Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-648/2021 25.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair kommersiya işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti (“xxxx” ASC) Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən subroqasiya qaydasında iddiaçının xeyrinə 613,66 manat (altı yüz on üç manat altmış altı qəpik), ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 1 (bir) manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC-yə məxsus **-AR-*** dövlət qeydiyyat nişanlı, Hyundai Genesis markalı avtonəqliyyat vasitəsi “xxxx” ASC tərəfindən 2015-ci il 17 dekabr tarixində “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır. xx xxxxxx 2016-cı il tarixində Cavabdeh MTK-nın balansında olan Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsi, ev 10 ünvanında yerləşən binanın 16-cı mərtəbəsində yerləşən mənzilin eyvanından təmir tikinti işləri aparılan zaman sınmış suvaq parçası “xxxx” ASC tərəfindən sığortalanmış **-AR-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Genesis” markalı avtonəqliyyat vasitəsinin üzərinə düşərək zərər vurmuşdur. “xxxx” MMC tərəfindən verilmiş xx xxxxxxxx 2016-cı il tarixli zərər aktına əsasən **-AR-*** dövlət qeydiyyat nişanlı, Hyundai Genesis markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 713,66 manat müəyyən edilmişdir. “xxxx” ASC-nin xx xxxxxxx 2016-cı il tarixli sığorta aktına əsasən “xxxx” ASC tərəfindən dəymiş ziyana görə 713,66 manat məbləğindən 100 manat azad olma çıxmaq şərti ilə 613,66 manat məbləğində sığorta ödənişi “xxxx” MMC-nin hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. İddiaçının nümayəndəsi X3məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - C-MİC-1293/15 saylı avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsinə əsasən “xxxx” MMC-yə məxsus, “Hyundai Genesis” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək dövr üzrə sığortalanmışdır. - MİC-1293/15 saylı avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsininin 1, 2, 3 və 4 saylı əlavələrindən görünür ki, sığorta müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır. - Binəqədi RPİ-nin 7-ci PB-nin xx.xx.2016-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, xx.xx.2016-cı il tarixdə Binəqədi rayonu, 9cu mikrorayon, A.Məmmədov küçəsində yerləşən binanın 16-cı mərtəbəsində yerləşən mənzilin eyvanından təmir tikinti işləri aparılan zaman sınmış suvaq parçası **-AR-*** dövlət qeydiyyat nişanlı, Hyundai Genesis markalı avtonəqliyyat vasitəsinin üzərinə düşərək zərər vurmuşdur. Araşdırma zamanı Cavabdeh qanuni təmsilçisi X2 da izahatında binanın eyvanından qopan suvaq parçasının avtonəqliyyat vasitəsinin üzərinə düşdüyünü qeyd etmişdir. - xx.xx.2016-cı il tarixli, 395384 nömrəli qaimə-fakturadan görünür ki, “Hyundai Genesis” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir edilməsi xərc 713,66 manat məbləğində olmuşdur. - xx.xx.2016-cı il tarixli, 4749 nömrəli ödəniş tapşırığından görünür ki, **-AR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir edilməsinə görə “xxxx” ASC tərəfindən “xxxx” MMC-yə ödəniş edilmişdir. - 07.10.2016-cı il tarixli sığorta aktından görünür ki, “xxxx” MMC-yə məxsus, “Hyundai Genesis” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 713,66 manat məbləğində zərər vurulduğu müəyyən edilmiş və razılaşdırılmış 100 manat azadolma məbləği çıxılmaqla 613,66 manat sığorta ödənişinin sığortalıya ödənilməsi qərara alınmışdır. - 06.10.2016-cı il tarixli təhvil-təslim aktından görünür ki, “Hyundai Genesis” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “xxxx” ASC tərəfindən 613,66 manat sığorta ödənişi müqabilində təmir olunaraq zərərçəkən şəxsə təhvil verilmişdir. - 15.03.2018-ci il 0705/İ nömrəli məktubdan görünür ki, Cavabdehndən subroqasiya hüququna əsasən 613,66 manat vəsaitin 15 gün müddətində “xxxx” ASC-yə ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2016-cı il tarixdə Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsində yerləşən binanın 16-cı mərtəbəsində yerləşən mənzilin eyvanından təmir tikinti işləri aparılan zaman sınmış suvaq parçası “Hyundai Genesis” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin üzərinə düşmüş və nəticədə “Hyundai Genesis” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 713,66 manat məbləğində zərər dəymişdir. “Hyundai Genesis” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “xxxx” ASC tərəfindən 613,66 manat sığorta ödənişi müqabilində təmir olunaraq avtomobilin mülkiyyətçisinə təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçi subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən, başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün), zərərin əvəzinin ödənilməsi nəzərdə tutular. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1111.1-ci maddəsinə əsasən binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə işin faktiki hallarını və qeyd olunan qanunvericilik normalarını nəzərə alaraq, belə nəticəyə gəlir ki, sığorta ödənişini vermiş iddiaçı subroqasiya qaydasında həmin məbləği cavabdehdən tələb etmək hüququna malik olduğundan, iddia təmin edilməli, cavabdehdən 613,66 manat sığorta ödənişi tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 1 manat bank xidməti xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 613,66 manat (altı yüz on üç manat altmış altı qəpik) məbləğində sığorta ödənişi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat və 1 (bir) manat bank xidməti xərci olmaqla, cəmi 644,66 manat (altı yüz qırx dörd manat altmış altı qəpik) məbləğində pul tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-648/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-648/2021
25.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver