bоrcalan tərəfindən 02 mart 2022 il tariхli, 106875-312774/2 nömrəli krеdit müqaviləsinin şərtlərinin yеrinə yеtirilməsinə görə) bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar banka olan borclarını ödəməmişlər. 21 avqust 2024-cü il tarixinə cavabdehlərin kredit müqaviləsi üzrə 1,349,53 manat məbləğində əsas bоrc və 200,19 manat faiz borcu оlmaqla, cəmi 1,549,72 manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən borc alan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borc alanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. 10.İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1, 445.1, 445.2.1, 449.4-cü maddələrinə istinad etmişdir

b) İddiaya qarşı etirazın dəlilləri

11. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

12. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

13. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri). 14.Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

15. AR Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.

16. AR MPM-in: 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

17. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

18. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, GA.312774.1 saylı kredit limitinin ayrılmasına dair baş saziş və həmin saziş çərçivəsində bağlanmış xx.xx.2022-ci il tarixli, 106875-312774/2 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC cavabdeh "xxxx" MMC-yə kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə 370.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin cavabdeh "xxxx" MMC kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdeh "xxxx" MMC-nin iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır.

19. Belə olan halda məhkəmə Cavabdeh1 MMC-nın xx.xx.2022-ci il tarixli, 106875- 312774/2 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı ASC cavabdeh "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli, 106875- 312774/2 saylı kredit müqaviləsi üzrə 1.349,53 manat məbləğində əsas və 200,19 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.

20. Bununla yanaşı iş materiallarından görünür ki, İddiaçı ASC (bank) ilə Cavabdeh1 MMC (borc alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, GA.312774.1 saylı kredit limitinin ayrılmasına dair baş saziş üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi İddiaçı ASC (bank) ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 (zamin) arasında 01 mart 2022-ci il tarixli, GA.312774.1/Z saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin baş sazişə əsasən zaminlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 borc alan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, GA.312774.1 saylı kredit limitinin ayrılmasına dair baş sazişdən irəli gələn öhdəliklərinə zamin durmuşdur.

21. Məhkəmə zaminlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 xx.xx.2022-ci il tarixli, GA.312774.1 saylı kredit limitinin ayrılmasına dair baş saziş üzrə borc alanın bütün öhdəliklərinə zamin durduqlarından həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, İddiaçı ASC kredit müqaviləsi üzrə borcun (kredit və faiz olmaqla) müştərək (birgə) qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə haqlıdır.

22. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 35,50 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

23. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 35,50 manat təşkil edir.

24. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35,50 manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada xx.xx.2022-ci il tarixli, GA.312774.1 saylı kredit limitinin ayrılmasına dair baş saziş üzrə xx.xx.2022-ci il tarixli 106875-312774/2 nömrəli kredit müqaviləsi üzrə 1.349,53 manat məbləğində krеdit bоrcu, 200,19 manat məbləğində faiz bоrcu olmaqla, ümumilikdə 1.549,72 manat məbləğində bоrc, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35,50 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar